Sumqayıtda “Alyans Tekstil” tikiş fabriki fəaliyyətə
başlayıb
Azərbaycan Prezidenti İlham
Əliyevin Sumqayıt şəhərinə səfəri
Yanvarın
13-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Sumqayıt şəhərində “Alyans Tekstil”
tikiş fabrikinin açılışında iştirak edib.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində iqtisadiyyatın neft sektoru ilə bərabər, qeyri-neft sahələrinin də davamlı inkişafına nail olunur. Qeyri-neft sektorunun inkişaf etdirilməsində isə sahibkarlığın rolu böyükdür. Təsadüfi deyil ki, dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. Bu baxımdan dövlət tərəfindən ayrılan kreditlər və İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə görülən işlər xüsusi önəm kəsb edir. Güzəştli kreditlər hesabına son illər bölgələrdə iri istehsal, emal və infrastruktur müəssisələri istifadəyə verilib. 2014-cü ildə bu proses davam etdirilib. Fond tərəfindən indiyədək ümumi dəyəri 60 milyon manat olan 7 tekstil fabrikinin yaradılmasına və ən müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 28,4 milyon manat güzəştli kredit ayrılıb. Almaniya, Belçika, İsveçrə, Avstriya, İtaliya, İspaniya, Yaponiya və Türkiyənin müasir texnologiya və avadanlıqları əsasında qurulan 5 fabrik artıq istifadəyə verilib. Bu fabriklərin fəaliyyətə başlaması istehlakçıların tələbata uyğun yüksək keyfiyyətli müxtəlif tekstil və trikotaj məhsulları ilə təmin edilməsinə imkan yaradıb. Belə iri layihələrdən biri də Sumqayıt şəhərində “Alyans Tekstil” tikiş fabrikidir. Bu layihənin həyata keçirilməsinə də Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılıb.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq inşa edilmiş fabrikin sahəsi 2,4 hektardır. Ümumi dəyəri 6,1 milyon manat olan fabrikin tikintisinə Sahibkarlığa Kömək Milli Fondundan 1 milyon manat güzəştli kredit ayrılıb.
Prezident İlham Əliyevə indiyədək Sumqayıt şəhəri üzrə ayrılan güzəştli kreditlər barədə də məlumat verildi. Bildirildi ki, indiyədək Sumqayıt şəhərində 354 sahibkarlıq subyektinin ümumi dəyəri 320 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət tərəfindən 120,6 milyon manat, o cümlədən müasir texnologiyaların tətbiqinə əsaslanan, ümumi dəyəri 268,2 milyon manat olan 18 investisiya layihəsinin maliyyələşdirilməsinə 104,2 milyon manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 5900-dən çox yeni iş yeri yaradılıb. Kreditlərin 219-u kiçik həcmlidir və bu layihələrin maliyyələşdirilməsinə 1,6 milyon manat güzəştli kredit verilib. Həmin kreditlər hesabına isə 560-dan çox sakin işlə təmin olunub.
Prezident İlham Əliyev “Alyans Tekstil” tikiş fabrikini
işə saldı.
Məlumat verildi ki, tekstil fabriki 2 əsas istehsal və 4
köməkçi sahədən ibarətdir.
Dövlətimizin
başçısı fabrikin dünyanın ən qabaqcıl
şirkətlərinin müasir avadanlığı ilə təchiz
edilmiş tikiş sahəsində istehsal prosesi ilə tanış oldu.
Bildirildi ki, fabrik ildə 100 min dəst müxtəlif
işçi geyimləri -gödəkçələr,
kombinezonlar, kostyum və dəstlər istehsal etmək
gücünə malikdir. Dövlətin maliyyə dəstəyi ilə
fabrikin yeni tikilmiş istehsal binasında tamamlama işləri
aparılıb və avtomatik parça sərim xətti, alt və
üst transportlu iplik kəsməli tikiş
maşınları, qurutma konveyerləri, loqotip və yazı
vurulması üçün boya avadanlığı,
naxış və universal tikiş maşınları
quraşdırılıb. Toxunan parça
texnologiyaya əsasən sərmə, qatlama və kəsmə
proseslərindən sonra tikiş sahəsinə verilir. İstehsal olunan məhsulun üzərinə hörmə
və ya boya ilə sifarişçinin istəyinə uyğun
olaraq onun loqosu və adı vurulur.
Dövlətimizin başçısı burada istehsal
olunan məhsulların nümunələrinə baxdı. Fabrikin əsas
xammalı olan parça Sahibkarlığa Kömək Milli
Fondu tərəfindən maliyyə dəstəyi göstərilən
“Gilan” Tekstil Parkından alınır. Müəssisədə
ən müasir texnologiyanın tətbiqi beynəlxalq
standartlara cavab verən yüksək keyfiyyətli tekstil məmulatları
istehsalına və hazır məhsulun maya dəyərinin
aşağı düşməsinə səbəb olur.
