POLAD MAGİSTRAL modernləşmə
mərhələsindədir
XX əsrin sonlarından başlayaraq dəmir yolu bir
sıra çətin sınaqlar dövrü keçdi. O zamankı çətinliklərə
baxmayaraq yaşadı, inkişaf etdi. Söhbət
bizim yaxın tariximizdən gedir. O tarixdən ki, biz
hamımız onun bir zərrəsi, o zamankı mövcud
durumun iştirakçıları və müşahidəçiləri
olmuşuq.
Müstəqil Azərbaycanın indi dünyanın
inkişaf etmiş dövlətləri ilə bir sırada
dayanması, beynəlxalq qurumlara tamhüquqlu üzv olması,
haqq səsimizin beynəlxalq kürsülərdən
eşidilməsi, beynəlxalq və regional layihələrdə
fəal iştirak etməsi ümummilli lider Heydər
Əliyevin uzun illər apardığı mübarizənin nəticəsidir.
Bu gün bütün sahələrdə olduğu kimi, nəqliyyat
sektorunda da irihəcmli layihələr
reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya
sürətləndirilir. Ölkə nəqliyyat sisteminin əsas
qollarından olan Azərbaycan polad magistralı indi
özünün sürətli inkişaf mərhələsindədir.
Bu nəhəng işlər, şübhəsiz
ki, böyük siyasi xadim, ümummilli lider Heydər
Əliyevin uğurlu iqtisadi siyasəti, dəmir yoluna daim
qayğısı sayəsində mümkün olmuşdur.
Ölkəyə rəhbərlik etdiyi
bütün zamanlarda onun rəhbərliyi altında həyata
keçirilən məqsədyönlü iqtisadi islahatlar,
uğurlu daxili və xarici siyasət, demokratikləşmə
Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsini
reallaşdırdı.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi hər iki dövrü Azərbaycan dəmir yolunun texniki
tərəqqi və hərtərəfli inkişaf
dövrü adlandırmaq olar. 1969-cu ildə ilk dəfə
Azərbaycan rəhbərliyinə gələn Heydər
Əliyevin şəxsi fəaliyyəti sayəsində
bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir
yolu nəqliyyatında da əsaslı dəyişikliklərə
və köklü inkişafa təkan verildi. Təkcə bir faktı demək lazımdır ki, Azərbaycan
dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin
böyük əksəriyyəti məhz ulu öndərin təşəbbüsü
və ciddi nəzarəti sayəsində istismara
verilmişdir. Heydər Əliyevin qayğısı ilə
dəmir yolunda həyata vəsiqə alan
yenilikləri sadalamaqla qurtarmaq mümkün deyil. Məhz həmin illər istehsalatda əsas fəaliyyətlə
yanaşı, 14 min 300 texniki yeniləşmə metodu tətbiq
edilmiş və bunlar dəmir yolunun bütün sahələrini
əhatə etmişdir. O, istər respublikaya rəhbərlik
etdiyi 1969-1982-ci illər, istərsə də keçmiş
SSRİ hökuməti rəhbərliyində fəaliyyətdə
olduğu 1983-87-ci illər ərzində ölkə dəmir
yolunun dünyanın inkişaf etmiş ölkələrində
istehsal olunan müasir texniki maşın-mexanizmlərlə və
avadanlıqlarla təchiz edilməsinə səy göstərmişdir.
O illər Azərbaycan polad magistralının yüzlərlə
dəmiryolçusu SSRİ-nin orden və medalları ilə təltif
olunmuşdur ki, bu da ümummilli lider tərəfindən dəmir
yoluna və dəmiryolçulara göstərdiyi böyük
qayğı və diqqətin təzahürüdür. Bütün sahələrdə olduğu kimi, dəmir
yolunda da rəhbər vəzifələrdə
çalışan mütəxəssislərin böyük əksəriyyəti
məhz böyük siyasi xadim Heydər Əliyevin
qayğısı ilə 1970-1987-ci illərdə ölkədən
xaricdə təhsil almışlar.
