Biz bunları etmişik! Bəs siz?

 

Azərbaycan xalqının ən ağrılı yeri Qarabağ problemidir!

Qırmızı imperiya laxlamağa başladığı dövrdə ilk dəfə olaraq Azərbaycan xalqı Azadlıq meydanına “Qarabağ bizimdir!” hayqırtısı ilə çıxmış, mərkəzin ədalətsizliyinə ilk etirazı Qarabağa uzanan düşmən əllər və qara niyyətlərlə bağlı olmuşdur!

Hətta sovet imperiyası tərəfindən 20 yanvar 1990-cı ildə ona verilən qanlı “qulaqburması” da kimsəni qorxudub yolundan döndərə bilməmişdi.

Məhz bundan sonra xalqın Dağlıq Qarabağ uğrunda mübarizəsi milli-azadlıq hərəkatına çevrilmişdir. Ulu öndər Heydər Əliyevin xalqın tələbi və çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışından sonra deklarativ xarakter daşıyan müstəqillik real mahiyyət kəsb edərək əbədilik və dönməzlik qazanmışdır.

Buna qədər Azərbaycan tam şəkildə BMT-yə üzv qəbul edilsə də, artıq ərazisinin 20 faizi erməni qəsbkarları və onların havadarlarının dəstəyi ilə işğal olunmuşdu.

Müstəqilliyin ötən 24 ili ərzində Azərbaycan iqtidarı irili-xırdalı elə bir problem olmayıb ki, onu həll etməsin!

Bircə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən başqa!

Dağlıq Qarabağ problemi bizim üçün millətin taleyüklü məsələsidir!

Dağlıq Qarabağ problemi bizim üçün təkcə ərazi yox, həm də şərəf məsələsidir!

Dağlıq Qarabağ problemi bizim üçün gələcək nəsillər qarşısında həm də mənəvi borc məsələsidir!

Dağlıq Qarabağ problemi bizim üçün dost-düşməni tanımaqda məhək daşı əvəzidir!

Həm ulu öndər Heydər Əliyev, həm möhtərəm Prezident İlham Əliyev elə bir görüş, yığıncaq, beynəlxalq tədbir olmayıb ki, oradakı çıxış, məruzə, nitq və danışıqlarında bu problemə toxunaraq onu diqqət mərkəzinə çəkməsinlər!

Ötən illər ərzində müxtəlif dövlətlər və təşkilatlarla yaradılan bütün əlaqə, münasibət, əməkdaşlıq, dostluq və qardaşlıq münasibətlərinin mayasında Qarabağ probleminin həllinə dəstək niyyətini güdmüş, bu yolda atılan konkret addımları görmək istəmiş və heç zaman bu istəyimizi gizlətməmişik!

Problemin ədalətli həllinə nail olmasaq da, nə ruhdan düşmüş, nə geri çəkilmiş, nə də işğalla barışmışıq!

***

Moskvanın ədalətinə sübhə yarananda üzümüzü dünyanın digər aparıcı dövlətlərinin ədalətli mövqeyinə, beynəlxalq qurum və təşkilatlara çevirdik!

İlk zərbəni “böyük dostumuz” ABŞ-dan aldıq! (“Böyüklər”lə “kiçiklər”in dostluğuna birincilərin daim qəribə bir təkəbbürlə yanaşdığını heç zaman unutmuruq). 1992-ci ildə ABŞ Konqresi tərəfindən bizə - ərazisi işğal olunmuş ölkəyə qarşı işğalçının maraqlarına xidmət edən bir qərarın - “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişə rəvac verən qərarın qəbulu ölkə ictimaiyyətində şok effekti yaratdı. Bunu Konqresin “məlumatsızlığı” (əslində, dünyanın hər guşəsində “gözü”, “qulağı”, göydə isə çoxsaylı kəşfiyyat peykləri və pilotsuz təyyarələri olan bir dövlət haqqındaməlumatsızlıq” “diaqnozu” vermək onu aşağılamağa bərabərdir) ilə izah edərək ruhdan düşmədik. Əksinə, həqiqəti dünyaya çatdırmaq üçün fəaliyyətimizi daha da artırdıq, bütün mümkün olan vasitələrə əl atdıq:

* Ölkəmizə müntəzəm səfər edən (turist səfərləri yox) ATƏT-in Minsk qrupunun həmsədrlərinə Qarabağ münaqişəsinin həqiqətləri barədə dərs keçməyə başladıq;

