Son vaxtlar
ABŞ-ın Azərbaycana qərəzli münasibəti
ölkələrimizin
strateji tərəfdaşlığının ruhuna uyğun
deyil
Yanvarın
15-də Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurası “ABŞ-da insan hüquqlarının vəziyyəti.
Ölkənin xarici siyasətinin paradoksları” mövzusunda
dinləmələr keçirib.
AzərTAc
xəbər verir ki, dinləmələrdə Milli Məclisin
deputatları, QHT-lərin, analitik mərkəzlərin, siyasi
partiyaların rəhbərləri, ekspertlər iştirak ediblər.
Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının sədri, Milli Məclisin deputatı Azay
Quliyev tədbirdə çıxış edərək dedi
ki, son vaxtlar ABŞ-da bir sıra qurumlar tərəfindən Azərbaycanla
bağlı qərəzli, heç bir əsasa söykənməyən
bəyanatlar yayılır. Bu da ölkələrimiz
arasında strateji tərəfdaşlıq əlaqələrinin
ruhuna uyğun deyil. Azərbaycan yürütdüyü
müstəqil daxili və xarici siyasətlə öz milli
maraqlarını qorumaqda davam edir və edəcək. Bu
cür əsassız təzyiqlər, ikili standartlar yolverilməzdir
və ölkəmizin milli maraqlara söykənən müstəqil
siyasətinə təsir göstərə bilməz.
Bütün bu ədalətsizliklər Azərbaycan ictimaiyyətinin
də haqlı narazılığına səbəb olur.
Sonra
“ABŞ-da etnik, irqi və dini zəmində
ayrı-seçkilik: ksenofobiya və islamafobiya təzahürlərinin
güclənməsi”, “Cəmiyyət üzərində total nəzarət
sistemi: şəxsi həyata müdaxilə, ifadə və mətbuat
azadlığının məhdudlaşdırılması”,
“Leqal korrupsiya və lobbiçilik ABŞ siyasi sisteminin əsas
elementlərindən biri kimi”, “ABŞ-ın müstəqil
siyasət yürüdən ölkələrə təzyiq
vasitələri: insan hüquqları ilə manipulyasiya, rəngli
inqilablar, hərbi müdaxilə və onların fəsadları”,
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı ABŞ-ın
mövqeyi: ikili standartlar siyasəti” mövzularında məruzələr
dinlənildi.
Çıxış
edənlər ABŞ-da etnik, dini, irqi zəmində
insanların üzləşdikləri problemlərin
artdığını, polisin dinc vətəndaşlara
qarşı qeyri-adekvat güc tətbiq etdiyini bildirdilər.
ABŞ-da ifadə, fikir, mətbuat azadlığının məhdudlaşdırılması,
insanların şəxsi həyatına əsassız
müdaxilə hallarının tarixən mövcud olduğu
vurğulandı, bununla bağlı faktlar diqqətə
çatdırıldı. Bildirildi ki, bu yaxınlarda ABŞ-da
Jurnalistləri Müdafiə Komitəsi ölkədə
jurnalistlərin normal fəaliyyəti üçün şərait
yaradılması, onlara qarşı təcavüz
hallarının qarşısının alınması ilə
bağlı Prezident Barak Obamaya müraciət edib. ABŞ siyasətini
tənqid edən xarici jurnalistlər təzyiqlərə məruz
qalırlar.
Qeyd
edildi ki, son vaxtlar Birləşmiş Ştatlar tərəfindən
beynəlxalq hüquq normalarının pozulması artıq adi
hala çevrilib. ABŞ bir çox ölkələrin
müstəqil xarici siyasətinə müdaxilə etmək
istəyir ki, bu da haqlı olaraq narazılıqla qarşılanır.
Bir sıra ölkələrdə rəngli inqilabların həyata
keçirilməsi, hakimiyyət çevrilişləri həmin
ölkələrdə acınacaqlı vəziyyətin
yaranmasına səbəb olub.
Diqqətə
çatdırıldı ki, ATƏT-in Minsk qrupunun həmsədri
olmasına baxmayaraq, rəsmi Vaşinqton Dağlıq Qarabağ
münaqişəsinin həllində də ikili standartlar
nümayiş etdirir, ədalətsiz 907-ci düzəliş hələ
də ləğv edilməyib. İkili standartlar, əsassız
təzyiqlər artıq beynəlxalq aləmdə Birləşmiş
Ştatlara inamın azalmasına səbəb olub.
Qeyd
edildi ki, Ermənistan tərəfindən Azərbaycana
qarşı 30-dan artıq terror aktı törədilib, bir
milyondan çox azərbaycanlı qaçqın və məcburi
köçkünə çevrilib. ABŞ isə terroru
dövlət siyasətinə çevirən Ermənistana
qarşı heç bir təzyiq göstərmir. Birləşmiş
Ştatların vətənə xəyanətdə təqsirləndirilən
şəxslərlə bağlı bəyanat yayması, lakin
Ermənistan tərəfindən hüquqları kobud şəkildə
pozulan azərbaycanlılarla bağlı heç bir münasibət
bildirməməsi ədalətsizlikdir.
Tədbir müzakirələrlə davam etdi.
Azərbaycan.-2015.- 16 yanvar.- S.4.