Naxçıvan şəhərinin quruculuq xəritəsi genişlənir
Qaraçuq kəndi müasir
yaşayış məntəqəsinə çevrilib
Bu gün Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoyub. Həyata keçirilən uğurlu inkişaf strategiyası, aparılan geniş tikinti-quruculuq işləri paytaxt Naxçıvan şəhərini də əhatə edib, mərkəzlə yanaşı, şəhərin ətraf qəsəbə və kəndləri də yeniləşmə prosesinə qoşulub. Naxçıvan şəhərinin inzibati ərazisinə daxil olan Qaraçuq kəndi aparılan kompleks tikinti işlərindən sonra müasir qəsəbə görkəmi alıb.
Kənddə müasir yol infrastrukturu yaradılıb
Abad yol iqtisadi inkişafın əsas göstəricilərindəndir. Muxtar respublikanın digər yaşayış məntəqələrində olduğu kimi, paytaxt Naxçıvan şəhərində də yol-nəqliyyat infrastrukturu yenidən qurulur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, yanvarın 14-də Qaraçuq kənd avtomobil yolunun açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edib, açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, Qaraçuqda yol şəbəkəsi müasir standartlara uyğunlaşdırılıb, 5,5 kilometr kənddaxili yola asfalt örtük salınıb. Müvafiq yerlərdə piyada keçidləri və digər yol-nəqliyyat nişanları quraşdırılıb, hərəkətin rahatlığı və təhlükəsizliyi təmin olunub. Yolun uzunmüddətli istismarı məqsədilə zəruri tədbirlər görülüb, 51 su keçidi və 1036 metrlik beton kanal çəkilib.
Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbi müasir təhsil müəssisəsinə çevrilib
Gənc nəslin bilikli və vətənpərvər böyüdülməsində təhsil infrastrukturunun yeniləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən də muxtar respublikada təhsil quruculuğu prioritet istiqamət kimi müəyyənləşdirilib.
Yanvarın 14-də Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin binası istifadəyə verilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək deyib ki, son illər aparılan quruculuq işləri nəticəsində Naxçıvan şəhəri öz simasını tamamilə dəyişib. “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a uyğun olaraq Naxçıvan şəhərinin Qaraçuq kəndində də yeni məktəb binası, musiqi məktəbi, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, abad yol istifadəyə verilir. Bütün bunların muxtar respublikada əhalinin yüksək səviyyədə yaşayışının təmin edilməsinə hesablandığını bildirən Vüqar Səfərov Ali Məclis Sədrini 55 illik yubileyi münasibətilə təbrik edib və göstərilən qayğıya görə Naxçıvan şəhər əhalisi adından minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aparılan kompleks quruculuq işləri nəticəsində Qaraçuq kəndində yeni sosial obyektlərin, eləcə də məktəb binasının istifadəyə verildiyini bildirib, bu münasibətlə sakinləri və məktəbin kollektivini təbrik edərək deyib: Ulu öndər Heydər Əliyevin yolunun uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə inkişafa nail olunmuşdur. Bu gün Azərbaycanda sabitliyin və iqtisadi inkişafın təmin olunması ölkə həyatı üçün vacib olan bütün sahələrdə, xüsusilə təhsil və ordu quruculuğu istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsini zəruri edir. Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi də ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Eyni zamanda bütün bunlar həm də insan amilinə və ölkəmizin gələcəyinə göstərilən qayğının daha bir ifadəsidir.
Ali Məclisin Sədri deyib: Ölkənin gələcəyini hazırlamaq yalnız müasir məktəb binaları tikməklə bitmir. Bu, həm də əsl vətəndaş yetişdirmək kimi mühüm bir vəzifəni zəruri edir. Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbində dövlətimiz tərəfindən bu tədbirlərin həyata keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Bu gün Qaraçuq kəndində gənclər üçün müasir məktəb binasının, idman qurğularının, asudə vaxtın səmərəli təşkili üçün musiqi məktəbinin istifadəyə verilməsi onların sağlam gənclik kimi yetişməsinə hesablanmış tədbirlərdir. Pedaqoji kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, bilikli, dünyagörüşlü və vətənpərvər gənclər hazırlamalıdırlar. Gənclərimiz isə özlərini gələcəyin qurucuları hesab etməli, yaxşı təhsil almalı, əsl vətəndaş kimi böyüməlidirlər.