Bunlar sadəcə qısa xronologiya deyil, böyük bir
sistemin inkişaf strategiyasını müəyyən edən
şərtlərdir. Tarix göstərdi ki, ümummilli liderin
zamanında atdığı hər bir addım gələcəyə
hesablanmış strategiyanın reallaşmasını şərtləndirən
əsas amillərdir.
Ulu öndər Heydər Əliyev tərəfindən təməli
qoyulan və Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilən müasir dövrün iqtisadi
islahatları Azərbaycana böyük uğurlar gətirmiş,
ölkə iqtisadiyyatının sürətli
inkişafına səbəb olmuşdur. Bu gün
ümummilli liderin rəhbərliyi ilə yaradılmış
nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi
prosesi Prezident İlham Əliyev tərəfindən daha
intensiv şəkildə aparılır, ölkəmiz
Bakı-Tbilisi-Qars və Şimal-Cənub beynəlxalq və
regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində
fəal iştirak edir.
Son illər ərzində ölkə nəqliyyat
sisteminin əsas sahələrindən biri olan dəmir yolunun
inkişafı üçün ölkə rəhbərliyi tərəfindən
mühüm qərarlar qəbul olunmuş, sərəncamlar imzalanmışdır. Bununla da dəmir
yolunun tarixində yeni bir dönəm
başlamışdır. Görülən işlərin
məntiqi nəticəsi kimi Prezident İlham Əliyevin 6 iyul
2010-cu ildə imzaladığı “Azərbaycan
Respublikasında dəmir yolu nəqliyyat sisteminin
2010-2014-cü illərdə inkişafına dair Dövlət
Proqramı”nın təsdiq edilməsi
haqqında sərəncam bu sahənin inkişafını təmin
edəcək ən mühüm sənəddir. Proqramda
Azərbaycan dəmir yolu nəqliyyatının sürətli
inkişafını təmin edən bütün məqamlar
öz əksini tapıb. Bu sənədin əsas
məqsədi Azərbaycanın tranzit potensialının
artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin
səviyyəsinin yüksəldilməsi, sərnişin və
yük daşımalarında nəqliyyat xərclərinin
azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli
fəaliyyətini təmin etməkdir.
Onu da qeyd
edək ki, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat
sisteminin 2010-2014-cü illərdə inkişafına dair
Dövlət Proqramı” çərçivəsində dəmir
yolu nəqliyyatının fəaliyyətinin hüquqi, iqtisadi
və təşkilati əsaslarını müəyyənləşdirən
Azərbaycan “Dəmir yolu nəqliyyatı haqqında” qanun
layihəsinə Ədliyyə Nazirliyinin rəy və təklifləri
nəzərə alınmaqla, “Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyətində yenidən
baxılmış və Nəqliyyat Nazirliyinə təqdim
edilmişdir.
Dövlət
proqramına uyğun olaraq hazırda vaqon və lokomotiv
parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı,
işarəvermə və rabitə və s. təsərrüfatların
əsaslı təmiri, Bakı - Böyük Kəsik istiqamətində
sabit cərəyandan dəyişən cərəyana
keçid, texniki vasitələrin modernləşdirilməsi və
digər mühüm vəzifələrin icrası istiqamətində
mühüm addımlar atılır.
Görülən
işlər çərçivəsində 5 vaqondan ibarət
olan “Ekspress” qatarının vaqonları VEST QAS müəssisəsi
ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında
bağlanmış müqaviləyə əsasən 2009-cu
ilin fevralında əsaslı bərpa təmiri
üçün Slovakiya Respublikasının “Sazvrudki” zavoduna
göndərilmiş, 2011-ci il oktyabr
ayının 28-də Azərbaycana gətirilmişdir. Bu
vaqonların istismar müddəti 28 il, yəni
sürəti saatda 160 km olmaqla 2039-cu ilə qədər nəzərdə
tutulur. Yeri gəlmişkən bildirək ki, Prezident İlham
Əliyev 2011-ci il noyabrın 24-də
Bakı dəmir yolu stansiyasında “Azərbaycan Dəmir
Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə
Slovakiyada əsaslı təmir edilərək paytaxta gətirilmiş
sərnişin vaqonları ilə tanış olmuşdur.
