Azərbaycan-Yaponiya əlaqələri
sürətlə inkişaf edir
Yanvarın
19-da Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə
olan Yaponiya xarici işlər nazirinin müavini Minoru
Kiuçinin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb. Görüşdə
Azərbaycan-Yaponiya əlaqələri və inkişaf
perspektivləri müzakirə olunub.
Milli
Məclisin Sədri Oqtay Əsədov Yaponiya nümayəndə
heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirib
və qeyd edib ki, qarşılıqlı səfərlər
ölkələrarası əlaqələrin inkişafına
geniş töhfə verir. Xüsusən dövlət
başçılarının müxtəlif vaxtlarda
qarşılıqlı səfərləri iki ölkə
arasındakı münasibətlərdə çox
mühüm rol oynayır. Bundan başqa, iki ölkə
parlamentində dostluq qrupları fəaliyyət göstərir.
Bu qrupların da qarşılıqlı səfərləri
ölkələrarası və parlamentlərarası əməkdaşlığın
inkişafına təkan verir. Sədr Azərbaycan-Yaponiya əlaqələrinin
hazırda çox sürətlə inkişaf etdiyini deyib.
Bildirib ki, Azərbaycan Yaponiya ilə əlaqələrin
gücləndirilməsinə böyük önəm verir.
İqtisadi əlaqələrin dinamikası yüksələn
xətlə davam edir və getdikcə ölkələr
arasındakı hüquqi baza da gücləndirilir. Belə ki,
iki ölkə arasında 17 sənəd imzalanıb, 22 sənəd
isə baxılmaq ərəfəsindədir.
Sədr
vurğulayıb ki, 1993-cü ildən bəri Yaponiya Yardım
Fondundan Azərbaycana 1 milyarddan çox yardım
ayrılıb. Sədr Azərbaycanın yerləşdiyi
coğrafi məkan, ölkədə həyata keçirilən
irimiqyaslı layihələr və s. barədə də
qonaqları məlumatlandırıb. Bildirib ki, yaxın
vaxtlarda istifadəyə veriləcək Bakı-Tbilisi-Qars yeni
dəmir yolu xətti ildə 300 milyon ton yük daşıma
qabiliyyətinə malik olacaq.
Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına üzv seçilərkən
Yaponiyanın ölkəmizi dəstəklədiyini
xatırladan O.Əsədov Azərbaycanın da beynəlxalq təşkilatlar
qarşısında Yaponiyanı dəstəkləməyə
hazır olduğunu qeyd edib.
Görüşdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi barədə qonaqlara məlumat verilib.
Bildirilib ki, problemin həlli istiqamətlində Azərbaycan
sülhün tərəfdarıdır və beynəlxalq təşkilatları
bu məsələdə ədalətli olmağa səsləyir.
Yaponiya
xarici işlər nazirinin müavini Minoru Kiuçi Azərbaycana
səfərlərindən məmnun qaldıqlarını
bildirib. O, Azərbaycanın Cənubi Qavqazdakı lider
mövqeyini, Avropada və beynəlxalq təşkilatlardakı
rolunu yüksək qiymətləndirib. Qeyd edib ki, Yaponiya Azərbaycanla
təkcə iqtisadi yox, təhsil, səhiyyə, mədəniyyət
və s. sahələrdə də əlaqələrin
inkişafına xüsusi önəm verir. Azərbaycana gəlişlərinin
əsas səbəbi də qarşılıqlı əlaqələri
daha da möhkəmləndirməkdir.
Görüşdə
qonaqları maraqlandıran bir sıra məsələlər
barədə də fikir mübadiləsi aparılıb.
Elgün MƏNSİMOV,
Azərbaycan.-2015.- 20 yanvar.- S.1.