* Dünyanın ABŞ, Fransa, Böyük Britaniya, Almaniya və digər aparıcı dövlətlərinin səfirləri və səfirlikləri ilə məlumat-izahat işləri aparmağa başladıq;

* Beynəlxalq qurum və təşkilatları oradakı nümayəndələrimizin çıxışları, yaydıqları bəyanatlar vasitəsilə həqiqətin biz tərəfdə olduğuna inandırmağa çalışdıq;

* Dövlət başçıları ilə görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə reallığın nədən ibarət olduğunun izahına xüsusi diqqət yetirildi;

* Hətta ulu öndər Heydər Əliyev əlinə çubuq götürərək səfərdə olduğu ölkələrdə həmin dövlətlərin rəhbərlərinə və siyasətçilərə xəritə qarşısında “coğrafiya dərsi” keçmək missiyasına başlamalı oldu.

Əslində, hamı hər şeyi başa düşürdü və bilirdi. Amma heç kim heç nə etmək istəmirdi!

Şübhəsiz, vəziyyət belə də davam edə bilməzdi! Üstəlik Azərbaycanın etdiklərinin əvəzini istəməyə də mənəvi haqqı vardı!

Bu dəfə qarşımıza “demokratiya tələbləri” qoymağa başladılar.

 

Formaca “yeni”, məzmunca “köhnə”

 

Dünya yaranandan maqnitdəki kimi müxtəlif qütbləri olub. Bu reallıq fəlsəfənin əksliyin vəhdəti və mübarizəsi əsas qanununda da öz əksini tapıb! Güclü və zəif, varlı və yoxsul, ağa və qul... Misalların sayını istənilən qədər uzatmaq da mümkündür. Mahiyyət isə belədir ki, bu tip qütblərdə həmişə birinci tərəf güclü, üstün, iradəsini qəbul etdirən və sair, ikinci tərəf isə tabe və “icraçı” yerində qalıb. Bəşər cəmiyyətinin inkişaf səviyyəsindən asılı olaraq “birinci”lərin “ikinci”lərdən istədikləri də dəyişib. Amma bu istəklərin nüvəsində daim “verməsən, zorla alarıq” ideyası dayanıb!

İbtidai icma quruluşunda məsələ elə “ibtidai şəkildə” də həll edilirdi: güclü zəifin başına qapazı salaraq əlindəki tikəsini dartıb alırdı. Quldarlıqda isə zəifi gecə-gündüz rəhm etmədən bir qarın yeməyə işlədirdilər. Kapitalizm nisbətən yüksək, elm və siyasətin inkişaf etdiyi quruluş sayıldığından burada məsələlər get-gedə daha “pərdəli”, zahirən “sivil” formada “həll olunur”. Məsələn, əvvəllər bir dövlət başqa bir dövləti silah gücünə müstəmləkəsinə çevirərək bütün sərvətlərini açıq-aşkar talayaraq aparırdı. Xalqlar ayılıb açıq şəkildə istismara imkan vermədikdə müstəmləkəçiliyin yeni forması yarandı: həmin dövlətlərin ərazisində istehsal sahələri yaratmaqla ucuz xammal və işçi qüvvəsi hesabına istismarın “sivil üsulu”nu tapdılar. Bu da müəyyən dövrədək davam etdi.

