Böyük maarifçi ədib və
müasirlik
Məhəmməd Tağı
Sidqi-160
Böyük mütəfəkkir ədib Məhəmməd Tağı Sidqi görkəmli bir maarifçi və tanınmış yaradıcı şəxsiyyət kimi Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında mühüm yer tutur. Onun çoxcəhətli ədəbi-pedaqoji və elmi fəaliyyəti milli maarifçilik hərəkatının və ədəbiyyatımızın tarixində Seyid Əzim Şirvani dövrünün davamı, Abdulla Şaiq, Süleyman Sani Axundov mərhələsinin ərəfəsi və başlanğıcıdır. Beləliklə, M.T.Sidqinin çoxcəhətli fəaliyyəti maarifçi ədəbi-ictimai mühitin inkişafı tarixində xüsusi mərhələ təşkil edir. Bu mənada Məhəmməd Tağı Sidqi özündən əvvəlki maarifçi nəslin layiqli xələfi, sonrakı yaradıcı qüvvələrin isə ustadı və sələfidir. Milli maarifçiliyin məktəb, dərslik, teatr, ədəbiyyat və mətbuatın inkişafı ilə bağlı ən yaxşı ənənələri bir çox görkəmli ziyalılarla yanaşı, həm də M.T.Sidqinin adı ilə bağlıdır.
Məhəmməd Tağı Sidqi 1854-cü ildə Ordubad şəhərində anadan olmuşdur. O, ilk təhsilini Molla Məhəmməd Tağı adlı bir axundun yanında almışdır. Sonra Şah Hüseyn Soltan mədrəsəsində oxuyan Sidqi bilik və məlumatlarını bir qədər də təkmilləşdirmişdir. Gənclik illərində qısa müddət Cənubi Azərbaycanda yaşamış, burada təhsilini dərinləşdirməklə yanaşı, ordubadlı tacirlərin yanında ticarətlə də məşğul olmuşdur. Təxminən 1885-ci ildə İrandan Ordubada qayıtmışdır. 10 ilə yaxın bu şəhərdə yaşamış, maarifçilik və bədii yaradıcılıqla məşğul olmuşdur. Onun ailəsini dolandırmaq üçün açdığı çayxana yerli ziyalıların əsas ictimai müzakirə meydanına çevrilmişdir. Oğlu, tanınmış publisist və tərcüməçi Məmmədəli Sidqi Səfərov 5 fevral 1951-ci ildə yazdığı “Tərcümeyi-halım” adlı avtobioqrafik xarakterli xatirəsində atasının çayxanasını aşağıdakı kimi səciyyələndirmişdir: “O zaman atamın çayçı dükanı Ordubad ziyalılarının yığıncaq yeri olur... Haman çayçı dükanında Sədi, Hafiz, Firdovsi, Nizami Gəncəvi kimi şairlərin şeirləri oxunur və təhlil olunurmuş. Eyni zamanda, atam o zaman İrandan, Rusiyadan və Türkiyədən qəzetlər də alıb oxuyarmış... Bu qəzetlər çox zaman atamın həmməsləkləri arasında gizlində oxunarmış. Çünki avam camaat qəzet oxumağı böyük günah və qəzet oxuyanları kafir... hesab edirdi”.
1892-ci ildə açıqfikirli, rus və Avropa mədəniyyətinə dərin rəğbət bəsləyən Hüseyn Sultan Kəngərlinski ilə birlikdə Ordubad şəhərində açdığı “Əxtər” adlı yeni üsullu məktəblə M.T.Sidqi pedaqoji fəaliyyətə başlamışdır. Şəriət fənnindən başqa ana dili, hesab, coğrafiya dərslərinin milli dildə keçirildiyi bu məktəbdəki səmərəli məktəbdarlıq işləri onu daha da məşhurlaşdırmışdır. “Əxtər” məktəbinin şagirdi M.S.Ordubadi həmin tədris müəssisəsini “gələcək üçün üsuli-cədid müəllimləri hazırlayan” ciddi təhsil ocağı adlandırmışdır.
