Avropa tolerantlıq sınağı
qarşısında
Fransanı sarsıtmış son terror aktları dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Parisdəki Şarli Ebdo jurnalının redaksiyasında və yəhudi supermarketində törədilmiş dəhşətli cinayətlər hamını şoka salmışdır.
Ötən bazar günü paytaxt Parisdə və Fransanın digər şəhərlərində terror aktları qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq kütləvi yürüşlər keçirilmişdir. Parisdə Respublika marşı, yaxud Birlik marşına 1,5 milyon nəfər qatılmışdır. Lionda əhalinin hər dörd nəfərindən biri - 300 min nəfər küçələrə çıxmışdır. Bordoda təxminən 140 min nümayişçi terror qurbanlarını yad etmişdir. Renndə 115 min nəfər, Qrenoblda 110 min nəfər, Brestdə 65 min nəfər, Marseldə 60 min nəfər, Klermonda 50 min nəfər, Nansidə 50 min nəfər, Monpelyedə 47 min nəfər, Tulon, Mets, Strasburq və Anjerin hər birində 45 min nəfər, eləcə də ölkənin digər şəhərlərində on minlərlə insan nümayiş iştirakçıları arasında idi. Ümumən ölkədə 3,7 milyon nəfər kütləvi aksiyalara qatılmışdı.
Dünyanın 50-dən çox dövlətinin liderləri Parisdə Respublika marşında iştirak etmişlər. Onların arasında Avropa dövlətlərinin rəhbərləri ilə yanaşı, müsəlman ölkələrinin liderləri də var idi. Avropalılarla bərabər, müsəlman dünyası da terror aktlarını qətiyyətlə pisləmiş, islamın terrorla heç bir əlaqəsi olmadığını vurğulamışlar.
Parisdə bir araya gəlmiş Avropa liderləri terror aktlarına münasibət bildirərkən qitədə ekstremizmlə mübarizə üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, kəşfiyyat xidmətləri arasında əməkdaşlığın sıxlaşdırılması məsələlərini xüsusi vurğulayırlar. KİV isə terror aktlarının nəticələrindən çox səbəblərinə aydınlıq gətirməyə çalışır. Belə bir məqam diqqəti cəlb edir ki, əsas səbəblərdən biri Avropa ölkələrində dini-etnik tolerantlığın istənilən səviyyədə olmamasıdır. Özü də tolerantlığa bəzən bir-birindən fərqli məzmun verilir.
Söhbət ilk növbədə, yerli əhali ilə miqrantlar, daha çox ayrı-ayrı Avropa ölkələrində müsəlman azlıqları arasında gərgin münasibətlərdən gedir. Son illər qitənin ayrı-ayrı ölkələrində islamofobiya dalğasının genişləndiyi müşahidə olunur. İstər KİV-də, istərsə də ictimaiyyət səviyyəsində antiislam əhval-ruhiyyəsi getdikcə qabarıq şəkildə özünü göstərir. Yerli müsəlman icmalarının, bütövlükdə müsəlman dünyasının heysiyyatına toxunan hərəkətlər baş alıb gedir. Bir sıra mətbu orqanlar islam peyğəmbərini aşağılamaq üçün sanki yarışa çıxıb. Elə Şarli Ebdoya terror hücumundan dərhal sonra Amerika və Avropanın bir sıra kütləvi informasiya vasitələri söz azadlığının müdafiəsi naminə Şarli Ebdo jurnalında Məhəmməd Peyğəmbərin çap olunmuş karikaturalarını yenidən nəşr etmişdir. Amma bu mövqeyi söz azadlığını heç də az müdafiə etməyən aparıcı KİV-lər, o cümlədən NBC, CNN, ABC və CBS telekanalları dəstəkləmir. The New York Times qəzetinin redaksiyası möminlərin hisslərini təhqir etməmək üçün karikaturaları təkrar çap etməmək qərarına gəlmişdir.
Almaniyada Avropanın islamlaşdırılması ilə mübarizə aparan Pegida kimi hərəkatlar populyarlaşır. Ölkənin aparıcı siyasətçiləri və din xadimləri, eləcə də ictimai təşkilatlar Pegidanı kəskin şəkildə pisləsələr də, hərəkatın keçirdiyi nümayişlərə qoşulanların sayı get-gedə artır. Hətta iş o yerə çatıb ki, islamofobiya rasizm deyil deyənlər də var.
