Fransada terrorizmə qarşı
ümumölkə nümayişi keçirilib
Fransada “Charlie Hebdo” satirik jurnalı redaksiyasına hücum nəticəsində həlak olan 12 əməkdaşın və Vənsan darvazasında törədilən terror aktında dünyasını dəyişən 5 nəfərin xatirəsini yad etmək, terrorizmə qarşı etiraz bildirmək məqsədilə yanvarın 11-də ümumölkə nümayişi keçirilib.
Parisin Respublika
meydanında bir milyondan artıq nümayişçi toplaşmışdı. Əllərində
terrorizmi pisləyən
transparantlar tutan nümayişçilər “Biz müsəlmanıq,
biz yəhudiyik” , “Biz Çarliyik”,
“Yaşasın Fransa Respublikası”, “Yaşasın
azadlıq”, “Rədd olsun terrorizm” kimi şüarlar səsləndirirdilər.
Nümayişdə 50-dən artıq ölkənin prezidenti və baş naziri iştirak edib. Fransa Prezidenti Fransua Olland, Baş nazir Manuel Valls ilə yanaşı, Almaniyanın, Böyük
Britaniyanın, İspaniyanın,
İtaliyanın, Rusiyanın,
Ukraynanın, Türkiyənin,
eləcə də başqa ölkələrin rəhbərləri
və digər yüksək səviyyəli
rəsmiləri də
nümayişə qatılanlar
arasında olublar.
Azərbaycanı nümayişdə Baş
nazirin müavini Əli Əhmədov təmsil edib.
Əli Əhmədov
Azərbaycan Prezidenti İlham Əliyevin başsağlığını Prezident Fransua Ollanda və Baş nazir Manuel Vallsa çatdırıb.
Fransanın Bordo, Marsel,
Lion, Strasburq və digər şəhərlərində
də izdihamlı nümayişlər keçirilib.
Üç saatdan artıq
davam edən nümayiş ölkə televiziyaları vasitəsilə
birbaşa yayımlanıb.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2015.- 13 yanvar.- S.2.