“Xalqımızın müstəqil
yaşaya biləcəyinə inanırıq...”
Azərbaycan Xalq Cümhuriyyətinin
müstəqilliyinin tanınmasının 95-ci ili
Əli Mərdan bəy Topçubaşovun Parisdən göndərdiyi məktubundan götürülmüş bu sətirlər XX əsr Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri ilə əlaqədar yazılmışdır. 1920-ci il Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi üçün çox əlamətdar hadisə ilə başladı. 1920-ci il yanvar ayının 11-də Paris Sülh Konfransı Ali Şurası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto - faktiki olaraq tanındı.
Bununla da Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətinin elan edildiyi ilk günlərdən Azərbaycan hökumətinin dünya dövlətləri tərəfindən tanınmaq, Avropanın qabaqcıl dövlətləri və sivil xalqları sırasına daxil olmaq, beynəlxalq birliklərin bərabərhüquqlu üzvü olmaq yolunda yürütdüyü məqsədyönlü siyasəti və uzun, gərgin səyləri öz nəticələrini verdi.
Təbii ki, azərbaycanlılar üçün bu böyük hadisəni şərtləndirən bir sıra digər mühüm, obyektiv amillər də var idi və burada ilk növbədə 1919-cu ilin sonlarından başlayaraq beynəlxalq siyasi iqlimin əsaslı surətdə Rusiya imperiyasının ərazisində yaranmış müstəqil milli respublikaların xeyrinə dəyişməsi əsas rol oyanayırdı. Lakin Azərbaycan Respublikasının gənc diplomatiyasının bu yeni yaranan siyasi şəraitdə qarşıya çıxan mühüm tələblərə cavab vermək üçün nə kimi işlər gördüyü və nə qədər hazırlıqlı olduğu dövrün sənədləri ilə təsdiq olunur. Bu baxımdan Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin arxivində olan sənədlər xüsusi əhəmiyyət kəsb edir. Hazırda Parisdə, Sosial Elmlərin Tədqiqi Ali Məktəbi, Rusiya, Qafqaz və Mərkəzi Avropa Tədqiqatları Mərkəzində saxlanılan bu arxiv ədalətli olaraq Azərbaycan nümayəndə heyətinin rəhbəri Əli Mərdan bəy Topçubaçovun adı ilə - “Topçubaşi arxivi” kimi saxlanılır. Belə ki, XX əsr Azərbaycan tarixinin böyük hadisələrlə zəngin tarixinin mühüm səhifələrini özündə əks etdirən bu sənədlər, qiymətli tarixi fotoşəkillər Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Əli Mərdan bəyin müstəsna xidməti sayəsində qorunub saxlanılmışdır (1920-ci il aprel çevrilişindən sonra mühacirət həyatı yaşayan Əli Mərdan bəy böyük maddi sıxıntı keçirmiş, Parisdə 6 dəfə ünvanını dəyişərək şəhərin mərkəzindən uzaqlaşmış, amma hər dəfə sənədlər saxlanılan dəmir çamadanları özü ilə aparmış, öz işıqlı ömrünü ağır xəstə, ehtiyac içində, şəhərin kənarında, darısqal bir otaqda, lakin şəkillər və sənədlərlə dolu qutular arasında başa vurmuşdur).
Ötən ilin dekabr ayında Parisdə - Topçubaşovun arxivində işləmək imkanı yarandı və sayı minlərlə ölçülən bu qiymətli, orijinal sənədlərin, o cümlədən fotoşəkillərin, Azərbaycanda olmadığı halda neçə illər sonra Əli Mərdan bəyin fədakarlığı sayəsində xalqımıza necə çatdırıldığının şahidi oldum.
“Topçubaşi arxivində” Əli Mərdan bəyin özünün XX əsrin əvvəllərindən başlayaraq geniş ictimai-siyasi fəaliyyətindən tutmuş 1930-cu illərdə Azərbaycan siyasi mühacirətinin çoxşaxəli fəaliyyətini əks etdirən bir çox mövzulara dair sənədlər saxlanılır. Lakin onların arasında Azərbaycan hökumətinin və Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin 1919-1920-ci illər siyasi-diplomatik fəaliyyətini və onun yekunu kimi Azərbaycanın müstəqilliyinin tanınmasına dair sənədlər təbii ki, xüsusi yer tutur.
