Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin yekunlarını elan edib

 

Yanvarın 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

MSK Katibliyinin mediaictimai əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, iclasda 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin yekunları barədə məsələyə baxılıb. Qeyd olunub ki, dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ölkəmizin tarixinə müstəsna əhəmiyyətli hadisələrdən biri kimi yazılıb. Seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün MSK və aidiyyəti dövlət qurumları tərəfindən Seçki Məcəlləsində nəzərdə tutulmuş vəzifələrin icrasına xüsusi diqqətlə yanaşılıb. Seçki prosesinin mühüm mərhələləri olan seçici siyahılarının dəqiqləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla, bütün seçki subyektlərinin maarifləndirilməsi, bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanının yaradılması, müşahidəçilər və kütləvi informasiya vasitələri nümayəndələrinin sərbəst fəaliyyəti üçün maneəsiz şəraitin yaradılması və bütün digər addımlar MSK-nın hazırlayıb təsdiq etdiyi “Bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”na əsasən təmin olunub.

Ermənistan tərəfindən əraziləri işğal edilmiş rayonları əhatə edən 7 seçki dairəsi üzrə bələdiyyə seçkilərinin keçirilməsi mümkün olmadığına görə, bələdiyyə seçkiləri ümumilikdə 125 seçki dairəsinin 118-də, 5015 seçki məntəqəsi üzrə keçirilib. 1607 bələdiyyəni əhatə edən seçkilərdə 15035 bələdiyyə üzvlüyünə 37077 nəfərin namizədliyi qeydə alınıb və bütün namizədlərə seçkiqabağı təşviqat dövründə bərabər şərait və eyni imkanlar yaradılıb. Bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş bütün müraciətlər vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə hərtərəfli və obyektiv araşdırıldıqdan sonra operativ şəkildə iclasa çıxarılaraq Komissiya üzvləri tərəfindən müzakirə edilibmüvafiq qərarlar qəbul olunub.

Seçkilər zamanı aşkarlığın təmin olunması üçün digər vasitələrlə yanaşı, işğal olunmuş ərazilər istisna olmaqla, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (seçki keçirilən məntəqələrin təqribən 20 faizində) internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralar quraşdırılıb. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb edilmədən, real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri izləmək imkanına malik olublar.

Müxtəlif siyasi partiyaları, qeydə alınmış namizədləri, qeyri-hökumət təşkilatlarını təmsil edən, eyni zamanda öz təşəbbüsləri ilə seçkilərə qatılmış 50 mindən artıq müşahidəçi, həmçinin respublikada fəaliyyət göstərən yerlixarici kütləvi informasiya vasitələrinin nümayəndələri sərbəst və maneəsiz şəkildə seçkiləri izləyib. Seçki günü səsvermə başa çatdıqdan sonra fasiləsiz olaraq səslərin hesablanması həyata keçirilib, yerli və beynəlxalq ictimaiyyətin seçkilərin nəticələri ilə tanış olması üçün səsvermə başa çatdıqdan təqribən 5 saat sonra 70 faizdən artıq seçki məntəqələri üzrə ilkin nəticələr, növbəti gün, günün birinci yarısında artıq ölkə üzrə bütün seçki məntəqələrinin protokol məlumatları operativ şəkildə MSK-nın internet səhifəsində yerləşdirilib. Səsvermənin nəticələrinə dair yekun protokollar və digər seçki sənədləri qanunla müəyyən olunmuş müddətdə məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına, oradan isə MSK-ya çatdırılıb.

Bələdiyyə seçkilərində seçicilər azad və maneəsiz şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edib və ümumilikdə ölkə üzrə seçicilərin ümumi sayının 38,92 faizi səsvermədə iştirak edib.

Komissiya üzvlərinin müzakirəsi zamanı 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin baş tutduğu, bu seçkilərin ümumən Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun keçirildiyi qeyd olunub. Eyni zamanda, 43 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi, 8 bələdiyyə üzrə seçkilərin etibarsız sayılması, seçkilərin ümumi yekunları rəsmi təsdiq edilən bütün 1599 bələdiyyə üzrə bələdiyyə üzvlərinin tam tərkibdə formalaşmasının nəzərə alınması və bələdiyyələr üzrə seçilmiş üzvlərin siyahısının elan olunması barədə qərar qəbul edilib.

Seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı öz fəaliyyətində yol verdiyi nöqsanlara görə 54 saylı Şabran-Siyəzən, 70 saylı Masallı şəhər və 75 saylı Lənkəran-Masallı seçki dairələrinin dairə seçki komissiyaları, habelə müxtəlif səbəblərdən nəticələri etibarsız hesab edilmiş 5 seçki məntəqəsinin məntəqə seçki komissiyaları buraxılıb.

Sonda bələdiyyə seçkilərinin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib edilibKomissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib.

İclasda beynəlxalq təşkilatların, xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

 

Azərbaycan.-2015.- 13 yanvar.-  S.6.