Hazırda dəbdə olan “demokratiya tələbi” isə məqsədə çatmağın daha mükəmməl, hiyləgər, zahirən sivil, daxilən isə “köhnə” vasitələrindəndir. Burada müharibə aparıb qan tökmək (söhbət vətəndaş müharibəsi törədilməsindən, muzdluların “ixrac”ından getmir), başqa dövlətin ərazisinə açıq şəkildə qoşun yeridərək çalıb-çapmaq nəzərdə tutulmur. Sadəcə, “dünyanın sahibi” sayılan dövlətlər hər bir ölkədə “demokratik quruluş”, “demokratik cəmiyyət” olmasını “arzu edirlər”. Üstəlik, həm özləri, həm də bir sıra beynəlxalq qurum və təşkilatlar demokratiyanın “prinsip və qaydaları”nın necə həyata keçirildiyinə “nəzarət” edirlər. Doğrudur, elm nə qədər inkişaf etsə də, hələlik demokratiyanın “genişliyini və dərinliyini” ölçən “ağıllı cihaz” kəşf edilməyib. İnsanlar özləri “baxıb” müəyyənləşdirirlər. Subyektiv varlıq olan insanın “obyektiv meyar” rolunda çıxış etməsi isə çox müşkül məsələdir! Bunu dəfələrlə öz üzərimizdə hiss etmişik. Məsələn, Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın 20 faizi işğal olunduqdan sonra BMT bununla bağlı və indiyədək icra edilməyən dörd qətnamə qəbul edib. ABŞ “Azadlığa Dəstək Aktı”na ədalətsiz sayılan 907-ci düzəlişi həyata keçirib. Rusiya iki dəfə Ermənistana hərəsində 1 milyard dollar həcmində silah-sursat bağışlayıb. Fransa az qala “erməni soyqırımı”nı tanımayanları cinayətkar kimi məsuliyyətə cəlb edəcəkdi. Doğrudur, Azərbaycan iqtidarının çox böyük səyi nəticəsində müəyyən müsbət məqamlara nail da olunub: BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi dünyanın aparıcı təşkilatları Ermənistanı işğalçı dövlət kimi tanıyan qərar və qətnamələr qəbul ediblər.

Vəssəlam!..

Boş danışıqlardan və vədlərdən başqa heç nə yiyəsi olmamışıq!

Nə Ermənistan qoşunları işğal etdikləri ərazilərdən çıxarılıb, nə də qaçqın və məcburi köçkünlər doğma yurdlarına qaytarılıblar.

Səbəb?

Guya Azərbaycanda “demokratik tələblər”ə düzgün əməl olunmur.

Niyə, bunu hansı cihaz göstərir, - bilən yoxdur!

Ümumi şəkildə “insan hüquqlarının qorunmasında”, “mətbuat və söz azadlığında” “problemlər var” deməklə və heç bir tənqidə dözməyən faktlar göstərməklə kifayətlənirlər.

İndiyədək demokratik cəmiyyət quruculuğunda etdiklərimizi isə görmək istəmirlər!

Bunlar isə hədsiz dərəcədə çox olduğundan yalnız bir qismini tezislər şəklində diqqətə çəkmək istəyirik.

 

Hüquqi demokratik dövlət quruculuğu sahəsində

* Bazar iqtisadiyyatı münasibətlərinə keçidin hüquqi əsası sayılan yeni Konstitusiya qəbul etmişik və demokratik prinsiplərin bərqərar olması, vətəndaş cəmiyyətinin formalaşdırılması üçün möhkəm hüquqi baza yaratmışıq;

* Hakimiyyət bölgüsü aparılıb, icra, ali qanunverici və məhkəmə hakimiyyəti yaradılıb;

* Ölkədə hüquqi, iqtisadi, siyasi islahatlar həyata keçirilib;

* Avropa Şurasına üzv qəbul olunmuşuq;

* 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilmiş, hətta ona uğurla sədrlik də etmişik;

* Ölkədə vətəndaş cəmiyyəti təsisatları formalaşdırmışıq;

* Mətbuata senzura nəzarəti ləğv edilib, azad və müstəqil mətbuat meydana gəlib;

* Dövlət müstəqil mətbuata sistemli maliyyə yardımı göstərmək üçün KİV-in inkişafına Dövlət Dəstəyi Fondu yaradıb;

* Artıq ölkə üzrə internet istifadəçilərinin sayı 75 faizi keçib;

* Avropa Məhkəməsinin ölkəmizlə bağlı qəbul etdiyi qərarlar icra olunub.

 

İqtisadi sahədə

* Özəlləşdirmə uğurla başa çatdırılıb;

* İnsanların xüsusi mülkiyyət hüququ bərpa olunub;

* Sahibkarlar təbəqəsi yaranıb və dövlətin qayğısı ilə əhatə olunub;

* İqtisadiyyatın düşünülmüş, sürətli və davamlı inkişaf konsepsiyası əsasında dünya tərəfindən qəbul edilən “İnkişafın Azərbaycan modeli” yaradılıb;

* İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan dünyanın inkişaf etmiş ölkələri cərgəsinə qoşulmaq üçün mübarizəyə başlayıb;

* Dünya ölkələrinə fayda gətirəcək transmilli layihələrin maliyyələşdirilməsinə və reallaşdırılmasına başlamışıq;

* Davos Ümumdünya İqtisadi Forumunun nəticələrinə əsasən rəqabətədavamlılıq qabiliyyətinə görə 38-ci pilləyə yüksəlmişik;

* Son on ildə ÜDM istehsalı 3 dəfə artıb;

* İşsizlik 5 faizə enib;

* Yoxsulluq 5 faizədək azalıb;

* Dünyanı bürüyən maliyyə və iqtisadi böhranın nəticələrindən ölkə iqtisadiyyatı qorunub.