Suverenliyini və ərazi bütövlüyünü təmin etmək baxımından Azərbaycanın müstəqilliyinin dünyanın qabaqcıl dövlətləri tərəfindən tanınmasının əhəmiyyətini yaxşı anlayan Azərbaycan hökuməti hələ 1918-ci ilin avqustunda, Bakının azad edilməsi uğrunda qızğın döyüşlər getdiyi vaxtda Əli Mərdan bəy Topçubaşovu Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) fövqəladə elçisi və səlahiyyətli naziri kimi İstanbula göndərmişdi. Topçubaşovun missiyasına Osmanlı dövləti ilə diplomatik əlaqələrin bərqərar edilməsi və həmin vaxt İstanbulda çağırılması nəzərdə tutulan beynəlxalq konfransda iştirak etmək daxil idi. Birinci Dünya müharibəsinin hələ davam etdiyi bir zamanda İstanbul konfransında Antanta dövlətlərinə qarşı müharibə aparan Almaniya, Türkiyə, Avstriya-Macarıstan, Bolqarıstan, Azərbaycan, Gürcüstan, Ermənistan nümayəndələri iştirak etməli idilər. Sentyabr ayının sonlarında İstanbula yetişən Topçubaşov burada qızğın diplomatik fəaliyyət göstərmiş, cəmi 3 ay ərzində müxtəlif xarici ölkələrin səlahiyyətli nümayəndələri ilə Azərbaycan tərəfi üçün faydalı olan 36 rəsmi görüş keçirmiş, Azərbaycan Mətbuat Bürosu yaradaraq Azərbaycanı xaricdə tanıtmaq sahəsində mühüm işlər görmüşdür. İstanbulda olduğu zaman yaranmış vəziyyəti düzgün qiymətləndirən Ə.M.Topçubaşov Bakıya, baş nazir Fətəli xan Xoyskiyə yazdığı məktublarda Paris Sülh Konfransında iştirak etməyin əhəmiyyətini vurğulayırdı. Belə ki, Birinci Dünya müharibəsində Almaniya-Osmanlı ittifaqının məğlubiyyətindən sonra dünyanın yeni siyasi düzümünü qalib dövlətlər həll edirdi və Paris Sülh Konfransı (1919-1920) da bu məqsədlə çağırılırdı.
Cümhuriyyət rəhbərliyi dövrün bu çağırışına dərhal cavab verir. 1918-ci il dekabrın 7-də təşkil olunmuş Azərbaycan Parlamentində qiyabi surətdə parlamentin sədri seçilən Ə.M.Topçubaşov dekabrın 27-də formalaşan yeni hökumət kabinetinin qərarı ilə həm də Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin başçısı təyin olunur. Nümayəndə heyətinə Məmməd Həsən Hacınski (müavin), müxtəlif partiya və parlament fraksiyalarını təmsil edən şəxslər - Əhməd bəy Ağayev, Əkbərağa Şeyxzamanov, Miryaqub Mehdiyev, Məmməd Məhərrəmov və “Azərbaycan” qəzetinin redaktoru Ceyhun bəy Hacıbəyov daxil idilər.
Keçmiş Rusiya imperiyası ərazilərində yaradılan yeni dövlətlər kimi, Azərbaycan Respublikasının da adı Paris Sülh Konfransına dəvət edilən dövlətlərin siyahısında yox idi və Azərbaycan hökuməti Qafqazdakı müttəfiq qoşunların komandanı general Tomson vasitəsilə Azərbaycan nümayəndə heyətinin konfransda iştirakına təminat almışdı. Lakin İstanbula gələn və burada Əli Mərdan bəylə görüşən Azərbaycan nümayəndə heyəti Parisə getmək yolunda elə ilk gündən ciddi çətinliklərlə üzləşdi, İstanbulda ekspertlər kimi nümayəndə heyətinə daxil edilən Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayev müttəfiq qoşunlar tərəfindən həbs edildilər, nümayəndə heyəti isə Parisə viza almaq üçün 3 ay İstanbulda gözləməli oldu.
