8 ölkənin rəhbəri, 8 baş
nazir, 7 parlament sədri,
26 beynəlxalq
təşkilat rəhbəri...
Xarici
qonaqların Azərbaycana gəlişi 2014-cü ildə də
intensiv olub
Azərbaycan Prezidenti İlham Əliyevin və ölkə rəhbərliyində təmsil olunan şəxslərin xarici ölkələrə səfərləri ilə yanaşı, ayrı-ayrı ölkələrin də rəhbərləri 2014-cü ildə Azərbaycana səfərlər ediblər. Bu səfərlərin hər biri ikitərəfli əlaqələrin inkişafına təkan verməklə yanaşı, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yüksək mövqeyinin əsas göstəricilərindən biridir.
Azərbaycanın yaxın qonşuluq və strateji əməkdaşlıq münasibətlərində olduğu ölkələrdən biri Gürcüstandır. Azərbaycan dövləti bu siyasətdən irəli gələrək Gürcüstanı ən çətin zamanlarında ona dayaq olub, yardımlarını əsirgəməyib. 2014-cü ildə Azərbaycana ilk səfər edən Gürcüstanın yeni Prezidenti Georgi Marqvelaşvilinin Bakıda Prezident İlham Əliyevlə görüşü, apardığı danışıqlar, Azərbaycanla əlaqələrə böyük önəm vermələrini bəyan etməsi iki ölkə arasında münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyini göstərdi.
Fevral ayında isə Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarski, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Azərbaycana səfər ediblər. Prezident İlham Əliyevlə keçirilən görüşlərdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən energetika sektorunda genişləndirilməsinin önəmi vurğulanıb, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi olunub.
Fevralda Monako Knyazı II Albert Azərbaycana gəlib. Knyaz II Albertin
Prezident İlham Əliyevlə görüşündə Azərbaycan
ilə Monako arasında ikitərəfli əlaqələrin
müxtəlif sahələrdə inkişaf etdirilməsinə
dair fikir mübadiləsi aparılıb. Prezident İlham
Əliyev Monako Knyazının ölkəmizə səfərinin
Azərbaycan ilə yaxından tanış
olmaq üçün yaxşı fürsət
yaratdığını bildirib.
Aprel ayında Türkiyə Respublikasında keçirilən
bələdiyyə seçkilərindən sonra bu ölkənin
o zaman Baş naziri olan Rəcəb Tayyib Ərdoğan Azərbaycana
işgüzar səfər edib. Prezident İlham Əliyevlə
görüşdə Azərbaycanla Türkiyə arasında
dostluq və qardaşlıq münasibətlərinin siyasi,
iqtisadi, enerji, nəqliyyat sahələrində və
bütün digər sahələrdə uğurlu
inkişafından məmnunluq ifadə olunub, bu səfərin
ölkələrimiz arasında ikitərəfli münasibətlərin
daha da genişlənməsi baxımından önəmi qeyd
edilib.
Aprel ayında Kamboca Krallığının Baş
naziri Hun Senin rəhbərlik etdiyi nümayəndə heyəti
də Azərbaycana səfər edib. Kamboca
Krallığının Baş nazirinin Azərbaycana ilk səfərinin
əlaqələrimizin inkişafı baxımından tarixi əhəmiyyət
daşıdığını bildirən Prezident İlham
Əliyev səfərin uğurlu olacağına əminliyini
ifadə edib, ölkələrimiz arasında əməkdaşlığın
inkişaf etdirilməsi və güclü tərəfdaşlıq
münasibətlərinin qurulması üçün
yaxşı imkanların olduğunu vurğulayıb. Dövlət başçısı bu səfərin
təkcə siyasi sahədə deyil, iqtisadi sahədə də
əməkdaşlıq imkanlarını müzakirə etmək
üçün yaxşı fürsət yaradacağına
ümidvar olduğunu bildirib.
