Milli Təhlükəsizlik
Nazirliyində 20 Yanvar faciəsinin 25-ci
ildönümü ilə
bağlı anım tədbirləri keçirilib
20
Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı
Milli Təhlükəsizlik Nazirliyində (MTN) anım tədbirləri
keçirilib.
Milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov başda olmaqla nazirliyin əməkdaşları Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Təhlükəsizlik orqanlarının Vətənimizin azadlığı uğrunda canlarından keçmiş əməkdaşlarının xatirəsi də ehtiramla yad olunub.
Sonra Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti adından “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub.
Nazirliyin ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildiriblər ki, anma mərasimi MTN-in Heydər Əliyev adına Akademiyasında davam etdirilib.
Əvvəlcə tədbir iştirakçıları Akademiyanın akt zalının foyesində 1990-cı ilin 20 Yanvar hadisələrini əks etdirən fotosərgi ilə tanış olublar.
Anım tədbiri açıq elan edildikdən sonra ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
Akademiya rəisinin müavini, general-mayor İsgəndər Allahverdiyev 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanın azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışıb. Bildirib ki, 20 Yanvar Azərbaycan tarixinə qanla yazılmış bir səhifədir və müdrik xalqımız həmin faciənin 25-ci ildönümünü dərin ehtiramla yad edir. Bu tarix Azərbaycanın milli azadlıq savaşının zirvəsi, milli düşüncənin oyanış günüdür. Eyni zamanda, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın öz müstəqilliyi və suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli tarixdir.
Ulu öndər Heydər Əliyev haqlı olaraq qeyd edib ki, həmin hadisə bizim üçün təkcə faciə deyil, həm də xalqın milli azadlıq hərəkatının ölməzliyini göstərən amil, soydaşlarımızın ürəyində yüz illərdən bəri yaşayan milli dövlət qurmaq istəyinin reallaşdırılması yolunda atılan əsaslı addımlardan biri kimi qəbul edilməlidir.
Qeyd olunub ki, totalitar sovet rejimi bu faciəni törətməklə özünün cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanlarımızın vəhşicəsinə qətlə yetirilməsi xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə qüdrətini bütün dünyaya bəyan etdi. Məhz bu fədakarlıq və iradə sayəsində xalqımız müqəddəs arzusuna çatdı, azadlığına qovuşdu. Azərbaycan qısa müddətdə müstəqil, sürətlə inkişaf edən dövlət kimi dünya birliyində özünün layiqli yerini tutmağa nail oldu.
Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı o günlərdə böyük bir gerçəyi – meydanda həqiqi liderin olmamasını bütün mahiyyəti ilə dərk etdi. Xalqının səsinə hər kəsdən əvvəl səs verən elə Heydər Əliyev oldu.
İ.Allahverdiyev baş vermiş qanlı olaylardan dərhal sonra Vətənini və xalqını sonsuz məhəbbətlə sevən ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətini xüsusi qeyd edib. Ümummilli liderimizin Moskvada nəzarət altında olmasına baxmayaraq, özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyev ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu Öndər təcavüzə kəskin etirazını bildirdi. Qoşunların Bakıdan çıxarılmasını tələb etdi və o vaxtkı SSRİ rəhbərliyini kəskin ittiham etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı eyni zamanda faciəyə elə imperiyanın mərkəzində verilən ilk siyasi qiymət idi.
İ.Allahverdiyev qeyd edib ki, məhz ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra onun təşəbbüsü ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verilib. Ümummilli Liderimizin şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinə hər cür yardım və kömək göstərilməsi üçün imzaladığı sərəncamlar Azərbaycanın azadlığı uğrunda canlarını qurban vermiş insanların xatirəsinə böyük ehtiramın bariz nümunəsi idi.
Dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində ölkəmizin böyük uğurlara imza atdığını bildirən İ.Allahverdiyev dövlətimizin başçısının müdrik və çoxşaxəli fəaliyyətində tarixilik və müasirlik amilini əsas tutaraq milli mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanması və inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb. Müstəqilliyimizin əldə olunmasında, qorunub saxlanılmasında və möhkəmləndirilməsində rolu olan insanlara bu gün dövlətimiz tərəfindən xüsusi qayğı ilə yanaşılır.
Diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət müstəqilliyi gündən-günə daha da möhkəmlənir, ölkəmiz sürətlə inkişaf edir, qüdrətlənir. Ordumuz gücləndikcə torpaqlarımızın erməni işğalından azad ediləcəyi gün yaxınlaşır. Bu gün Azərbaycan gənclərinin qarşısında duran vəzifələr bəllidir. Hər bir azərbaycanlı gənc şəhidlərimizin müqəddəs qanının yerdə qalmaması üçün öz üzərində daim çalışmalı, Vətənə layiqli övlad olmaq üçün bütün qüvvə və bacarığını əsirgəməməlidir. Yalnız bu halda əziz şəhidlərimizin ölməz ruhları qarşısındakı mənəvi borcu yerinə yetirmək olar.
Tədbirdə çıxış edən dinləyicilər və kursantlar da 20 Yanvar faciəsi ilə bağlı danışaraq Azərbaycanın müstəqilliyi, dövlətimizin daha da qüdrətli olması naminə bilik və bacarıqlarını əsirgəməyəcəklərini, Ali Baş Komandan İlham Əliyevin hər bir əmrini dərhal və qüsursuz yerinə yetirməyə hazır olduqlarını bildiriblər.
Mərasimin sonunda 20 Yanvar faciəsi ilə bağlı sənədli
film nümayiş etdirilib.
Azərbaycan.-2015.- 20 yanvar.- S.2.