Ərəfə
Gəncəbasar
od içində qovrulurdu
Bir vaxtlar bu yerlərin dincliyi pozulmuşdu. Çaykənd,
Azad və Kamo kəndlərindən bir-birinin dalınca həyəcanlı
xəbərlər gəlirdi. Hacıkənd-Göygöl
yolu, demək olar ki, işləmirdi. Əsasən
Çaykənddə yuva salmış erməni ekstremistləri
rus zabitlərinin köməyi ilə qonşuluqdakı Azərbaycan
kəndlərinə meydan oxuyurdular.
Təpədən dırnağa kimi silahlanmış
“saqqallılar” (o vaxtlar Ermənistandan gəlmiş erməni
yaraqlıları belə adlandırılırdı) pusqular
düzəldir, mal-qaranı oğurlayır, yoldan ötənlərə
basqınlar edir, qonşu kəndlərə atəş
açırdılar. Hələ 1989-cu il noyabrın 13-də
Çaykənddə milis sahə müvəkkilinə qəsd
edilmişdi. O vaxtdan bəri toqquşmalar ara
vermirdi. Bir neçə gün ərzində 26
nəfər azərbaycanlını müxtəlif yerlərdə,
müxtəlif vaxtlarda odlu silahla yaralamışdılar.
Quşçu-Armavir kəndində partlayış zamanı
dörd yaşlı oğlan uşağı ölmüş,
əsasən qaçqınların yaşadıqları 5-6 ev yandırılmışdı. Demək olar, hər gün vertolyotlar Ermənistandan
“saqqallılar” üçün müxtəlif silah-sursat,
partlayıcı maddələr daşıyır, onlar da əliyalın
adamların qabağında at oynadırlar.
Nahaq qan yerdə qalmır. Ata-baba yurdunda, öz isti
ocağında yaşayan dinc əhalinin ah-naləsi
vaxtaşırı erməni nankorlarını tutur, öz ətəklərindən
od alırdılar. Axşamüstü Ermənistandan
gələn “Mİ-8” vertolyotu Çaykənddə yerə enərkən
onun pərləri ətrafa toplaşan xeyli adamı biçdi,
ümumən 13 erməni öldü, bir neçəsi
yaralandı. İzi itirmək üçün tələm-tələsik
şil-şikəstləri yığışdırıb
Yerevana apardılar.
Bir neçə gündən sonra Çaykəndə
heç bir nömrə nişanı olmayan daha 12 vertolyot gəldi. Hərəsində
də hərbi formalı 20-22 nəfər “saqqallı”. Əllərində hər cür döyüş
sursatı - avtomat, karabin. “Saqqallı”
quldurlar gələn kimi də “işə” başladılar.
Fermada işləyən ata-oğul girov
götürüldü. Todanda güllə səsləri
ara vermədi. Gələnlər
deyirdilər ki, ölən və yaralanan çoxdur. Əsl müharibə gedir. Hadisə yerində
məni SSRİ Daxili İşlər Nazirliyinin Xanlar
rayonundakı (indi Göygöl) istintaq qrupunun rəhbəri
S.Astaxovun raportu ilə tanış etdilər.
Moskva üçün yazılmış həmin rəsmi sənədin
məzmunu belə idi: “Regionda vəziyyət gərgindir. Çaykənd sakinləri tutduqları vəzifədən
asılı olmayaraq bütün azərbaycanlıları erməni
kəndlərinə yaxın qoymurlar. Onlar
hətta hökumət nümayəndələrini və
hüquq-mühafizə orqanlarının işçilərini
də ölümlə hədələyirlər”.
Bütün
Azərbaycan eli kimi qədim Gəncə də
təlatüm içində idi. Erməni
nankorlarının həyasız iddiaları, Qarabağ tələbi
hamını boğaza yığmışdı. Dözmək olmurdu. Noyabrın
21-də qədim Gəncə ayağa qalxdı. Səhər tezdən küçə və
meydanlarda kütləvi nümayişlər başladı.