Azərbaycanın yaxın siyasi və iqtisadi münasibətlərdə
olduğu ölkələrdən biri də Fransadır. Ötən
ilin mayında Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi
səfəri əlaqələrin yüksək səviyyədə
olduğunu göstərdi. Səfər
zamanı Prezident İlham Əliyevlə görüşdə
ölkələrimiz arasında ikitərəfli əlaqələrin
siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə
uğurla inkişaf etdiyi bildirilib. Fransa Prezidenti
Fransua Ollandın ölkəmizə rəsmi səfərinin
ikitərəfli münasibətlərin genişləndirilməsi
baxımından önəmi vurğulanıb. “Ölkənizə səfər etmək
üçün dəvətinizə görə minnətdaram.
Ölkənizi özüm üçün kəşf
etdim. İlk dəfədir ki, buraya səfər
edirəm. Lakin sizi əmin edirəm ki, bu səfər
sonuncu səfər deyildir” -deyə F.Olland bildirib.
May ayında Prezidenti İlham Əliyev Avropa
Şurasının baş katibi Torbörn Yaqlandı və
Avropa Şurası Parlament Assambleyasının sədri
xanım Ann Brasörü qəbul edib. Görüşlərdə
Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın
daha da genişləndirilməsinin önəmi qeyd olunub,
sivilizasiyalararası dialoqda və Avropanın enerji təhlükəsizliyinin
möhkəmləndirilməsində Azərbaycanın rolu
xüsusi vurğulanıb, əməkdaşlığımızın
inkişaf perspektivləri ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
İyunun əvvəllərində İsveçrə
Konfederasiyasının Prezidenti Didye Burkhalter Azərbaycana rəsmi
səfər edib. Prezident İlham Əliyevlə
görüşdə ikitərəfli münasibətlərin
siyasi, iqtisadi və digər sahələrdə uğurlu
inkişafından məmnunluq ifadə olunub,
qarşılıqlı görüşlərin və səfərlərin
əhəmiyyəti qeyd edilib. Ölkələrimiz
arasında iqtisadi əməkdaşlığın və
qarşılıqlı investisiya qoyuluşunun daha da genişləndirilməsi
üçün yaxşı imkanların olduğu bildirilib.
Azərbaycanın xarici siyasətində prioritetlərdən
biri türk dövlətləri ilə əlaqələr və
bütövlükdə türk dövlətləri
arasında münasibətlərin dərinləşdirilməsidir. Bu məsələlər
iyun ayında Azərbaycana səfər edən Türkiyə
Böyük Millət Məclisinin sədri Cəmil
Çiçəyin, Qazaxıstan Respublikası Məclisinin sədri
Kabibulla Djakupovun və Qırğızıstan Jogorku
Keneşinin (parlamentinin) sədri Asilbek Jeenbekovun Prezident
İlham Əliyevlə görüşlərində də
müzakirə edilib. Görüşlərdə
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının Bodrumda keçirilən Zirvə
toplantısının əhəmiyyəti vurğulanaraq
Türkdilli Ölkələrin Parlament Assambleyası
Şurasının Bakıda keçirilən növbəti
iclasının da əlaqələrimizin daha da möhkəmləndirilməsi
işinə xidmət edəcəyinə əminlik ifadə
olunub.
Azərbaycanla
Avropa İttifaqı arasında əməkdaşlığın
geniş bazası var. Bu əməkdaşlığın
genişləndirilməsi istiqamətində ötən il də irəliləyiş müşahidə
olunub. İyun ayında Avropa Komissiyasının sədri Joze
Manuel Barrozunun Azərbaycana etdiyi rəsmi səfər göstərdi
ki, Aİ ilə Azərbaycan arasındakı əlaqələr
son illərdə yalnız yüksələn xətlə
inkişaf edib və bir neçə il əvvəl gələcək
perspektiv üçün proqnozlaşdırılan məsələlər
reallığa çevrilib. Joze Manuel Barrozu Bakıda mətbuata
bəyanatında deyib: “Prezident İlham Əliyevin dəvəti
ilə yenidən Azərbaycanda olmağımdan çox məmnunam.
Bu, mənim Azərbaycana ikinci səfərimdir.