Yalnız may ayının 9-da Parisə gəlib çıxan Azərbaycan nümayəndə heyəti burada da olduqca mürəkkəb, yeni yaranan dövlətlər üçün isə xüsusilə əlverişsiz bir şəraitlə üzləşdi. Antantanın Birinci Dünya müharibəsində məğlub dövlətlərə qarşı irəli sürdüyü ağır sülh şərtləri bir sıra Avropa dövlətlərində bu siyasətə və Sülh Konfransının özünə qarşı böyük narazılıq oyatmış, aparıcı Avropa ölkələrini tətil hərəkatı bürümüş, siyasi-iqtisadi böhran isə dərinləşməkdə davam etmişdir. Yaranmış vəziyyəti qiymətləndirən Topçubaşov ilkin müşahidələrinin nəticəsi kimi Bakıya göndərdiyi raportlarında vurğulayırdı ki, Antanta dövlətləri ilk növbədə rus məsələsinin həllində, özü də “vahid və bölünməz Rusiya” ideyası əsasında maraqlıdırlar və bu səbəbdən də Azərbaycan kimi yeni yaranmış respublikaların maraqları böyük dövlətlərin diqqət mərkəzində dayana bilməz. Bununla belə Parisə yetişdikdən sonra Azərbaycan nümayəndə heyəti ilk olaraq “Qafqaz Azərbaycanı Respublikasının Paris Sülh Konfransına memorandumu” adlı sənədi konfransın keçirildiyi ingilis və fransız dillərində Sülh Konfransına təqdim edir. 50 səhifədən və 14 bölmədən ibarət olan bu sənəddə Azərbaycanın tarixi, coğrafiyası, iqtisadiyyatı, mədəniyyəti, müasir durumu haqqında ümumi məlumatlarla yanaşı gənc respublikanın Sülh Konfransından istəkləri öz əksini tapmışdı.
1919-cu ilin may ayında Amerika Prezidenti Vudro Vilsonun təşəbbüsü ilə ilk dəfə Azərbaycan da daxil olmaqla Qafqaz məsələsi ABŞ, İngiltərə, Fransa və İtaliya hökumət başçılarından ibarət olan Dördlər Şurasının iclasında müzakirə olunmuş, İstanbul və Ermənistan üzərində Amerika mandatı qəbul edilmiş, Qafqaz üzərindəki mandatlar məsələsi ilə bağlı yeni yaradılmış respublikaların fikrini öyrənmək işi ortaya çıxmışdı. Məhz bu məqsədlə may ayının 28-də, Azərbaycan istiqlalının 1-ci ildönümü günü Amerika prezidenti V.Vilson Ə.M.Topçubaşov başda olmaqla Azərbaycan nümayəndə heyətini qəbul etdi. Bu görüş zamanı Azərbaycan Respublikasının müstəqilliyinin tanınması, Vilson prinsiplərinin Azərbaycana şamil edilərək yardım göstərilməsi, Azərbaycan nümayəndələrinin Sülh Konfransına qəbul edilməsi, Azərbaycanın Millətlər Cəmiyyətinə qəbulu və digər tələbləri Amerika prezidentinin nəzərinə çatdırdı. “Böyük hadisə” adlandırdığı bu görüşdə Azərbaycan nümayəndə heyətinin başçısı birmənalı şəkildə Azərbaycan Respublikasının “nə Kolçakın, nə Denikinin, nə də köhnə Rusiya imperiyasının hüdudlarında hakimiyyəti bərpa etmək niyyətində olan qeyri-birisini” tanımayacağını bildirərək açıq bəyan etdi ki, “Biz Azərbaycan üçün yalnız öz parlamentimizi və öz hökumətimizi tanıyırıq və tanıyacağıq”.
Ə.M.Topçubaşovun belə bir bəyanatla çıxış etməyinə ciddi bir səbəb var idi. Belə ki, Azərbaycan nümayəndələrinə öz hörmətini və “Azərbaycan haqqında xeyli məlumatlar aldığına” görə təşəkkürlərini bildirən ABŞ Prezidenti eyni zamanda Azərbaycanın müstəqilliyinin tanınması məsələsini açıq saxlayaraq, Azərbaycan məsələsinin “rus məsələsindən” əvvəl həll edilməyəcəyini və Amerikanın, ümumiyyətlə, “dünyanın kiçik hissələrə bölünməsinin” tərəfdarı olmadığını vurğulamışdı.
