Azərbaycan və Türkiyə prezidentləri
mətbuata bəyanatla çıxış ediblər
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Türkiyəyə dövlət səfəri
Yanvarın
15-də sənədlərin imzalanması mərasimindən
sonra Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğan mətbuata bəyanatla
çıxış ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın
bəyanatı
- Hörmətli cənab Prezident, dəyərli qardaşım.
Əvvəla, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasının başa çatmasının məmnunluğu içindəyik.
Bu iclasda - istər ikitərəfli görüşümüzdə, istərsə də nümayəndə heyətləri arasında görüşlərdə bir çox nazirlərimizin öz ikitərəfli fəaliyyətlərini və bundan sonra da birgə keçirdiyimiz iclasda Azərbaycan-Türkiyə əlaqələrini, dünəndən bu günə haraya gəldik - bunları dəyərləndirdik. Bölgənin problemlərini, bundan sonra atacağımız addımları müzakirə etdik. 2013-cü ilin noyabrında rəsmi səfər, 2014-cü ilin iyununda isə Bodrumda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Toplantısı ilə əlaqədar Zati-alilərini qonaq qəbul etmişdik. Mən də Prezident vəzifəsinə seçiləndən sonra xarici ölkələrə ilk səfərlərimdən birini, bildiyiniz kimi, Azərbaycana etmişdim.
Bu gün də hörmətli Prezident Əliyev, dəyərli qardaşım nümayəndə heyəti ilə 2015-ci ilin ilk rəsmi səfərini Türkiyəyə etməklə həqiqətən bizi məmnun etdi. Bir daha da sizlərin hüzurunuzda dəyərli qardaşıma və nümayəndə heyətinə “Ölkəmizə xoş gəldiniz!” deyirəm.
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qardaş Azərbaycan ilə aramızdakı bütün əlaqələri - istər hərbi, istər siyasi, istər iqtisadi, istər ticari, mədəniyyət və təhsil sahələrində daha yüksək səviyyəyə çatdıracağına heç şübhə etmirik. Bu mexanizmin uğurla işləməsi atacağımız addımların daha güclü olacağını göstərir.
Siyasi sahədə Türkiyə ilə Azərbaycan arasında hər hansı bir problemdən söhbət belə gedə bilməz. Hərbi sahədə əməkdaşlığımız artaraq davam edir. İqtisadi-ticari əlaqələr sahəsində ticarət dövriyyəsi bu il 5 milyard dollara çatdı, belə bir səviyyəyə nail olduq. Amma təbii ki, bizim əsas hədəfimiz bu göstəricini 2023-cü ildə 15 milyard dollara çatdırmaqdır. Əminəm ki, bu əzm, bu qətiyyət, bu siyasi iradə hər iki ölkədə vardır. Buna nail olmaq bu kadrların əlindədir. İnşallah, buna da nail olacağıq.
Son dərəcə ətraflı və səmimi fikir mübadiləsi apardıq, ikitərəfli əlaqələrimizə, milli təhlükəsizliyimizə dair mövzuları regional və beynəlxalq məsələlər çərçivəsində müzakirə etdik. Təbii ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müzakirələrin hazırkı mərhələsində son məlumatları da öyrənmiş oluruq. Amma görünən odur ki, təəssüf, Minsk qrupu bu məsələdə hələ də qətiyyətli bir addım atmamaqla bu proses bir vaxt itirmə taktikası ilə davam etdirilir. Münaqişə ilə bağlı beynəlxalq qərarların qəbul edilməsinə baxmayaraq, bu prosesin hələ də vaxt itirmə taktikası ilə davam etdirilməsi üzücüdür. Xüsusən bu məqamı burada yenidən xatırlatmaq istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlli istiqamətində Azərbaycana dəstəyimiz bundan sonra da eyni qətiyyətlə davam edəcəkdir. Son dərəcə həssas olduğumuz, hər fürsətdə də dilə gətirdiyimiz bu mövzuda Türkiyə olaraq bizim mövqeyimiz qətidir. Görüşümüzdə bu məsələləri də ayrıca müzakirə etdik və bundan geriyə addım atmağımız əsla mümkün deyildir.
Təbii ki, bütün bunlarla yanaşı, xüsusən strateji əməkdaşlıqda müdafiə artıq çox böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, enerji iki ölkə arasında çox böyük önəmə malikdir. Bilirsiniz ki, artıq dünya layihəsinə çevrilən TANAP-la bağlı addımlar atıldı. Burada istər həm boru istehsalında və təminatında, istərsə də podrat xidmətlərində Türkiyə firmaları üstünlük təşkil edir. TANAP layihəsinin həyata keçməsi ilə birlikdə, təbii ki, Azərbaycanın mövqeyindən tutmuş Türkiyənin mövqeyi və buradakı strateji önəm daha çox artacaqdır. Bununla bağlı addımlar atıldı. 2015-ci il bu məsələdə böyük önəm kəsb edir.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, inşallah, bu ilin sonunda açılışa hazır olacaqdır. Bunun açılışını da, inşallah, hamımız birlikdə, Allah ömür versə, həyata keçirəcəyik. Bu, eyni zamanda, Pekin-İstanbul xəttinin açılması deməkdir. Marmarayın burada başa çatması ilə birlikdə bu xətt işlək vəziyyətə gəlib. Bu xətt İstanbuldan Bakıya, orada ta Pekinə qədər uzanacaq. Bunlar belə bir sərmayələrdir. Ona görə bu sərmayələrin həqiqətən böyük önəmi vardır. Biz bununla bağlı bu prosesi, inşallah, uğurla davam etdirəcəyik.
Bütün bunlarla yanaşı, xüsusilə daha əvvəl tamamlanmış Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri də, bilirsiniz ki, bizim üçün strateji əhəmiyyətini qoruyub saxlayır.
Bu mövzu ilə bağlı atılması vacib olan digər önəmli addım da Qərbi Avropadan çıxan bir qatar, inşallah, bu dediyimiz dəmir yolu sistemi ilə Xəzər sahillərinə və oradan da Aktau və Türkmənbaşı limanları vasitəsilə Pekinə çatacaq. Burada bunu da xüsusilə qeyd etmək istərdim.
Bu il Türkiyə “G-20”-nin ev sahibidir. Biz “G-20”-nin ev sahibliyi məsələsində haqqımız olan bir səlahiyyətdən Azərbaycan üçün istifadə etdik. Bu il “G-20”-də Azərbaycan da bizim dəvətlimizlə yerini alacaq. İndi “G-20”-yə hazırlıq işlərindən başlayaraq, bu tədbirdə aparılacaq müzakirələrdə Azərbaycan bizimlə birlikdə olacaq.
Bu ilin digər mühüm tədbiri də bilirsiniz ki, 24 aprel - Çanaqqala döyüşünün 100-cü ildönümüdür. Aprelin 24-də keçiriləcək bu tədbir üçün dünyanın bir çox dövlət və hökumət rəhbərlərinə dəvət göndərdik. Amma təbii ki, xüsusilə İlham Əliyev qardaşımla birlikdə, inşallah, aprelin 24-də Çanaqqalada birlikdə olacağıq.
Mən
bir daha Zati-alilərinin şəxsində nümayəndə
heyətinin üzvlərinə “Ölkəmizə xoş gəlmisiniz!”
deyir və bu iclasımızın hər iki ölkə
üçün xeyirli olmasını Allahdan arzu edirəm.