“Yeni baxış, yeni imkanlar - Şəmkir

Aqropark” adlı biznes forum keçirilmişdir

 

Prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi və Şəmkir çayı üzərində dövlət başçısının tapşırığı ilə dəryaça inşa olunması region üçün mühüm əhəmiyyətə malik olan “Şəmkir Aqropark”ın yaradılması layihəsini şərtləndirmişdir. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkirdə keçirilən forum da məhz bu layihənin təqdimatına həsr olunmuşdur. Forumun keçirilməsində məqsəd təməli dövlət başçısı tərəfindən qoyulmuş “Şəmkir Aqropark”ında yaradılacaq istehsalemal müəssisələrinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsi məsələlərinin müzakirə edilməsi idi.

Tədbiri giriş sözü ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı A.Məmmədov layihənin region iqtisadiyyatının inkişafındakı rolundan, dövlət tərəfindən bu layihəyə mühüm  əhəmiyyət verilməsindən danışmışdır. “Şəmkir Aqropark” MMC-nin  direktoru Zəfər Novruzov isə layihə və onun investisiya imkanları, innovativ-texnoloji yeniliklər barədə forum iştirakçılarına məlumat vermişdir. Qeyd olunmuşdur ki, tədbirin keçirilməsi məqsədlərindən biripotensial investorları və geniş ictimaiyyəti məlumatlandıraraq bu yolla həmin sahəyə  investisiya qoyuluşunu stimullaşdırmaqdır.

Sonra Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev “Dövlətin Aqroparka verdiyi dəstək”, iqtisadçı alim Mikayıl Rəhimov “Şəmkir Aqroparkın kənd təsərrüfatı mədəniyyətində mühüm rolu” mövzularında çıxış etmiş, İtaliyanın “Unitec” və “İsolcell”, Fransanın “MafRoda” və Türkiyənin “Beta” şirkətlərinin nümayəndələrinin təqdimatları dinlənilmişdir. Çıxış edənlər vurğulamışlar ki, “Şəmkir Aqropark”ın yaradılması aqrar sahənin inkişafına ciddi təkan verəcək, sahibkarların becərdikləri məhsulların çeşidlənməsi, qablaşdırılması, satışın reallaşdırılması, aqrar sahədə innovativ fəaliyyətin genişləndirilməsində mühüm rol oynayacaq. Yerli sahibkarlarinvestorlara Aqroparkda yaradılacaq aqroaptekin, innovasiyalartexnologiyalar mərkəzinin, logistik mərkəzin xidmətlərindən, həmçinin hazır məhsulların dünya bazarlarında satışını həyata keçirmək üçün zəruri beynəlxalq sertifikatların alınması və alıcılara çatdırılması xidmətlərindən yararlana biləcəklər. Qeyd olunmuşdur ki, “Şəmkir Aqropark” əhalinin yetişdirdiyi bütün kənd təsərrüfatı məhsullarını alacaq. Eyni zamanda, sakinlərə Aqroparkda yaradılmış imkanlardan bəhrələnmək, müxtəlif məhsul növlərinin yetişdirilməsi ilə bağlı tövsiyələr almaq, məhsuldarlığın artırılması üçün daha keyfiyyətli şitillər əldə etmək imkanı yaradılacaq. Görüləcək işlər yerli sakinlərin sosial rifahının bir qədər də yaxşılaşdırılmasına şərait yaradacaq.

Aqroparkların  yaradılması ixrac coğrafiyasının daha da genişlənməsinə və həcminin artmasına, milli  brendlərin formalaşmasına,  intensiv metodların tətbiqinə, istehsalçı, emalçı və istehlakçı arasında münasibətlərinin genişlənməsinə, yüksək məhsuldarlığa nail olunmasına və yeni yerlərinin açılmasına səbəb olacaq. Bildirilmişdir ki, Aqroparkda yaradılacaq müəssisələrin maliyyələşdirilməsinin əsas hissəsi sahibkarların vəsaiti və bir hissəsi isə dövlətin güzəştli kreditləri hesabına həyata keçiriləcək.

Tədbirin sonunda “Şəmkir Aqropark” MMC ilə İtaliyanın “Unitec” və “İsolcell”, Fransanın “MafRoda” və Türkiyənin “Beta” şirkətlərinin nümayəndələri arasında gələcək əməkdaşlığın ümumi əsaslarının müəyyən edilməsi məqsədilə anlaşma memorandumları imzalanmışdır.

Biznes forumunda dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, iqtisadçı alimlər, Kənd Təsərrüfatı Nazirliyinin, Şəmkir RİH-in nümayəndələri, Sahibkarlığa Kömək Milli Fondunun, “SynergyGroup”, “AtaHoldinq” ASC-lərin rəhbərləri, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının, kənd təsərrüfatı sahəsində qabaqcıl Avropa şirkətlərinin nümayəndələri, yerli və xaricdə fəaliyyət göstərən çoxsaylı azərbaycanlı sahibkarlar və KİV nümayəndələri iştirak etmişlər.

 

Əhməd İSAYEV,

Azərbaycan.-2015.- 17 yanvar.- S.2.