Tarix öz yaddaşında
yaxşını da, yamanı da möhkəm saxlayır
“Qara Yanvar dialoqu”nu oxuyarkən bu həqiqəti
bir daha xatırlayırsan
“20 Yanvar 1990-cı il Azərbaycanın tarixində ən faciəli gündür. Ancaq eyni zamanda o gecə, o gün Azərbaycan xalqı öz qəhrəmanlığını, rəşadətini və şəhidlik zirvəsinə qalxa bilməsini bütün dünyaya nümayiş etdirdi”.
Heydər ƏLİYEV
“Azadlıq, müstəqillik uğrunda, vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir”.
İlham ƏLİYEV
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtı Bakı şəhərinə fövqəladə vəziyyət elan edilmədən keçmiş sovet qoşun hissələri yeridildi. Onlar eləcə də respublikanın bir neçə digər bölgəsinə daxil olmuşdu. Ordunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakıya göndərilmiş nümayəndələri şəhərdə ağlasığmaz vəhşiliklər törədir, qəddarlıq, qeyri-insani hərəkətlər edirdilər. Azğınlıq o yerə çatmışdı ki, gözləri uşaq, qadın və qocaları da seçmirdi. SSRİ və Azərbaycan konstitusiyalarının prinsipləri, bunlarla bahəm bütün insanlıq qanunları pozulmuşdu. Hətta təcili yardım maşınlarını da hədəfə çevirir, həkimləri və tibb bacılarını, milis işçilərini atəşə tuturdular. Bu, əvvəlcədən düşünülmüş, hazırlanmış bir təcavüzkarlıq idi. Məqsəd isə Azərbaycan xalqının azadlıq istəyini boğmaq, müstəqillik arzusunu puç etmək, mübarizə əzmini qırmaq idi.
20 Yanvar ərəfəsindəki dövrdə Azərbaycanın rəhbərliyi xalqla hakimiyyət arasında dərin uçurum yaratmışdı. Artıq bir neçə ay idi paytaxtda, digər şəhər və bölgələrdə izdihamlı mitinqlər keçirilir, respublika rəhbərliyinin istefası tələb olunurdu. Belə ki, rəhbərlik yaranmış qarşıdurmanın siyasi yollarla tənzimlənməsi üçün heç bir iş görməmişdi. Ona görə də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə, ələlxüsus MK-nın birinci katibi Əbdürrəhman Vəzirova kəskin etirazlar səslənirdi. O, öz xalqına qarşı gizli planlar qurmaqda, xəyanətdə günahlandırılırdı. Geniş xalq kütləsinin qəzəbinə eləcə də Sov.İKP MK-nın, şəxsən Mixail Qorbaçovun qərəzli, düşmən mövqeyi də səbəb olmuşdu.
“1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 mart tarixli qərarında deyildiyi kimi: “Qoşunların Bakıya yeridilməsi kommunist rejimini saxlamaq, milli azadlıq hərəkatını boğmaq məqsədinə xidmət etmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun 1990-cı il yanvarın 14-də keçirilmiş iclasında fövqəladə rejimin tətbiq edilməsi ilə əlaqədar irəli sürülmüş təkliflər hakimiyyəti itirmək qorxusu ilə bağlı olmuşdur... Hüquqi əsası olmadan Bakıda fövqəladə vəziyyət elan edilməsi, silahlı qüvvələrin şəhərə soxulub heç bir müqavimətlə üzləşmədən ağır texnika və məhvedici silahlar vasitəsilə dinc əhaliyə qəddarcasına divan tutması Azərbaycan xalqına qarşı cinayət olmuşdur. Bu cəza tədbiri şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmişdir.
Əsas məqsəd Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud olan rejimin dağıdılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olmuşdur”.