Belə müasir kompleksin Sumqayıtda inşa
olunması respublikamızda gedən uğurlu sənayeləşmə
siyasətinin bir nümunəsidir. Layihələrin
icrası nəticəsində fabrikdə 200 iş yeri
yaradılıb. Müəssisədə işçilərin
məhsuldar çalışmaları üçün hər
cür şərait
var.
Prezident İlham Əliyev fabrikin kollektivi ilə
görüşdü.
X X X
Fabrikin
kollektivini salamlayan dövlətimizin başçısı
İlham ƏLİYEV dedi:
- Sizi
ürəkdən təbrik edirəm. Bu gün
Sumqayıtda yeni gözəl sənaye müəssisəsi,
tekstil fabriki açılır. Bu, gözəl
hadisədir. Şadam ki, fabrikdə
bütün işlər yüksək səviyyədə
qurulub. Çox gözəl iş şəraiti var,
avadanlıq quraşdırılıb, ən yüksək
standartlar tətbiq olunub. Ən sevindirici hal ondan
ibarətdir ki, fabrikdə çalışanların mütləq
əksəriyyəti qadınlardır. Yəni, bu, yeni
iş yerlərinin açılması deməkdir. Burada 200 insan işlə təmin olunub. Maaş da yaxşıdır. Yəqin
ki, gələcəkdə daha da artacaq. Çünki
fabrikin uğurlu fəaliyyəti bunu təmin edəcəkdir.
Sumqayıtda bu gün başqa bir istehsalat sahəsi
açılır - beton zavodu. Oraya da gedib
baxacağam. Yəni, hər il Sumqayıtda
çox gözəl yeni sənaye müəssisələri
açılır ki, bu, həm insanları işlə təmin
edir, eyni zamanda, ölkəmizin inkişafını təmin
edir. Keçən il Azərbaycanda “Sənaye
ili” elan edilmişdi. Bu fabrik də əslində keçən
il tikilmişdir. Ümumilikdə keçən
il 200-dən çox iri sənaye müəssisəsi
açılmışdır ki, bu da ölkəmizin
inkişafına xidmət göstərir.
Sumqayıt ənənəvi olaraq sənaye şəhəri
kimi salınmışdır. Bu gün isə
Sumqayıt müasir sənaye şəhəridir. Burada yaradılan istehsalat sahələri,
böyük elektrik stansiyası, aparılan abadlıq işləri
məni çox sevindirir. Mən Sumqayıta hər il səfər edirəm, bəzi hallarda ildə
iki dəfə. Hər dəfə burada vəziyyətlə tanış oluram və yeni böyük müəssisələrin
açılışlarında iştirak edirəm.
Sumqayıtda Texnologiya Parkı neçə ildir ki, fəaliyyət
göstərir. Kimya Parkı, digər istehsalat zonaları. Yəni, Sumqayıt əslində nəinki Azərbaycanın,
Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir.
Biz insanları işlə təmin etmək
üçün böyük işlər görürük.
Biz bunu Sumqayıtın timsalında əyani
şəkildə görürük. Çünki
Sumqayıtda işsizlik demək olar ki, aradan
qaldırılıb. Qadınlar da işlə
təmin edilir. Əgər ailənin hər
iki üzvü işləsə əlbəttə ki, bu, ailə
büdcəsinə də əlavə dəstək olacaq.
Uşaq bağçaları da tikilməlidir ki,
qadınların vaxtı olsun, gəlib işləsinlər.
Biz bu işlərlə də məşğul
oluruq. Yəni, ölkəmizdə həm
sosial, həm iqtisadi və sənaye ilə bağlı məsələlər
ardıcıl şəkildə həll edilir.
Ölkəmiz inkişaf edir. Keçən ili
də uğurla başa vurmuşuq. Bu ili də
uğurla başa vuracağıq. Baxmayaraq ki,
dünyada indi müxtəlif proseslər gedir. Bölgədə iqtisadi vəziyyət o qədər
də ürəkaçan deyil. Azərbaycanda
heç bir çətinlik gözlənilmir. Yeni sənaye müəssisələri
açılacaq, insanlar işlə təmin olunacaqlar. Bizim iqtisadi inkişafımız təmin ediləcək
və xalqımızın rifah halı yaxşılaşacaq.
Mən sizi ürəkdən salamlayıram. Bildiyiniz kimi, mən hər il dəfələrlə bölgələrdə
oluram, vəziyyətlə tanış oluram. Bu il
isə ilk səfərimi Sumqayıta edirəm. Əminəm
ki, Sumqayıtda bütün işlər bundan sonra da yüksək
səviyyədə təşkil ediləcək. Sizi bir daha bu gözəl hadisə münasibətilə
təbrik edirəm.
Kollektivin
adından dövlətimizin başçısına minnətdarlıq
edən fabrikin əməkdaşı Səbirə CAMAYEVA dedi:
- Xoş
gəlmisiniz, cənab Prezident.
