Əbədiyyət nəğməsi

 

Ötən ilin unudulmaz hadisələri

 

XX əsrin ikinci yarısında nəinki sadə milyonların, hətta prezident və şahların pərəstiş etdiyi dünyanın ən məşhur müğənnisi Müslüm Maqomayevin adını daşıyan gəminin 2014-cü il dekabrın 18-də Xəzərin sahilində görünməsi ölkəmizin, Rusiyanın və bütün regionun tarixində baş verən ən önəmli hadisələrdən biri idi. Bu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin, ölkənin birinci xanımı Mehriban Əliyevanın və M.Maqomayevin həyat yoldaşı Tamara Sinyavskayanın sevinc və qürur hissi ilə iştirak etməsi bir daha onu göstərdi ki, aradan illər ötsə də, onlar bütün Azərbaycan və Rusiya ilə birlikdə Müslümə ölümündən sonra belə, dostluq və sevgilərində sadiqdirlər, zərrəcə dəyişməyiblər. Əksinə, zaman bu münasibətlərin paklığını sınağa çəkmədən cilalayıb, ülviləşdirib və qərinələrin dənizində bəyaz yelkənləri ilə boy verərək sonsuzluğa üzən gəmi kimi onu seyr edənlərə hədsiz qürur hissi bəxş edir.

“Müslüm Maqomayev” gəmisi beləcə həmin gün Xəzərin sahillərinə bu müqəddəs sevgini təcəssüm etdirən həzin bir xatirə, hamımızın ürəyini gizildədən əbədiyyət nəğməsi kimi yan aldı. Bu hadisə ilə bağlı AzərTAC-ın xronikasında deyilirdi ki, “Müslüm Maqomayev” gəmisinin istismara verilməsini bildirən rəmzi lenti SSRİ xalq artisti Tamara Sinyavskaya kəsdi. Sonra Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı səsləndirildi. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinici xanımı Mehriban Əliyeva Tamara Sinyavskaya ilə xatirə şəkli çəkdirdilər.

Həmin tədbirin Azərbaycan və dünya mədəniyyəti tarixində vacibliyini dərk etmək, vətəni və onun dahiləri ilə öyünmək istəyən hər bir kəsə Müslümün şəxsiyyəti və istedadı haqqında qısaca da olsa məlumat verməyə ehtiyac var. Müslüm kim idi? Bir kəlmə ilə desək, qırğız xalqının oğlu Çingiz Aytmatovun dünya ədəbiyyatında ucaldığı zirvələri azərbaycanlı Müslüm musiqidə fəth etdi. O, olduqca sadə, məğrur, qürurlu və misilsiz istedad sahibi idi.

Müslüm Maqomayev azərbaycanlıdır. Vətənimiz onunla doğma balası kimi öyünür, baxmayaraq ki, ruslar bu gün də onu özününkü sayırlar. Müslüm haqqında adıgey dostum jurnalist Aslan Kikov isə fəxrlə yazır ki, o ana tərəfdən bizimkidir. Aslanın peşəsi də internet səhifəsinə Müslümün mahnılarını yerləşdirməkdir. Müslüm Maqomayev sağlığında danışdığı bir əhvalatla milli mənsubiyyətinə özü belə aydınlıq gətirib: “Bir dəfə Esenbayev (məşhur çeçen rəqqası, SSRİ xalq artisti-B.İ.) mənə dedi ki, sən çeçensən. Cavab verdim ki, yox, Mahmud, mən azərbaycanlıyam. Azərbaycanda doğulmuşam, bu respublika mənə çörək verib, böyüdüb, burada savad almışam. Mənim valideynlərim bütün ömürlərini burada yaşayıblar. Mahmud məndən incidi ki, çeçen olmaq şərəfindən imtina etdim. Biz iki il danışmadıq. Onu da qeyd edim ki, biz Mahmudla, bu xeyirxah və ziyalı insanla onun ömrünün sonuna kimi dostluq etmişik”.