Ümumiyyətlə, hazırda ölkədə
mövcud vaqon parkının yenilənməsi məqsədilə
bir sıra tədbirlər, o cümlədən vaqonların təmiri
həyata keçirilir. Təkcə son vaxtlar Ukraynanın və Rusiya
Federasiyasının vaqon təmiri zavodlarında 85 sərnişin
vaqonu əsaslı təmir olunaraq Azərbaycana gətirilmiş,
Bakı-Tbilisi, Bakı - Moskva, Bakı-Xarkov,
Bakı-Ağstafa-Qazax və Bakı-Balakən istiqamətlərində
xəttə buraxılmışdır. Həmçinin
dövlət proqramının icrası çərçivəsində
Bakı-Böyük Kəsik istiqamətində 360 km yol əsaslı
təmir olunmuş və 800 metrlik uzunölçülü
relslərlə (pletlərlə) əvəzlənmişdir.
Əsaslı təmir işləri davam edir.
Dövlət
proqramının icrası istiqamətində Azərbaycan
Respublikası Maliyyə Nazirliyi və Dünya Bankı qrupuna
daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf
Bankı (BYİB) arasında Azərbaycan Dəmir Yolu Ticarətinin
və Nəqliyyatının Dəstəklənməsi Layihəsinin
bir hissəsini maliyyələşdirmək məqsədilə
kredit sazişi imzalanmışdır. Layihənin
əsas məqsədi Bakı-Böyük Kəsik dəhlizi
boyu Azərbaycanda dəmir yolu xidmətlərini təkmilləşdirmək
və “ADY” QSC-nin rəqabət qabiliyyətini, maliyyə
dayanıqlığını, əməliyyat-iqtisadi
effektivliyini və potensialını gücləndirməkdən
ibarətdir.
Layihə
çərçivəsində, dövlət proqramına
uyğun olaraq dəmir yolunun Bakı - Böyük Kəsik sahəsində
elektrik təchizatı sisteminin sabit cərəyandan 25
kilovoltluq dəyişən cərəyanlı dartı sisteminə
keçməsinin təmin edilməsi uzun müddət idi ki,
müzakirə olunurdu. Artıq enerji təchizatı
üzrə keçirilmiş tender vasitəsilə
podratçı şirkət müəyyən olunmuş və
ATEF şirkətlər Qrupu (podratçı) ilə “Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
arasında müqavilə imzalanmışdır. Bu müqavilənin icra qrafikinə əsasən,
podratçı şirkət enerji təchizatı ilə
bağlı işlərə “Azərbaycan Dəmir Yolları”
QSC ilə razılaşdıraraq start vermişdir. Eyni zamanda işarəvermə və rabitə təsərrüfatlarının
yenidən qurulması istiqamətində işlər
özünün yeni mərhələsinə qədəm
qoyub. Yeni lokomotivlərin və müxtəlif
təyinatlı vaqonların alınması da gündəmdədir.
Bundan əlavə, Dünya Bankının layihəsi
çərçivəsində dəyişən cərəyanla
işləyən yeni 50 yük lokomotivinin alınması
üzrə işlər müvafiq prosedurlara uyğun davam edir.
Eyni
zamanda dəmir yollarının təmiri və saxlanması
üçün Avstriyadan alınmış yeni GSM 09-32, RM-80
və USP-2000 markalı yol təmiri maşınlarının
fəaliyyəti və onların saxlanması üçün
Biləcəridəki motorlu rels nəqliyyatı, maşın
və mexanizmlərin təmiri emalatxanasında anqar tikilib
istifadəyə verilmiş, 24 saylı Salyan Rels-Qaynaqlama
Qatarında 800 metrlik uzunölçülü relslərin
hazırlanıb daşınmasına
başlanmışdır.