Vəziyyətlə əlaqədar Stepanakert
(Xankəndi) Pedaqoji İnstitutundan Gəncəyə
köçürülmüş 300 nəfər tələbə
qız öndə gedirdi. Onlara Gəncənin ali məktəblərinin tələbələri
də qoşuldular. Arxasınca bütün
şəhər axışır, əsl xalq
yürüşü hər yanı bürüyürdü.
Günün ikinci yarısında mərkəzi meydana 10 min nəfərdən
çox adam yığışdı. Mikrofonlar quruldu. Kütləvi
mitinq başladı. İynə atsan yerə
düşməzdi. Mikrofon əldən-ələ
keçir, qaçqınlar, tələbələr,
ziyalılar bir-birini əvəz edirdi. Hamının
sözü bir, tələbi eyni idi: “Qarabağdan əlinizi
çəkin, torpaqdan pay olmaz!”, “Nankorlara layiqli cavab verilsin”,
“Respublika rəhbərliyi gözləmə mövqeyindən əl
çəksin”.
Arabir şayiələr, dedi-qodular yayılsa da, şəhərin
ikinci hissəsinə, yəni ermənilər yaşayan tərəfə
hücum üçün cəhdlər edilsə də, tez-tez
araqarışdıranlar, fitnəkarlar görünsə də,
mitinq əsasən dinc, sakit keçirdi. Qəzəb
tufanı hərdən dəniz kimi qabarır, coşur, sonra
yenə asta-asta yatırdı. Gecə nisbətən
sakit keçdi. Səhər eşitdik ki,
ictimai yerlərə və yaşayış binalarına
müəyyən ziyanlar vurulub, bəzi toqquşmalar olub.
Noyabrın 22-də səhər tezdən mərkəzi
meydanda mitinq davam edirdi. Bu dəfə adam əvvəlki
gündəkindən çox idi. Coşqun,
ehtiraslı çıxışlar hamının qəlbindən
xəbər verirdi. Narazılıq,
narahatlıq çoxalır, gərginlik getdikcə
artırdı. Gördülər qeyzli, qəzəbli
insan selini yatırmaq olmur, özümüzünkülər
namərdlik etdilər. Əlaltdan rus əsgərləri
köməyə çağırıldı, meydana tanklar gəldi.
Neçə yerdə atəş
açıldı, ucu bıçaq kimi iti bellər, rezin dəyənəklər
işə düşdü. Al qana boyanan kim,
şil-şikəst olan kim, ayaqlar altında qalan kim...
Hay-küy, çığır-bağır, ah-nalə... Tanklar cövlan edir, “Gəncə”
univermağının yanından çıxıb Əzizbəyov
küçəsi ilə qalxır, Xətai prospektindən gəlib
“Bakı” kinoteatrının qabağında dövrə vururdu.
Xəbər gəldi ki, Gəncə Dövlət Dram
Teatrının önündəki körpünün üzərində
əsl dava gedir. Bu körpü azərbaycanlılarla ermənilərin
yaşadıqları məhəllələr arasında qeyri-rəsmi
sərhəd sayılırdı. Hiddətli, qeyzli
insanlar üz-üzə dayanıb! Hər yanda
avtomatlar şaqqıldayır, əsgərlər gah orada, gah
burada çaşıb qalmış adamların üstünə
cumurdular. Əsl əlbəyaxa, qeyri-bərabər
vuruş gedirdi. Əliyalın cavanlar
nankorları daşa basır, onların
qarşısını kəsir, haradansa tapdıqları
şüşələrə benzin töküb tankların
üstünə atırdılar. Bir tank elə
küçədəcə alışıb kül oldu.
Neçəsi od-alova bürünəndə tələsik
aradan çıxdı.
Tanklar, döyüşçülər xəlvəti gəldikləri
kimi, qəfildən də yox oldular. Mitinqin
ağırlığı yenə də mərkəzi meydana
keçdi. Hava qaralsa da, meydan boşalmır, əksinə,
ölənləri, yaralananları gördükcə hiddətlənən
adamlar axışıb gəlir, müqəssirləri tələb
edirdilər: “Qoşunu kim
çağırıb, niyə xəbərsiz, xəlvət gəlib
əsgərlər? Hanı şəhərin başbiləni,
gəlsin, cavab versin!”