O
qanlı Yanvar hadisələrindən 25 il
keçir. Zaman ötsə də, faciənin dəhşətlərini
unutmur, həmin hadisələr vaxtı şəhidlik zirvəsinə
yüksələnlərin əziz xatirəsini qəlbimizdə
yaşadırıq. Yaşlı nəsil
öz gözü ilə gördüklərini
xatırlayıb dönə-dönə həmin əzablı
hissləri yenidən yaşayır. Gənc
nəsil bizi - ata-analarını, nənə-babalarını
dinləyir, qələmə alınan xatirələrdən,
yazılan kitablardan, çəkilən filmlərdən həqiqəti
öyrənir. Elə buna görə də
o vaxtdan bəri Şəhidlər xiyabanı özünün
al qərənfil libasını dəyişmir. Bu güllər şəhidlərin əziz xatirəsinə
bəslədiyimiz solmaz sevginin rəmzinə çevrilib.
Şəhid olanların xatirəsi nə qədər əzizdirsə,
qanlı qırğın törədənlərə nifrət
ondan da dərindir. İnsanlıq nahaq qanların
baiskarlarını hələ çox lənətləyəcək,
tarix onları çox ittiham edəcək. Tarixin
ittihamı isə çox ağır olur...
1990-cı ilin faciəli Yanvar günləri anbaan
xatirimizdədir. Onda xalqımızın çörəkdən, sudan çox informasiyaya ehtiyacı var idi. Azərbaycan televiziyasının enerji bloku
partladılmışdı, radio işləmirdi, qəzetlər
çıxmırdı. O müdhiş gecədən
sonra da küçələrdə güllə səsləri
eşidilir, əsgər maşınları
şütüyür, Moskva radiosu isə hadisəni öz mənafeyinə
uyğunlaşdırıb yalan xəbərlər
yayırdı. Guya Bakıda ekstremistlər sovet əsgər
və zabitlərini qətlə yetiriblər.
Dünya ictimaiyyətinə əsl həqiqəti
çatdırmaq, yayılan böhtan xəbərləri təkzib
etmək lazım idi. Respublikanın hər tərəfində
camaat baş verənlər haqqında doğru-dürüst məlumat
gözləyirdi.
İnsanları necə, hansı yolla məlumatlandırmalı? Fövqəladə
vəziyyət şəraitində nəinki qəzet buraxmaq,
şəhərə çıxmaq belə təhlükəli
idi. Lakin öz vətəndaşlıq vəzifəsini
yerinə yetirən, peşə borcuna sadiq qalan jurnalistlərimiz
bəlkə də mümkün olmayan bir işin öhdəsindən
bacarıqla gəldilər. Əlbəttə,
o günlərdə bir nömrəli qəzet sayılan
“Kommunist”in çıxması qeyri-mümkün idi. Beləliklə, taleyin hökmü ilə 20 Yanvar
faciəsi barədə ilk söz demək məsuliyyəti məhz
“Səhər”in - artıq xeyli müddət idi “Kommunist”ə əlavə
kimi nəşr olunan “Səhər” qəzetinin öhdəsinə
düşdü.
Şəhidlərin dəfn günündə “Səhər”
dərdli xalqın yarasına sanki məlhəm oldu. Həmin matəm
nömrəsi 2 milyon tirajla nəşr olunaraq əhaliyə
pulsuz paylandı. Qəzetdə “Vətən
bu gün ağı deyir...” adlı 11 jurnalistin qələmindən
çıxmış kollektiv reportaj dərc olunmuşdu.
Həmin müəlliflər qrupuna Rəfail
Nağıyev, Məzahir Süleymanzadə və Şakir
Yaqubov rəhbərlik etmişdilər.
Qəzetin əməkdaşı kimi “Səhər”in o
nömrəsinin necə hazırlanmasını mən də
heç vaxt unuda bilmirəm. Həmkarlarımın
tapşırıqlarını alıb şəhərə
dağılışdığını görəndə əlimdə
qeyd dəftərçəsi və qələm həyəcanla
Məzahir Süleymanzadənin iş otağına daxil oldum. Məzahir
müəllimlə qısa dialoqumuz illər keçsə də,
dönə-dönə qulaqlarımda səslənir:
- Bəs
mən?!.
- Nə
vaxt görsən ki, o azğınlaşmış ordu bizim
hamımızı - bu redaksiyada işləyən kişilərin
hamısını güllələyib, yazan və qəzeti
çıxaran yoxdur, onda əlindəki o bloknotunu və
karandaşını götürüb şəhərə sən
düşərsən...
