Barat Şəkinskayanın 100 illik yubileyi qeyd edilib

 

Yanvarın 13-də “Milli Mədəniyyətin Təbliği” İctimai Birliyi tərəfindən Azərbaycanın Xalq artisti Barat Şəkinskayanın 100 illiyinə həsr olunmuş “Bərəkətli ömür” adlı anım mərasimi keçirildi. Teatr xadimləri və bir sıra tanınmış aktyorların iştirak etdiyi tədbirdə Barat Şəkinskayanın həyat və fəaliyyətindən geniş söhbət açıldı.

Milli Mədəniyyətin Təbliği” İctimai Birliyinin sədri Jalə Cəfərova bildirdi ki, milli teatrımızın səhnəsində neçə-neçə sənətkar olub, amma onların arasında elələri var ki, həqiqətən də əfsanə idilər. Barat Şəkinskaya da o əfsanələrdəndir. J.Cəfərova unudulmaz aktrisanın şəxsi keyfiyyətlərindən danışaraq dedi ki, Barat xanımın xasiyyətində genetik koddan gələn zadəganlıq vardı, o, xəbislik, paxıllıq nədir bilməzdi.

Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov isə sənət yolundakı çətinliklərə baxmayaraq, Barat Şəkinskayanın bütün maneələri asanlıqla dəf etdiyini bildirdi. O, mərhum aktrisanın məlahətli səsindən, özünəməxsus xarakterindən danışdı.

Xalq artisti Hacı İsmayılov və teatrşünas Məryəm Əlizadə də B.Şəkinskaya ilə bağlı maraqlı xatirələri bölüşdülər. Bildirildi ki, ona verilən Barat adı onun taleyini müəyyənləşdirib. Ərəbcə bərat - bədirlənmiş ay deməkdir. Mənası isə paklıq və təmizlikdir. Barat xanım da bütün ömrü boyu paksaf insan olub.

Tədbirdə qeyd olundu ki, Barat xanım muğam dinləməyi çox sevirdi. Bu səbəbdən də gənc muğam ifaçıları tədbir iştirakçıları üçünQarabağ şikəstəsi”ni səsləndirdilər. İfa qonaqların gur alqışları ilə qarşılandı. Anım mərasimində Barat Şəkinskayanın səs, foto və videogörüntülərini əks etdirən materiallar da iştirakçılara təqdim olundu.

 

Elgün MƏNSİMOV,

Azərbaycan.-2015.- 14 yanvar.- S.11.