Azərbaycanlı olduğunu israr edən müğənniyə “Rossiyskaya qazeta”nın müxbiri heyrətlə etiraz edir: - “Axı Siz rus müğənnisiniz!” Müslüm özünə məxsus sakit bir qətiyyətlə cavab verir: - “Mən özümü rus müğənnisi saymıram. Mən beynəlmilələm. Rus mahnılarından yalnız “Vdol po Piterskoy” var məndə”. Jurnalist: “Axı Siz Rusiyanın müğənnisisiniz”! - deyib inad edəndə, Müslüm maraqlı bir açıqlama verir: “Mən sadəcə Rusiyada ömrüm boyu yaşadım, məmnuniyyətlə rus dilində oxudum. Rusiyalılar mənə qulaq asırdılar, sevirdilər məni. Lakin Bakıda doğulub böyüdüm. Sonra taleyim məni Azərbaycanın mədəniyyət nümayəndəliyinin tərkibində Moskvaya gətirdi, Qurultaylar sarayında çıxış etdim və o saat məni bütün SSRİ tanıdı”.

Müslüm hansı istedadın sahibi idi? Bu gün toyxanalardan konsert zallarına tamaşaçı qıtlığından çıxmağa cəsarət etməyən ifaçıları gözünüzün önünə gətirin. Sonra da sovetlər dönəminin böyük konsert zallarını xatırlayın! Müslüm bayağı ziyafətlərin və böyük zalların xiffətini çəkənlərdən deyildi. SSRİ daxili işlər naziri Şelokovun konsertə dəvətindən Müslüm imtina edir və yalnız Heydər Əliyev xahiş etdikdən sonra oxumağa razılıq verir. O hamıdan və hər şeydən ucalıqlarda dayanardı.

M.Maqomayevin nəhəng stadionlarda keçirilən konsertləri sovet musiqi tarixində bir inqilab, yenilik idi. Onu minlərlə qadın dəlicəsinə sevirdi, sadəcə əlini sıxmaq, heç olmasa barmağının ucuyla ona toxunmaq üçün hönkür-hönkür ağlayardılar, onun maşınına belə çılğın öpüşlərin al pomadası kəpənəklər kimi qonardı...

O sovet estradasının səmalarında hamıdan yüksəkdə parlayan yeganə Dan ulduzu idi. Dünyanın ən məşhur konsert salonları Müslümü birdəfəlik Sovet İttifaqından qoparmaq üçün ən yüksək səviyyələrdə istənilən danışıqlara gedirdilər, istənilən məbləğə razılaşırdılar. Məşhur Paris “Olimpiya”sının direktoru Bruno Kokatrus SSRİ mədəniyyət naziri Furtsevadan Müslümü öz teatrı üçün istəyəndə sovet naziri razılıq vermir. Müslüm incimir. Özü etiraf edir ki, davranışında gözlənilməz sürprizlər olan müğənni kimi çılğın idi, ən yüksək məmurun da qapısını çırpıb gedə bilərdi. Ona görə də onu xaricə buraxmağa sadəcə qorxurdular.

Müslüm elə bir insan idi ki, ürəyinə yatmayan heç bir işə qol qoymazdı. Kinorejissor Aleksandr Zarxi onu “Anna Karenina” filminə Vronski roluna çəkilişə dəvət edəndə Müslüm imtina edir, “Bacarmadığım işdən yapışmağı xoşlamıram” - deyir. Amma “Nizami” filmində Nizami roluna böyük məmnuniyyətlə razılıq verir.

Müslüm yaxşı musiqidən heç vaxt korluq çəkməzdi: “Bizim vaxtımızda yaxşı mahnılar yazılırdı və mən istədiyimi seçə bilirdim. Deyirdilər ki, mənim üçün yazırlar, bəstəkarlar mənim səsimi, xarici görkəmimi nəzərə alırdılar, lakin mənim taleyimin hekayəti kənarda qalırdı”.

Mahnılarına görə Müslümə baş katiblərin həm səcdə etdiyi, həm də qəzəbləndiyi vaxtlar olub. Tale elə gətirdi ki, bütün təhlükələr Müslüm Maqomayevdən yan keçdi. Çünki onu qoruyan, hifz edən, ona 32 yaşında SSRİ xalq artisti adı verdirən Heydər Əliyev kimi nəhəng himayədarı vardı. Ulu öndər isə Müslümü yalnız istedadına görə yox, həm də şəxsiyyətinin bütövlüyünə və böyüklüyünə görə müdafiə edirdi. Müslümün dissident təbiəti ulu öndərin himayəsində bir az ərköyünlük kimi qiymətləndirilirdi. Bəlkə də Heydər Əliyev olmasaydı tale sərt üzünü ona göstərər, dişini qıcayardı. Lakin Müslüm çətinlikləri də təbii qəbul edirdi, özü haqqında deyirdi ki, “Mən taleyimin üstünə iradlarımla şığımadım”.