Təcrübəli müəllimin pedaqoji fəaliyyəti Naxçıvan ziyalılarının diqqətini cəlb etmişdir. O, 1894-cü ildə Naxçıvan şəhərinə dəvət olunub “Tərbiyə” məktəbinin əsasını qoymuşdur. “Məktəbi-Tərbiyə”də dünyəvi elmlərin tədrisinə ciddi fikir verilmiş, rus dili və ədəbiyyatı da öyrədilmiş, tərcümə dərsləri təşkil olunmuşdur. “Tərbiyə” məktəbi Azərbaycan məktəbi tarixində ilk milli məktəblərdən biridir. Məsələnin bu cəhəti vaxtilə Cəlil Məmmədquluzadənin də diqqətini cəlb etmiş və o, “Tərbiyə” məktəbindən bəhs edərkən “Naxçıvan şəhərində haman məktəbi həzrəti-Sidqi təsis edən zaman belə qaydalı müsəlman mədrəsəsi nəinki İrəvanda, bəlkə Qafqazın böyük müsəlman şəhərlərinin çoxunda yox idi” qənaətinə gəlmişdir. M.T.Sidqinin səyi nəticəsində az vaxtda “Tərbiyə” məktəbi ədəbi-mədəni fikrin əsas mərkəzlərindən birinə çevrilmişdir. Cəlil Məmmədquluzadə, Qurbanəlibəy Şərifzadə, Cümşüd-Paşa Sultanov, Mirzə Nəsrulla Əmirov, Əbülqasım Sultanov, Mirzə Cəlil Şürbi, Mirzə Ələkbər Süleymanov və başqaları burada Sidqinin elmi-ədəbi söhbətlərinə qulaq asmış, şeirlərini dinləyib müzakirə etmiş, Rusiya, Qafqaz və Şərq mətbuatını mütaliə etmək imkanı qazanmışlar. Məktəbdə qabaqcıl ziyalıların iştirakı və təşəbbüsü ilə teatr tamaşaları göstərilmiş, ədəbi müsabiqələr, müzakirə və yubiley gecələri təşkil olunmuşdur. Buna görədir ki, böyük demokrat ədib Cəlil Məmmədquluzadə “Tərbiyə” məktəbini “yeniyetmə müəllim və ədiblər üçün darülürfan”, yəni universitet kimi qiymətləndirmişdir. Hüseyn Cavid məktublarında bu məşhur məktəbin yaradıcısı M.T.Sidqiyə “böyük ustad və cəlallı atamız” deyə müraciət etmişdir. N.Nərimanov, S.M.Qənizadə, F.Köçərli, R.Əfəndiyev, Ə.Axundzadə, Ə.Cəfərzadə kimi görkəmli maarifçi ziyalılar M.T.Sidqi və onun “Tərbiyə” məktəbinin fəaliyyəti ilə maraqlanmış, ədəbi-pedaqoji ideyalarına rəğbət bəsləmiş, yüksək qiymət vermişlər. Yeni maarifçi gəncliyin böyük bir nəsli “Tərbiyə” məktəbindən çıxmışdır. Sonralar görkəmli yazıçı, şair, alim, publisist, sənətşünas, aktyor kimi tanınmış Hüseyn Cavid, Əziz Şərif, Əliqulu Qəmküsar, Rza Təhmasib, pedaqoq Əli Səbri Qasımov, Ələkbər Abbasov, Məmmədəli Səfərov, Əbülqasım Sultanov, Xəlil Hacılarov və onlarla başqaları kimi tanınmış simalar Məhəmməd Tağı Sidqi müəllimin məktəbinin təkcə məzunları yox, həm də ardıcılları idilər. Faydalı olduğunu nəzərə alaraq, Məhəmməd Tağı Sidqi tərəfindən 1901-ci ildə hazırlanmış “Məktəbi-Tərbiyə” şagirdlərinin “Fehrist dəftəri”ni olduğu kimi təqdim etməyi zəruri hesab edirəm:
Mübtədi
şagirdlərin isimləri
Birinci
sinfin birinci şöbə
şagirdlərinin isimləri və qiymətləri
1.
Əxlaq
2.
İlahiyyat elmi və şəriət qaydaları
3.
Türk dili
4. Xəttatlıq,
hüsnxət
1. Ələkbər
Namazzadə - 5, 3, 3, 3
2. Bəhlul
Xəlilzadə - 5, 3, 3, 3
3. Yusif
Əlizadə - 5, 4, 4, 4
4. Yusif
Bağırzadə - 5, 4, 4, 4
5.
Abbasqulu Rasizadə - 5, 4, 4, 4
6. Heydər
Pirməhəmmədzadə - 5, 4, 4, 3
7. Həsən
Qəmbərzadə - 5, 3, 3, 3
8. Bəhlul
ağa Kəngərli - 5, 3, 4, 3
9. Məhəmməd
Tağı Hacı
Məhəmmədzadə
- 5, 5, 4, 4
10. Həsən
Şeyxzadə - 5, 3, 3, 3
11.
Hüseynəli Heydərzadə - 5, 4, 3, 3
12. Əsəd
Şatırzadə - 5, 3, 3, 3
13.
Əliqulu Rasizadə - 5, 4, 3, 3
14. Məmməd
Məmmədzadə - 4, 3, 3, 3
15. Yusif
Sadıqzadə - 5, 3, 3, 3
16. Abbas
Rzazadə - 5, 4, 4, 4
17.