Qeyd olunub ki, məktəbin nailiyyətləri uğurludur. Ötən tədris ilində ali məktəblərə qəbulun nəticələrinə əsasən, Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin göstəriciləri muxtar respublikanın ümumi orta göstəricisindən yuxarıdır. Bütün bunlar nəzərə alınaraq 2014-cü ildə məktəb Azərbaycan Respublikasında “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.
Ali Məclisin Sədri qazanılan uğurlara görə məktəbin kollektivinə təşəkkürünü bildirib, onlara gələcək tədrisdə uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri Naxçıvan şəhər ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompyuter dəsti hədiyyə edib.
Açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olub.
Məlumat verilib ki, Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbi 702 yerlikdir. Məktəb 5-i elektron lövhəli olmaqla 39 sinif otağından, kimya-biologiya və fizika laboratoriyalarından, hərbi kabinə, şahmat sinfi, 4 kompyuter, 2 müəllimlər otağı, kitabxana, bufet və idman zalından ibarətdir.
Ali Məclisin Sədri ayrı-ayrı sinif otaqlarını və kabinələri gəzib, 1-ci sinif şagirdlərinin dərs prosesi ilə maraqlanıb. Qeyd olunub ki, cari tədris ilində məktəbin birinci siniflərinə 40 şagird qəbul olunub.
Kompyuter otaqlarında 76 kompyuter dəsti quraşdırılıb və internetə qoşulub. Burada informatika dərsləri ilə yanaşı, ayrı-ayrı fənlərə aid elektron resurslardan istifadə və elmi-texniki yeniliklər barədə məlumat əldə etmək imkanı yaradılıb. Məktəbin kimya-biologiya və fizika laboratoriyaları da müasir avadanlıqlarla təchiz olunub.
Bilik mənbəyi olan kitablar gənc nəslin dünyagörüşünün formalaşmasında ən mühüm vasitədir. Buna görə də muxtar respublikanın təhsil müəssisələrində kitab təminatı diqqət mərkəzində saxlanılır. Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin kitabxanası da zəngin fonda malikdir. Burada 12 mindən çox dərslik və bədii ədəbiyyat vardır.
Ali Məclisin Sədri elektron lövhəli sinifdə muxtar respublikanın 220 ümumtəhsil məktəbi ilə Heydər Əliyev muzeyi arasında videobağlantı vasitəsilə keçirilən virtual dərsi izləyib.
Şagirdlərin yüksək bilik alması və zəngin dünyagörüşünə malik olması, həm də onların fiziki və əqli cəhətdən sağlam böyüməsindən asılıdır. Buna görə də ümumtəhsil məktəblərində bütün idman növləri, o cümlədən zehni inkişafın idmanı hesab edilən şahmatın tədrisinə xüsusi diqqət yetirilir. Şahmat sinfində müasir şahmat masaları və lövhələr quraşdırılıb, məktəbdə müasir idman zalı istifadəyə verilib.
Məktəblilərin hərbi biliklərə yiyələnməsi, ən əsası vətənpərvər ruhda böyüdülməsi təhsil sahəsində qarşıya qoyulan ümdə vəzifələrdəndir. 9 nömrəli tam orta məktəbin müasir hərbi kabinəsi də bu vəzifələrin yerinə yetirilməsinə imkan verəcəkdir.
Müəllimlərlə görüşən Ali Məclisin Sədri deyib ki, məktəbin nailiyyətləri onu deməyə əsas verir ki, burada çalışqan və tələbkar müəllim kollektivi formalaşıb, tədris prosesi tələbkarlıq və qarşılıqlı hörmət əsasında qurulub. Hər bir insan öz əməyinin bəhrəsini görəndə sevinir, fərəh hissi keçirir. Müəllimlərin də əməyinin nəticəsi layiqli gənclər, vətəndaşlar yetişdirməkdir. Bu mənada hər bir müəllim öz fəaliyyəti ilə əslində ölkəmizin gələcəyinə xidmət etmiş olur. Müasir tədris avadanlıqları ilə təminat gələcəkdə də məktəbin uğurlarının artırılmasına imkan verəcəkdir. Məktəbin kollektivi də bu qayğıya cavab olaraq yaradılan şəraitdən düzgün istifadə etməli, nailiyyətlər artırılmalıdır.