Prezidentin
23 may 2011-ci ildə imzaladığı “Dövlət
orqanlarının elektron xidmətlər göstərməsinin
təşkili sahəsində bəzi tədbirlər
haqqında” fərmanının dəmir yolunda icrasını
təmin etmək, nəqliyyat nazirinin 25 iyun 2012-ci il tarixli əmrinin icrası ilə əlaqədar
olaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
sədr müavini Qurban Nəzirovun rəhbərliyi altında
işçi qrupu yaradılmışdır. Hazırda
işçi qrup “Azərbaycan Dəmir Yolları” QSC-də
yeni elektron xidmət növlərinin müəyyən edilməsi
və tətbiqi istiqamətində gərgin iş aparır.
2012-ci il iyul ayının 4-də Qızılca
Qırmadaş zavodunun ikinci istehsal xətti və yeni bunkeri
istismara verilmişdir. Elə həmin ilin mart
ayının 1-dən isə Bakı sərnişin
stansiyasında gediş sənədlərinin (biletlərinin) dəyərinin
plastik kartlardan istifadə etməklə bilet kassalarında
quraşdırılmış pos-terminallar vasitəsilə
nağdsız ödənişi tətbiq edilir.
“Azərbaycan Dəmir Yolları” QSC-də aparılan
yenidənqurma və abadlıq işləri xətt boyu
bütün sahələri əhatə edib. İdarə,
müəssisə və təşkilatlarda yeniləşmə
prosesi özünün yeni mərhələsinə qədəm
qoyub. 2013-cü ilin dekabr ayının 29-da
Gəncə stansiyasının inzibati binası əsaslı təmirdən
sonra istifadəyə verilmişdir. Təmir
işləri çərçivəsində qazanxana inşa
edilmiş, həmçinin bina mərkəzləşdirilmiş
kondisioner və istilik sistemləri ilə təchiz
olunmuşdur. Sərnşinlərin
rahatlığı üçün stansiyada VİP zalı,
ana və uşaq otağı da yaradılmışdır.
Eyni zamanda Yük Daşımaları
Departamentinin Qərb sahəsi üzrə bölməsinin
inzibati binasının fasadı və dam örtüyü, Gəncə
lokomotiv deposunun fasadı təmir olunmuş, piyada keçid
körpüsü yenidən qurulmuşdur. Bunlardan
savayı 2014-cü ilin iyul ayının 26-da Poylu-Salahlı mənzilinin
73-cü kilometrindəki Kür çayı üzərindən
keçən ikinci dəmir yolu körpüsü istismara
verilmişdir. Qeyd edək ki, tikintisinə 2008-ci ildə
başlanmış körpünün uzunluğu 208,44 metrdir. Çarxı-Sarvan mənzilinin
2508 km-də Vəlvələçay üzərində yerləşən
dəmir-beton körpünün və Saatlı-Becar mənzilinin
98 km-də Araz çayı üzərində yerləşən
metal körpünün rekonstruksiyası da görülən
işlər sırasındadır.
Bildiyimiz kimi, beynəlxalq daşımaların tərkibində
konteyner daşımalarının xüsusi çəkisi
getdikcə artmaqdadır. Respublikamızın nəqliyyat sistemi
üçün mühüm əhəmiyyət kəsb edən
Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə
konteyner yüklərinin cəlb olunması və dəmir yolu
nəqliyyatı üzrə daşımaların rəqabət
qabiliyyətinin artırılması məqsədilə “Azərbaycan
Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir
Yolları” SC ilə birgə 1996-cı ildə işə
salınmış, lakin sonralar fəaliyyəti
dayandırılmış, Bakı-Poti konteyner qatarının
hərəkətinin bərpası üzrə
danışıqlara başlanılmışdır. Artıq Azərbaycan ilə Gürcüstan
Poti-Bakı marşrutu üzrə konteyner qatarının hərəkəti
bərpa edilmişdir. 25 konteyner vaqonundan ibarət olan ilk
qatar 2014-cü ilin 17 iyul tarixində
Keşlə stansiyasına çatmışdır.
