Qürur günü
Tarixin qan yaddaşı:20 yanvar faciəsindən
25 il keçir
...Dəyərli
yazıçımız Anarın “Otel otağı” povestinin
motivləri əsasında çəkilmiş eyni adlı
filmdən maraqlı bir epizodu tez-tez xatırlayıram.
Ankaradan İstanbula doğru avtobus yolçuluğu vaxtı yanaşı oturacaqda əyləşmiş notarius məmuru filmin qəhrəmanına - Kərim Əsgəroğluna üz tutur:
- Əfəndim, bir şey soruşmaq zorundayam.
-
Buyurun...
- Azəri
qardaşlarımız necə olur ki, torpaqlarını ermənilərə
buraxırlar?.. Laçını,
Şuşanı?.. Necə
olur ki, Bosniyada xalq son damla qanına kimi savaşır,
torpaqlarını müdafiə edir, amma azəri
qardaşlarımız bir damla qan tökmədən
ev-eşiklərini düşmənə buraxırlar? Bu, üzqızardıcı bir hadisə deyilmi?
- Siz Bakıya gəldinizmi heç?!
- Xeyr, gələmədim.
- Bir gəlin
Bakıya, aparım sizi Şəhidlər xiyabanına. Orda
torpaq uğrunda yüzlərlə şəhid olanların məzarlarını
gördükdə, azəri qardaşlarınız
üçün xəcalət çəkməzsiniz...
* * *
Dünyanın
istənilən yerində, zamanın istənilən anında
Azərbaycan xalqına qarşı səslənə biləcək
bütün mümkün hərzə-hədyanlara hələ
25 il əvvəldən verilmiş
cavabımızdır, bu məkan...
Dilimizin söz xəzinəsində “qeyrət damarı”
deyə bir ifadə var. Bu, insan səbrinin son həddini, Adəm
övladının öz heysiyyətini qorumaq zərurətini
dərk etdiyi məqamda ölümü belə gözə
alıb irəli yürüdüyü anı ifadə edir.
Düzü, anatomiyaya, fiziologiyaya o qədər dərindən
aşina olmadığımdan bu ifadənin hansı elmi əsaslara
söykəndiyini izah etməkdə çətinlik çəkirəm. İnsan orqanizmində belə
bir damar həqiqətən varmı, yoxmu, əgər varsa, bədənin
hansı nahiyəsində yerləşir, bilmirəm!..
Öz şərəf və ləyaqətini qorumaqdan
ötrü ölümə getməyi insana sinir
siqnallarının necə diktə etdiyini bu cür sirlərin
biliciləri olan alimlərin yozumlarından oxumaq daha maraqlı
olar.
Amma əgər
məndən xalqın, torpağın, Vətənin qeyrət
damarı barədə xəbər alsalar, heç bir tərəddüd
etmədən onun yerini dəqiqliklə nişan verərəm:
bu, Vətən paytaxtının ən hündür nöqtəsində
dənizə, Günəşə doğru uzanıb gedən
və öz ucalığı ilə Azərbaycanın da
boyunu ucaldan, başını uca edən Şəhidlər
xiyabanıdır!..
Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü
uğrunda canını fəda etmiş qəhrəman
balalarımızı Vətənin dörd bir yanında
ağuşuna almış saysız-hesabsız xiyabanlardır,
şəhid məzarlarıdır!..
* * *
Azərbaycandakı Şəhidlər
xiyabanlarının ilk sakinləri barədə
düşüncələrimi qələmə almaq istərdim,
amma hiss edirəm ki, “ilk sakinlər” yanaşması yerinə
düşməyəcək. Çünki tarix boyu
Azərbaycan uğrunda canını fəda edib cansız bədəni
ilə bir parça Vətən torpağına
sığınan qəhrəmanlarımız həmişə
olub. Əfsuslar olsun ki, onların
amalları yerinə yetməyib. Bu qəhrəmanlıq,
fədakarlıq onların arzusunda olduğu müstəqil,
qüdrətli dövlət ideyasının həyata
keçməsi və əbədi var olması ilə nəticələnməyib.
İstiqlal
ideyasının yerini tutan qorxu, repressiya, siyasi
asılılıq mühiti zaman keçdikcə şəhidləri
unutdurmağa başlayıb, onların məzarlarına
doğru aparan cığırları da yavaş-yavaş ot basıb və günlərin birində hətta
bu məzarları torpağın sinəsindən
kürüyüb yerində park salıblar.