Belə nadir keyfiyyətlərə malik insanın adını daşıyan gəminin Xəzərin sularında görünməsi mübaliğəsiz ötən ilin ən unudulmaz hadisələrindən biridir. Bu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev müğənni haqqında ürək sözlərini belə demişdir: “Bu gün bu, bizim əziz Müslümümüzün, Azərbaycan xalqının fəxrinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ilk addımdır. İlk, amma sonuncu addım deyil. Gələcəkdə də addımlar atılacaq. Onun adı bizim xatirəmizdə, qəlbimizdə, Azərbaycan xalqının, Rusiyanın ürəyində əbədi yaşayacaq. Çünki o, həmişə deyirdi ki, Azərbaycan mənim atam, Rusiya isə anamdır. Müslüm Azərbaycanda anadan olub, formalaşıb, məşhurlaşıb, Rusiyada isə ümumdünya şöhrəti qazanıb, öz yaradıcı potensialını tam reallaşdıra bilib. Nadir şəxsiyyət, çoxtərəfli istedad olub. Bir şəxsiyyətdə bu qədər istedadın birləşməsini təsəvvür etmək çətindir. Amma bu, həqiqətən belə idi. Onu tanıyanlar bunu bilirdilər. Bununla yanaşı, Müslüm gözəl insan idi. Bir şəxsiyyətdə həm insani, həm yaradıcı keyfiyyətlərin cəmləşməsi çox nadir haldır. Bu günə qədər heç kəs Müslümün mahnılarını onun özü kimi ifa edə bilmir. Cəhdlər çoxdur. Bu, başadüşüləndir, onun mahnılarını ifa etmək arzusunda olanlar çoxdur. Mən bunu alqışlayıram. Çünki bu mahnılar yaşamalıdır. Lakin bu günə qədər heç kim bu mahnıları Müslüm kimi ifa edə bilməyib. Düşünürəm ki, bundan sonra da bunu edə bilməyəcəklər. Bu gün də hər dəfə onun mahnılarını dinləyəndə sevinc hissi duyuruq, Müslümün bizi çox tez tərk etməsindən isə kədərlənirik. Müslüm bizim ürəyimizdə, xatirəmizdə, dostlarının yaddaşında yaşayır”.

İnsan varlığını araşdıran alimlər belə qənaətə gəliblər ki, insan ölmür, onun cismi torpağa tapşırılsa da, ruhu (müqəddəs kitabımızda deyilir ki, ruh haqqında sizə cüzi biliklər verilib) kainatda qalır, müəyyən fəaliyyət göstərə bilir. Bu fərziyyənin reallıqlara nə dərəcədə bağlandığını demək çətin olsa da, o günü bizə elə gəldi ki, Müslümün ruhu adını daşıyan gəmiyə ötəri də olsa toxundu, Xəzərin mavi sularına sığal verib getdi.

Onun yüz minlərlə insanın qəlbində yaşaması, əsrdən əsrə adlayan mahnılarının bu gün də ürəkləri riqqətə gətirməsi təbiidir. Tələbəlik dostum, “İzvestiya” qəzetinin keçmiş baş redaktoru, Birinci Bakı Humanitar Forumunun iştirakçısı Vitaliy Abramov ötən ilin sonunda həyat yoldaşı ilə Bakıya qonaq gəlmişdi. Onun ziyarət etdiyi yerlərin sırasında Heydər Əliyevlə Zərifə xanımın və Müslüm Maqomayevin məzarları var idi. Vitaliy Gennadiyeviç bu iki insanın heyrətamiz və müqəddəs dostluğundan xeyli danışdı: “Bütün Rusiya bilir ki, Heydər Əliyeviç kimi siyasi nəhəng Maqomayevi doğma oğlu kimi sevirdi, qoruyurdu, uca tuturdu. Onun Azərbaycanda dəfn olunmasını və bu mərasimdə Azərbaycan Prezidentinin birinci simaların təhlükəsizlik qaydalarına rəğmən Bakı Filarmoniyasından Fəxri xiyabanadək uzun yolu müğənnini son mənzilə qardaş kimi piyada yola salmasını unutmaq çətindir”.

