Fransanın “TV5Monde” kanalında
Azərbaycanla
bağlı veriliş yayımlanıb
Fransanın
“TV5Monde” kanalında Azərbaycanla bağlı veriliş
yayımlanıb.
AzərTAc
xəbər verir ki, verilişin qonağı olan Fansanın Azərbaycandakı
səfiri Paskal Mönye ölkəmizdəki fransız
icması, Azərbaycan ilə Fransa arasında iqtisadiyyat və
təhsil sahələrində əlaqələr haqqında məlumat
verib. Səfir Azərbaycan hökuməti tərəfindən
ölkədə informasiya-kommunikasiya texnologiyaları və
turizm sahələrinin inkişafına böyük həcmdə
sərmayə yatırıldığını bildirib.
Təhsil
sahəsində əlaqələrdən bəhs edən səfir
vurğulayıb ki, bununla bağlı bir sıra tədbirlər
həyata keçirilir. O, Bakıda Fransız Liseyinin
açıldığını, azərbaycanlı tələbələrin
Fransada təhsil almalarının asanlaşdırılması
üçün universitetlərarası forumların
keçirildiyini diqqətə çatdırıb.
Azərbaycandakı
yüksək tolerantlıq mühitindən də
danışan Paskal Mönye müxtəlif dinlərin nümayəndələrinin
burada sülh şəraitində yaşadıqlarını
vurğulayıb.
Verilişin
digər qonaqları son illər Azərbaycanda həyat səviyyəsinin
yüksəlməsindən, müasir infrastrukturun
yaradılmasından, Bakı şəhərinin sürətlə
inkişaf etməsindən və onun Dubay ilə müqayisə
ediləcək gözəllikdə olmasından söhbət
açıblar.
Azərbaycan
iqtisadiyyatının şaxələndirilməsi işinin
sürətlə həyata keçirilməsi, fransız
şirkətlərinin ölkəmizə investisiya
yatırmağa böyük maraq göstərmələri,
bununla bağlı çoxsaylı müqavilələrin
imzalandığı da verilişdə qeyd edilir.
Həmçinin
Azərbaycan mədəniyyətinin dünyada geniş təbliğ
olunduğu, Azərbaycan xalçasının UNESCO-nun Bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına
daxil edildiyi, muğamımızın dünya musiqi incilərindən
biri olduğu vurğulanır.
Azərbaycan.-2015.- 16 yanvar.- S.6.