O kənd
bizi gözləyir...
Yurd yerlərimiz
Cəmi bir nəfərin yaşadığı ucqar
dağ kəndi. Əslində, bu kənd məsafəcə
paytaxtdan o qədər
də uzaqda deyil - Şamaxının Acıdərə kəndi
rayon mərkəzindən cəmi
25 kilometr aralıda yerləşir. Adı
kimi taleyinə, bəxtinə də ağrılar, acılar düşüb, az
qala unudulub. Bunu biz demirik. Bu günlərdə
Dövlət Statistika
Komitəsi belə kəndlərin siyahısını
açıqlayıb. O kəndlərin ki, yalnız bir adı qalıb, bir də boşalan
yurd yeri. Buna da yurd yeri
demək olarsa... Oba köçüb yurdu qalıbsa, o yerlər zaman-zaman unudulubsa, az qala qədimlik, ilkinlik nişanələri itib-batıbsa,
onda varisləri necə arayaq, harada axtaraq?! Bir qədər çətin
sualdır. Amma cavabsız
da deyil. Hələ bir vaxtlar nənəm deyərdi ki, bir kəndin çəpəri uçub
dağılanda tapanını
bərkitməyə bir
oğul tapılmırsa,
onda o yurdun qara günləri başlayır...
Şamaxıda Acıdərəni, İsmayıllıda
iki ailənin yaşadığı Pirqəmi,
Gərzəni, Daharı,
Qaxda Bağtalanı o
təhlükədən, boşalmaq,
yiyəsiz qalmaq bəlasından qoruya bilmədik. Amma vaxtında-vədəsində bu sosial bəlalara
əlac olsaydı, o yerlər belə boşalmazdı. Ötən zaman
kəsiyindən boylananda
biz xeyli gecikdik. İş o həddə gəlib çatdı ki, qədim yurd yerlərində tüstü gələn bacaların sayını itirdik, o yerlər gediş-gəlişə həsrət
qaldı...
Bitişik evlər, toylu-düyünlü
ellər, obalar bir-birindən oğrun-oğrun
ayrıldı. Adamlar yaz axşamlarının
nağıl gecələrinə
həsrət qaldılar.
Sözün-söhbətin dadına-tamına tamarzı günlər yaşadılar. O kəndi-kəsəyi
özünə, ilkin
görkəminə qaytarmaq
üçün bir qədər gecikdilər. Elə bil böyük şəhərlərin cazibəsinə,
göz qamaşdıran
bər-bəzəyinə aldandılar.
O ucqar dağ kəndlərindən tələm-tələsik
üzü bəri gələnlər gecəqondu
şəhər evlərinə,
darısqal yataqxana künclərinə sığındılar,
tərtəmiz havanı,
təbiətin zümrüd
gözəlliklərini şəhərin
tıxaclarına, sıxlığına,
kirayə evlərə
dəyişdilər. O dağlar,
baxımsızlıqdan pəncərələri
hörümçək toru
bağlayan kənd evləri hələ də yol gözləyir.
Gözləyir ki, gedənlər
nə vaxtsa qayıdacaq. Ən azı
ona görə ki, bu yurdun
üstündə nə
qədər doğma adamların, ataların, anaların qərib-qərib
boylanan ruhu dolaşır. O sorğunun
vaxtı-vədəsi gələcək,
nə vaxtsa qərib yurd yerlərindən varis harayı eşidiləcək.
Onda real statistikanı
yox, itən yaddaşımızı, bizi
mühakimə edəm
vicdanımızı günahsız
sorğu-suala tutmalıyıq:
axı, o kəndləri
niyə itirdik, o yerin-yurdun bilinməyən,
bəlli olmayan günahı nədir? O yurd yerlərinin bir doyumluq təmiz
havası da var, saf suyu
da, ecazkar təbiəti də... Bəs nəyi yoxdur? Bu sorğunun bircə cavabı var: təəssübkeş oğulları,
təpərli övladları.
Qədim
yurd yerlərini yenidən dirçəltmək,
onlara nəfəs vermək o qədər də çətin deyil. Oğul istəyir ki, suyu sovrulmuş dəyirmanları, cığırı
itmiş kəndləri
yenidən özünə
qaytarsın, o yurdun harayına hay versin. Bu işin ilkin
təşəbbüskarı yenə də dövlət oldu.
2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafa dair Dövlət Proqramında
ucqar kəndlərin abadlaşdırılmasına nə
az, nə çox - 7 milyard 625,9 milyon manat
vəsait ayrıldı.
Dağ kəndlərinin sıradan
çıxan yollarını
abadlaşdırmaq, o yerlərdə
qaz çəkilişini
bərpa etmək üçün ayrılan
vəsaitin həcmi ildən-ilə artırılır.