Müəllimlərdən Aynur Qafarova və Lətifə Rəşidova onlar üçün yaradılan müasir tədris şəraitinə görə minnətdarlıq edərək deyiblər ki, məktəbin müasir bina ilə təmin olunması, kollektivə göstərilən yüksək diqqət və qayğı təhsilin keyfiyyətinin yüksəlməsinə stimul verəcəkdir. Kollektiv bu şəraitdən istifadə edərək üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, gənc nəslin təlim-tərbiyəsində, onların əsl vətəndaş kimi yetişdirilməsində səy və bacarıqlarını əsirgəməyəcəkdir.
Məktəbin həyətində geniş abadlıq işləri görülüb, gülkarlıqlar salınıb, açıq idman qurğuları və süni örtüklü mini futbol meydançası quraşdırılıb.
Qaraçuq Kənd Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilib
Naxçıvan Muxtar Respublikasında gənclərin intellektual inkişafı ilə yanaşı, onların istedadlarının və yaradıcılıq potensiallarının üzə çıxarılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə məktəbdənkənar müəssisələrin, o cümlədən uşaq musiqi məktəblərinin fəaliyyətinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Qaraçuq Kənd Uşaq Musiqi Məktəbi üçün yeni binanın inşa olunması da istedadlı musiqiçilərin yetişdirilməsinə imkan verəcəkdir.
Yanvarın 14-də Qaraçuq Kənd Uşaq Musiqi Məktəbinin açılışı olub.
Məktəbin müəllimi Rəmziyyə Abbasova çıxış edərək deyib ki, son illər muxtar respublikada digər sahələrdə olduğu kimi, mədəniyyətin inkişafı istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Şəhər, qəsəbə və kəndlərdə müasir mədəniyyət ocaqlarının, o cümlədən musiqi məktəblərinin tikilib istifadəyə verilməsi bunun ən parlaq nümunəsidir. Qaraçuq Kənd Uşaq Musiqi Məktəbi üçün müasir binanın inşa olunması kollektivin sevincinə səbəb olub. Müəllimlər də göstərilən diqqət və qayğıdan ruhlanaraq gənc musiqiçi kadrların yetişdirilməsi istiqamətində səylə çalışacaq, muxtar respublikada mədəniyyətin inkişafına öz töhfələrini verəcəklər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qaraçuq Kənd UşaqMusiqi Məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Uşaqmusiqi məktəbləri muxtar respublikanın mədəni həyatının inkişafında xüsusi yerə malikdir. Ona görə ki, Naxçıvan Musiqi Kollecinin, Naxçıvan Dövlət Universitetinin konservatoriyasının kollektivi bu məktəblərdə təhsil alan gənclər hesabına formalaşır. Musiqi məktəblərini bitirən gənclərimiz gələcəkdə öz təhsillərini bu məktəblərdə davam etdirəcəklər.
Ali Məclisin Sədri deyib: Musiqi təhsili alan, musiqi duyumu olan insanlar xüsusi istedada malik olan insanlardır. Bu səbəbdən də ölkəmizdə gənclərin musiqi təhsili alması, həmçinin onların asudə vaxtının səmərəli təşkili diqqət mərkəzində saxlanılır, müasir musiqi məktəbləri tikilərək istifadəyə verilir. Bu gün Qaraçuq Kənd Uşaq Musiqi Məktəbində 3 şöbə və 7 ixtisas fəaliyyət göstərir. Məktəbdə yaradılan şərait qarşıya mühüm vəzifələr qoyur. Gələcəkdə məktəbdə şöbələrin və ixtisasların sayı daha da artırılmalı, burada təhsil alan gənclərə - mədəniyyətimizin gələcək daşıyıcılarına hərtərəfli musiqi təhsili verilməli, onlara müasir musiqi janrları ilə yanaşı, xalqımıza məxsus qədim folklor nümunələri, eləcə də dünya musiqisi öyrədilməlidir.
Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulayıb, açılışı bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, ikimərtəbəli məktəbdə 20 sinif otağı, direktor və müəllimlər otaqları, tədbirlər zalı və kitabxana vardır. Hazırda məktəbdə 55 müəllim tərəfindən 204 şagirdə musiqi sənətinin incəlikləri öyrədilir. Məktəbdə xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər şöbəsi fəaliyyət göstərir, tar, kamança, qarmon, skripka, fortepiano, nağara və xanəndəlik üzrə dərslər keçirilir.
Maddi-texniki bazanın gücləndirilməsi tədrisin yüksək səviyyədə təşkilinə, şagirdlərin müxtəlif musiqi ixtisasları üzrə hərtərəfli hazırlanmasına imkan verəcəkdir. Müasir inventar və avadanlıqlarla təchiz edilmiş məktəbdə 8 piano və digər ixtisaslar üzrə zəruri musiqi alətləri və tədris vəsaitləri vardır.