İrəli çıxan, cavab verən olmadı. Dedilər,
birinci katib gecə ikən qaçıb. Meydanın
düz ortasında icra hakimiyyətinə məxsus qara “Volqa”
yandırıldı...
Gəncə vahimə içində qaynayırdı.
Həmin gecə və sonrakı günlərdə qəzəb
dalğası hər yanı bürüdü. Şəhərin
müxtəlif yerlərində, xüsusən ikinci hissədə,
Dram Teatrının önündəki körpünün
üzərində çoxlu qanqaraldan hadisə oldu. Qədim Gəncə komendant saatının sərt məngənəsinə
alındı. Dəmir halqa onu düz bir il
sıxdı, sarsıtdı. Müxtəlif vaxtlarda, müxtəlif
yerlərdə toqquşmalar zamanı 3 nəfər əsgər
və 5 nəfər azərbaycanlı - kişi, qadın,
uşaq öldürüldü. Zədələnən,
yaralanan isə 300 nəfərdən çox oldu.
...Ata-baba
yurdlarından qovulan soydaşlarımız Azərbaycana, eləcə
də Gəncəyə axışıb gəlir, bəd əməllərinin
üstünün açıldığını görən
ermənilər çıxıb getməyə məcbur
olurdular.
Gəncə
- ulu adın mübarək!
Xalqın qəzəbi dəniz kimi kükrəyirdi. Hər yerdə “Gəncə”...,
“Gəncə”..., “Gəncə”...” Şəhərin
adı qaytarılsın!” sədaları ucalırdı.
Əhalinin təkidi ilə şəhər sovetinin
növbədənkənar sessiyası keçirildi. Bu izdihamlı
toplantı ümumşəhər mitinqinə bənzəyirdi.
Ziyalılar, qonaqlar deputatdan, məmurlardan
çoxdur. Məsələni də elə
onlar qaldırmışdılar. Bütün
günü çox gərgin keçən sessiyada axır ki,
qərar qəbul edilir. Gəncə
adının qaytarılması üçün müvafiq təşkilatlar
qarşısında məsələ qaldırılır.
Sanki əsəblərə sərin su səpilir.
Təki bu “çobanaldadan” ötəri yaz
yağışı olmasın. Xalqın birliyinə min
şükür! Qəlbi yanan, sözü
ötən bir dəstə ziyalı Bakıya yola
düşür.
30 dekabr
1989-cu ildə respublika Ali Soveti Rəyasət Heyəti qərar
qəbul etdi: “Kirovabad şəhəri Gəncə şəhəri
adlandırılsın”.
Yeni il axşamı bu xoş xəbər hər
yana nur çilədi. Keşməkeşli
1989-cu ilin son günü əsl bayrama çevrildi.
İstirahət günü olmasına baxmayaraq, minlərlə
adam mərkəzi meydana axışıb gəldi.
Bu dəfə qəm-qüssə
üçün yox - sevinc, fərəh, təbrik, təntənə
üçün.
1990-cı
il yanvarın 2-də Gəncə
çayı sahilindəki konsert salonunda iynə atsaydın,
yerə düşməzdi. Gəncənin ad
günü təntənəli surətdə qeyd olundu. Ağsaqqal Muqbil Nəzərov deyir ki, kaş
Dağlıq Qarabağ problemi də belə uğurla həll
ediləydi.
Dağlıq Qarabağ məsələsi isə gündən-günə
daha da qəlizləşirdi. Bıçaq
sümüyə dirənmişdi.
Şəhəri
mərdlər müdafiə edirdi
Ölənlərin, yaralananların, girov
götürülənlərin sayı hər gün, hər
gecə artırdı. Respublika rəhbərliyi isə süst-səssiz
tərəddüdlə ləngər vururdu. Belə gərgin anlarda yuxarıdan əmr gözləməyin,
əli qoynunda durub baxmağın heç yeri deyildi. Ən qeyrətli, cəsarətli oğullar
nizamlı-nizamsız dəstələrlə düşmən
üzərinə axışıb gedirdilər. Gəncəbasarda
könüllülərdən ibarət bir neçə dəstə
yaranmışdı: “Boz qurd”, “Oğuz”, “Qatır Məmməd”...