Kövrək
məqamlar yaşanırdı: o günlərdə hamı elə
bil bir-birinin doğması idi, hamı bir-birinin dərdinə
şərik çıxır, daha doğrusu, birgə matəm
saxlayır, bir-birini qorumağa çalışırdı.
Qanlı
Yanvar hadisələrinin 25 illiyini hüzn və qürurla qeyd
etdiyimiz bu günlərdə əziz həmkarlarımızın,
ulu öndər Heydər Əliyevin qiymətləndirdiyi kimi,
“jurnalistika qəhrəmanlığı”nı
bir daha xatırladıq. “Səhər”i araya-ərsəyə
gətirən jurnalistlər qrupuna rəhbərlik edən
üç nəfərdən biri - Rəfail müəllim
xeyli vaxtdır dünyasını dəyişib. Qəlbimizdə
Məzahir Süleymanzadə, Şakir Yaqubovla
görüşüb bir daha xəyalən 25 il
əvvələ qayıtmaq istəyi oyandı.
Və nə
xoş hadisə, nə xoş təsadüf! Eşitdik
ki, bu günlərdə onların həmmüəllifliyi ilə
“Qara Yanvar dialoqu” adlı kitab işıq üzü
görüb. Hər biri əməkdar mədəniyyət
işçisi, Ali Media Mükafatı laureatı olan müəlliflər
yeni kitabı 20 Yanvar faciəsinin 25 illiyinə həsr ediblər.
Kitab Azərbaycan Mətbuat Şurası Ahıl
Jurnalistlər Məclisinin tövsiyəsi ilə nəşr
olunub.
“Qara Yanvar dialoqu” adından da göründüyü
kimi, iki qələm sahibinin söhbəti üslubunda
yazılıb.
Təbii ki, qeydlərimizin əvvəlində
haqqında bəhs olunan olayların hamısı burada öz əksini
tapıb.
Məzahir
Süleymanzadə deyir: “Hər ikimiz kitab da
yazmışıq, müsahibələr də vermişik. Amma 25 ildən sonra dönüb bir daha geriyə
baxmaq, baş verən hadisələri təhlil etmək, daha
çox rəsmi sənədlərə istinadən olub keçənlərə
münasibət bildirmək də vətəndaşlıq
borcumuzdur. Biz hər ikimiz həmin hadisələrin
təkcə şahidi yox, həm də
iştirakçısıyıq”.
Şakir
Yaqubov da belə düşünür: “20 Yanvardan bəri
Bakı qırğını barədə çox
yazılıb, çox deyilib. Bu mövzu az
qala nüfuz məsələsinə çevrilib, siyasi qazanc mənbəyinə
dönüb. Çox istərdim ki, bu söhbətə
həmin nəzərlə baxılmasın. Sadəcə, o məşum günlərin şahidi
kimi, daha çox şəxsən özümüzə məlum
olan faktları oxucuların geniş dairəsinə
çatdırmaqdır istəyimiz. Məhşər
məqamında kiməsə, nəyəsə bəlkə gərək
oldu”.
Kitabda bir
daha xatırlanır ki, 1990-cı il 20
Yanvar qırğını barədə birinci sözü
ümummilli lider Heydər Əliyev söyləyib. Yanvarın
21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində
ilk cəsarətli fikri ulu öndər dilə gətirib, kəskin
bəyanat verib və deyib: “Belə qərar qəbul etmiş
adamların hərəkətini siyasi qəbahət sayıram.
Bəli, kobud siyasi səhv
buraxılmışdır. Onlar, sadəcə
olaraq, respublikadakı əsl vəziyyəti qiymətləndirə
bilməmiş, Azərbaycan xalqının
psixologiyasını anlamamış, əhalinin müxtəlif
təbəqələri ilə əlaqələri zəiflətmişlər.
Onlar, görünür, bu işlərin belə
ağır faciəyə çevriləcəyini əvvəlcədən
düşünməmişlər. Bütün
bunlar qabaqcadan nəzərə alınmalı və
vaxtında vacib, zəruri tədbirlər qəbul edilməli
idi. Ordu yeridilmiş, günahsız adamlar
həlak olmuşlar”.