Qeyd edilməlidir ki, həmin dövr Rusiyanın çoxsaylı xadimləri, tanınmış rus mühacirləri, bolşeviklərlə müharibə aparan ağqvardiyaçı hökumətlərin, ayrı-ayrı siyasi partiyaların təmsilçiləri, eləcə də Rusiya imperiyasının Avropanın müxtəlif ölkələrində olan bütün səfirləri Parisə yığışmışdılar. Onların arasında bir çox məsələlərdə ziddiyyətlər olsa da, Rusiyanın gələcəyi barədə bu qüvvələrin hamısı yalnız bir - “Vahid və bölünməz Rusiya” şüarı ilə çıxış edirdilər və bu məsələdə vaxtilə çar Rusiyasının da daxil olduğu Antanta dövlətlərinin tam dəstəyini hiss edirdilər. Rus siyasətçiləri imperiyadan aralanmış yeni respublikaları, o cümlədən Azərbaycanı “Rusiyanın ögey övladları”, “köhnə duz-çörəyi unutmuş” “yad xalqlar” adlandırır və onların müstəqilliyinin tanınmasına qarşı çıxırdılar.
Parisdə Azərbaycan əleyhinə daha bir nümayəndə heyəti - ermənilər güclü siyasi mübarizə aparırdılar. Əslində, ermənilərin Parisdə iki nümayəndəliyi fəaliyyət göstərirdi: Qərbin və xüsusilə Fransanın siyasi dairələrinin yaxından tanıdığı Poqos Nubar Paşanın (Nubaryan) başçılığı ilə erməni milli diasporunun və Ermənistan Respublikasının nümayəndə heyətləri. Avropada güclü dayaqları və himayəçiləri olan ermənilər “Böyük Ermənistan” planı ilə Azərbaycan da daxil olmaqla qonşu dövlətlərə ərazi iddiaları irəli sürməklə yanaşı, Azərbaycan hökumətini Bakının azad edildiyi günlər - 1918-ci ilin sentyabr ayında şəhərdə erməni qırğınları törətməkdə ittiham edərək Azərbaycan xalqı haqqında mənfi rəy yaratmaq sahəsində geniş informasiya kampaniyası aparırdılar.
Bax, belə bir şəraitdə fəaliyyətə başlayan Azərbaycan nümayəndə heyəti çox çevik və kifayət qədər cəsarətli diplomatik addımlar atmaqla Sülh Konfransına bir-birinin ardınca Azərbaycan Respublikasının istək və tələblərini əks etdirən memorandumlar, Azərbaycan haqqında tarixi-siyasi-iqtisadi-mədəni məlumatlar daşıyan sənədlər, xəritələr, rus və erməni nümayəndə heyətlərinin fəaliyyətinə qarşı əsaslandırılmış etiraz notaları və s. təqdim edirdilər.
Digər tərəfdən, Əli Mərdan bəy Topçubaşov Parisdə olan Antanta dövlətlərinin nüfuzlu siyasi xadimləri və digər ölkələrin nümayəndə heyətləri ilə saysız görüşlər keçirir, Azərbaycanın maraqlarını müdafiə edəcək qüvvələri müəyyənləşdirir və onlarla lazımi əlaqələr yaratmağa nail olurdu. Paralel olaraq Avropa və Amerikada Azərbaycanın tanınması və onun müsbət imicinin yaradılması, Azərbaycan haqqında düzgün ictimai rəy formalaşdırılması sahəsində geniş təbliğati işlər görülür, Avropa mətbuatında Azərbaycan haqqında məqalələr dərc edilməsinə xüsusi fikir verilirdi. Bu zaman Azərbaycan nümayəndə heyətinin Rusiyanın tərkibindən çıxmış və öz dövlətçiliyini yaratmış xalqlarının - Baltik ölkələri, Finlandiya, Polşa, Ukrayna, xüsusilə Gürcüstan və Dağlı respublikaları ilə birgə fəaliyyət göstərməsi və bir çox məsələlərdə təşəbbüskar kimi çıxış etməsi öz müsbət nəticələrini verirdi. Məsələn, Sülh Konfransının Ali Şurası Rusiyada Kolçak hökumətini rəsmən tanımasına ilk olaraq Azərbaycan nümayəndə heyəti etiraz etmiş, həmin sənəddə növbəti dəfə Azərbaycanın müstəqilliyinin tanınmasının “rus məsələsindən” asılı olmayaraq həll edilməsi, respublikamızın Millətlər Cəmiyyətinə qəbul edilməsi məsələlərini irəli sürmüşdü.