Onlardan birinə Ruzigar Qasımov başçılıq
edirdi. Gənc komandir yeni yaratdığı dəstə ilə
gecə-gündüz səngərdən-səngərə
atılırdı. Onlar 12 nəfər idilər.
Hamısı da say-seçmə igid.
Ruzigarı da ki, bir hünər çeşməsi, bir qeyrət
qalası! O alovlu günlərdə bir də eşidirdin ki,
döyüş dostu Abbasqulu Məmmədovla birgə Nüvədi
kəndinə yollanıb. Necə, nə yolla?
Bir Allah bilir! Gecə-gündüz bir
ayağı Todanda olurdu, bir ayağı Nüvədidə.
Özgələri bir yana,
özümüzünkülər bu fədailərə
göz açmağa qoymurdular. Kim idi baxan.
Qardaşı Füzuli deyir ki, o gecə Nüvədidən
gələndə Ruzigarın üzünü düz-əməlli
görmədik. Bir stəkan çay içib Todana
yollandı. Yanvarın 12-də isə
acı xəbər bütün Gəncəni sarsıtdı.
Ruzigar Qasımov qəhrəmancasına, Abbasqulu Məmmədov
qəhrəmancasına... Beləcə, ilk şəhid
yarası Gəncəbasar elinə vuruldu.
Onsuz da qəzəbdən, kindən dəniz kimi
çalxalanan Gəncə təlatümə gəldi. Bir ara
şəhidlərin meyitlərini tapa bilmirdilər. Səksəkəli,
intizarlı bir gün bir il kimi keçdi.
Güclə tapıb od içindən
zor-bəla çıxardılar onları.
14 yanvar
1990-cı il. Hüznlü
bir gündür. Gəncə matəm
içindədir. Qədim şəhərin
küçələri belə insan seli görməmişdi.
Nakamların kəcavələri
qara-qırmızı bayraq kimi əllər üzərində,
başıbəlalı Gəncənin küçələrini,
məhəllə və meydanlarını gəzir, elin kədəri,
xalqın nifrəti dolanbac yollara sığışmır.
Baş meydanda mitinqlər ara vermir, şəhidlərin
ruhu insanları intiqama səsləyir, Gəncə camaatı
ilk şəhidləri son mənzilə yola salırdı.
Elə həmin
gün, matəm alayı məzarlıqdan qayıtmamış
ulu Gəncəyə yara üstündən yeni bir yara dəydi:
Hacıkənddə vertolyot atəşindən
döyüş dostu ilə birgə Neman Vəliyev həlak
oldu.
Səhərisi
Todanda daha bir oğul qurban getdi: namərd gülləsindən
çoban Bayramın ömrü qırıldı. Sonra kolxoz
sədri Əliqara Hüseynov və sürücü Ələkbər
Hüseynov... Sonra Nadir Bağırov və Yusif Kosayev, sonra...
sonra...sonra... Beləcə, neçə-neçə
şəhid məzarı Gəncəbasar torpağına
göz dağı oldu.
Bunlar Gəncənin ilk cəfakeşləri, ilk şəhidləridir. Bütövlükdə
Azərbaycan üzrə birincilər sırasında vətən
uğrunda canlarını qurban verdilər.
Qanlı 20 Yanvara isə hələ qalırdı.
Bir
görüşün tarixi
Ruslara arxalanan ermənilər gündən-günə
daha geniş əl-qol açırdılar. Ermənilərin “xeyirxah
himayədarları” təxribat aparır, bir-birinin dalınca
yeni-yeni fitnəkar qərarlar qəbul edirdilər: “Şaumyan
rayonu və Çaykənd zonası Dağlıq Qarabağa
birləşdirilsin”.
Sov.İKP
MK katibi A.H.Girienko, SSRİ Ali Soveti Millətlər Sovetinin sədri
R.H.Nişanov və Azərbaycan KP MK katibi V.P.Polyaniçko
Stepanakertə buraxılmayanda “saqqallılar”ın ayağı
daha da yer aldı.