Azərbaycan şəhidlərinin amalları, onların
məzarları ilə birgə torpağa
gömülmüş arzuları məhz indi göyərib, məhz
indi gerçək olub və biz bu gün o gerçəkliyin əhatəsində
yaşayırıq.
* * *
Müstəqil
Azərbaycan dövlətinin adının çəkildiyi hər
məkan şəhidlərimizin müqəddəs
amallarının reallığa qovuşduğu yerdir!
Üçrəngli
bayrağımızın göylərdə qanad
açdığı hər an səmadakı
bayrağımızın al-əlvan rəngindən şəhid
ruhlarının şad olduğu məqamdır!
Bu gün
Azərbaycandakı ən böyük Şəhidlər
xiyabanının ötən əsrin əvvəllərində
Azərbaycanın istiqlalı uğrunda vuruşmuş Vətən
sevdalılarının, xalqımıza qarşı
soyqırımılarını durdurmaq üçün əlinə
silah alıb şərin üzərinə yürüyən qəhrəman
övladlarımızın bir zamanlar park salmaq adı ilə
torpaqdan, tarixdən silinən məzarlarının yerində
qərar tutması da mənim üçün simvolik məna
daşıyır.
...Və
hər il 20 Yanvar günü şəhidlərimizi ziyarət
etmək üçün elliklə Şəhidlər
xiyabanına doğru yol almağımız, hər ilin 20
Yanvar günü Azərbaycanda bir anım ruzigarının əsməsi
bizim - müstəqil Azərbaycan dövlətinin tarixdəki ən
qüdrətli günlərinin, illərinin şahidlərinin
müqəddəs şəhid ruhları qarşısında
mənəvi hesabatımızdır!
Bu il də belə illərdən düz 25-cisi...
Rəqəm
ritorikasına görə, Hüznün Yubileyi...
Yenə
yolumuz Şəhidlər xiyabanına sarıdır...
Yürüyüşümüz
- ayaqda olmağımızın, illər ötdükcə
daha da möhkəmlənməyimizin, mətinləşməyimizin
nişanəsi...
İzdihamımız
birliyimizin nümayişi...
Nizamımız
- xaosu, qarışıqlığı arxada qoyub
düzgün, aydın, sivil bir yolla gələcəyə
doğru irəliləməyimizin rəmzi...
Əllərimizdəki
qərənfillər - şəhidlərimizin nakam talelərinə
üzüntümüzün, verdiyimiz qurbanlara görə
acı təəssüfümüzün, içimizdəki kədərin
rəngi...
Gözlərimizdəki
işıq - Vətənimizə, dövlətimizə
sevgimizin izharı...
* * *
Biz - ömrün ixtiyar, yaxud orta yaşlarını, eləcə
də gənclik, yeniyetməlik dönəmlərini ötən
əsrin 80-ci illərinin sonları - 90-cı illərinin əvvəllərində
yaşamışlar, əslində nə qədər
böyük tarixi əhəmiyyətə malik hadisələrin
bilavasitə şahidləri olduğumuzun, bəlkə
heç fərqində deyilik.
20 Yanvar
faciəsi də bu hadisələrdən ən
mühümü idi...
Hər il yanvarın 19-dan 20-nə keçən gecənin
məlum saatlarında özümdən ixtiyarsız bir
anlıq gözlərimi yumub o anlarda nələrin baş
verdiyini xatırlamağa çalışıram.
Bir-birindən
dəhşətli epizodlar kabus kimi gözlərim önündən
keçir...
Onda Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin
birinci müavini vəzifəsində
çalışırdım. Bakıda fövqəladə
vəziyyət rejimi tətbiq olunduğundan şəhərdə
hərəkət üçün komendantlıq tərəfindən
mənə də xüsusi rəsmi icazə vərəqəsi
vermişdilər.
Gecə Bakıda törədilmiş qətliamın dəhşətli
mənzərələri səhər Yasamal rayonundan komitəmizin
yerləşdiyi Xətai rayonuna doğru aparan yolda,
küçəyə doğru ilk addımlarımdan ətrafımı
sardı. Küçələrdəki postlarda
addımbaşı saxlayıb sorğu-sual edirdilər, hər
dəfə icazə sənədimi göstərib küçədən-küçəyə,
postdan-posta adlamalı olurdum.