Ermənilərin Sülh Konfransına təqdim etdiyi və ucsuz-bucaqsız ərazilərlə yanaşı böyük məbləğdə təzminatlar ödənilməsini nəzərdə tutan tələbləri ilə bağlı Azərbaycan nümayəndə heyəti xüsusi bəyanatlar, etiraz notaları ilə çıxış edir və bir çox hallarda bu addımlarını gürcü nümayəndə heyəti ilə birlikdə atırdılar. Azərbaycan nümayəndələri azərbaycanlıların Ermənistan əhalisinin yarısını təşkil etdikləri halda adi insan hüquqlarından məhrum olduqları haqda həqiqətləri, İrəvan Müsəlman Milli Şurasının İrəvan quberniyasında azərbaycanlıların dözülməz vəziyyətinə dair məlumatları, 1919-cu ilin yayında Azərbaycan hökumətinin Qarabağda öz suveren hüquqlarını bərpa etdikdən sonra erməni əhalisinin Azərbaycan hökumətinə tabe olması barədə qəbul etdiyi qətnamə və s. bu kimi sənədləri mütəmadi olaraq Avropa və Amerikanın nümayəndəliklərinə çatdırırdılar.
Topçubaşov Qərb dövlətlərinin Azərbaycana marağını artırmaq üçün bu hökumətlərin dəyər verdikləri bütün məsələlərə son dərəcə həssaslıqla yanaşır və onlardan yararlanmağa çalışırdı. Məsələn, Bakıya göndərdiyi məktublarda Azərbaycan Parlamentində respublikada yaşayan qeyri-müsəlman xalqların nümayəndələrinin təmsil olunması, seçkilərin xalqın iştirakı ilə keçirilməsinin vacibliyi vurğulanırdısa, əksinə, hökumət kabinetinin üzvlərinin “yerli azərbaycanlılardan” ibarət olmasının “Azərbaycanın bütün sahələrdə rəhbər mütəxəssislər irəli sürməyə və ölkəsini idarə etməyə qadir olmasının sübutu” kimi qəbul ediləcəyini nəzərə çatdırırdı. Başqa bir nümunə: böyük dövlətlərin, xüsusilə Fransanın Rusiyanın bölünməsinin əleyhinə olmasını şərtləndirən amillər arasında Rusiyanın bu ölkələrə olan borclarının qaytarılması məsələsi durduğunu əsas götürən Ə.M.Topçubaşov V.Vilsonla görüşdən tutmuş, aparıcı Avropa dövlətlərinin rəsmiləri ilə apardığı danışıqlarda respublikamızın müstəqilliyinin tanınacağı təqdirdə geniş iqtisadi resurslara malik olan Azərbaycanın keçmişdə tərkibində olduğu çar Rusiyasının borclarından öz payına düşəni tədricən ödəyəcəyinə təminat verirdi.
Azərbaycan nümayəndə heyətinin bu ardıcıl və çevik fəaliyyəti qarşısında Qərb dövlətlərində Azərbaycana qarşı maraq artır, Azərbaycan barədə həqiqətləri yerində öyrənmək üçün Amerika, İngiltərə, Fransa nümayəndələri bir-birinin ardınca Bakıya gəlir və aldıqları müsbət təəssüratları öz ölkələrinin siyasi rəhbərliyinə çatdırırdılar.