Neft dağılmalarına qarşı cavab tədbirlərində
potensialın yaradılmasının tərkib hissələrindən
biri kimi “Fövqəladə Hallar Qatarı” MMC-nin maddi-texniki
bazasının yenidən qurulması istiqamətində də
bir sıra islahatlar aparılır. Bu məqsədlə zəruri
yeni texnika, maşın-mexanizmlər, materiallar
alınmış və “Fövqəladə Hallar Qatarı”
MMC-nin Gəncə, Biləcəri, Hacıqabul, İmişli,
Yevlax və Şabran bölmələri arasında
paylanmışdır. Eləcə də
“Fövqəladə Hallar Qatarı” MMC-nin İstehsalat
bazasında tikilən inzibati binası istismara verilmişdir.
Tikinti işlərinə 2013-cü ildə
başlanılmış, İstehsalat bazası dəmir yolunda
fövqəladə və qəza hallarının aradan
qaldırılmasının təmin edilməsi məqsədilə
Biləcəri stansiyasında keçmiş “Buz zavodu”nun ərazisində
inşa edilmişdir. Ümumi ərazisi
25296 kvadratmetr olan bazada inzibati bina, təmir sexi, avtomobillərin
dayanacağı üçün talvar, su və çirkab su
anbarları inşa edilmişdir.
Dövlət
proqramının icrası ilə bağlı layihələrin
həyata keçirilməsində, texniki iqtisadi əsaslandırmaların
və texniki sənədlərin işlənməsində, həmçinin
Prezidentin “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının
hazırlanması barədə sərəncamının
icrası üçün dəmir yolunun 2020-ci ilədək
İnkişaf Konsepsiyasının hazırlanmasında
“Əsaslı Tikinti və Texniki Nəzarət” MMC tərəfindən
bir sıra mühüm işlər həyata keçirilir.
Qeyd edək ki, dövlət proqramında nəzərdə
tutulan işlərin həyata keçirilməsi nəticəsində
qatarların hərəkətnin təhlükəsizliyi təmin
ediləcək və hərəkət sürətinin yüksəldilməsi
təmin olunacaq. Proqramın preambulasında bu, çox dəqiq ifadə
olunub: “Ölkədə dəmir yolu nəqliyyat xidmətlərinə
olan tələbatın tam ödənilməsi və ölkənin
dəmir yollarının beynəlxalq nəqliyyat sisteminə
inteqrasiyası üçün daha müasir nəqliyyat
infrastrukturunun yaradılması, daşımalarda yük vahidinə
nəqliyyat xərclərinin azalması, çevik tarif siyasətinin
müəyyən edilməsi, Azərbaycanın tranzit
potensialının artırılması, institusional
islahatların aparılması, dəmir yolu nəqliyyatının
fəaliyyətinə dair təkmil qanunvericilik bazasının
formalaşdırılması, dəmir yolu sahəsi
üçün yüksək ixtisaslı kadrların
hazırlanması və onların sosial müdafiəsi təmin
olunacaqdır”.
Dövlət
başçısı dəmir yolu nəqliyyatında həyata
keçirilən islahatlarla və yenidənqurma işlərinə
şəxsən nəzarət edir, görülən işlərlə
yenidən tanış olur. Belə ki,
Prezident 2011-ci il noyabrın 24-də Bakı dəmir yolu
stansiyasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar
Cəmiyyətinin sifarişi ilə Slovakiyada əsaslı təmir
edilərək paytaxta gətirilmiş sərnişin
vaqonları ilə, 2012-ci il dekabrın 15-də Füzuli
rayonuna səfəri çərçivəsində dəmir
yolunun Horadiz stansiyasında sərnişin vağzalı
binasının əsaslı təmirdən sonrakı vəziyyəti
ilə tanış olmuş, 2014-cü il mayın 1-də
Ağdaş rayonuna səfəri çərçivəsində
Ləki dəmir yolu vağzalının yeni binasının,
18 oktyabr 2014-cü ildə Gəncə şəhərində
“Stadler” vaqon istehsalı zavodunun təməlqoyma mərasimində
iştirak etmişdir.