60 illik yubileyində Rusiya Prezidenti Vladimir Putin təbrik məktubunda Müslümə yazırdı ki, pərəstişkarlarınızın Sizin peşəkar istedadınızı etiraf etməsi və onların ötüb keçməyən sevgisi Sizin çoxtərəfli istedadınıza və heyrətamiz valehediciliyinizə layiq hədiyyədir. Belarus Prezidenti A.Lukaşenko müğənninin yaradıcılıq fəaliyyətini ölkə və dünya musiqisinin ən parlaq səhifəsi hesab edirdi. Müslüm haqqında yalnız dövlət başçıları yox, dünyanın ən məşhur simaları, ən böyük söz sahibləri ən qiymətli sözləri deyiblər. Belə sitatlardan yüzlərlə nümunə gətirmək olar. Lakin ən dəyərli ideyanın, ən layiqli hədiyyənin Müslümün ruhuna hədiyyə edilməsi məhz Azərbaycanda, müğənninin dünyaya gəldiyi və əbədi uyuduğu torpaqda baş verdi. Qürur gətirən budur. Hər hansı bir gəminin, qatarın, hətta kosmik gəminin belə, istismara verilməsi iqtisadi mahiyyət daşıyır. Müslümün gəmisində iqtisadiyyatdan savayı mənəvi bir dəyər, hər bir Azərbaycan vətəndaşına fəxarət bəxş edən nəcib niyyət var. Bu tədbiri telekanallarda milyonlarla insan seyr edirdi və bəlkə də onların hamısına elə gəlirdi ki, “Müslüm Maqomayev” gəmisini dənizə ovuclarında özləri ehmalca suya buraxıb Xəzərə tapşırırlar və Müslümün səsiylə “Mavi əbədiyyət” mahnısındakı bu sözləri eşidirdilər:

Dəniz, dəniz məni özünlə götür,

Al yelkənlə mavi sonsuzluqlara apar.

Nəvaziş axtarışında qəmli ulduzlar

Mavi əbədiyyətdən Yerə sarı uçurlar.

Dövlət başçılarının iştirak etdiyi bütün tədbirlərdə hamıya məlum bir protokol davranışı var. Müəyyən çərçivələrə riayət olunur, rəsmiyyət gözlənilir. Dekabrın 18-də bu qaydalar sözün yaxşı mənasında unuduldu. Azərbaycan Prezidenti istedadına və şəxsiyyətinə rəğbət bəslədiyi M.Maqomayevin musiqi dühası haqqında bütün rəsmiyyəti kənara qoyaraq səmimi danışdı, bir dost kimi, Müslümün böyüklüyünü dərk edən, qiymətləndirən dövlət xadimi kimi onun “Azərbaycan” adlı mahnısını ölkəmizin rəmzi, “Dəniz” nəğməsini isə müğənninin şəhərimizə, dənizə olan məhəbbətinin qənirsiz təcəssümü kimi qiymətləndirdi: “Yəqin ki, dəniz haqqında daha yaxşı mahnını heç kəs bəstələməyib”. Azərbaycan Prezidenti Müslümlə yaxın dost olduğunu, bir-birinə böyük rəğbət və hörmətlə yanaşdıqlarını qeyd edərək dedi: “Atam ona oğul kimi, o isə Heydər Əliyevə ata kimi yanaşırdı. Düşünürəm ki, bizim ailəvi münasibətlərimizdə hökm sürən ab-hava bütün cəmiyyətə sirayət edib. Müslümü Azərbaycanda seviblər, sevirlər və bundan sonra da əbədi olaraq sevəcək və xatırlayacaqlar”.