Təsadüfi deyil ki, 1919-cu ilin payızında Rusiyada Kolçakın, daha sonra Denikinin qoşunlarının məğlubiyyəti faktları, Qızıl ordunun Cənubi Qafqaza hücumu, bolşevizm ideyalarının İrana və Türkiyəyə yayılması təhlükəsi qarşısında böyük dövlətlərin yeni yaranmış respublikalara münasibəti əsaslı surətdə dəyişəndə, Paris Sülh Konfransında Azərbaycan haqqında, Əli Mərdan bəyin təbirincə deyilərsə, artıq “müstəqil həyata qadir bir xalq” təsəvvürü tam şəkildə formalaşmışdı.
1920-ci il yanvar ayının 10-da Böyük Britaniyanın təşəbbüsü ilə çağırılan Paris Sülh Konfransı Ali Şurasının sessiyasında Qafqazdakı vəziyyət geniş müzakirə edildi. Qızıl ordu, Denikin qoşunları və həmin dövr bolşeviklərlə müttəfiq olan Mustafa Kamalın hərbi birləşmələrinin 3 tərəfdən Cənubi Qafqaz respublikalarına təcavüz edəcəyi ehtimalı qarşısında bu gənc dövlətlərə siyasi, iqtisadi-hərbi yardım etmək üçün onların müstəqilliyinin tanınması qərara alındı. Bu zaman Azərbaycan və Gürcüstan dövlətlərinin həmin yardım üçün Antantaya müraciət etməsi əsas götürüldü. Bir gün sonra, yanvarın 11-də Azərbaycan cə Gürcüstan dövlətləri müttəfiq və birlik ölkələri tərəfindən de-fakto tanındı. Yanvarın 15-də Fransa Xarici İşlər Nazirliyində həmin qərar Əli Mərdan bəy Topçubaşova təqdim edildi. Yanvarın 17-də bu qərar həmçinin İtaliya Xarici İşlər Nazirliyində İtaliyada olan Azərbaycan hərbi missiyasının başçısı İbrahim ağa Usubova təqdim edildi. Elə həmin gün Parisdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə hərbi ekspertlərin müşavirəsi keçirildi, yanvarın 19-da isə Ali Şuranın iclasında Avropanın aparıcı dövlət başçıları - Lloyd Corc, Klemanso, Nitti, Kerzon, Çörçill və digər tanınmış dövlət xadimlərinin və Azərbaycan nümayəndə heyətinin tam tərkibdə iştirakı ilə müşavirəsi oldu və bu mötəbər toplantıda Əli Mərdan bəy Azərbaycanla bağlı verilən bütün sualları cavablandırdı.
Azərbaycanın müstəqilliyinin tanınması xəbərini Bakıya, Azərbaycan hökumətinə ilk olaraq İngiltərənin Qafqaz üzrə baş komissarı Oliver Uordrop yanvarın 12-də bildirmişdi. Daha sonra elə həmin gün Əli Mərdan bəy Topçubaşovun Baş nazir Nəsib bəy Usubbəyova göndərdiyi təcili teleqram Bakıya yetişmişdi. Yanvarın 14-də Əli Mərdan bəy Məhəmməd Əmin Rəsulzadəyə də teleqram vuraraq bu böyük hadisə münasibəti ilə onu təbrik etmişdi. Həmin günlər Bakıda Musavat Partiyasının II qurultayı keçirilirdi və Əli Mərdan bəy bu qurultayın iştirakçılarına təbrik teleqramı göndərmişdi. Topçubaşovun arxivində bütün bu teleqramların Əli Mərdan bəyin öz xətti ilə yazdığı mətnlər saxlanılır və Azərbaycan xalqının bu iki görkəmli siyasi xadimi üçün həmin günün nə qədər əlamətdar olduğu bu sənədlərdə çox aydın nəzərə çarpır: “Müstəqil Azərbaycanı görmək məqsədi xalqımızın bütün partiyalarını, bütün elementlərini birləşdirməlidir və o zaman siz orada, biz burada birgə səylərimizlə böyük uğurlara nail olarıq...Qoy bu əlamətdar hadisə öz gənc respublikamızın inkişafına xidmət etmək kimi müqəddəs işdə bizim hamımız üçün həyati qüvvə mənbəyi olsun...”