Süleyman ağa Kəngərli - 5, 4, 4, 4
18. Kərim
ağa Allahverdizadə -5, 4, 4, 4
19. Mirzəli
Əlizadə - 5, 3, 3, 3
20. Abbas
Abbaszadə - 5, 3, 3, 4
21. Ələkbər
Abbaszadə - 5, 3, 3, 3
22. Cabbar
Əmirzadə - 5, 4, 4, 4
23. Xəlil
ağa Hacılarzadə -
5, 4, 4, 4
24. Vəliqulu
bəy Kəngərli - 5, 4, 4, 3
25.
Möhsün Möhsünzadə - 5, 3, 3
26. Mir
Ələkbər Mirzadə - 5, 3, 3
27.
Əlibəy Əzimbəyzadə - 5, 3, 3
28.
Hüseyn ağa Kəngərli - 5, 3, 3
29. Məşədi
Zeynalabidin
Əhmədzadə
- 5, 4, 3
30. Mahmud
Kərbəlayi
Əhmədzadə
- 5, 4, 4
31.
İsmayıl Şeyxzadə - 5, 3, 3
32. Həbib
İsmayılzadə - 5, 4, 4
33. Məşədi
Əli Dayızadə - 5, 4, 4
34.
Müseyib Məmmədzadə - 4, 3, 3
35. Məhəmməd
Rəhimzadə - 5, 4, 4
36.
Tağı Fərraşzadə - 5, 3, 3
37. Fərman
Paşa Kəngərli - 5, 4, 4
38.
Ağa Mirkərim Mirsalehzadə -
5, 3, 3
39.
Əbdülqasım Sultanov - 5, 4, 4
40.
Əsgər Şatırzadə - 5, 3, 3
41. Heydər
Qasımzadə -
səbəbsiz gəlməmişdir
42. Rza Təhmasib
Bəyzadə - 5, 3, 3
43. Həbib
Müzəffərzadə - 5, 3, 3
44. Məşədi
Əli Hamamçızadə
45.
Əli Səbri Qasımov
46. Məhəmmədəli
Sidqizadə
47.
Əliqulu Nəcəfov
48.
Hüseyn Rasizadə
49. Ələkbər
Məmmədquliyev
50.
Əli Qasımov
Böyük pedaqoq M.T.Sidqi Azərbaycan məktəbi və
pedaqoji fikri tarixində ilk dəfə olaraq rəhbərlik
etdiyi məktəbin daxili nizamnaməsini və nümunəvi
hesabatlarını hazırlamışdır. Sidqi tərəfindən tərtib
edilmiş “Məktəbli üçün yaddaş”, “Məktəbi-Tərbiyə”
şagirdlərinin tapşırıqları” kimi əhəmiyyətli
sənədlərdə ümumən məktəbin, müəllimin
cəmiyyətdəki yeri və mövqeyi və vəzifələri,
xüsusən yeni nəslin tərbiyələndirilməsinin əsas
prinsipləri və vəzifələri öz əksini
tapmışdır. Öz dövründə məktəb
şagirdləri üçün nümunəvi qaydalar kimi
ciddi marağa, böyük əks-sədaya səbəb olan həmin
yaddaş və tapşırıqlar indiki dövr
üçün də əhəmiyyətlidir. Bəzi örnəklərə nəzər salaq.
“Məktəbi-Tərbiyə”
şagirdlərinin tapşırıqları
1.
Şagirdlərdən hər birisi dərs günlərində
əmri-zəruri və kari-vacibi cəhətinə məktəbə
gəlməsə, gərəkdir həmin gün və ya o
günün sabahı öz atasının və ya vəlisinin
tərəfindən məktub ilə müəllimə məlum
eləsin.
2. Dərs
əsnasında bir-birinin kitabına, dəftərinə baxmaq
və yoldaşı ilə danışmaq və
yoldaşının səhvini gizli demək mövcibi-tənbih
və toqifdir.
3.
Bir-birinin kitabın, dəftərin, qələmin, qələmdanının
və sair təlim şeylərini qaralamaq, cırmaq,
sındırmaq, töküb-dağıtmaq, oğurlayıb
satmaq barəsində hər kəs cəsarət etsə,
toqifi-tam cəzasını alacaqdır.
4. Məktəbin
divarlarını yazmaq, cırmaq, qaralamaq, qara lövhə, stol, skameyka, qapı və akoşkaları
bıçaq ilə kəsmək və sair bu növ
qaydasız hərəkətlərlə hər bir şagird
iqdam etsə, layiqincə tənbih olunacaqdır.
5. Papiros
və tənbəki çəkmək bilmərrə
qadağan olunur. Bu əmələ cəsarət
edənlərə tənbihi-səxt olunacaqdır.