Bakı küçələrində üzləşdiyim
mənzərələrdən ruhum sarsılırdı. Küçələr
qan gölünə dönmüşdü, sazaqlı,
şaxtalı yanvar səhərində, tozlu küçələrdə
qalmış cəsədlər, asfaltın üzərindəki
qan ləkələri, əzilmiş avtomobillər, güllələrdən
deşik-deşik olmuş divarlar heç vaxt unuda bilməyəcəyim
Dəhşət Xatirəsi kimi yaddaşıma hopurdu.
Soyuq qış küləyi küçəyə
doğru ilk addımımdan başlanmış göz
yaşlarımı qurutmuşdu, göz yaşlarım
artıq içimə axırdı və o vaxtdan bəri elə
bilirəm ki, 1990-cı ilin 20 Yanvar səhəri içimə
axan o göz yaşları indiyə qədər dayanmayıb.
Hər
ilin 20 Yanvar səhəri içimə damcılayan o göz
yaşlarının istiliyini, acı tamını ürəyimdə
hiss edirəm...
* * *
20 Yanvar faciəsi baş verməyə bilərdimi?!
Sovet
ordusunun Bakıda amansızlıqla həyata keçirdiyi cəza
tədbirləri nəticəsində heç bir günahı
olmayan 133 nəfər dinc paytaxt sakininin öldürülməsinin,
744 nəfərin yaralanmasının, 841 nəfərin qanunsuz
həbsinin qarşısını almaq mümkün idimi?!
Müstəqilliyini
qansız-qadasız, heç bir qurban vermədən elan
etmiş başqa postsovet ölkələrinin yaxın təcrübəsini
yada salıb hərdən düşünürük: bəlkə,
bu, bizdə də mümkün idi?!
Hərbi gücü, amansızlığı, öz vətəndaşlarına
qarşı kütləvi repressiyaları, dünyanın
müxtəlif regionlarında törətdiyi qətliamlarla
tarixin xatırladığı ən qəddar rejimlərdən
olan sovet rejimi ilə bu qədər cəsarətli şəkildə
üz-üzə gəlməmək və belə böyük
itkilərlə üzləşməmək üçün,
bəlkə bir qədər səbr etmək olardı?!
Yenə bəlkələr,
bəlkələr...
Əfsus ki, bu suallara cavab vermək iqtidarında deyiləm. Çünki
tarix nə keçmiş, nə də gələcək
haqqında şərt və gümanlarla
danışmağı sevmir. Onun istinad mənbəyi
konkret zaman və məkanda yaşanan reallıqlardır.
Bu birmənalı
həqiqət qarşısında qəlbimdəki əminliyin
qoyduğu yalnız bircə qeyd-şərt var: əgər o
dövrdə Azərbaycan rəhbərliyində səriştəsiz
kəslər yox, xalqımızın ümummilli lideri, ulu
öndər Heydər Əliyev olsaydı, bəli, 20 Yanvar faciəsi
baş verməyəcəkdi.
Heydər Əliyev vəziyyətin bu yerə qədər
gəlməsini zəkasının gücü ilə əngəlləyə
biləcəkdi. Bu qədər itkilər də
yaşanmayacaqdı.
Amma 25 il əvvəl yanvarın 19-dan 20-nə
keçən o mənhus gecənin reallıqları tamam
başqa idi...
* * *
Azərbaycana
qarşı mənfur niyyətlərini həyata keçirməkdən
ötrü ən kiçik fürsəti belə əldən
buraxmayan xəyanətkar ermənilər üçün həyat
yoldaşı Raisa Maksimovna qiymətli hədiyyələrdən,
rüşvətin, bəxşişin dürlü növlərindən
əsla vaz keçməyən Mixail Sergeyeviç
Qorbaçovun hakimiyyətə gəlişi çoxdan
gözlədikləri imkan idi.
Amma M.Qorbaçovun hakimiyyətinin ilk illərində
SSRİ rəhbərliyində Heydər Əliyev kimi qüdrətli
bir Azərbaycan övladının təmsil olunması ermənilərin
öz niyyətlərini işə salmalarına mane olurdu. Heydər
Əliyevin siyasi gücü, qətiyyəti, zəhmi onlara Azərbaycana
qarşı planlarını işə salmağa imkan vermirdi.