Həmin günlər Parisə, Əli Mərdan bəyin ünvanına istər Bakıdan, istərsə xaricdəki siyasi xadimlərdən onlarca təbrik teleqramları gəlirdi. Baş nazir Nəsib bəy Yusifbəyli bu münasibətlə Azərbaycan nümayəndə heyətinin bütün üzvlərini təbrik etməklə yanaşı, “çoxdan gözlənilən uğurlu nəticələrin əldə olunmasında mühüm rol oynamış əməyinə görə” Əli Mərdan bəyə şəxsən öz təşəkkürünü bildirirdi. General İbrahim Usubovun İtaliyadan Əli Mərdan bəyə ünvanlandığı teleqramda isə deyilirdi: “Tarixi hadisə baş verdi və Azərbaycanın siyasi həyatında yeni era yarandı... Ölkə onun həyatındakı bu nəhəng nailiyyətin iştirakçısı kimi Sizə borcludur...”
Təbiidir ki, Bakıda da Azərbaycanın müstəqilliyinin tanınması xəbəri böyük əks-səda doğurmuş, Azərbaycan hökuməti dərhal bu münasibətlə Bakıda, Gəncədə və bölgələrdə təntənəli bayram mərasimləri keçirilməsi məqsədilə xüsusi tədbirlər planı müəyyənləşdirmişdi. 1920-ci il yanvarın 14-ü bütün Azərbaycanda əməkhaqqı saxlanılmaqla qeyri-iş günü elan edildi. Həmin gün bayram təntənələri saat 11-də Təzəpir məscidində dualar oxunmaqla başladı. Hökumət başçısı və nazirlərin, parlament üzvləri, dini xadimlərinin və geniş xalq kütlələrinin iştirak etdiyi bu tədbirdə Şeyxülislam bayram xütbəsini oxuduqdan sonra “Camaat, bu gün şərəfli və böyük gündür. İslamın əziz günüdür. Bayramdır!” deyə öz təbriklərini bildirdi. Bayram tədbirləri saat 12-də parlamentin təntənəli iclası ilə davam etdi. Xarici İşlər naziri Fətəli Xan Xoyski öz qısa nitqində bunları vurğuladı: “1918-ci il may ayının 28-də Azərbaycan xalqı öz istiqlalını bəyan etdi. Lakin bunu elan etmək az idi. Bütün dünyaya sübut etmək lazım idi ki, biz müstəqil həyata layiqik. Və ötən il-yarımda Azərbaycan xalqı Avropaya sübut etdi ki, o, müstəqil yaşaya bilər, müstəqil idarə edə bilər. Azərbaycan xalqının həyat qabiliyyətinə inanan Avropa bizim müstəqilliyimizi tanımağı lazım bildi. Birinci Azərbaycan hökuməti təşkil olunduğu vaxt onun başında mən dururdum. İndi isə bizim respublikamızın müstəqilliyinin tanınması haqqında xəbəri sizə çatdırmağı özüm üçün böyük xoşbəxtlik hesab edirəm”.
Parlament iclasında ona sədrlik edən Həsən bəy Ağayev, M.Ə.Rəsulzadə, A.Səfikürdski, S.Ağamalıoğlu, Azırbaycanda yaşayan digər xalqların, həmçinin Gürcüstan, Ermənistan, Norveç, Qafqazda Alman Mərkəzinin nümayəndələri və digər şəxslər təbrik nitqləri söylədilər. (Parisdəki Azərbaycan nümayəndələri M.Ə.Rəsulzadənin parlamentin bu tarixi iclasındakı parlaq nitqinin tam mətnini fransız dilində İnformasiya bülletenində dərc etmişdilər). Həsən bəy Ağayev öz nitqində bu hadisənin bütün türk dünyası üçün əlamətdar olduğunu vurğuladı. Həqiqətən, Azərbaycan Respublikası müstəqilliyi Avropa dövlətləri tərəfindən tanınan ilk türk və müsəlman ölkəsi idi. Parlamentin bu tarixi iclasının sonunda ədliyyə naziri Xəlil bəy Xasməmmədov Azərbaycanın müstəqilliyinin tanınması münasibətilə amnistiya elan etmək haqqında hökumətin qərarını oxudu.
