Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər geniş müzakirə olundu. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan münaqişənin tez bir zamanda sülh yolu ilə nizamlanmasında maraqlıdır və ölkəmiz beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizin işğaldan azad edilməsi istiqamətində irəliləyişə nail olunması üçün səylərini əsirgəmir. Bu prosesdə Ermənistanın da konstruktiv mövqe nümayiş etdirməsinin vacibliyini qeyd edən dövlətimizin başçısı bu vəziyyətin uzun zaman davam etdirilməsinin yolverilməz olduğunu bildirdi. Prezident İlham Əliyev münaqişənin ədalətli həlli istiqamətində Minsk qrupunun həmsədrlərinin, həmçinin beynəlxalq təşkilatların, o cümlədən Avropa İttifaqının və onun müxtəlif qurumlarının daha fəal addımlar atmasının vacibliyini vurğuladı.

Daha sonra görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.-2015.- 15 yanvar.- S.1.