Pedaqoji fəaliyyətlə
yanaşı publisistika ilə də məşğul olan
M.T.Sidqi Baxçasarayda çıxan “Tərcüman”, Kəlküttədə
nəşr edilən “Həblül-mətin”, Tehranda çap
olunan “Əxtər”, Tiflisdə yayılan “Şərqi-Rus”,
Bakıda fəaliyyət göstərən “Kaspi” qəzetləri
ilə yaxından əlaqə saxlamış, həmin mətbuat
orqanlarında məqalələrlə çıxış
etmiş, “əsl mənada qəzetçi” (Ə.Mirəhmədov)
kimi tanınmışdır. Onun “Qəzet,
yainki qəzetə nədir?”, “Təəssüf, yenə təəssüf”
kimi məqalələri yeni dövr Azərbaycan
publisistikasının dəyərli nümunələrindəndir.
M.T.Sidqi hələ Ordubadda yaşadığı illərdə
buradakı “Əncüməni-şüəra” ədəbi məclisinin
ən fəal iştirakçılarından və rəhbərlərindən
biri olmuş, klassik üslubda yazdığı lirik şeirləri
ilə tanınmışdır. XIX əsrin
axırlarından etibarən cəmiyyət həyatında
müşahidə olunan canlanma, dirçəliş, məktəbdarlıqla
əlaqədar yiyələndiyi maarifçi ideyalar onun qəzəllərinə
ictimai məzmun gətirmişdir. O, təkcə
aşiqanə məzmunu deyil, ictimai mətləbləri də
klassik üslubda yazdığı şeirlərində mənalandırmağı
bacarmışdır.
Böyük müəllim, görkəmli pedaqoq kimi
şöhrət qazanan M.T.Sidqi həm də
tanınmış uşaq yazıçısıdır. Onun qələmindən
çıxmış uşaq ədəbiyyatı nümunələrində
mütərəqqi maarifçi ideyalar öz əksini
tapmışdır. Məktəbə və
elmə rəğbət, müəllimə hörmət, yeni
nəslin tərbiyəsi, insanı və cəmiyyəti dərk
etməyə çağırış maarifçi
yazıçının əsərlərində qabarıq
şəkildə ifadə olunur. M.T.Sidqi
uşaq ədəbiyyatının müxtəlif janrlarında
maraqlı bədii əsərlər yazmışdır.
M.T.Sidqinin nəsihətləri oğlu Məhəmmədəlinin
timsalında yeni nəslə poetik xitab formasında
yazılmışdır. M.T.Sidqinin “Oğlum Məhəmmədəliyə
nəsihət” şeirindəki maarifçi-poetik
düşüncələr geniş mənada gənc nəsillər
üçün faydalı öyüdnamələrdən
yoğrulmuşdur:
Nə qədər
ki var əlində fürsət,
Dərsinə eylə hər zaman diqqət.
Yetişibdir zəmani-elmü ədəb.
Mənzilin
eylə guşeyi-məktəb,
...Dini-dünyanı
elm edər abad,
Özünü eylə cəhldən azad.
Ruzigarın
keçirmə qəflətlə,
Elm təhsil elə diqqətlə.
Şairin “zəmani-elmü ədəbin” yetişdiyindən
müjdə gətirən maarifçi şeirləri uşaq
poeziyamızın S.Ə.Şirvani dövrünün
davamı, A.Səhhət, M.Ə.Sabir, A.Şaiq mərhələsinin
ərəfəsidir, bu mərhələlər arasında
etibarlı körpüdür. M.T.Sidqinin maarifçi
şeirləri indiki ibtidai məktəb dərsliklərində
də özünəməxsus yer tutmağa layiqdir.
Azərbaycan uşaq ədəbiyyatının əsas
janrlarından olan mənzum hekayət janrı da M.T.Sidqinin “Kəblə
Nəsir” əsərinin timsalında yeni ənənələrlə
zənginləşdirilmişdir. Belə ki, Q.Zakir və
S.Ə.Şirvaninin mənzum hekayələrində təsvir
olunan ibrətamiz əhvalat finalda yığcam əxlaq-tərbiyəvi
mühakimələrlə yekunlaşmışdır. “Kəblə
Nəsir” isə iki müstəqil hissədən ibarətdir:
isfahanlı dəlləyin başına gələn əhvalatın
təqdimi və şərhi. Əhvalatın təqdimində
klassik mənzum hekayələrin xüsusiyyətləri
özünü göstərir. Burada qədim
zamanlarda baş vermiş ibrətamiz bir hadisə nağıl
edilir. Məlum olur ki, usta Əmir kişinin oğlu dəllək
Kəblə Nəsir səfərə çıxan zaman
öz avamlığının ucbatından ulağını
və keçisini oğruların güdazına verir. Hələ bu azmış kimi, yolda oğrulardan biri
onu aldadıb, guya itirmiş qiymətli daş-qaşlar
aşkar etmək məqsədilə quyuya saldırır,
paltarlarını götürüb aradan çıxır.