Həmsöhbətlər
kitab boyu 20 Yanvara gələn qanlı yolun haradan və nə
vaxt başlandığını, azərbaycanlıların
kütləvi surətdə Ermənistandakı ata-baba
yurdlarından qovulmasını, Şuşadakı Topxana
meşəsinin harayını, o illərin bir çox digər
ictimai-siyasi hadisələrini xatırlayırlar.
Nəhayət,
Şakir Yaqubov “Səhər”in sözügedən matəm
nömrəsinin hazırlanmasını bütün
nüansları ilə, anbaan yada salır: “Bazar ertəsi -
yanvarın 22-də ayaqüstü, dəhlizdə keçən
yığıncağımızın son sözü bu oldu:
bu günə qədər nə etmişiksə, necə
yaşamışıqsa, bunların hamısı qalır
1990-cı il yanvarın 20-dən o tayda.
İndən belə vicdanımızın əleyhinə getməyə,
ürəyimizin hökm etmədiyi kimi yazmağa
haqqımız yoxdur...
Yığıncaqdan birbaşa hərə
aldığı tapşırığın ardınca
yollanır.
Qızğın iş gedir. Materiallar
üst-üstə qalanır. Azərbaycan
SSR Ali Sovetinin dünən, yanvarın 21-də axşam
başlanan fövqəladə sessiyası yanvarın 22-də
səhərə yaxın işini başa çatdırıb
- bu barədə xəbərimiz var; bir qayda olaraq rəsmi
materiallar teletaypla, “Azərinform” vasitəsilə daxil olur,
ancaq indi sessiyadan bir xətt də material almamışıq.
Telefon zənglərimiz heç yana
çatmır - nəinki şəhər, bütün Azərbaycan
matəm içindədir. Bu yandan isə SİTA ən
müxtəlif materiallar verir - Qorbaçovun mərkəzi
televiziya ilə çıxışından tutmuş sərhədyanı
rayonlardan qərəzli reportajlara qədər... Qorbaçov deyir ki, “Sovet ordusunun və daxili
qoşunların əsgərləri və zabitləri SSRİ
Konstitusiyasının və qanunun müdafiəsi sahəsində
öz borclarını yerinə yetirirlər” və s. Rusdilli
xalqlar əleyhinə psixozu dolayısı şiddətləndirən
yazılar da gözə dəyir. Hamısının da
üstündə danışıqsız icra edilməsi tələb
olunan qrif var. Heç nəyə baxmadan ciddi seçim gedir...
Qaydaya görə saat 12-dək cari nömrə
üçün müəyyən qədər materialı
yığmaqdan ötrü mətbəəyə göndərməliyik.
Mətbəə isə işləmir. Xəbər çıxır ki, Mətbuat prospektindəki
redaksiyaların başçıları “Kommunist” nəşriyyatının
direktoru Musa Nəbiyevin yanına yığışıblar -
mətbəə fəhlələri ilə işə
başlamaq barədə danışıqlar gedir”.
Şakir müəllim bütün detalları
xatırlayır. Məsələn, deyir ki, birinci səhifədə
verilən iri şəklin yanındakı essevari şəkilsözünü,
əslində ağını Əfqan yazıb.
Ş.Yaqubovun nömrənin məzmununu açan cümləsindəki
“Azərbaycanın azadlığı və istiqlaliyyəti
uğrunda” sözlərini Rəfail müəllim bu cür
redaktə edib: Azərbaycanın tam suverenliyi və ərazi
bütövlüyü uğrunda”. “Həlak
olmuş” kəlməsi isə “şəhid olmuş” ifadəsi
ilə əvəz edilib. (Bəli, o
Qanlı şənbə gecəsinin qurbanlarını ilk dəfə
“Səhər” şəhid adlandırıb - F.S.). Şəhidlərin
dəfn mərasimindən reportajı Hidayət Elvüsal,
Rusvat Bayramov, Bəxtiyar Sadıqov, Tahir Rüstəmov, Araz
Qurbanov və Zülfüqar Rüfətoğlu
hazırlamışdılar: Hökumət evinin
qarşısındakı meydandan Dağüstü parka qədər
qəm karvanının keçdiyi yol boyunca hərəsi bir
nöqtədə dayanıb, həmin nöqtədəki əhval-ruhiyyəni
qələmə almışdı. Redaksiyada oturub ağır
dərdi siqaret tüstüsü ilə bol-bol ciyərlərinə,
ürəyinə çəkən Vaqif Bəhmənli isə
mahir bənna kimi daşı daş üstünə qoyub əzəmətli
qala divarı ucaltmışdı: “O gecə bütün Azərbaycan
xalqı minillik qəhrəmanlıq, yenilməzlik tarixini təkrar
edirdi. Qanlı tarix təkrar olunurdu. Xalq qurban verə-verə oyanırdı, ayağa
qalxırdı” - bu sözlər Vaqifin qələmindən
süzülmüşdü.