Şəhərimizdə açılan bu gözəl
müəssisəyə görə Sizə minnətdarıq. Gördüyünüz
bu müəssisədə bizim üçün hər cür
şərait yaradılıb. Bu gün
dünyanın bir çox ölkələrində böhran
olmasına baxmayaraq, Azərbaycanımızda yeni müəssisələr
açılır. Biz ölkəmizdə
çox rahat, firavan yaşayırıq, sülh və əmin-amanlıqdır.
Hər bir sahədə inkişaf var.
Balalarımızın gələcəyinə də
böyük ümidlə baxırıq. Çünki
ölkəmizin Sizin kimi rəhbəri var.
Gördüyünüz bütün işlərə görə
Sizə minnətdarıq. Biz fəxr edirik ki, bu
gün doğrudan da, sözün əsl mənasında,
müstəqil dövlətdə yaşayırıq.
Qürur hissi duyuruq ki, xalqımızın Sizin
kimi müdrik Prezidenti var. Çox sağ olun.
Müəssisənin
digər əməkdaşı Naibə MƏMMƏDOVA dedi:
- Cənab
Prezident, biz Sizə Sumqayıta göstərdiyiniz diqqət və
qayğıya görə minnətdarıq. Sizin
sayənizdə şəhərimiz gündən-günə
gözəlləşir, abadlaşır. Bu,
biz sumqayıtlıları çox sevindirir.
Gördüyünüz işlərə görə Sizə
“Çox sağ olun” deyirik. Sizə
və hörmətli Mehriban xanıma uzun ömür,
cansağlığı arzulayırıq.
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Bu fabrikin tikintisində əlbəttə ki, özəl sektor öz sözünü deyib. Əsas vəsaiti sahibkarlar qoyublar. Ancaq dövlət də öz dəstəyini göstərmişdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu fabrikin yaradılmasına dəstək verilmişdir. Yəni, dövlət sahibkarları dəstəkləyir, həm siyasi, həm maddi dəstək göstərir, güzəştli şərtlərlə kreditlər verir. Sahibkardan da tələbimiz ondan ibarətdir ki, yeni iş sahələri, istehsalat sahələri yaratsınlar, ölkəmizi gücləndirsinlər. Özləri üçün də imkan yaratsınlar və o müəssisələrdə işləyən insanlara da yaxşı xidmət etsinlər. Çünki siz Azərbaycanın iqtisadi və sənaye potensialını yaradan insanlarsınız. Sahibkar əlbəttə ki, bu müəssisənin sahibidir. Ancaq bu müəssisənin əsas iştirakçısı sizlərsiniz, burada işləyənlər - mütəxəssislər, fəhlələr. Beləliklə, burada hər müəssisədə çox sağlam bir ab-hava olmalıdır. İnsanlar razı olmalıdırlar, yaxşı maaş almalıdırlar. Onların iş şəraiti yaxşı olmalıdır. Biz buna çalışırıq və bu gün Azərbaycanın müxtəlif yerlərində müəssisələr bax, bu səviyyədə yaradılır. İnsanların əməkhaqqı vaxtında verilməlidir, iş şəraiti yaxşı səviyyədə olmalıdır ki, hər bir ailə normal yaşasın, dolansın və ildən-ilə insanların rifah halı artsın.
Sumqayıtda digər başqa layihələr də icra edilib. Şəhər gözəlləşir, abadlaşır. Sumqayıt indi ekoloji cəhətdən ən təmiz şəhərlərdən biridir. Vaxtilə Sumqayıtı ekoloji fəlakət şəhəri kimi təsvir edirdilər. Əfsuslar olsun ki, bəzi hallarda Azərbaycana qarşı aparılan kampaniya çərçivəsində yenə də Sumqayıt haqqında həqiqəti əks etdirməyən sözlər deyilir. Amma buraya gələn hər bir insan görür ki, indi Sumqayıt parklar şəhəridir. Sənaye müəssisələrində bütün ekoloji standartlar gözlənilir, tətbiq edilir. Havası təmiz, gözəl infrastrukturu olan bir şəhərdir. Son illərdə Sumqayıtda bir neçə park qurulub, yenidən salınıb, əsaslı təmir edilib. Şəhər gözəlləşir, binalar tikilir. Mən dəfələrlə demişəm ki, Sumqayıtda gedən işlər Bakıda gedən işlərin səviyyəsində olmalıdır.
Burada “ASAN xidmət” yaradılıbdır. Yəqin ki, siz də bu imkanlardan istifadə etmisiniz və görmüsünüz ki, bu yenilik insanlara nə qədər rahatlıq gətirir.
Biz çalışmalıyıq ki, Azərbaycanda hər bir sahədə ən müasir təcrübə tətbiq olunsun - sənaye müəssisələrində, məişət məsələlərinin həllində, insanlara göstərilən xidmətlərdə. Biz buna nail oluruq.
Sizi bir daha ürəkdən təbrik edirəm.
Sizə
uğurlar arzulayıram.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.-2014.- 14 yanvar.- S.2.