“Kəblə Nəsir” mənzum hekayəsinin
şərhlər hissəsində isə şair təqdim
etdiyi hadisəni həm həyati mövqedən, həm də
maarifçi baxımdan aydınlaşdırmağa və
yekunlaşdırmağa çalışmışdır.
Burada “Kəblə Nəsir”in həyati qayəsinin əsasında
dayanan “bir gözəl ad qalır cahanda nişan”
misrasının aşıladığı ideya-məzmun hekayətin
maarifçi istiqaməti vasitəsilə daha da dərinləşdirilmişdir:
Ta ki millətdə
olsun istiqlal,
Etməsin cəhl bizləri pamal.
Olmasın
ömrümüz cahanda tələf,
Elm təhsilinə edək məsrəf.
Aç
bu əbnayi-millətə məktəb,
Orda təhsil olunsun elmü ədəb.
Zikri-xeyr
ilə bəlkə yad olasan,
Dinü dünyada qəlbi şad olasan.
“Kəblə Nəsir” mənzum hekayəti təkcə
ideya məzmununa görə deyil, forması, quruluşu etibarilə
də orijinal xüsusiyyətlərə malikdir. Çünki
həmin poetik mənzumə bədii forma etibarilə məktəbdə
təşkil olunmuş mənalı bir dərsin imkanlarını
və xüsusiyyətlərini özündə cəmləşdirir.
Bu “dərsdə” şair özü də müəllim
sifətində iştirak edir. Təkcə
müəllif - M.T.Sidqi deyil, onun canlandırdığı bədii
obraz da XIX əsrin son rübü üçün səciyyəvi
olan müəllim-yazıçı tipinin qabarıq nümayəndəsi
kimi diqqəti cəlb edir. Təlimlə tərbiyəni,
biliklə əxlaqı vəhdətdə
aşılamağı qarşısına məqsəd qoyan
şair-müəllim öz şagirdlərini “zəmanədə
bir ad”, nişanə qoymaq nümunəsində tərbiyə
etməyə səy göstərir.
Keçəcəkdir
tamam yaxşı-yaman,
Bir
gözəl ad qalar cahanda nişan.
Ömür
bihudə keçməmiş bada,
Biz də bir ad qoyaq bu dünyada.
... Millətin
haqqını əda eylə,
Məscidi-mədrəsə bina eylə.
M.T.Sidqi milli uşaq nəsrinin də ilk nümunələri
sayıla biləcək kiçik hekayələr
yazmışdır. Lakin onun hekayələrindən elmi şəkildə
söz açılmamışdır. M.T.Sidqinin
uşaqlar üçün hekayələri əsasən
“Əxlaq nümunələri” və “Qızlara hədiyyə”
dərsliklərində toplanmışdır. “Əxlaq nümunələri” dərsliyindəki əksər
uşaq hekayələri müəllim-yazıçının
pedaqoji düşüncələrinin tərkibində
verilmişdir. Həmin hekayələr
müəllifin maarifçi baxışlarını əyani
şəkildə əsaslandıran bədii yazılardır.
Lakin imla mətni kimi verilmiş nümunələrdən
pedaqoji fikir-mülahizə qatını ayırıb, hekayə
hissəsini ayrıca oxuduqda bunlar bitkin uşaq hekayələri
kimi səslənir. “Məktəbə davam”, “Gözü
tox olan uşağın hekayəti”, “Yalançı uşaq”
və s. hekayələr bu qəbildən olan maraqlı ədəbi
nümunələrdir. Dərsliyin tələblərinə
uyğun olaraq həmin hekayələrdə əxlaqi məsələlər
ön mövqeyə çəkilmişdir. “Qızlara hədiyyə” dərsliyindəki hekayələrin
böyük əksəriyyətində isə hekayəyə
məxsus xüsusiyyətlər maarifçi-pedaqoji mülahizələri
üstələmişdir. Bunların
çoxu indiki ibtidai məktəb dərsliklərinə
salınmış kiçik hekayələr kimi sadə dildə
yazılmış, yığcam, maraqlı hadisələri əks
etdirən, əxlaqi-tərbiyəvi qənaətlər
aşılayan yaddaqalan müstəqil bədii əsərlərdir.
Dərslikdəki “Rübabə”, “Sitarə ilə xalası”,
“Ruqiyyənin söhbəti”, “Övlad məhəbbəti” və
s. hekayələr milli uşaq nəsrinin ilk bitkin nümunələridir.
İdeya-məzmununa görə bunları “məktəb
hekayələri” kimi də dəyərləndirmək olar.