Bu, Avropa İttifaqının Azərbaycana və
vacib ikitərəfli əlaqələrimizə verdiyi əhəmiyyətin
bariz nümunəsidir. Bundan əlavə,
bu, mənim ölkənizlə bağlı şəxsi
mövqeyimlə əlaqəlidir, çünki ölkənizin
müasirləşməsi istiqamətində atılan
addımlar məni valeh edir”.
İyun ayında Prezident İlham Əliyev Avropa
Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin
prezidenti Herviq Van Staanı qəbul edib. Herviq Van Staa
paytaxtımızda gedən böyük inkişaf proseslərinin
onda dərin təəssürat yaratdığını
bildirib. Görüşdə Azərbaycan
ilə Avropa Şurası arasında əlaqələrin
inkişafı, ölkəmizin Avropa Şurası Yerli və
Regional Hakimiyyətlər Konqresi ilə əməkdaşlığının
perspektivlərinə dair fikir mübadiləsi edilib.
İyunun
28-də Bakıda ATƏT Parlament Assambleyasının
“Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə
doğru” devizi altında iyirmi üçüncü illik
sessiyasının plenar iclasının açılış
mərasimi olub. Bu məqsədlə ölkəmizdə səfərdə
olan Monteneqro parlamentinin sədri, ATƏT Parlament
Assambleyasının prezidenti Ranko Krivokapiç, Rusiya Dövlət
Dumasının sədri Sergey Narışkin Prezident İlham
Əliyev tərəfindən qəbul ediliblər.
Hazırda Azərbaycanın bütün türk dövlətləri
ilə sıx əlaqələri var. Bunların arasında
Türkiyə ilə münasibətlər özəlliyi ilə
diqqəti daha çox cəlb edir. Bu münasibətlərə
rəmzi baxımdan xüsusi gözəllik qatan mühüm məqamlardan
biri də ölkə rəhbərlərinin seçkilərdən
sonra etdikləri səfərlərdir. Türkiyənin
rəhbərliyi seçkilərdən sonra ilk səfərini
Azərbaycana, Azərbaycan Prezidenti isə Türkiyəyə
edir. Türkiyənin yeni seçilmiş Prezidenti Rəcəb
Tayyib Ərdoğanın andiçmə mərasimindən
sonra - bu ilin sentyabr ayında ilk rəsmi səfərini məhz
Azərbaycana etməsi bir daha təsdiq etdi ki, bu, artıq
xoş ənənəyə çevrilməklə
yanaşı, ölkələrimiz arasında strateji əməkdaşlığa
və müttəfiqliyə verilən önəmin göstəricisidir.
Sentyabrda Gürcüstanın Baş naziri İrakli
Qaribaşvili və Malayziyanın Baş naziri Mohammad Najib Tun
Abdul Razak Azərbaycana səfər ediblər. Bununla yanaşı
sentyabrın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində
“Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz
dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli
mərasimdə iştirak etmək üçün
Bolqarıstan Prezidenti Rosen Plevneliev, Türkiyə
Respublikasının Baş naziri Əhməd Davudoğlu,
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili,
Yunanıstanın Baş naziri Antonis Samaras, Monteneqronun Baş
naziri Milo Cukanoviç ölkəmizə gəliblər.
Oktyabr ayında Rusiya Federasiyası Federal Məclisinin
Federasiya Şurasının sədri Valentina Matviyenko Bakıda
keçirilən IV Beynəlxalq Humanitar Forumda iştirak etmək
üçün Azərbaycana səfər edib. Prezident
İlham Əliyevlə görüşdə dövlət
başçısı forumda Rusiya Federasiyası nümayəndə
heyətinin Federal Məclisin Federasiya Şurası sədrinin
başçılığı ilə iştirakını bu
tədbirə verilən mühüm əhəmiyyət kimi dəyərləndirib.
Prezident İlham Əliyev parlamentlərarası əlaqələrin
ikitərəfli münasibətlərimizin daha da inkişaf
etdirilməsində önəmini vurğulayıb.