“Azərbaycan Dəmir Yolları” QSC müxtəlif beynəlxlaq
layihələrin fəal iştirakçısı olmaqla
onların həyata keçirilməsinə ciddi
yanaşır.
Bu yöndə XXI əsrin əsas tikintilərindən
olan və təkcə üç xalqı və üç
ölkəni deyil, həmçinin onlarla xalq və ölkə
arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars yeni dəmir
yolu bağlantısının reallaşması istiqamətində
işlər sürətlə davam edir. Hazırda
ümumi uzunluğu 4,4 km olan və
Gürcüstanla Türkiyəni birləşdirəcək
tunelin Türkiyə ərazisində olan hissəsinin tikintisi
başa çatmışdır. Gürcüstan
ərazisində tunelin uzunluğu 2070 metrdir. Tunelin Gürcüstan ərazisində olan hissəsinin
tikintisi davam edir. Qeyd edək ki, bu ilin
sonunadək Bakı-Tbilisi-Qars dəmir yolunda ilk qatarların xəttə
buraxılması, 2015-ci ildən isə dəmir yolunun tam
istismara verilməsi planlaşdırılır.
Azərbaycanın nəqliyyat sisteminin əsas tərkib
hissələrindən sayılan dəmir yolu nəqliyyatında
həyata keçirilən yeniləşmə və
islahatların aparılmasında Azərbaycan Dəmiryolçularının
Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin
(MHİRK) rolu əvəzsizdir. Dəmiryolçuların hüquqlarının
qorunmasında, onların sosial problemlərinin həllində,
sağlam iş və istirahət şəraitinin
yaradılmasında, əməyin mühafizəsinin təşkilində
həmkarlar təşkilatı əhəmiyyətli rol
oynayır. “Azərbaycan Dəmir Yolları” QSC
ilə Dəmiryolçuların Müstəqil Həmkarlar
İttifaqı Respublika Komitəsi arasında imzalanmış
2014-2016-cı illəri əhatə edən Saziş bu məqsədə
xidmət edir. Sazişin yerinə yetirilməsi
həm QSC rəhbərliyi, həm də MHİRK tərəfindən
ciddi nəzarətdə saxlanılır. Dəmiryolçuların
əməklərinə yüksək qiymət vermək məqsədilə
1997-ci ildən başlayaraq MHİRK-nın Rəyasət Heyəti
“Firidun Ağayev” adına mükafat təsis etmiş, “Əla
yol işçisi-ilin ən yaxşı mütəxəssisi”,
“İlin ən yaxşı müəssisəsi” fəxri
adların verilməsi haqqında qərar qəbul etmişdir və
hər il qaliblər mükafatlandırılır.
Azərbaycan dəmiryolçularının sosial problemlərinin həlli və maddi rifahlarının yaxşılaşdırılması Nəqliyyat Nazirliyinin, “ADY” QSC-nin rəhbərliyi və MHİRK-ın daim diqqət mərkəzindədir. Nabranın Seyidbəyli kəndində “Lokomotiv” istirahət mərkəzi tikilərək dəmiryolçuların istifadəsinə verilib. Son illər bu sahədə aparılan genişmiqyaslı islahatlar son nəticədə dəmir yolunun fəaliyyətinin beynəlxalq tələblərə tam uyğunlaşdırılmasına, gəlirlərin artmasına, sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına hesablanmışdır.
Son olaraq qeyd etmək istəyirik ki, dəmiryolçular əldə olunan nailiyyətləri bundan sonra da artıracaq, dövlətin və hökumətin irəli sürdüyü vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün imkanlardan səmərəli istifadə edəcək, onlara göstərilən etimadı əməli işlərlə doğruldacaqlar. “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” dəmir yolunun inkişafı üçün geniş imkanlar açır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaq.
Arif
ƏSGƏROV,
“Azərbaycan Dəmir
Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Azərbaycan.-2015.- 15 yanvar.- S.4.