Forma baxımından isə həmin nümunələr
miniatür hekayə adlandırıla bilər. Təxminən bir əsrə yaxın bundan əvvəl
hazırlanmış “Qızlara hədiyyə” dərsliyindəki
kiçik hekayələr hazırkı mərhələdə
də şagirdlər üçün faydalı xüsusiyyətlərə
malikdir. Məsələn, “İki bacının söhbəti”
hekayəsində əks etdirilmiş aşağıdakı nəsihətlər
bu gün üçün də müasir səslənir:
“Balaca bacım, sən hələ kiçiksən. Elmin məzyətini və faydasını bilmirsən.
Elə bil ki, dünyada heç bir şey elmsiz əmələ
gəlməz... İnsanın hər işində
və əməlində elmə ehtiyac vardır. İnsanın şərafəti və heyvan ilə
insanın təfavütü elm ilə bilinir. Sən elm təhsil elə, təki dünya və
axirətdə səadətmənd olasan”.
Maarifçi şair və yazıçı olmaqla
yanaşı, M.T.Sidqi həm də tanınmış
alim-pedaqoq, əxlaq nəzəriyyəçisi və görkəmli
məktəbşünasdır. Bununla belə, onun elmi
fəaliyyətində ədəbi-fəlsəfi məsələlər
də öz əksini tapmışdır. Sidqinin
“Heykəli-insana bir nəzər” əsəri nəsrlə
yazılmış kiçik ədəbi-fəlsəfi
traktatdır. Burada müəllifin həyat
və cəmiyyət, ictimai-mədəni tərəqqi
haqqındakı fikir və düşüncələri əks
etdirilmişdir. Sidqinin insanın
formalaşması və bəşər cəmiyyətinin
keçdiyi inkişaf mərhələləri barədəki
elmi mülahizələri öz dövrü üçün
yeni və cəlbedici idi. Buna görə də
həmin əsər M.T.Sidqinin vəfatından sonra 1912-ci ildə
Bakıda “Ziya” mətbəəsində kitab halında
çap olunmuşdur.
M.T.Sidqinin elmi irsində onun “Puşkin” adlı kitabı
xüsusi yer tutur. Bu kitab müəllim-şairin 26 may 1899-cu il tarixdə Naxçıvanda “Tərbiyə” məktəbinin
pedaqoji kollektivi və şəhər ictimaiyyətinin
nümayəndələri qarşısında A.S.Puşkinin
anadan olmasının 100 illik yubileyi münasibətilə
oxuduğu məruzənin mətnindən ibarətdir. Əsər Azərbaycanda Puşkinə həsr
olunmuş ilk elmi mənbələrdən biri kimi mühüm
əhəmiyyətə malikdir. Kitab
1914-cü ildə Bakıda İsabəy Aşurbəylinin
“Kaspi” mətbəəsində çap olunmuşdur. Adından da göründüyü kimi, “Puşkin”
kitabında rus ədəbiyyatının ən görkəmli
nümayəndələrindən olan A.S.Puşkinin həyatı
və yaradıcılıq yolu
işıqlandırılmışdır. M.T.Sidqi
Puşkinin ədəbi xidmətlərinə yüksək qiymət
vermişdir: “Zəkavətli A.S.Puşkin rus şairlərinin
hamısından sahibi-imtiyaz və cümləsindən sərəfraz
və süxənpərdaz hesab olunur”.
Kitabda Puşkinin həyatı və fəaliyyəti onun
sələfləri və müasirləri ilə əlaqəli
şəkildə dəyərləndirilmişdir. Burada rus ədəbiyyatının
görkəmli nümayəndələrindən N.M.Karamzin,
İ.A.Krılov, A.S.Qriboyedov, M.Y.Lermontov və başqaları
haqqında da məlumat verilmiş, Puşkinin
yaradıcılığında geniş yer tutan Qafqaz
mövzusuna da toxunulmuşdur. M.T.Sidqinin məruzəsində
deyilir: “Qafqazın fərəhfəza havası və mənzəreyi-dilguşası
Puşkini özünə valeh və heyran eylədi. Odur ki, Puşkin Qafqaz dağlarına şairlik
nöqteyi-nəzərindən baxıban bir neçə
müəssər və ibrətəngiz şeirlər
inşad edibdir ki, o şeirləri oxuyub dəryaft edən əhli-zövq
Puşkinin süxənfərin (ustad - İ.H.)
olmağını ... etiraf eylər”.
“Puşkin” əsəri ilə Sidqi həm də ciddi, səriştəli
bir ədəbiyyatşünas olduğunu isbat etmişdir.
Sidqinin elmi irsində “Müxtəsər coğrafiya risaləsi”
əsərinin xüsusi yeri vardır. Xalq müəlliminin hələ
XIX əsrin sonlarında böyük çətinliklə
coğrafi məlumatları toplayıb sistemləşdirməsi,
müstəqil bir dərslikdə əks etdirməsi mütərəqqi
elmi hadisədir. Onun
hazırladığı “Müxtəsər coğrafiya risaləsi”
Azərbaycanda ilk coğrafiya dərsliyidir. Bu dərslik Sidqinin həm də yüksək
hazırlıqlı və məlumatlı bir
coğrafiyaşünas olduğunu da isbat edir.
