Nərgiz Paşayeva: Biz məktəblilərə elmə maraq aşılamalıyıq
Lomonosov adına MDU-nun Bakı
filialında Məktəblilərin Beynəlxalq Kimya
Olimpiadasının Rəhbər Komitəsinin nümayəndə
heyəti ilə görüş
2015-ci il iyulun 20-29-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında Məktəblilərin Beynəlxalq Kimya Olimpiadası (İCHO) keçiriləcək. Bununla əlaqədar, Olimpiadanın Rəhbər Komitəsinin sədri, Koreya Respublikası Soqanq Universitetinin professoru Dakuan Li başda olmaqla Rəhbər Komitənin nümayəndə heyəti Azərbaycan paytaxtına gəlib.
Rəhbər Komitənin tərkibinə 12 ölkənin nümayəndələri daxildir. İki günlük səfərin məqsədi təşkilati işlərin gedişi ilə tanış olmaqdır. Rəhbər Komitənin nümayəndələri Olimpiadanın nəzəri və praktiki turlarının keçiriləcəyi auditoriyalar və kimya laboratoriyaları ilə tanış olacaqlar. Səfərin proqramına əsasən, Rəhbər Komitənin nümayəndələri Beynəlxalq Kimya Olimpiadasının rəsmi açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Heydər Əliyev Mərkəzinə, habelə qarşıdakı Olimpiada dövründə komandaların rəhbərlərinin, elmi müşahidəçilərin və məktəblilərin yaşayacağı otellərə də baş çəkəcəklər.
Yanvarın
16-da MDU-nun Bakı filialında 47-ci Beynəlxalq Kimya Olimpiadasının
və Olimpiadanın Təşkilat Komitəsinin prezidenti,
M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru,
AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva Rəhbər
Komitənin üzvləri ilə görüşüb.
Görüşdə
Soqanq Universitetinin professoru Dakuan Li, Meksika Milli Avtonom
Universitetinin professoru Karlos Kastro-Akuna, Tayvan Milli Pedaqoji
Universitetinin professoru Ay-Ji Çanq, Macarıstanın Etvoj
Loran Universitetinin Kimya İnstitutunun professoru Qabor Madyarfalvi,
Çexiyanın Ali Kimya Texnologiyası Məktəbinin
fakültə rəhbəri Petr Xolts Xauzer, Sinqapur Milli
Universitetinin və Münxen Texniki Universitetinin fəlsəfə
elmləri doktoru Funq Fun Man, Vyetnam Milli Elmi Universitetinin kimya
fakültəsinin dekan müavini Nquyen Tyen Çao, M.V.Lomonosov
adına MDU-nun Bakı filialının kimya fakültəsinin
dekan müavini İqrar Nəzərov, Taylandın
Çulalonqkorn Universitetinin dosenti Voravan Bxantxumnavin, Kembric
Universitetinin mühazirəçisi Piter Uoters, M.V.Lomonosov
adına MDU-nun professoru Aleksandr Qladilin və Slovakiyanın Komenski
Universitetinin fakültə rəhbəri Martin Putala iştirak
ediblər.
Qonaqları
Moskva Universitetinin Bakı filialında salamlayan Nərgiz
Paşayeva deyib ki, Təşkilat Komitəsi Olimpiadanın
yüksək səviyyədə keçirilməsi
üçün məsuliyyətin dərəcəsini dərk
edir və bu etimada görə minnətdarlığını
bildirir.
Nərgiz Paşayeva qeyd edib ki, bu Olimpiada böyük tarixə malik neftçıxarma sənayesi və kimya elmində zəngin ənənələri olan Azərbaycan üçün çox mühüm tədbir olacaq.
Rektor deyib: “Əsas vəzifələrdən biri Olimpiadanı şəffaf keçirməkdir ki, onun nəticələri ədalətli olsun və heç kəsdə şübhə doğurmasın”. N.Paşayeva bu məqsədlə “qaynar xətt” yaradılmasının mümkünlüyünü istisna etməyib ki, Olimpiadanın bütün iştirakçıları onun keçirildiyi dövrdə öz qeydlərini bildirsinlər.
Olimpiadada yaşı 20-yə qədər olan şəxslər iştirak edə bilər. Buna baxmayaraq, onun iştirakçıları yalnız məktəblilər olacaqdır. Nərgiz Paşayeva deyib: “Biz məktəblilərə bu cür elmi müsabiqələrin ədalətli keçirilməsinə inam, elmə maraq aşılamalıyıq”.
Rektor qeyd edib ki, təhsil müəssisələrində işlədiyi dövrdə tələbələrin və şagirdlərin rəyləri onun üçün ən mühüm amil olub. Nərgiz Paşayeva deyib: “Bu prinsip mənim üçün hər şeydən yüksək olub. Mən çox istəyirəm ki, məktəblilər, hətta onlar qalib gəlməsələr də bilsinlər ki, hər şey ədalətli olub. Heç kəs - istər bizim universitetdən, istər olimpiadanın təşkilatçılarından, istərsə də münsiflər heyətindən və bütövlükdə bu tədbirdən narazı qalmamalıdır”.
Professor N.Paşayeva bildirib ki, Olimpiadanın təşkilatçıları qarşısında mühüm vəzifələr durur. Məsələn, Olimpiadanın elmi sanbalı təmin edilməli, kimyaya maraq güclənməlidir. Bundan əlavə, Olimpiada istedadlı gəncləri aşkar etməyə imkan verəcək.
Olimpiadanın Rəhbər Komitəsinin sədri Dakuan Li Azərbaycanda gördüklərinə və MDU-nun Bakı filialında yaradılmış şəraitə heyran olduğunu bildirib.
Dakuan Li deyib: “Bizim çoxumuz üçün bu, Azərbaycana ilk səfərdir. Biz buraya gəlmişik ki, Olimpiada daha uğurlu və məhsuldar olsun. Olimpiadanı uğurla keçirməyinizi arzu edirik. Biz bunun üçün əlimizdən gələni edəcəyik”.
Olimpiadanın MDU-nun Bakı filialında keçirilməsi haqqında qərar 2012-ci ilin iyulunda Vaşinqtonda Beynəlxalq Kimya Olimpiadasının İdarəetmə Komitəsi tərəfindən qəbul edilib.
Xatırladaq
ki, MDB ölkələri arasında Azərbaycan Məktəblilərin
Beynəlxalq Kimya Olimpiadasının keçirilməsi
hüququ qazanmış Rusiyadan sonra ikinci dövlətdir. Bu qərar MDU-nun Bakı
filialının nüfuzuna və onun xidmətlərinin beynəlxalq miqyasda tanınmasına dəlalət edir.
Azərbaycan.-2015.- 17 yanvar.- S.6.