Növbəti təxribat üçün
yaraqlı-yasaqlı maşında Çaykəndə gedən
Şaumyan rayonunun rəhbər işçiləri, prokurordan
tutmuş birinci katibə kimi yaxalandılar. Ermənilər
isə buna cavab olaraq elektrik xəttini düzəltmək
üçün Gəncədən gəlmiş montyoru, milis
nəfərini, meşə işçilərini və
çobanları tutdular. Danışıqlar
başlandı. Qarşılıqlı
mübadilə üçün razılıq alındı.
Bu məqsədlə bir neçə ixtiyar sahibi ilə
birlikdə Şaumyan rayonuna, daha doğrusu, Şəfəq kəndinə
gəldik. Ciddi mühafizə olunan sərhəddə xeyli
gözlədik. Rayonun mərkəzinə
getmək müşkül məsələdir. Rayon hərbi komissarı Teymur Həsənov da burada
“qapı dalında” qalıb. Xidməti
ezamiyyətdə imiş. Qayıdanda
görüb ki, aləm bir-birinə qarışıb. Yol-iz bağlanıb. Demədiyi,
müraciət etmədiyi yer qalmayıb. Rayona,
ev-eşiyinə, iş başına buraxmırdılar.
İndi bizimlə birgə “sərhəd zonası”nın müdafiə-keçid məntəqəsində
oturub komendantı gözləyirdi.
Yaxınlıqdakı Todan kəndi mühasirə
içində idi. Yeri çox narahatdır. Dərənin arasında yerləşir. Hər yan ovucun içi kimi aydın
görünürdü. Yuxarıda isə
saqqallıların tankları, pulemyotları
düzülmüşdü. Təpələrin birində
doluya qarşı mübarizə üçün nəzərdə
tutulmuş nəhəng top da döyüşə hazır vəziyyətdə
idi. Qəfildən kimsə tərpənən
kimi avtomat, snayper atəş açırdı.
Bütün günü gözlədik. Axşam tərəfi
Şaumyan səmtindən iki maşın göründü.
Hər şey detektiv filmlərdə olduğu
kimi gedirdi. O üzdən sürətlə gələn
“Vilis”lər məntəqəyə az
qalmış dayandı. Əvvəlcə əli
avtomatlı bir dəstə əsgər düşdü.
Sonra da iki nəfər zabit. Silahları
təhvil verdilər. Astaca taxta köşkə
qalxırıq. Qapı örtülür.
Danışıqlar başlanır.
Şaumyan tərəfdən rayonun hərbi komendantı,
podpolkovnik Nikolay İliç Qnes və onun köməkçisi. Biz tərəfdən
isə Xanlar rayon daxili işlər idarəsinin rəisi,
podpolkovnik Cavanşir Babayev və ictimaiyyətin bir neçə
nümayəndəsi. C.Babayev səlis rus
dilində zabitəli səslə tələbləri bildirdi.
Birinci tələb. Qarşıdurma ilə heç bir əlaqəsi
olmayan 9 nəfər evdar qadın və 2 yaşlı körpə
uşaq təcili surətdə buraxılsın.
Podpolkovnik Qnes cavab verdi ki, rəhbərliklə
bu barədə danışmışam, düz deyirsiz, tezliklə
bu məsələ həll olunacaq.
İkinci tələb. Elektrik xəttini
düzəltmək üçün Gəncədən köməyə
gəlmiş mütəxəssisləri, xidməti vəzifədə
olmuş milis nəfərini, çobanları və
sürünü qaytarın. Əvəzində
Çaykəndə əlisilahlı gələn Şaumyan
rayonunun rəhbər işçilərini veririk. Bir
şərtlə: onlar gərək respublikamızı tərk
etsinlər.
Qnes bildirdi ki, şəxsən özü razıdır. Gərək
gedib rəhbərliklə məsləhətləşsin.
Sabah növbəti görüşə ehtiyac
olsa, dəyiş-düyüşün əməli tərəflərini
dəqiqləşdirərik. Sonra komendant
bizimkilərdən xəbər aldı ki, Şaumyan rayonunda
yaşayan malakanlara iradınız yoxdur ki?