Müşahidələr
göstərir ki, M.T.Sidqi nəinki Naxçıvanda, Azərbaycanın
hər yerində, İranda, Cənubi Qafqazda və Krımda, hətta
Misirdə və Hindistanda belə tanınmış, hörmət
və nüfuz qazanmışdır. Cəlil Məmmədquluzadə
kimi qüdrətli bir sənətkarın M.T.Sidqiyə
özünün “barmaq ilə göstərilən”, “adı zərbül-məsələ”
çevrilən mənəvi rəhbəri kimi qiymət verməsi
yüksək səviyyənin göstəricisidir. O, təkcə
Naxçıvan ədəbi-ictimai mühitində deyil, Azərbaycanda,
hətta Cənubi Qafqazda söz sahibi olan böyük
maarifçi mütəfəkkir kimi qəbul olunmuşdur. Nəriman
Nərimanov, Cəlil Məmmədquluzadə, İsmayılbəy
Qaspıralı, Məhəmmədağa Şahtaxtlı,
Əlimərdanbəy Topçubaşov, Soltanməcid Qənizadə,
Əhmədbəy Ağayev, Rəşidbəy Əfəndiyev
və başqaları kimi görkəmli şəxslərlə
məktublaşması, məsləhətləşməsi,
fikir mübadiləsi aparması Sidqinin geniş dairədə
dərk və qəbul olunduğunu, dəyərləndirildiyini
təsdiq edir.
M.T.Sidqi 1903-cü ilin dekabr ayında vəfat etmiş və
Naxçıvan şəhərində dəfn olunmuşdur. Görkəmli
ziyalılardan C.Məmmədquluzadə, M.S.Ordubadi, H.Nəcəfzadə
və başqaları o vaxt Azərbaycan dilində yeganə mətbuat
orqanı olan “Şərqi-Rus” qəzetində Sidqinin vəfatına
həsr olunmuş nekroloq, müxtəlif şeirlər, məqalə
və məktublar dərc etdirmişlər. C.Məmmədquluzadənin
“vida sözü”ndə M.T.Sidqinin maarifçilik hərəkatındakı
əvəzsiz xidmətləri ehtiramla yad olunmuş, ədəbi
portreti canlandırılmışdır: “Mərhumun şəxsi
sifətləri misilsiz idilər: təmkinli, mömin, sadiq,
sakit, xoşəhval, rəhmdil və xeyirxah. Gözəl-gözəl
xasiyyətlər Sidqini Naxçıvanda zərbül-məsəl
eləmişdilər. O hörmət və məhəbbəti
ki camaatımız mərhuma göstərirdi, - indiyə kimi
heç bir şəxsə göstərməyib... Küçə və bazarda Sidqini barmaq ilə
göstərirdilər. Mərhumun vəfatı
günü çox kişilər göz yaşı
töküb. Cənazəsini dəfn eləməyə
gedən camaatı küçələr tutmurdu və yəqinül-yəqin,
bu camaatın hamısı başını aşağı
dikib, qəlbində deyirdi: “Getdi cahandan həzrəti-Sidqi,
yüz min heyf, yüz min əfsus!”
Görkəmli pedaqoq və maarifçi
yazıçı M.T.Sidqinin həyatı, pedaqoji fəaliyyəti
və yaradıcılıq yolu müəyyən səviyyədə
öyrənilmişdir. Vaxtilə İbrahim Mollayev ədibin
pedaqoji görüşləri və məktəbdarlıq fəaliyyətindən,
Yavər Eyvazov ədəbi-publisist
yaradıcılığından namizədlik dissertasiyaları
müdafiə etmişlər. Bir çox görkəmli
alimlərin - Feyzulla Qasımzadə, Məmməd Cəfər
Cəfərov, Əziz Şərif, Firidun Köçərli,
Abbas Zamanov, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Bəkir
Nəbiyev, Şıxəli Qurbanov, Qulam Məmmədli,
Xeyrulla Məmmədov, Şamil Qurbanov, Lətif Hüseynzadə,
Əsgər Qədimov, Fərman Xəlilov, Rüfət
Hüseynzadə, Şövqü Novruzov, Mirabbas Aslanov və
başqalarının monoqrafik tədqiqatlarında və məqalələrində
M.T.Sidqidən bəhs olunmuşdur. Bununla belə,
fikrimizcə, M.T.Sidqinin həyatı və fəaliyyətinin
tam halda, bütün yönləri ilə tədqiq
olunmasına ehtiyac vardır.