 

Mədəni-mənəvi sahədə

* Müxtəlif millətlərin və etnik qrupların sülh və əmin-amanlıq şəraitində birgə yaşamasını təmin edən azərbaycançılıq ideologiyası cəmiyyətin aparıcı qüvvəsinə çevrilib;

* Avropa dəyərlərini mənimsəyən Azərbaycan xalqı öz mədəniyyəti ilə dünya mədəniyyətinə yeni töhfələr verməyə başlayıb;

* Multikulturalizmi dəstəkləyən ən tolerant ölkə kimi dünyaya nümunə göstəririk;

* Paytaxt Bakı bir sıra sahələr üzrə beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib;

* Qərb mədəniyyətinin məhsulu olan Avroviziya müsabiqəsində qalib gələrək bir dəfə bu yarışmanın Bakıda yüksək səviyyədə keçirilməsini təmin etmişik;

* Olimpiya, dünya, Avropa və beynəlxalq yarışlarda azərbaycanlı gənclərin qazandıqları çoxsaylı qələbələr artıq bizi həm də dünyanın idman dövlətlərindən biri kimi tanıtmaqdadır;

* Bəşəriyyət üçün qorxunc təhlükəyə çevrilən terrorizmə qarşı mübarizədə daim fəal, qətiyyətli və birmənalı mövqe nümayiş etdiririk.

 

Azad, demokratik və şəffaf seçkilər keçirilməsi sahəsində

* Azərbaycanda beynəlxalq tələblərə cavab verən seçki qanunları əsasında Seçki Məcəlləsi yaradılıb;

* Üzvləri paritet əsaslarla formalaşdırılan Mərkəzi Seçki Komissiyası təşkil edilib;

* Ölkədə 4 dəfə bələdiyyə, 4 dəfə parlament, 5 dəfə prezident seçkiləri keçirilib, bu seçkilərin hər biri demokratiyanın inkişafı, azad və ədalətli, şəffaf seçkilərin keçirilməsi üçün yaradılan strukturun daha da təkmilləşməsinə xidmət edərək irəliyə doğru atılan müsbət addım sayılıb;

* Azərbaycan vətəndaşlarında seçki mədəniyyəti formalaşdırılıb;

 

İkili standartların ədalətsizlikləri

 

Demokratiya əvvəli olub, sonu görünməyən prosesdir!

Yeni yaranan demokratik qurum və təsisatların fəaliyyətinin cilalanması, onların zəruri təcrübə toplaması üçün daim zamana ehtiyac duyulur.

Təzə keçilən yolda müəyyən nöqsan və səhvlərin olması normal sayılır. Xüsusən də buraxılan səhvlərin və yanlışlıqların düzəldilməsi üçün meydana istək və iradə qoyulduqda!

Azərbaycan mahiyyətində kömək və yardım niyyəti duran əməkdaşlığa daim hazırdır və bunu alqışlayır!

Lakin yaxşıları və inkişafı göstərmək zərurəti də unudulmamalıdır.

Həmişə nəsə mənfi bir şey axtarmaq, uğurları danaraq qüsurları qabartmaq dostluq və əməkdaşlıq münasibətləri sayılmır.

Daha çox qərəzliliyə dəlalət edir!

Artıq sadə azərbaycanlıda belə bir təsəvvür yaranıb ki, beynəlxalq qurum və təşkilatlar nəyəsə kömək etmək, düzgün yol göstərmək üçün yox, yalnız irad tutub nöqsan axtarmaqdan ötrü yaradılıb!

Amma nədənsə hamıya qarşı münasibətdə yox!