Yığışanların hamısı birağızdan
dilləndi, qətiyyən! Biz əbədi
qonşuyuq. Bəlkə onların
söz-söhbəti var?
Qnes ilk dəfə gülümsündü. Əksinə, malakanlar sizdən
elə razılıq edirlər ki... Komendantdan xəbər
aldılar:
-
Bütün erməni kəndlərini hərbi qüvvələr
qoruyur, bəs azərbaycanlılar yaşayan yerləri kim mühafizə etməlidir? Todan,
Başqışlaq, Ballıqaya əslində sahibsiz qalıb.
Komendant
razılaşdı:
- Mən
təzə gəlmişəm - dedi - bu məsələni təcili
nizama salaram.
Səhər tezdən konkret söz-söhbətlə
görüşmək ümidi ilə ayrıldıq.
...Axşamüstü Gəncəyə qayıdanda həyəcanlı
xəbərləri izləyir, gözümüzü
qırpmadan televizora baxırdıq. Bir alim deyəsən,
İran səfərindən danışırdı. Diqqətlə dinləyirdik ki, görən
Bakıdan nə xəbər veriləcək. Qəfildən televizor söndü, veriliş kəsildi.
Bir müddət sonra telefona əl atdıq.
Bakıda, Zahid Xəlilov küçəsində
bir tanışımızın yaşadığı
binanın birinci mərtəbəsində təcili yardım
yerləşirdi. Zəng çaldıq,
tanışımız hıçqıra-hıçqıra
dedi ki, əsl müharibə gedir, bayaqdan şəhid meyitlərini
daşıyırlar.
Bir azdan telefon rabitəsi də kəsildi.
Qədim Gəncə nigaran, narahat bir gecə
yaşadı.
Hamı səhərə kimi gözü yolda,
qulağı səsdə qaldı. Səhəri
eşitdik ki, yanvarın 19-dan 20-nə keçən gecə qəfildən
Bakıya ordu yeridilib.
Müdhiş xəbər bütün ölkəni
sarsıtdı. Qədim Gəncə təlatümə gəldi.
Bütün günü Cümə məscidinin ətrafı,
mərkəzi meydan qazan kimi qaynayır, mitinqlər,
yığıncaqlar, yürüşlər ara
vermirdi. Hiddətlənən cavanlar
bayraqları, şüarları, plakatları qoparıb
dağıdır, ayaqlar altına atırdılar.
Xəbər gəldi ki, Bakıda bir gecənin içində
100-dən çox insan şəhid olub.
Gəncəli
yanvar şəhidi
Qanlı faciə Gəncədən də yan keçmədi. Nizami yurdundan
şəhid gedən də oldu, şikəst olan da. Onlardan biri Valeri Zakiroğludur.
Valeri Boqdanov 1958-ci ildə Gəncədə anadan olub. 1975-ci ildə
18 saylı dəmiryol məktəbində oxuyub. 1985-ci ildə isə Rostov şəhərindəki
Yol Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib.
Respublika Daxili İşlər Nazirliyi sistemində
işləyirdi. Qanlı Yanvar ərəfəsində
Bakıda idi. Baş leytenant V.Boqdanov
yanvarın 19-dan 20-nə keçən gecə operativ
tapşırıqla əməliyyata gedib.
Yoldaşlarının dediklərinə görə gecə
vaxtı şəhərdə əmin-amanlığın bərpası
üçün xeyli iş görüb. Səhər
tezdən isə onların maşını Tbilisi prospektində
düşmən atəşinə tuş gəlib. Valeri Zakiroğlu doğma Gəncə
torpağında dəfn olundu.
Ölümündən sonra o, “Qırmızı ulduz”
ordeni ilə təltif edildi. “Azərbaycan Respublikasının
azadlığı uğrunda mübariz” fəxri adına layiq görüldü. Adı
20 Yanvar tarixinə əbədilik yazıldı. Əslində bu qanlı olay hamı
üçün əsl ibrət dərsi oldu. Xalq mənfur düşmənlərini çox
yaxşı tanıdı. Kimin kim
olduğu bir daha bilindi. Bu, misli görünməmiş
faciəni bütün dünya pislədi.