Müəllimlərlə söhbət zamanı Ali Məclisin Sədri deyib ki, muxtar respublikada gənclərin musiqi təhsili alması üçün lazımi şərait vardır. Ona görə də gələcəkdə musiqi məktəbinin fəaliyyəti daha da genişləndirilməli, nailiyyətlər artırılmalıdır. Müəllimlər ümumtəhsil məktəbləri ilə əlaqəli işləməli, istedadı və qabiliyyəti olan gənclər musiqi məktəbinə cəlb olunmalıdır.
Məktəbin müəllimi Ülkər Seyidzadə yaradılan şəraitə görə minnətdarlıq edib.
Sonra Ali Məclisin Sədri tədbirlər zalında məktəbin şagirdlərinin ifasında musiqi nömrələrini izləyib, şagirdləri uğurlu çıxışlarına görə təbrik edib.
Məktəbin həyəti də abadlaşdırılıb, müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb.
Qaraçuqda yerli icra strukturları üçün müasir iş şəraiti yaradılıb
Naxçıvanın müasir kənd modelinin özünəməxsus elementlərindən biri də yeni yaradılan kənd mərkəzləridir. Məhz bu mərkəzlər sayəsində kəndlərdə vahid idarəetmə sistemi formalaşır, sakinlərin problemlərinin operativ həllinə nail olunur. Aparılan quruculuq işləri zamanı Qaraçuqda da yeni kənd mərkəzi inşa edilib.
Yanvarın 14-də kənd mərkəzinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzinin açılışını edib.
Məlumat verilib ki, iki mərtəbədən ibarət olan mərkəzdə rabitə evi, kitabxana, polis sahə və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi və 83 yerlik iclas zalı vardır.
Kənd inzibati ərazi dairəsinin əhatə etdiyi Qaraçuq və Bulqan kəndlərində 4700 nəfər əhali yaşayır. Onlardan 975-i dövlət büdcəsindən əməkhaqqı, pensiya, müavinət və ünvanlı sosial yardım alır. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyə üçün ayrılan müasir iş otaqlarında sakinlərə nümunəvi xidmət göstəriləcəkdir.
Kənd mərkəzinin kitabxanası zəngin fondu ilə diqqəti cəlb edir. Burada 8 min 760 kitab vardır. Onlardan 3 min 450-si latın, 5 min 310-u kiril əlifbası ilə çap olunmuş ədəbiyyatlardır. Birinci mərtəbədə yerləşən rabitə evində əhaliyə nümunəvi poçt xidməti göstərilir. Burada quraşdırılan 640 yerlik yeni nəsil ATS Qaraçuq və Bulqan kəndləri üzrə 629 abonentə xidmət edir.
Binanın ikinci mərtəbəsində Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün ayrıca iş otağı ayrılıb.
Məlumat verilib ki, kəndin ictimai-mədəni həyatında fəal iştirak edən ərazi ilk təşkilatının 117 üzvü vardır. Onlardan 74-ü gənclər, 61-i isə qadınlardır. Polis sahə məntəqəsində yaradılan şərait də əməkdaşların səmərəli fəaliyyətinə imkan verəcəkdir.
Baytarlıq məntəqəsi Qaraçuq və Bulqan kəndlərinə xidmət göstərəcəkdir. Məntəqə lazımi dərman preparatları və səyyar avadanlıqlarla təchiz olunub. Bütün bunlar mal-qaranın xəstəliklərdən qorunması və baş sayının artırılması istiqamətində görülən tədbirləri daha da intensivləşdirəcəkdir.
Geniş iclas zalı binanın ikinci mərtəbəsində yerləşir. Burada müxtəlif yığıncaqların keçirilməsi üçün əlverişli şərait yaradılıb.
Kənd mərkəzinin binası xarici görkəmi ilə kəndə xüsusi gözəllik verir. Binanın həyətində də geniş abadlıq işləri görülübdür.
Sakinlərə nümunəvi səhiyyə xidməti göstəriləcəkdir
Muxtar respublikada həyata keçirilən sosial siyasətin mərkəzində səhiyyə islahatları dayanır. Bu səbəbdəndir ki, hər il yaşayış məntəqələrində müasir səhiyyə ocaqları tikilərək istifadəyə verilir.