 

Biz nə istəyirik

Azərbaycan daima nə istədiyini və nəyin uğrunda mübarizə apardığını ucadan söyləyib. Bunlar əsasən aşağıdakılardır:

* Ərazi bütövlüyümüz sülh yolu ilə təmin edilsin;

* Müstəqil xarici siyasət yürütməmiz heç kəsdə qıcıq və təəccüb oyatmasın;

* Milli və dövlət maraqlarını qorumağımız və onu digər dövlətlərin maraqlarından üstün tutmağımız anlaşıqlı qəbul edilsin;

* Ölkə daxilində sabitlik pozulmasın və onu pozmaq istəyənlərə qarşı qətiyyətli addımlarımıza kimsə mane olmağa can atmasın;

* Dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu əməkdaşlıq edək;

* Demokratik prosesləri daim inkişaf etdirək, dərinləşdirək;

* Heç bir dövlət bizimlə təhdid və təzyiq dilində danışmağa çalışmasın;

* Dövlətlər və beynəlxalq təşkilatlar hər hansı bir formada daxili işlərimizə qarışmasınlar;

* Azərbaycan vətəndaşı doğma obasına, əzizlərinin qəbrinə baş çəkməyə gedəndə qondarma qurumlar ona saxta məhkəmə quraraq ömürlük məhbəsə atmasın, bütün dünya təşkilatları və tanınmış siyasilər isə bu biabırçılığa baxıb susmasın;

* Azərbaycan vətəndaşı daha firavan və xoşbəxt yaşasın;

* İşğalçı dövlətə və separatçı qondarma quruma hər il ayrılan on milyon dollarla yardım dayandırılsın;

* Bizi milli maraqlarımıza zidd addımlar atmağa vadar etmək niyyətinə düşməsinlər!

 

Sizin etmədikləriniz

Biz demokratik inkişaf yolu seçərək beynəlxalq qurum və təşkilatlara üzv olarkən onlardan öyrənmək və ədalətli münasibət görmək istəyirdik. Xüsusən ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli həll ediləcəyinə böyük ümidlər bəsləyirdik.

Təəssüf ki, illər ötdükcə ümidimiz azaldı, əksinə, vəziyyət daha da qəlizləşdi!

Dünyanın aparıcı dövlətlərinin, beynəlxalq qurum və təşkilatların ədalətli, səmimi mövqeyinə şübhələrimiz artdı! Çünki münaqişənin başlamasından 26 il keçsə də, ortada sözdən, həm də məkrli və mənasız sözdən başqa heç nə yoxdur!

BİZ SİZDƏN NƏ GÖZLƏYİRDİK VƏ SİZ BU GÖZLƏNTİLƏRİ DOĞRULTDUNUZMU? YOX!

MƏSƏLƏN:

* İşğalçı dövləti öz adı ilə çağırmısınız? Yox!

* İşğalçı ilə işğala məruz qalanı fərqləndirmisiniz? Yox!

* İşğalçıya qarşı hər hansı sanksiya tətbiq etmisiniz? Yox!

* Ermənistan hərbçiləri azərbaycanlı uşaqları snayper hədəfinə çevirərək qətlə yetirəndə, təsərrüfat işləri ilə məşğul olan dinc əhalini gülləyə tutanda onları qınayaraq belə vəhşiliklərin qarşısını almağa can atmısınız? Yox!

* Hər dəfə müxtəlif bəhanələrlə Ermənistan danışıqları pozanda, qeyri-konstruktivlik nümayiş etdirəndə ona real təsir göstərməyə çalışıb danışıqlar masası arxasında oturtmusunuz? Yox!

* Bir milyondan çox qaçqın və məcburi köçkünün doğma yurd-yuvasına qaytarılması, onların kütləvi şəkildə pozulmuş hüquqlarının bərpası üçün konkret əməli iş görmüsünüz? Yox!

* Ermənistana və “DQR”-ə hər il ayırdığınız yardımların ölkəmizə qarşı hərbi əməliyyatlarda istifadə ediləcəyini düşünərək dayandırmısınızmı? Yox!

* İkili standartların ən böyük ədalətsizlik olduğunu və sizə bəslənən ümid və inamı puça çıxarmağını anlamısınız? Yox!

 

Ən nəhayət

Bütün bunları - yuxarıda qısa şəkildə sadaladıqlarımızı biz etmişik!

Bəs siz nə etmisiniz?

* AZƏRBAYCANIN HANSISA KƏNDİNİN BİRCƏ KÜÇƏSİNİN İŞĞALDAN AZAD EDİLMƏSİNƏ NAİL OLMUSUNUZMU?

* Ən nəhayət, bizim bu qədər etdiklərimizin qarşılığında heç nə etmədiyinizə görə özünüzü vicdanınız qarşısında günahkar sayırsınızmı?!

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2015.- 14 yanvar.- S.5.