Nömrədə
fotojurnalistlər Fərman Bağırovun, Cahangir İbadovun,
Ağaəli Məmmədovun, Rafiq Nəbiyevin və Yaşar
Xəlilovun böyük çətinliklə çəkdiyi
şəkillər yerləşdirilmişdi.
“Səhər”in
25 il ərzində saralmış həmin
nömrəsi Bakının şəhidlərin dəfn
günündəki mənzərəsini bu günün
oxucusuna belə çatdırır: “Bazar ertəsi. Yanvarın 22-si. Bakı yas içindədir.
Bu gün iki milyonluq bir şəhərdə bir
gülümsər üz görmək mümkün deyil.
Azadlıq və həqiqət meydanı qəm, dərd əlindən
çat verir. Yüz illər boyu
qızların, oğlanların qəm-qüssəsiz
qalxdığı Qız qalasının - ismət, namus
qalasının köksünə qara bayraq sancılıb.
Qız qalası özü boyda daş olub ədalətsizliyin,
namərdliyin təpəsinə düşmək istəyir.
Qız qalası üz cırır, yaxa
yırtır. Neçə-neçə
şəhid cənazəsi onun müqəddəs göz
yaşlarına bürünür. Bu göz
yaşları Şəhid yaralarına məlhəm ola bilmir”.
Dialoqda Xəlil
Rza Ulutürkün “Çıxdı “Səhər” qəzeti,
səhər boyandı qana” misralarını xatırladan
M.Süleymanzadə deyir: “Ümumiyyətlə, 20 Yanvar
qırğını və 20 Yanvar şəhidləri
haqqında çox yazılıb. Hələ
bundan sonra da yazılacaq. Ancaq heç bir
yazı “Vətən bu gün ağı deyir...” reportajının
yerini verməyəcək”.
Sonra Məzahir
müəllim qəzetin həmin nömrəsindən bir
parçanı misal gətirərək o günlərin kədər
dolu əhval-ruhiyyəsini, hüznünü, hətta
qürurunu, eləcə də qəzetçilərin üzləşdiyi
çətinlikləri yada salır: “İstəkli oxucular, 20
Yanvar Qanlı şənbə günündə Bakıda
şəhid olmuş yurddaşlarımızın son mənzilə
yola salınması mərasimindən əməkdaşlarımızın
hazırladığı reportaj, dəhşətli faciədən
bəhs edən fotoşəkillər yanvarın 22-də bizdən
asılı olmayan səbəblərə görə çap
edilmədi. Aradan iki soyuq və hüznlü
qış günü keçib. Həmin
fasiləyə görə materiallara əl gəzdirmək, matəm
dəqiqələrinin göynərtili əhval-ruhiyyəsini əks
etdirən cümlələri zamanca dəyişdirmək də
olardı. Xalqımızın, eləcə
də bizim hamımızın şəhidlərlə
vidalaşdığımız dəqiqələrdə
keçirdiyimiz sarsıntı və həyəcanları,
ağrı-acını, sonsuz dərdi olduğu kimi
çatdırmaq üçün bir vergülə də
toxunmadıq”.
Həmin
nömrəsində “Səhər” uzaqgörənliklə
yazırdı: “Yox, bu gənclər ölməmişlər və
heç zaman ölməyəcəklər. Hər dəfə
sən, mən, o, “Şəhidlər xiyabanı”na baxanda onların ölməz ruhu ilə
salamlaşacaq və sonsuz minnətdarlıqla təkrar-təkrar
deyəcəyik:
- Rahat
yatın, əzizlərimiz. Sizin hər damla
qanınız Vətən torpağına atılmış
igidlik imzasıdır”.