Yanvarın 14-də Qaraçuq kəndində də həkim ambulatoriyasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın açılışını edib.
Binaya baxış zamanı bildirilib ki, həkim ambulatoriyası 12 xidməti otaqdan ibarətdir. Burada baş həkim, stomatoloji kabinə, palata, doğuş, həkim-terapevt, peyvənd, aptek, mama, tibb bacısı, qeydiyyat, müayinə və manipulyasiya otaqları vardır. Hazırda bu səhiyyə ocağında 11 tibb işçisi çalışır. Ambulatoriya lazımi tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunub, peyvəndləri saxlamaq üçün soyuducu, təcili yardım və peyvənd çantaları qoyulub. Sakinlərə nümunəvi səhiyyə xidməti göstərmək üçün burada lazımi şərait vardır.
Ali Məclisin Sədri tibb işçilərinin ixtisasartırma kurslarına göndərilməsinin, onların praktik vərdişlərinin və nəzəri biliklərinin artırılmasının vacibliyini vurğulayıb, kənddə dezinfeksiya işlərinin aparılması, gigiyenik qaydalara əməl olunması, əhaliyə, xüsusilə uşaqlara və hamilə qadınlara göstərilən səhiyyə xidmətinin təşkili barədə müvafiq tapşırıqlar verib.
Yeni ünvan - xidmət mərkəzi
Həmin gün Qaraçuq kəndində aparılan kompleks quruculuq işləri çərçivəsində tikilən xidmət mərkəzi də istifadəyə verilib.
Ali Məclisin Sədri xidmət mərkəzinin açılışını bildirən lenti kəsib.
Mərkəzdə sakinlərin zəruri məişət tələbatının ödənilməsinə hesablanmış bütün imkanlar mövcuddur. Burada ərzaq, sənaye və təsərrüfat malları olmaqla 3 mağaza, bərbərxana, qadın gözəllik salonu, dərzi, ət satışı yeri fəaliyyət göstərir. Hazırda xidmət mərkəzində 9 nəfər işlə təmin olunub.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüşən Ali Məclisin Sədri deyib ki, Qaraçuq bu gün ölkəmizin, eləcə də muxtar respublikanın abad yaşayış məntəqəsinə çevrilib. Müasirləşən yaşayış məntəqələrimiz, xüsusilə də kəndlər bu gün Azərbaycandakı mövcud sabitliyin və inkişafın daha bir ifadəsidir. Kənddə gənclərin yaxşı təhsil alması, idarəetmə strukturlarının səmərəli fəaliyyəti, insanların sağlamlığının qorunması və gündəlik tələbatlarının ödənilməsi üçün lazımi şərait yaradılıb. Bütün bunlar sakinlərin rahat yaşayışının təmin olunmasına, məskunlaşmaya xidmət edir. Kənddə aparılan quruculuq işləri və insanların rahatlığının təmin olunması ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin, insan amilinə göstərilən qayğının və dövlətimizin iqtisadi gücünün göstəricisidir. Sakinlər yaradılan bu şəraitdən səmərəli istifadə etməli, qurulanlar, tikilənlər qorunub saxlanılmalıdır.
Kənd ağsaqqalı Allahverdi Sayilov deyib ki, bu gün Qaraçuq kəndinin quruculuq tarixi yenidən yazılır. Kənddə yaradılan şərait insanların böyük sevincinə səbəb olub. Çünki bu işlər sakinlərin rahatlığı, firavan yaşayışı deməkdir. Kənd əhalisi bütün bunları Ulu Öndərimizin siyasi xəttinin bəhrəsi kimi qiymətləndirir. Çalışacağıq ki, bundan sonra da ölkəmizin, eləcə də muxtar respublikamızın inkişafında yaxından iştirak edək, Naxçıvanın müasir tarixinin yaradıcılarına çevrilək.
X X X
Tikinti-quruculuq tədbirləri
zamanı kənddə bir sıra
abadlıq işləri də görülüb,
rabitə və enerji təchizatı
yaxşılaşdırılıb. Bu məqsədlə
1300 metr fiber-optik, 1250
metr yerüstü və
1800 metr yeraltı rabitə kabelləri
çəkilib, 400 kilovoltamper
gücündə yeni transformator
yarımstansiyası quraşdırılıb. Kəndin qaz xətləri yenilənib, yeni
tikililərə 745 metr uzunluğunda
qaz xətti çəkilib.
Azərbaycan.-2015.- 15 yanvar.- S.5.