BBC teleradio korporasiyası qeyd edir ki, Fransa və Almaniyada immiqrantlara daha çox şübhə ilə baxırlar. Nisbətən tolerant Britaniyada da oxşar tendensiya müşahidə olunur. The Time jurnalı (ABŞ) Fransada törədilmiş son terror aktlarının səbəblərini araşdırmağa çalışır. Jurnalın şərhçisi İen Bremmer yazır ki, ölkənin müsəlman əhalisi ilə gərgin münasibətlər illər boyu formalaşmışdır. Onun fikrincə, mövcud faktlar Parisdə, törədilmiş cinayəti Fransa və bütün Avropada onsuz da ciddi olan problemləri daha da mürəkkəbləşdirəcək, müsəlman immiqrantların həyatını ağırlaşdıracaq. Müəllif ilk növbədə, miqrasiyanın yüksək səviyyəsini qeyd edir. Belə ki, ötən il 270 min nəfər qanunsuz olaraq Avropaya gəlməyə cəhd göstərmişdir. İkinci problem ağrılı iqtisadi reallıqlardır. Fransada gənclər arasında işsizlik 24 faizdən çoxdur. Özü də orta statistik fransız hesab edir ki, ölkə əhalisinin 30 faizindən çoxu müsəlmandır, halbuki həqiqətdə bu rəqəm 7,7 faizdir. Ölkədə antiimmiqrasiya əhval-ruhiyyəsi hər yerə sirayət etmişdir. 2010-cu ildə Marin Le Penin rəhbərlik etdiyi ifrat sağçı Milli cəbhənin reytinqi 18 faiz səviyyəsində idisə, son rəy sorğuları 34 faiz göstərir. Bremmerin fikrincə, gərginliyin başqa bir səbəbi ölkə Prezidenti Fransua Ollandın reytinqinin sürətlə aşağı düşməsidir. Müəllif başqa bir problemi də qeyd edir: Fransa vətəndaşlıq almaq istəyən immiqrantlar üçün gözləmə müddətinə (orta hesabla 14 il) görə Avropada üçüncü yeri tutur.
Digər tərəfdən, multikulturalizmi rədd edən, inteqrasiyanı assimilyasiya kimi qəbul edən Avropanın ictimai şüurunda belə bir fikir kök salıb ki, tolerantlıq başqalarının yox, yalnız özlərinin fikirlərinə dözümlülük deməkdir. Bəzilərinin dediklərindən belə çıxır ki, məsələn, söz azadlığı təhqir azadlığı da deməkdir. Yəni ki, müsəlmanlar Məhəmməd Peyğəmbərin karikaturalarına dözümlü yanaşmalıdırlar, çünki qanun belə bir şeyi qadağan etmir, mübahisə, narazılıq varsa, məhkəməyə müraciət etmək lazımdır. Amma bir məsələ də var ki, terror aktı törədənlər məhkəmə-filan tanımır, islamı yalnız öz istədikləri kimi yozur, dinin mahiyyətini dərk etmirlər.
Həm də Fransada törədilmiş terror aktları təkcə Avropanın özündən qaynaqlanmır. Paris supermarketində törədilmiş terror aktı zamanı polisin terrorçunu zərərsizləşdirməsinə kömək etmiş müsəlman - 24 yaşlı Lassana Bazili həm də altı nəfər xristianı mağazanın soyuducusunda gizlədib xilas etmişdir. Qanlı cinayəti törətmiş terrorçu Amedi Kolibali Yəməndə, Qərbin yetirməsi olan əl-Qaidənin sıralarında təlim keçmişdir. Digər iki terrorçu - Şərif və Səid Kvaşı qardaşları isə əl-Qaidədən qopmuş İŞİD-in üzvü olmuşlar. Beləcə, Qərbin ssenarisi ilə Yaxın Şərqə gəlmiş ərəb baharı gül-çiçək əvəzinə, həm regiona, həm də Avropaya terrorçular bəxş etmişdir...
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Federika Mogerini hesab edir ki, terrorizm sözünü islam sözündən ayırmaq lazımdır. Onun fikrincə, Avropa İttifaqının karikatura azadlığından başqa, ümumi mənafe naminə rasional işləmək qabiliyyəti var. Şübhəsiz, rasional işləmək qabiliyyəti müxtəlif dinlərə və millətlərə mənsub adamların bir-birinə dözümlülüyünü də əhatə etməlidir. Tolerantlığa fərqli məzmun verilməsi rasional işi çətinləşdirə bilər.
Allahverdi MEHDİYEV,
Azərbaycan.-2015.- 13 yanvar.- S.2.