Möhtərəm ədibin əsərlərinin nəşri
sahəsində də müəyyən işlər
görülmüşdür. Məşhur ədəbiyatşünas
F.Köçərli 1911-1914-cü illərdə Qoridən Məmmədəli
Sidqiyə göndərdiyi məktublarında atası Sidqinin əsərlərini
“Millət malı” etmək üçün bunları
toplayıb nəşr etdirməyi vacib saymışdır.
Məmmədəli Sidqi Səfərov (1888-1956)
böyük maarifçinin “Kəblə Nəsir” (1910), “Heykəli-insanə
bir nəzər” (1912), “Puşkin” (1914) əsərlərini
ayrıca kitab halında nəşr etdirmişdir. “Kəblə
Nəsir” mənzum hekayəti “Azərbaycan uşaq ədəbiyyatı
antologiyası”na daxil edilmişdir. 1967-ci ildə isə görkəmli pedaqoqun
“Seçilmiş pedaqoji əsərləri” (Mirabbas Aslanov) nəşr
olunmuşdur. “Məktəb hekayətləri”
(1996) kitabında (İsa Həbibbəyli) böyük ədibin
uşaq hekayələri və elmi-ədəbi irsindən
nümunələr toplanılmışdır. Artıq
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar
İnstitutunun fonunda və müxtəlif arxivlərində
saxlanan materiallar əsasında maarifçi ədibin “Əsərləri”
kitabı (toplayanı, tərtib edəni və ön
sözün müəllifi İ.Həbibbəyli) da 2004-cü
ildən oxucuların istifadəsindədir. Ümid edirik ki,
görkəmli maarif xadimi, böyük mütəfəkkir,
maarifçi ədib Məhəmməd Tağı Sidqi
haqqında müstəqillik işığında sanballı
elmi əsərlər meydana çıxacaq, onun gələcək
külliyyatları yeni axtarışların sayəsində
daha da zənginləşdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun görkəmli maarifçi şair və böyük pedaqoq Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illik yubileyi ilə əlaqədar imzaladığı 20 avqust 2014-cü il tarixli sərəncamda böyük mütəfəkkirin genişmiqyaslı xidmətləri yüksək qiymətləndirilmiş, maarifçi ədibin çoxcəhətli fəaliyyətinin müasirlik imkanlarına xüsusi diqqət yetirilmişdir: “Məhəmməd Tağı Sidqi... Azərbaycan uşaq ədəbiyyatının və poeziyasının inkişafında mühüm xidmətlər göstərmiş, maarifçi-realist ədəbiyyatın yaradıcılarından biri kimi ədəbiyyat tariximizdə öz yerini tutmuşdur. Görkəmli pedaqoqun qələminin məhsulu olan uşaq nəsrinin ilk mükəmməl nümunələri, ədəbi-fəlsəfi traktat, poeziya və tərcümə materialları Azərbaycanda maarifçi ədəbiyyatın inkişafında mühüm rol oynamışdır”.
Bundan başqa, Naxçıvan MR Ali Məclisinin Sədrinin Məhəmməd Tağı Sidqinin Ordubad şəhərində anadan olduğu qədim binada ev-muzeyinin yaradılması haqqında 17 sentyabr 2014-cü il tarixdə imzaladığı sərəncam əsasında həmin mədəniyyət ocağının qurulması prosesi atrıq tamamlanmaq üzrədir. Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illik yubileyi Naxçıvan Muxtar Respublikasında geniş qeyd edilmiş, müasir mərhələdə yeni maarifçilik ideyalarının milli əsaslar üzrə genişləndirilməsinə təkan vermişdir. Naxçıvan MR Ali Məclisinin M.T.Sidqiyə həsr etdiyi “Naxçıvan” jurnalında, AMEA Naxçıvan Bölməsinin “Taleyi və sənəti” kitabındakı sanballı məqalələr böyük maarifçi ədibdən söz açan yeni tədqiqatları özündə əks etdirir. Ordubad şəhərində M.T.Sidqinin adını daşıyan məktəbin əsaslı şəkildə yenidənqurulması və müasir texnologiya ilə təchizi klassik maarifçilik ənənəsinin müasirləşdirilməsi deməkdir. M.T.Sidqi adına Naxçıvan Uşaq Teatrının inkişaf etdirilməsi yeni maarifçi dövrün nailiyyətidir.
Böyük ədib və ictimai xadim Məhəmməd Tağı Sidqi maarifçi ideyaları və əsərləri ilə, meydana çıxardığı işıqlı ideyalarla, əsərlərinin və ideyalarının müasirlik imkanları ilə yaşayır və müstəqillik dövrü Azərbaycanın yeni maarifçilik hərəkatına, uşaq ədəbiyyatının, maarifçi şeirin inkişafına xidmət edir.
İsa
HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti,
Milli Məclisin
deputatı, akademik
Azərbaycan.-2015.-
14 yanvar.- S.10.