“İzvestiya” qəzeti Gəncədən bir neçə
şəkil vermişdi. Altında da bu sözlər yazılmışdı: “Gəncə
şəhərinin partiya, sovet və digər təsərrüfat
rəhbərliyi partiya biletlərini yandırırlar”.
Hamıdan
əvvəl Gəncə öz qəti etiraz səsini
ucaltdı
Yanvarın 21-də şəhər Xalq Deputatları
Sovetinin növbədənkənar sessiyası
çağırıldı. Gəncəlilər
başı bəlalı Mixail Qorbaçova lənətlər
yağdırdı, onun bu avantürist hərəkətini qətiyyətlə
pislədilər.
Qəbul
olunmuş qərarda deyilirdi:
“Yanvarın 20-də Bakıda SSRİ Ali Soveti Rəyasət
Heyətinin fərmanına əsasən Azərbaycan
xalqına fiziki divan tutmaq, günahsız adamları əvvəlcədən
planlaşdırılmış qaydada kütləvi surətdə
qırmaq məqsədilə ordu tərəfindən törədilmiş
qanlı cinayətlər pislənilsin. Bu cinayətkar hərbi hərəkətlərin
icraçılarını və təşkilatçılarını
cinayət məsuliyyətinə cəlb etmək SSRİ
Prokurorluğundan tələb olunsun;
- Azərbaycanın
suverenliyi haqqında Konstitusiya Qanunu kobud surətdə
pozulduğuna görə Bakı şəhərində
fövqəladə vəziyyəti ləğv etmək
SSRİ Ali Sovetindən tələb olunsun;
- Gəncə şəhərindən sovet ordusu sıralarına çağırışlar milli qoşun hissləri yaradılanadək dayandırılsın;
- Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin SSRİ tərkibindən çıxmaq barədə 19 yanvar 1990-cı il tarixli fərmanı bəyənilsin və müdafiə olunsun;
- Respublikanın SSRİ tərkibindən çıxması barədə əhali arasında referendum keçirmək Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinə təklif olunsun;
- Şəhərdə vəziyyətə hüquq-mühafizə orqanları və ictimaiyyətin özü nəzarət etdiyinə görə şəhər Xalq Deputatları Sovetinin razılığı olmadan Gəncədə qadağan saatının tətbiq edilməsi qeyri-mümkün hesab edilsin;
- Gəncədə yerləşən hərbi hissələr yerli əhalinin nəinki Ermənistan tərəfindən edilən hücum və basqınlardan qoruya bilmir, əksinə, ictimai-siyasi vəziyyəti daha da gərginləşdirir. Buna görə də şəhər ərazisindəki hərbi hissələrin köçürülməsi SSRİ Müdafiə Nazirliyindən tələb olunsun;
- Regionda yaranmış vəziyyəti və əhalinin tələbini nəzərə alaraq rayonların hərbi komissarlıqlarına və icraiyyə komitələrinə şəhərin təhlükəsizliyini təmin etmək məqsədilə könüllü mühafizə komitəsi yaratmaq tapşırılsın”.
* * *
Səhəri günü qanlı terror aktına xalqımızın qəti etirazının bildirilməsi və Azərbaycan həqiqətlərinin hər yana yayılması üçün bir dəstə ziyalı Moskvaya yola düşdü. Gəncədə şəhərin və ətraf bölgənin mühafizəsi məqsədilə könüllülərdən ibarət fövqəladə müdafiə komitəsi yaradıldı.
Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün bir sıra tədbirlər görüldü. Şəhərin ən görkəmli yerində “20 Yanvar” abidəsi ucaldıldı.
Bu abidə - meydan bir sıra mədəni-maarif müəssisələrində yaradılmış xatirə guşələri, muzeylər və sərgilər kimi gəncəlilərin and yerinə çevrildi.
Əhməd
İSAYEV,
Azərbaycan.-2015.- 18 yanvar.- S.5.