Barak Obamanın ikiüzlülüyü
ABŞ Prezidenti Barak Obama 2009-cu ildə “beynəlxalq diplomatiyanın möhkəmləndirilməsi və xalqlar arasında əməkdaşlığın gücləndirilməsi üçün göstərdiyi böyük səylərə görə” Nobel mükafatına layiq görüldü. Bu, cənab Obamanın prezident seçilməsindən cəmi 9 ay sonra baş verdi. ABŞ-ın ilk afro-amerikalı lideri yüksək kürsüdə oturmamışdan əvvəl bəyan etmişdi ki, ölkəsinin birtərəfli xarici siyasətindən imtina edəcək və Amerika ilə yanaşı, həm də digər dünya ölkələrinin maraqlarını qoruyacaq. O, hətta İranla danışıqlar masasına oturacağını və Quantanamo həbsxanasını bağlayacağını vəd etmişdi. Amerikalıların və bütün dünyada bir çox insanların gözündə Obama sülh və davamlı sabitliyi tərənnüm etdirən dövlət başçısı kimi rəğbət doğururdu. Ancaq müdriklərin dediyi kimi, yalnız böyük şəxsiyyətlər öz əməlləri ilə bəyan etdikləri yüksək idealları təsdiqləyirlər.
ABŞ-ın Corc Vaşinqton universitetinin professoru Marta
Finnemor və dosent Henri Farrelin “Foreyn Affairs” nəşrində
dərc etdikləri “İkiüzlülüyün sonu. Amerikanın
xarici siyasəti sızınıtılar əsrində”
başlıqlı məqalədə ABŞ-ın, xüsusilə
də Barak Obama Administrasiyasının həyata keçirdiyi
xarici siyasəti ikiüzlülüyün bariz nümunəsi
kimi xarakterizə etmişlər. Müəlliflərin
fikrincə, “ikiüzlülük - başqalarını öz
hərəkətlərinin legitimliyi ilə
razılaşmağa əmin etmək üçün
Vaşinqtonun həyata keçirdiyi “yumşaq güc” siyasətinin
vacib tərkib hissəsidir”. Ancaq ABŞ ordusunun
qulluqçusu Bredli Menninqin “Wikileaks”a ötürdüyü
yüz minlərlə məxfi məlumatın
açıqlanmasından və ABŞ Milli Təhlükəsizlik
Agentliyinin analitiki Edvard Snoudenin Amerikanın casus
proqramlarını ifşa etməsindən sonra, “Vaşinqton
ikiüzlülüyünün süqutu kimi təsvir oluna biləcək
halla rastlaşdı - bəyanatlar və əsl niyyətləri,
bəzi hallarda isə öz məqsədlərinə
çatmaq uçun istifadə etdiyi çirkin və
ikrahdoğurucu metodlar üçün manevr imkanları sərt
şəkildə daraldı”.
Bütün
dünya açıq şəkildə gördü ki, ABŞ
nəinki düşmən hesab etdiyi ölkələrin, hətta
dost dövlətlərin rəhbərləri də daxil olmaqla
yüksək vəzifəli şəxslərini izləyir,
onların haqqında kompromat toplayır. Həmin
məlumatlar təsdiq edirdi ki, ABŞ-ın xüsusi xidmət
orqanları Avropa İttifaqının Brüsseldəki, Avropa
Şurasının Vaşinqton və Nyu Yorkdakı, həmçinin
onlarla ölkənin səfirliklərini dinləyir. Lazım gəldikdə, Dünya Bankının
keçmiş rəhbəri və həmin dövrdə Fransa
prezidentliyinə ən real namizədlərdən biri olmuş
Dominik Ctross-Kannla bağlı olduğu kimi, istənilən
şəxsə qarşı ssenari qurula və
reallaşdırıla bilər. Bu isə
dünya liderlərinin ABŞ-a və onun “səmimi”
görünməyə çalışan prezidentinə
qarşı etimadın və inamın itməsinə səbəb
oldu.
“Həm də digər dünya ölkələrinin
maraqlarını qoruyacağını” vəd edən cənab
Obama nəinki sözlərinin üstündə durmadı, hətta
Amerikaya ənənəvi müttəfiq olan ölkələri
də qan çanağına çevirdi. 2009-cu ilin aprelində Misirə
səfəri zamanı ABŞ Prezidenti iki ölkə
arasında əməkdaşlığın gücləndirilməsi,
Misirə dəstək, ABŞ-la İslam dünyası
münasibətləri haqqında “yeni eranın
başlanması” kimi bəyanatlarla yadda qalmışdı.