Azərbaycan ərazisindəki 4257 kəndin hər birində sosial strukturun təzələnməsi
üçün büdcədən
xeyli ayırmalar olur. Açığını deyək ki,
son illər belə ardıcıl tədbirlərdən
sonra kəndə qayıdış bir qədər sürətlənib,
yeni qəsəbə və kəndlərin yaradılmasına təşəbbüs
göstərilib. Statistik
hesablamalara görə,
bu gün ölkə əhalisinin 47,7 faizi kənd
və qəsəbələrdə
yaşayır. Kənd yerlərində
yeni infrastruktur layihələrinə, abadlıq
və quruculuq işlərinə daha çox vəsait ayrılması bir daha sübut edir ki, doğma
yurdundan-yuvasından ayrılanlar
gün-güzəranı, dolanışığı
bəhanə edə bilməzlər. Ona görə ki, bu gün kəndlərdə
yeni yaradılan fermer təsərrüfatları,
kiçik müəssisələr
bir daha sübut edir ki, yaşayış üçün geniş perspektivlər var. Əgər
ötən onilliklərlə
müqayisə etsək,
açıq-aydın görərik
ki, hər bir kəndlinin işgüzarlığı, bacarığı
sayəsində dolanışığını
təmin etmək imkanı var. Nəzərə
alsaq ki, bütün bunlara dövlət dəstəyi
də ildən-ilə
güclənir, onda bəhanələrə lüzum
qalmır. Kənd adamlarına güzəştli
kreditlərin verilməsi,
sosial müavinətlər
daim dövlət nəzarətindədir. Öz dolanışığını,
güzəranını kənd
şəraitində qurmaq
istəyənlərə hər
cür imkan yaradılıb. Bu gün şəhərlə
kəndin yaşayış
səviyyəsində fərqi
azaltmaq üçün
konkret tədbirlər
görülür, yeni
sosial layihələr hazırlanır. Qalır bir
məsələ. O da
kənd adamının
öz yerinə-yurduna,
ata ocağına ürəkdən bağlanması.
Dövlət Statistika Komitəsi daha bir açıqlamasında tamamilə boşalan yurd yerlərinin siyahısını verib. O kəndlər ki adı var, özü yoxdur. Artıq o yerlər o qədər unudulub ki, bir-birinə həyan olan bitişik evlərin uçuq-sökük divarları, nimdaş nişanələri qalıb. Hər dəfə o kəndlərə qayıdanda, yeri-yurdu gəzib-dolaşanda qəribə hisslər keçirirsən. Düşünürsən ki, bir vaxtlar ata-baba yurdu kimi ziyarətgaha çevrilən qədim kəndlər baxımsızlığın, unutqanlığın güdazına gedir. Elə bil o yerlərin yolunu-izini birdəfəlik yadırğayıblar. Bunun bir adı var - unutqanlıq! Balakəndə Göyəmtala, Bərdədə Çərəlilər, Hacıqabulda Meyliman, Qubada İbrahim Hanut, Gədik, Qobustanda Şıxlar kimi kəndlər yalnız adına görə xatırlanır. Neçə illərdir ki, bu yerlərə insan nəfəsi dəymir. Bir sözlə, yaşayışın gur olduğu yerlər zaman-zaman boşalıb. Bu gün o yerlərdə bir nəfər də yaşamır. Belə yerlərin siyahısını xatırlayanda istər-istəməz eyni sorğularla üz-üzə qalırsan. Görəsən, bu kəndlərin, elin-obanın sonuncu sakinləri heç olmasa o doğma yurd yerlərindən ötrü az da olsa qəribsəyirlərmi? Axı, insan nə qədər qocalsa da, lap ucalsa da, nə vaxtsa dönüb geriyə boylanır, onu böyüdən, ərsəyə gətirən adamları, yurdu-yuvanı xatırlayır, o yerlərə dönmək istəyir. Gərək o yerlərə qayıdanda el-oba sorğusundan, haqq-ədalət mühakiməsindən çəkinməyəsən.
Dağıstanın xalq şairi Rəsul Həmzətov xatirələrində yazırdı ki, bir dəfə şair dostlarımı doğulduğum ucqar dağ kəndinə qonaq aparmaq istədim. Amma o kəndin yolları o qədər çətin keçilirdi ki, yolun yarısını maşınla yox, at arabası ilə getməli olduq. Uzun-uzadı yolçuluqdan sonra mənzil başına - doğma kəndimizə çatanda şair dostlarım təəccüblə üzümə baxdılar. O yerlərdə mənzərə əvəzinə uçuq-sökük evlər, balaca daxmalar gözə dəyirdi. Bir də bizi qarşılayan kəndin qocaları idi. Rəsul Həmzətov yazırdı ki, bu mənzərə məni çox sevindirdi. Doğmalarıma, yaxınlarıma baxdıqca kövrəlirdim, uşaqlığım yada düşürdü. Bir də ona görə sevinirdim ki, öz kəndimizə, doğma ocağımıza gəlmişdim. O yerlər nə qədər unudulsa da, baxımsız olsa da, mənim üçün o qədər doğma görünürdü ki...
Yerə-yurda bağlılıq, doğma ocağa sevgi elə mənəvi ucalıqdan başlayır. Yoxsa, dağlar, həsrətlə boylandığımız zirvələr, bu qədər uca, məğrur görünməzdi. Unudulan və boşalan kəndlərin qədim yurd yerlərinin yeni görkəminə qaytarılması, dirçəldilməsi üçün son illər xeyli işlər görülüb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, son illər ölkəmizdə unudulan kəndlərin, yurd yerlərinin dirçəlişinə xeyli sosial vəsait ayrılıb. Hesablamalara görə, bu xərclərin həcmi son onillikdə ən azı 3,4 faiz artıb. Nəzərdə tutulub ki, ən ucqar dağ kəndlərində də yeni layihələr əsasında quruculuq işləri davam etdirilsin. O yerlər öz varislərini, yurd sahiblərini unutmur. Bu şərtlə ki, gedənlərin, o yurdu tərk edənlərin kəndə-kəsəyə qayıtmaq, o yerlərə bağlanmaq istəyi olsun!
Bəşir ŞƏRİFLİ,
Azərbaycan.-2015.- 16 yanvar.- S.9.