“Müslüm Maqomayev” gəmisi Xəzərin sularında həyata vəsiqə alan günü göz yaşları ilə sevinci arasında özünü itirən SSRİ xalq artisti Tamara Sinyavskaya əliylə alnına işarə edərək illər boyu qafasında gəzdirdiyi, lakin kimsəyə açmadığı arzunu gözlənilmədən reallaşdıran Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirməyə söz tapmadı və onu doğma bir insan kimi qucaqladı. Arzular bəzən real, bəzən də kainatın sinəsində zümrüd gözəlliyi ilə bərq vuran lal ulduzlar qədər əlçatmaz və uzaq olurmuş. Tamara xanımın heç vaxt heç kimə açmağa cəsarət etmədiyi arzu Azərbaycan Prezidentinin qəlbində də gəzirmiş.

“Müslüm Maqomayev” gəmisinin dünyaya gəlişinin başqa bir ölkədə, başqa limanda yox, məhz Bakıda, Xəzərdə baş verməsi “Mavi əbədiyyət” mahnısını dilindən və dinindən asılı olmayaraq ömründə heç olmasa bircə dəfə dinləyən hər bir kəsin və Müslümə, onun sənətinə köksündə sonsuz eşq gəzdirən milyonlarla pərəstişkarın həyatında təntənəli bir hadisədir. Dahi müğənninin doğulduğu və indi qoynunda uyuduğu Azərbaycan bir daha bəşəriyyətə sübut etdi ki, misilsiz istedadlarının qədrini bilir, onların ruhunu ülvi məhəbbətlə qorumağı bacarır.

“Müslüm Maqomayev” gəmisinin bir il ərzində Avstraliyanın “Incat-Tasmania” gəmiqayırma zavodunda inşa edilməsi, 11,5 min mil məsafə qət edərək Bakıya çatmasını sanki bizimlə birlikdə Müslümün ruhu da gözləyirdi. Müslümün rus dilində oxuduğu və musiqisini özü bəstələdiyi “Mavi əbədiyyət” mahnısında müğənninin Xəzərə bağlılığını, hətta ölümündən sonra belə, dənizsiz yaşaya bilməyəcəyini bildirən kəlmələr var. Dahilər qismətlərini əvvəlcədən bilirlər. Məşhur fransız yazıçısı Antuan De Sent Ekzüperinin “Cənub poçt təyyarəsi” əsərində döyüşə gedən təyyarəçi evə dönməyi və sevgilisinin ağuşuna atılıb eşq dənizində əcəlinədək üzməyi arzulayır. Lakin sonuncu döyüş tapşırığında yanacağı tükənəndə artıq geri dönə bilməyəcəyini dərk edən qəhrəman sükanı sinəsinə çəkərək təyyarəni kainatın dərinliklərinə - ulduzlara sarı döndərir. Antuan başına gələnləri bilirmiş kimi qəhrəmanı haqqında yazdığı səhnəni bir müddət sonra özü yaşayır. Sonuncu döyüşdən Ekzüperi geri qayıtmır. Hərbi aeroportda onun yolunu gözləyənlər saata baxır və başa düşürlər ki, yanacağı göydə qurtaran yazıçı geri dönməyəcək. Hamı qərargahda ayağa durur, pilotkalarını çıxarıb təzim edir. Sanki Müslüm də beləcə Bakısız, Xəzərsiz yaşamağın mümkün olmadığını, necə olursa-olsun heç olmasa bir gəmiyə dönüb uşaqlıqdan sevdiyi dənizin sularına əbədi atılmaq eşqi ilə yaşayırmış. Müslüm oxuyurdu: “Ürək bir dost kimi sinədən mahnıyla qopub dənizi qarşılayır”. İndi bu ürək bir gəmiyə çevrildi. Və bu gəmi Neft Daşlarına sarı üzəcək. Gecə göylərdən baxanda Xəzərin sinəsinə səpilən ulduzlara bənzəyən Neft Daşlarına sarı üzən gəmi də Müslümün ürəyi, ruhunun bir parçası kimi onu qucaqlayıb öpən dalğalara sevinəcək. Və “Müslüm” Xəzərdə üzdükcə köksündən qopan

“... dəniz

Uşaq nağıllarına

Mavi ovuclarında

Gəmiləri daşıyırlar” - misraları çılğın dəniz sevdasıyla sulara qovuşacaq, Xəzərə qarışacaq.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2015.- 15 yanvar.- S.6.