Ancaq üstündən bir müddət keçmiş 30 illik
prezidentliyi dövründə Vaşinqtondan gələn
bütün sifarişləri can-başla icra edən
Hüsnü Mübarək devrildi, Misir vətəndaş
qarşıdurması meydanına çevrildi, keçmiş
ölkə rəhbərinin üzərində isə məhkəmə
quruldu. Demokratiya haqqında gözəl bəyanatların müəllifi
olan rəsmi Vaşinqton Misir hərbçilərinin qanuni
seçilmiş prezident Məhəmməd Mursini necə
devirdiklərini kənardan müşahidə etdiyi bəs
deyilmiş kimi, dövlət çevrilişini
“çevriliş” adlandırmaqdan belə çəkindi. Bu da təsadüfi deyildi. Çünki
həm H.Mübarək, həm də M.Mursi hakimiyyətinin
devrilməsi planının arxasında da ABŞ dururdu. Nə
rəsmi Vaşionqton, nə də vaxtilə Dövlət
Departamentində yüksək vəzifə tutmuş Devid
Kramerin başçılıq etdiyi “Freedom Hause” təşkilatı
Qahirə məhkəməsinin bir gündə “Müsəlman
qardaşları” təşkilatının 500-dən artıq
üzvü barəsində edam qərarı
çıxarmasına münasibət bildirmədi.
2001-ci il
Nyu Yorkda törədilmiş terror hadisəsindən sonra
Əfqanıstan, İraq, Yəmən, Tunis, Misir, Liviya, Suriya
kimi ölkələrdə baş vermiş hadisələr
Amerikanın “sülhməramlı” siyasətinin və cənab
B.Obamanın bəyan etdiyi “İslam dünyası ilə yeni
münasibətlər erası”nın konturlarını
açıq göstərir. “Rəngli
inqilablar”, “Ərəb baharı” və digər
çevriliş ssenarilərinin ayrı-ayrı ölkələrə
hansı bəlaların gətirdiyini həmin ölkələrin
xalqları daha yaxşı bilir və bu dəyişikliklərin
lazım olub-olmadığına hamıdan yaxşı onlar
cavab verə bilərlər.
Dünənə kimi İraqdan eşidilən qətllər,
insan tələfatı haqqında məlumatlar bu gün
Avropanın mərkəzindən - Ukraynadan gəlir. Vaxtilə SSRİ-nin
güclü və böyük potensiala malik
respublikalarından biri olmuş Ukrayna məhz ABŞ-ın və
onun Avropadakı müttəfiqlərinin səyləri nəticəsində
indi vətəndaş qarşıdurması meydanına
çevrilib. Ölkədə real
iqtisadiyyat çöküb, sosial problemlər artır,
Krım itirilib, ölkənin Şərqi isə
separatçıların əlinə keçərək rəsmi
Kiyevin tabeçiliyindən çıxıb. Bundan sonra Ukraynaya beynəlxalq münasibətlər
sistemində öz müvazinətini düzəltmək
üçün neçə onilliklər lazım
olacağını demək çətindir.
Amma Ukrayna hadisələri daha bir reallığı
bütün çılpaqlığı ilə dünyaya
göstərdi. ABŞ Dövlət katibinin köməkçisi
Viktoriya Nulandın Kiyevdəki səfir Ceffri Payatla məşhur
telefon söhbəti həm də Maydanda baş verənlərin
əsl mahiyyətini, ssenaristlərin və
icraçıların kimliyini bütün dünyaya
nümayiş etdirdi. Kiyevdə hakimiyyət dəyişikliyini
Avropa İttifaqının əli ilə
reallaşdırmağa çalışan Vaşinqton prosesin
istənilən nəticə verməməsini xanım
Nulandın dili ilə “.... EU” kimi ifadə etdi.
Əgər 2013-cü ilin dekabrında
V.Nulandın Maydanda yemək paylaması ABŞ-ın Avropa
İttifaqının Ukraynadakı siyasətinə dəstəyi
idisə, həmin xanımın Avropa haqqında fikri “bir
şey edə bilmirsiniz, kənara çəkilin, biz gəlirik”
mesajı kimi başa düşüldü.
Marta
Finnemor və Henri Farrelin məlum məqaləsində
bildirilir: “Birləşmiş Ştatların beynəlxalq
arenada asanca qeyri-ardıcıl siyasət həyata keçirməsi
Amerika liderlərində mülayimliyin yaranmasına səbəb
olub. Az ölkə onların
ikiüzlülüyünü ifşa etdiyinə və həmin
ifşaediciləri qulaq ardına vurmaq mümkün olduğuna
görə, siyasətçilər onların ölkəsinin
ikili standartlar siyasəti yürütdüyünü hiss etmir
və başa düşmürlər”. Fransua
Laroşfukonun dediyi kimi, “biz başqalarının
qarşısında cild dəyişməyə artıq o qədər
öyrəşmişik ki, öz qarşımızda da cildə
girməyə başlamışıq”.