Buna görə də ermənilər Heydər
Əliyevin Siyasi Bürodan istefa verdiyi günə qədər
gözlədilər. Onun istefasından cəmi 15 gün sonra isə
ermənilərin Dağlıq Qarabağla bağlı
iddiaları gündəmə gəldi.
Parisdə
keçirdiyi mətbuat konfransında Dağlıq
Qarabağın Ermənistana verilməsi iddiasını irəli
sürən, Fransanın “Humanite” qəzetindəki bəyanatında
Dağlıq Qarabağın Azərbaycanın tərkibindən
çıxarılıb Ermənistana birləşdirilməsinə
Moskvanın da razılığını bildirməsi barədə
məlumat verən Aqanbekyan M.Qorbaçovun ən yaxın
adamı idi. SSRİ rəhbərinin iqtisadi məsələlər
üzrə müşaviri vəzifəsində
çalışırdı.
1988-ci
ilin əvvəllərində M.Qorbaçovun Silva Kaputikyan
başda olmaqla, bir qrup şovinist erməni ilə
görüşü SSRİ rəhbərliyinin Dağlıq
Qarabağın Ermənistana verilməsinə dair
razılığının növbəti ifşası oldu...
* * *
Ssenarinin
çox sürətlə keçən davamı məlumdur:
Xankəndidə, İrəvanda antiazərbaycan və
antitürk ovqatlı mitinqlərə start verilir. Erməni
“Qarabağ Komitəsi”, onun keçmiş Dağlıq
Qarabağ Muxtar Vilayətindəki
separatçı-terrorçu təşkilatı “Krunk” gizli fəaliyyətlərinə
son qoyub öz bəd niyyətlərini açıq şəkildə
bəyan etməyə, Azərbaycana qarşı ərazi
iddiaları irəli sürməyə başlayır. Xəyanətkar qonşularımız tez bir zamanda
“Miatsum” adlanan hərəkat da formalaşdırırlar.
1988-ci ilin fevralından etibarən, həm Dağlıq
Qarabağda, həm də İrəvanda Azərbaycan
torpaqlarının Ermənistana birləşdirilməsi tələbi
ilə keçirilən mitinqlər silsilə şəkil
alır.
SSRİ rəhbərliyinin
heç bir ciddi reaksiyasının olmamasından ruhlanan ermənilər
Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin vilayətin
statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə
müraciət qəbul etməsinə nail olurlar.
Azərbaycanın o vaxtkı rəhbərliyi isə hadisələrə
fəal müdaxilə etmək əvəzinə, Kremldən gələn
əmrləri kortəbii şəkildə yerinə yetirir. Azərbaycan
xalqı, demək olar ki, taleyin ümidinə buraxılır.
Bir azdan Kreml Azərbaycana qarşı ssenarinin daha dəhşətli
epizodlarını işə salır. Azərbaycan cəmiyyətində
guya ermənilərə qarşı dözümsüz
münasibətin olması barədə görüntü
yaratmaq üçün 1988-ci ilin fevralında kimlər tərəfindən
təşkil olunduğu artıq kimsəyə qaranlıq
qalmayan məlum Sumqayıt təxribatları törədilir.
Əsasən sovet DTK-sının həyata keçirdiyi
bu təxribatdan ermənilər də təbliğat məqsədilə
yetərincə yararlana bilirlər. Fitvası xeyli əvvəldən
verilmiş, ssenarisi dəqiqliklə cızılmış
Sumqayıt hadisələri bir az da
saxtakarlıqlarla, uydurmalarla “bəzədilib” dünyaya
yayılır. Beləliklə, ermənilər
Ermənistanda və Dağlıq Qarabağda guya azərbaycanlılarla
ermənilərin bir yerdə yaşamasının
mümkünsüzlüyü əhvalını yaradırlar.
Bu iki xalqın bəs indiyə qədər Azərbaycan
torpaqlarında əsrlərlə bir yerdə necə
yaşadıqlarını kimsə soruşmur. İki xalq
arasında məqsədli şəkildə qızışdırılan
təfriqənin əsl səbəbləri kimsəni ilgiləndirmir.
Əvəzində, indiki Ermənistanın
mövcud olduğu tarixi torpaqlarımızda yüzlərlə
soydaşımız qətlə yetirilir. 250
min azərbaycanlı 1988-ci ilin sonuna qədər deportasiya
olunur, onların əmlakları talanır.
