Azərbaycan Dövlət Akademik Opera

 Balet Teatrındaİntizaroperası nümayiş olunub

 

Yanvarın 17-də Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunub.

Librettosu “ÜNS” Yaradıcılıq Səhnəsinin bədii rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayevaya məxsus olan operanın nümayişi 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilən tədbirlər çərçivəsində keçirilib.

Opera Azərbaycan tarixinin yaxın keçmişində baş verən faciəvi hadisələr, Xeyirlə Şərin əbədi mübarizəsi kimi ümumbəşəri mövzu kontekstində açılır. Xəyanət və hiylə ilə qonaqpərvər diyara gələn şər qüvvələr zorakılıqla səfalı bir diyarı viran qoyur, insanları amansızcasına qətlə yetirir, doğma yurd-yuvalarından didərgin salırlar. Bu dəhşətli hadisələrin əks-sədası bir ailənin taleyində izlənilir.

Əsər bir daha nümayiş etdirir ki, şər qüvvələrin basqısı nə qədər dəhşətli və güclü olsa belə, onlar Vətən sevgisi, ailə məhəbbəti ilə saf və inamlı həyat yaşayan insanların nə müqavimətini qırmaq, nə də onların qəlbindəki mübarizə əzmini məhv etmək iqtidarında deyildir. Hadisələrin faciəli axarına baxmayaraq, əsər əmin-amanlıq, xoşbəxtlik və ədalətin intizarında olan, gələcəyə inam və ümidlərini, mübarizə əhval-ruhiyyəsini əks etdirən təsirli finalla bitir. Səmada “ atlı”nın peyda olması qazanılacaq qələbənin intizarında olan bütün insanlara ümid işarəsidir. Bu ümidinam doğma torpaqların azadlığını nəyin bahasına olursa-olsun gerçəkliyə çevirəcəkdir.

İki pərdə və yeddi şəkildən ibarət operada bəstəkar bütün hadisələri solo, ansambl nömrələri, möhtəşəm xorlar vasitəsilə böyük ustalıqla, peşəkarlıqla əks etdirib. Eyni zamanda, müəllifin gələcəyə olan nikbin hissləri də operada öz təcəssümünü tapıb. Belə ki, sonda qələbəyə böyük inam bəsləyən bəstəkar operanı mübarizlik əhval-ruhiyyəsini aşılayan musiqi ilə, möhtəşəm sonluqla tamamlayır.

Operanın musiqi məzmunu çox zəngin, orkestr səslənməsi dolğun və parlaqdır. Diqqət çəkən məqamlardan biri də əsərdə “Qarabağ şikəstəsi”, “Humayun” muğamlarının səslənməsi, eləcə də orkestrə xalq çalğı alətlərinin daxil olmasıdır. Bu da əsərin süjeti ilə tam səsləşir.

Quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əyyub Quliyev olan tamaşada rolları xalq artisti Qərinə Kərimova, əməkdar artistlər Əkrəm Poladov, Gülnaz İsmayılova, Fərid Əliyev, Səbinə Vahabzadə, Fəridə Məmmədova və digərləri ifa ediblər.

 

AzərTAc

Azərbaycan.-2015.- 18 yanvar.-  S.8.