Həqiqətən də cənab Obamanın
dövründə ABŞ-ın Azərbaycanla bağlı
siyasəti kəskin qeyri-ardıcıllığı və
anlaşılmazlığı ilə seçilir. Hər halda, həm
böyük Corc Buş, həm Bill Klinton, həm də
kiçik Corc Buşun dövründə bu ölkədə
kimin kim olduğu, kimin nəyə görə cavabdehlik
daşıdığı bəlli idi. Söz
deyilirdi, vəd verilirdi və heç olmasa, onların
icrasına həqiqi cəhdlər göstərilirdi. ABŞ tərəfindən Azərbaycanın müstəqilliyinin
dəstəklənməsi, birgə həyata keçirilən
nəhəng enerji layihələri, Azərbaycanın
ABŞ-ın terrorla mübarizəsinə hərtərəfli
dəstəyi və digər məsələlər iki ölkə
arasında münasibətləri strateji tərəfdaşlıq
səviyyəsinə qaldırdı. Hər
halda, hər iki ölkə bu əməkdaşlıqdan
yalnız udurdu. Ancaq B.Obama hakimiyyətə
gəldikdən sonra ABŞ-ın Azərbaycanla bağlı
prioritetləri “səhrada ilğım”ı xatırlatmağa
başladı. Bir tərəfdən
ABŞ dövlət başçısı Azərbaycanla əməkdaşlığa
böyük önəm verdiklərini, İlham Əliyev
hakimiyyəti ilə işləməyə davam edəcəklərini
bəyan edir, digər tərəfdən də Azərbaycana dəstək
istiqamətində heç bir addım atılmır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə məşğul olan əsas
vasitəçilərdən biri kimi, ABŞ ikili
standartları dövlət siyasəti səviyyəsinə
yüksəltdi. Obama Administrasiyası hətta
M.Brayzanın Azərbaycana səfir təyin edilməsində
belə aciz görünməyə çalışdı.
Halbuki Snoudenin və “Wikileaks”ın
ifşalarından sonra Konqresin Xarici Əlaqələr Komitəsinin
haradan və necə təlimatlandırıldığı da
mübahisə mövzuları sırasından
çıxıb. Bütün bunlar azmış kimi,
ABŞ-ın bəzi dairələri Azərbaycanda müxtəlif
hakimiyyət dəyişikliyi ssenariləri həyata
keçirməyə can atdılar. ABŞ
mediası və QHT-ləri Azərbaycana qarşı “qara piar”
kampaniyasını günü-gündən şiddətləndirir.
Bu ikiüzlülük və
riyakarlığın səbəbini anlamaq mümkün
deyildir. Belə halda görünən odur
ki, Obama Administrasiyası ardıcıl ifşalardan,
özünə qarşı dünyada inamın, etibarın əsaslı
şəkildə sarsınmasından sonra ayrı-ayrı
dövlətlərlə münasibətlərini necə davam
etdirəcəyini hələ də müəyyənləşdirə
bilməyib.
Ancaq cənab Obamanın şəxsi inciklik kasasında özünə layiqli yer tutmuş bir nüansı da diqqətdən qaçırmayaq. Məlumdur ki, 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması layihəsi həyata keçirilən vaxt ABŞ Prezidenti Ankaraya səfərə gəlmişdi. O da bəllidir ki, həm Dövlət katibi xanım H.Klinton, həm də cənab Obamanın özü Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlayaraq onu Türkiyəyə dəvət etmişdilər. Bundan məqsəd Azərbaycan dövlət başçısını sərhədlərin açılmasına razı salmaq olmuşdu. İlham Əliyev Türkiyəyə getməkdən imtina etməklə həm Türkiyəni antiazərbaycan siyasətinə sürükləmək, onun heysiyyatına toxunmaq cəhdlərindən sığortaladı, həm də cəsarətli və uzaqgörən dövlət başçısı kimi Azərbaycanın maraqlarını hər şeydən uca tutduğunu nümayiş etdirdi. Görünür, Barak Obama hələ də bugünə kimi Azərbaycan Prezidentinə bunu bağışlaya bilmir.
Beləliklə, ekspertlər deyirlər ki, cənab Obamanın prezidentliyi dövründə bütün dünyada terror daha da şiddətlənib, qaynar nöqtələrin miqyası genişlənib, vətəndaş qarşıdurması alovlanmış ölkələrin sayı durmadan artır, iqtisadi tənəzzül dünyadakı mövcud iqtisadi sistemi çökdürür, inkişaf etmiş dövlətlər belə sosial problemlərdən əziyyət çəkir, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq xalqlar və dinlər arasında qarşıdurma və qarşılıqlı ittihamlarla əvəzlənir və s. Daha acınacaqlısı isə odur ki, dünyanın ən nəhəng ölkəsi kimi ABŞ nəinki bu problemləri həll etməkdə aciz görünür, hətta bir sıra hallarda neqativ tendensiyanın təkanverici qüvvəsi kimi çıxış edir.
İndi ekspertlər sual edirlər ki, görəsən
nə vaxtdan Nobel Komitəsi öz mükafatını konkret əməllərə
görə yox, boş bəyanatlara görə verməyə
başlayıb? Bu həmin mükafatın nüfuzuna mənfi
təsir göstərmirmi? Digər tərəfdən, görəsən
dediyinin əksini edənlərə hansı mükafat
düşür?
Azərbaycan.-2015.- 13 yanvar.- S.1.