M.Qorbaçov Dağlıq Qarabağda gündən-günə
gərginləşən vəziyyəti nizama salmaq yerinə,
DQMV-nin sosial-iqtisadi inkişafının guya geridə
qalması barədə ermənilərin uydurduqları
yalanı müdafiə edir və ittifaq büdcəsindən
ora 400 min rubl vəsait ayırır.
1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Soveti DQMV-nin
Ermənistana birləşdirilməsi haqqında qərar qəbul
edir. İyul ayında SSRİ Ali Sovetinin Rəyasət
Heyətinin sessiyasında Dağlıq Qarabağ məsələsi
ilə bağlı müzakirələrə Azərbaycandan
olan deputatlarla eyni hüquqda Ermənistan deputatları da
qatılırlar. Bu, qanunazidd idi. Amma
Qorbaçov və ətrafı ermənilərin maraqları
naminə qanunları tapdayaraq onlara belə bir imkan yaratmaqdan
çəkinməmişdi...
* * *
1989-cu ilin yanvarında ittifaq rəhbərliyinin Azərbaycan
xalqına xəyanətlərinin ən müdhişinə
sıra gəldi. Yanvarın 12-də SSRİ Ali Soveti “Azərbaycan
SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi
idarəçilik formasının tətbiqi haqqında” qərar
qəbul etdi. Ermənilərin istədikləri
də zatən bu idi.
O vaxtlar
xidməti işimlə əlaqədar tez-tez Xankəndiyə -
Arkadi Volskinin rəhbərlik etdiyi Xüsusi İdarənin
iclaslarına gedirdim. Müzakirə olunan
bütün məsələlər yalnız və yalnız
ermənilərin xeyrinə həll olunurdu (Ermənilər əbəs
yerə Volskini Yeravanski adlandırmırdılar ki - H.M.).
Ən dəhşətlisi o idi ki, mən öz
doğma vətənimdə iki əli avtomatlı rus əsgərinin
müşayiəti ilə gəzirdim. Ermənilər
mənə düşmən kimi baxırdılar. Əgər
avtomatlı rus əsgərləri olmayasdı, onlar yəqin
ki, məni qətlə yetirərdilər...
DQMV-də xüsusi idarəçilik formasının tətbiqini
birbaşa Moskvaya tabe olan ermənipərəst A.Volski həyata
keçirirdi.
Azərbaycanın o dövrkü siyasi rəhbərliyinin
xüsusi idarəçilik formasına olan mənasız
ümidlərinə rəğmən ermənilər qısa
müddətdə A.Volskinin əli ilə 50 min azərbaycanlının
DQMV-dən qovulmasına nail ola bildilər.
Yalnız
xalq hərəkatının təsiri altında 1989-cu il noyabrın 28-də vilayətin idarəsi mərkəzin
nəzarəti altında olan Azərbaycan SSR Təşkilat
Komitəsinə tapşırıldı. Amma vəziyyət
yenə dəyişmədi. Bu dəfə də təşkilat
komitəsinin sədri təyin edilən V.Polyaniçko azərbaycanlıların
sıxışdırılmasını davam etdirirdi...
* * *
20 Yanvar hadisəsinə qədər SSRİ və
respublika rəhbərliyi guya vəziyyəti nizama salmaq məqsədi
ilə çox qərarlar, fərmanlar, sərəncamlar qəbul
eləmişdi. Amma arxiv sənədlərini ortaya
töküb zərrəbinlə sətir-sətir oxusaq, bu sənədlərin
hansındasa Azərbaycanın xeyrinə bircə maddəyə
belə rast gələ bilmərik. Bunların
hamısı Azərbaycan xalqını sakitləşdirib
susdurmağa, ermənilərin niyyətlərinə qapı
açmağa xidmət edirdi.
Bura qədər dözüm göstərən, təmkinli
davranışlarını qoruyan Azərbaycan xalqının səbr
kasası 1989-cu ilin noyabrında daşdı. Xalq anladı
ki, öz vəzifə kürsüsünü qorumaqdan özgə
dərdi olmayan səriştəsiz rəhbərlərdən Vətənə,
millətə bir fayda olmayacaq.