Daha sonra dənizkənarı bulvarda “Hürriyyət” (indiki Azadlıq) meydanından başlayaraq Milli Ordunun rəsmi paradı keçirildi. Paraddan sonra Xarici İşlər Nazirliyinin binasında təntənəli qəbul mərasimi oldu. Hökumət və parlament üzvləri, Azərbaycandakı bütün xarici nümayəndəliklərin başçıları və üzvləri, xarici qonaqlar, nüfuzlu ziyalıların iştirak etdiyi qəbulda da Azərbaycanın həyatında baş vermiş bu tarixi hadisə ilə bağlı təbrik nitqləri söylənildi.
Həmin gün bütün şəhərdə yüksək bayram əhval-ruhiyyəsi hökm sürürdü. Bütün şəhər Azərbaycanın 3 rəngli bayraqları və xalçalarla bəzədilmiş, bayraqlar dalğalanan avtomobillər küçələrdən şütüyür, ətrafı bürüyən milli musiqi sədaları altında aktyorlar milli geyimlərdə Azərbaycan tarixinə dair tamaşalardan səhnələr göstərirdi. Şəhərətrafı qatarlar xalq bayramında iştirak edən insanları gün ərzində pulsuz daşımış, axşam və gecə isə bütün paytaxt Bakı tam çıraqban edilmişdir. Bu hadisə insanlar arasında elə bir ruh yüksəkliyi qaldırmışdı ki, onlar Təzəpir məscidindən çıxan Nəsib bəy Yusifbəylini parlamentə çiyinlərində aparmışdılar. Parlamentin qarşısında yığılan və Məhəmməd Əmin Rəsulzadəni tələb edən insanlar da onu əlləriüstə parlamentin eyvanına çıxarmışdılar. Küçədə yığışan izdiham qarşısında atəşin nitq söyləyən Məhəmməd Əmin Rəsulzadə özünün məşhur “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarını təkrar edərək “öz istiqlalını dünyaya qəbul etdirmiş” Azərbaycan xalqını təbrik etmişdi.
Eyni bayram təntənələri Gəncədə də keçirilmiş, Gəncə valisi Xudadat bəy Rəfibəyli, görkəmli ziyalılar Firidun bəy Köçərli, Vəli Xuluflu, Ağalar bəy Səfikürdski, Cavad Axundzadə və başqaları şəhər ictimaiyyəti qarşısında cıxış edərək təbrik nitqləri söyləmişlər.
Həmin tarixi günləri yaşayan Azərbaycan xalqının və onun liderlərinin əhval-ruhiyyəsi, keçirilən mərasimlərdə söylədiyi nitqlər Azərbaycan Xalq Cümhuriyyətinin sənədlərində, dövrün mətbuatında və bir neçə fotoşəkillərdə öz əksini tapıb. Təəssüf ki, bu fotoşəkillərin çoxu Azərbaycanda qalmayıb. Lakin Bakıdakı mərasimləri əks etdirən 4 fotoşəkil XİN-in müavini M.Təkinskinin imzası ilə təsdiq olunan məktubla birgə Parisə, Azərbaycan hökumətinin və diplomatiyasının bu böyük qələbəsini Parisdə qeyd edən nümayəndə heyətinə göndərilib. Bu şəkillərdə Təzəpir məscidindəki mitinq, Azərbaycan parlamenti qarşısındakı qələbəlik, Dənizkənarı bulvardakı parad və Azərbaycan parlamentində xarici işlər naziri Fətəli xan Xoyskinin Azərbaycanın müstəqilliyinin tanınması barədə aktı oxuduğu anlar öz əksini tapıb.
Çox əlamətdardır ki, Azərbaycanın müstəqilliyinin beynəlxalq aləmdə tanınmasının təntənələrini təcəssüm etdirən və indiyədək əlimizdə olmayan həmin şəkillər bu “nəhəng nailiyyətin” əldə edilməsində mühüm rol oynamış məhz Əli Mərdan bəy Topçubaşov tərəfindən Parisdə “Topçubaşi arxivində” xalqımız üçün qorunaraq saxlanılıb və həmin tarixi hadisənin 95-ci ildönümündə Vətənə qayıdıb.
Solmaz RÜSTƏMOVA-TOHİDİ,
tarix elmləri doktoru, professor
Azərbaycan.-2015.-
14 yanvar.- S.8.