Həmin ay Albaniya parlamentinin sədri İlir Meta da Azərbaycana
gəlib. Prezident İlham Əliyevlə görüşdə
İlir Meta Azərbaycan ilə əlaqələrin, o cümlədən
TAP layihəsinin həyata keçirilməsinin Albaniya
üçün çox əhəmiyyətli olduğunu
bildirib. Azərbaycanın Albaniya ilə ikitərəfli
münasibətlərə önəm verdiyini vurğulayan
Prezident İlham Əliyev Azərbaycanın Avropada, Asiyada, həmçinin
Balkan regionunda fəal şəkildə investisiyalar
qoyduğunu qeyd edərək, ölkəmizin Albaniya
iqtisadiyyatının müxtəlif sektorlarına, o cümlədən
enerji, inşaat sektorlarına sərmayə yatırması
üçün əlavə imkanların nəzərdən
keçirilməsinin mümkün olduğunu qeyd edib.
Azərbaycanın yerləşdiyi regionda geniş əlaqələrə malik olduğu dövlətlərdən biri də İran İslam Respublikasıdır. Əhalisinin böyük hissəsi azərbaycanlılardan ibarət olan bu ölkə ilə müstəqil Azərbaycan dövlətini ortaq, mədəni və mənəvi dəyərlər bağlayır. İran Prezidenti Həsən Ruhaninin noyabr ayında Azərbaycana rəsmi səfəri də iki ölkənin münasibətlərinin normal məcrada inkişafının təsdiqidir. Bu səfər həm də ondan xəbər verir ki, Azərbaycan və İran dövlətləri və onların xalqları arasında heç bir anlaşılmazlıq yoxdur. Aparılan səmərəli fikir mübadilələri göstərdi ki, iki ölkə arasında qarşılıqlı səmimiyyətə söykənən dostluq münasibətləri çox güclü və qırılmazdır. Hər iki dövlət bütün məsələlərə münasibətdə vahid mövqedən yanaşır.
Dekabrın 1-də Azərbaycana Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani işgüzar səfər edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Əfqanıstan hər zaman beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. İqtisadi əməkdaşlıq üçün də yaxşı imkanlar mövcuddur, ticarət dövriyyəsi artır, bu sahədə yaxşı dinamika müşahidə olunur. Bu səfərdən sonra ticarət, investisiya, enerji və digər sahələrdə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlavə tədbirlərin görüləcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Dekabr ayında Serbiya Respublikasının parlamentinin sədri Maya Qoykoviçin və Malta Respublikasının Baş naziri Cosef Muskatın başçılıq etdikləri nümayəndə heyətləri Azərbaycana səfər edib. Onların Prezident İlham Əliyevlə görüşlərində ikitərəfli əlaqələrin və mövcud əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Ötən il müxtəlif beynəlxalq təşkilatların rəhbərləri də Azərbaycana səfər edərək Prezident İlham Əliyev və digər rəsmi şəxslərlə görüşüblər. Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşingeri, Beynəlxalq Sülh İnstitutunun prezidenti Terye Röd-Larsenin, Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralinin, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəninin, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin, NATO baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukarunun, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncının, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilmanın, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin Azərbaycana səfəri zamanı aparılan danışıqlarda əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Beləliklə, bu il ərzində Azərbaycana 8 ölkə (Gürcüstan, Monako, Fransa, İsveçrə, Türkiyə, İran, Bolqarıstan, Əfqanıstan) rəhbəri, 8 baş nazir (Bolqarıstan, Türkiyə, Kamboca, Gürcüstan, Malayziya, Yunanıstan, Monteneqro, Malta), 7 parlament sədri (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Monteneqro, Rusiya, Albaniya, Serbiya) səfər ediblər. Ötən il Prezident İlham Əliyev 26 beynəlxalq təşkilatın rəhbər və nümayəndə heyətlərini qəbul edib. Ümumiyyətlə isə beynəlxalq təşkilatların və onların müxtəlif strukturlarının təmsilçiləri Azərbaycana 40-a yaxın səfər ediblər.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.-2015.- 18 yanvar.- S.2.