Yanvarın 18-də Bakıda və Azərbaycanın 11
rayonunda izdihamlı mitinqlər başlandı. Ümumi tətil
elan edildi. Əfsuslar olsun ki, o dövrdə
vəziyyətə nəzarət edə bilməyən ölkə
rəhbərləri kimi, xalq hərəkatına rəhbərlik
məsuliyyətini üzərinə götürmüş təcrübəsiz,
səbatsız şəxslər də məsələlərə
yanaşmalarda böyük səriştəsizlik
nümayiş etdirirdilər. Emosional,
düşünülməmiş qərarları ilə
çox vaxt bilərəkdən, yaxud bilməyərəkdən
DTK-nın düzüb-qoşduğu ssenariləri yerinə
yetirirdilər.
20 Yanvar
hadisələri ərəfəsində Bakıda və Azərbaycanın
başqa mərkəzi şəhərlərində silsilə
təxribatlar ara vermirdi. Gah Bakıda milis tərksilah
edilir, gah 1 erməni 2 azərbaycanlını qətlə
yetirir, gah da hansısa qruplar Bakıda süni şəkildə
erməni talanları görüntüsü
yaradırdılar.
Ən qəribəsi
budur ki, SSRİ Daxili İşlər Nazirliyinin o dövrdə
Bakıda olan 12 min nəfərlik silahlı qüvvəsi vəziyyəti
nizama salmaq üçün heç bir təşəbbüs
göstərmirdi. O dövrdə Azərbaycana rəhbərlik
edən Ə.Vəzirov isə elə
düşünürdü ki, sovet qoşunlarının
müdaxiləsinə şərait yaratsa, gündən-günə
güclənən xalq hərəkatını boğub
kreslosunda möhkəmlənə bilər.
Və
buna heç bir lüzum olmadığı halda belə bir qərar
verildi...
* * *
Bu tarixi
xronologiyadan çıxan nəticə budur ki, 25 il əvvəl
yanvarın 19-dan 20-nə keçən o mənhus gecənin
reallıqlarını yaradan səbəblər Ermənistanın
Azərbaycana qarşı ərazi iddialarının SSRİ rəhbərliyi
tərəfindən açıq-aşkar dəstəklənməsi,
Azərbaycanın o zamankı rəhbərliyinin xəyanətkar
siyasətinə etiraz əlaməti olaraq xalqımızın
ayağa qalxıb mövqeyini bildirməsi və süqutunun
labüdlüyünü dərk edən, buna görə
getdikcə daha da azğınlaşan sovet rejiminin belə bir dəhşətli
qətliam törətməklə həm Azərbaycanın, həm
də müstəqillik arzusunda olan başqa keçmiş
ittifaq respublikalarının gözünü qorxutmaq idi.
Faciənin bu qədər dəhşətli miqyasına
görə onun təşkilatçıları, dəstəkçiləri
ilə birgə reallığı düzgün qiymətləndirmədən
buna şərait yaratmış bir çoxlarını da
günahlandırmaq olar.
Şəhərin ətrafında, Bakı qarnizonu ətrafında
sədlərin yaradılması, olsun ki, doğru addım
deyildi. Avtomobillərdən, avtobus və trolleybuslardan
barrikadaların qurulması, piketlərin təşkili,
insanların emosiyalarını daşıran
çıxışların edilməsi bəlkə də
zalıma fürsət verirdi. Amma bu mülahizələri
davam etdirsək, 25 il əvvəl Bakı
küçələrində silahsız əli ilə,
yalın sinəsi ilə sovet tanklarının üzərinə
yeriyən Azərbaycan övladlarının dünyanı heyrətə
gətirmiş qəhrəmanlığını
kiçiltmiş olarıq. Pərdə arxasında aparılan
bütün siyasi oyunlara, kabinetlərdə cızılan təxribat
planlarına rəğmən küçələrdə,
meydanlarda Vətən üçün şəhid olmağa hər
an hazır bir xalq vardı. Və bu
xalqın igid övladlarından birinin indiki Azərbaycan Dillər
Universitetinin həmin gecə şəhid olmuş 21
yaşlı tələbəsi, böyük istedada malik
Ülvi Bünyadzadənin üstündən
tapılmış “And”ın mətni əlimdədir: “Mən,
Bünyadzadə Ülvi Yusif oğlu, həyatımda ilk və
son dəfə öz vicdanım qarşısında and
içirəm; bir elin, bir millətin adını təmsil
etdiyimi heç zaman unutmayacağam; Azərbaycan
torpağımın qürurdan, qeyrətdən
yoğrulmuş adını müqəddəs tutacaq, bu ada ləkə
vurmaq istəyən bütün ünsürlərə
qarşı duracağam; öz azərbaycanlı
varlığıma, vicdanıma, məsləkimə, əsl-nəcabətimə,
damarlarımda axan azərbaycanlı qanına layiq oğul
olacaq, qorxaqlığı, alçaqlığı,
yaltaqlığı, özümə yaxın buraxmayacaq, nəyin
bahasına olursa-olsun öz azərbaycanlı “mən”imi təsdiq
edəcəyəm.