Fədakar müəlliflərinin səyi, zəhməti
və bacarığı ilə qəzetin növbəti
nömrələri də çıxdı.
Məzahir
Süleymanzadə: “Səhər” düz 40 gün 20 Yanvar şəhidlərinə
yas tutdu, - deyir. - Ehsanımız yalnız söz olsa da, millətimizi
ovundurmağa çalışırdıq. Oğul
itirmiş analar, qardaş itirmiş bacılar, ər
itirmiş gəlinlər ağı, bayatı deməyi “Səhər”dən
öyrəndilər”.
Yeri gəlmişkən qeyd edək ki, 20 Yanvarla
bağlı indi dillər əzbəri olan bir çox əsərləri,
o cümlədən şair Məmməd Aslanın məşhur
“Ağla, qərənfil, ağla” şerini, el ağbirçəyi,
professor Əzizə Cəfərzadənin söylədiyi bayatıları
- ağıları, İlham-Fərizə sevgisinin təfərrüatlarını
da oxuculara ilk dəfə məhz “Səhər”
çatdırıb.
Hər yazı, hər nömrə çətinliklə başa gəlirdi. Bir çox hallarda hərbçilər jurnalistlərə hədə-qorxu gəlir, onları təqib edirdilər. “Qara Yanvar dialoqu”nda Şakir Yaqubov deyir: “...Komendantlığın Nəsimi rayon şöbəsindən üçüncü dəfə, axşam saat səkkizin yarısında kor-peşiman qayıtdım. Gecə işi üçün buraxılış vərəqəsi vermədilər bizə. Bir kapitanla ağızlaşaraq: “Nə haqla bizə buraxılış vərəqəsi vermirsiniz? Biz yarım milyon tirajla çıxan qəzetik, MK-nın orqanıyıq” - deyə etirazımı bildirərkən qonşu otaqdan çıxıb bizə yaxınlaşan nataraz polkovnikin acıqlı sözləri indi də qulaqlarımda səslənir: “Hansı qəzetdir o? Milli dildə çıxan qəzet? Tüpürüm sənin MK-na da, qəzetinə də!.. Lazım deyil sənin qəzetin heç kimə! Çıxırsa, qoy “Vışka” çıxsın, “Bakinski raboçi” çıxsın...” Və bir də etirazıma cavab: “İndi səni otuz sutkalığa qoduqluğa atarıq, onda bilərsən ki, sovet zabiti kimdir və onunla ağız-ağıza vermək nə deməkdir!” Onsuz da bəlli idi ki, sovet zabiti kimdir və onunla ağız-ağıza vermək nə deməkdir: gündüz ana torpağa tapşırdığımız şəhidlərin al qanını səkilərdən, yollardan hələ yumamışdılar...”
Nəhayət, deyilənlərə bir məqamı da əlavə etmək istərdik. Həmin dəhşətli gündə və ondan sonrakı ağır dövrdə qəzet buraxan, məqalələr yazan həmkarlarımız artıq yaşa dolublar, hamısının saçına dən düşüb. O vaxt, ölümü, bax beləcə, gözünün altına alıb öz vətəndaşlıq borcunu yerinə yetirəndə, qələmə sarılıb Vətəninin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə başlayanda isə hamısı cavan idi. Bakının qanlı küçələri ilə addımlayıb redaksiyaya, mətbəəyə, tapşırıq yerinə yetirməyə gedəndə evdən hərəsinin arxasınca iki-üç körpə boylanırdı... Onların özləri isə ölümün gözünə dik baxırdılar!
Bax beləcə, tarix yaxşını da, yamanı da öz yaddaşında möhkəm mühafizə edib saxlayır. Onun pis əməl sahiblərinə qarşı ittihamı böyük olur. Tarixin səhifələrindən yaxşı əməllər barədə xəbər tutan yeni-yeni nəsillər isə bu əməllərin sahiblərinə minnətdar duyğular bəsləyirlər.
Flora SADIQLI,
Azərbaycan.-2015.- 16 yanvar.- S.10.