Əgər vədimə xilaf çıxsam, qoy
anamın südü, elimin çörəyi mənə haram
olsun, Vətən üzü görməyim.
İmza:
Bünyadzadə ÜLVİ. 10.IX-89”.
Ülvi bu mətni 1989-cu ilin 10 sentyabrında
yazmışdı. O vaxtdan ürəyinin üstündə gəzdirirdi. Düşünürəm ki, o gecə öz milli mənini
təsdiq etməkdən ötrü, Vətənin təəssübünü
çəkmək üçün Bakı küçələrində
barrikadalar qurmuş bütün insanların qəlbində belə
bir and vardı.
Onlar bu yola sonu düşünmədən
çıxmışdılar. Çünki qorxmadan
çıxdıqları bu yolun gec-tez milli amallara
qovuşacağını, Azərbaycanın istiqlalında qərar
tutacağını bilirdilər.
Və
qanın qılınca qalib gəldiyi gecənin tarixini
yazmağın, öz ölümləri ilə SSRİ-nin
bütün dayaqlarını sarsıdıb onun süqutunu
sürətləndirməyin və bununla da tək Azərbaycanın
deyil, bütün keçmiş sovet respublikalarının
dövlət müstəqilliyinə yol açmağın
missiyasını Tanrı Onların - 20 Yanvar şəhidlərimizin
alnına yazmışdı...
* * *
20 Yanvar
faciəsinin səhəri o ağır, çətin, kövrək
anlarda Azərbaycanın Moskvadakı nümayəndəliyinə
tələsən Heydər Əliyev də, ulu öndərin
övladları da, xalqın yeganə təsəllisini
üzük qaşı kimi əhatəyə alıb Moskva
küçələrində yürüyən
soydaşlarımız da yola bu andla
çıxmışdılar.
Onlar üçün də bu yolun sonunda yalnız Azərbaycan
vardı.
Olub-keçənləri xatırladıqca tarixin
maraqlı qanunauyğunluqlarına heyrətlənməyə
bilmirəm.
Dünənə qədər xalqa liderlik iddiası ilə
guruldayanların çətin məqamlarla üzləşən
kimi qaçıb ortalardan qeyb olduqları həlledici anlarda
meydana təkbaşına çıxıb Vətənə
söykək olmaq, xalqı yıxılmağa, sınmağa
qoymamaq sanki Heydər Əliyevin ilahi missiyası imiş...
Faciə gecəsinin o dəhşətli saatlarına qədər
barrikadaları bir-bir dolaşıb insanları qorxub
qaçmamağa, müqavimət göstərməyə
çağıran “liderlər”in çoxu 20 Yanvar səhəri
özləri qorxudan ilim-ilim itmişdilər. Onları
“gördüm” deyən tapılmırdı.
Bir
neçə il sonra yaşanacaq 1993-cü
ilin böhran dolu günlərində olduğu kimi meydanda yenə
Heydər Əliyev dayanmışdı...
Vətəndə
də o ağır anlarda ümummilli liderə kömək vəzifəsini
Heydər Əliyevin daim güvəndiyi dəyərli
ziyalılar - Şeyxülislam Hacı Allahşükür
Paşazadə, Bəxtiyar Vahabzadə, akademik Ziya Bünyadov,
Yusif Səmədoğlu kimi şəxsiyyətlərimiz yerinə
yetirirdilər.
Heç bir təhlükədən, təzyiqlərdən
qorxmadan şərin, zülmün, haqsızlığın
üzərinə yürüyənlər, Azərbaycanın
haqq səsini dünyaya yetirənlər ulu öndər Heydər
Əliyev və heç bir firqəyə bağlı olmayan
ziyalılar idi.
20 Yanvar faciəsinin baş verdiyi günlərdə Heydər
Əliyevin səhhəti qaydasında deyildi, Moskva ətrafındakı
“Barvixa” sanatoriyasında müalicəsini davam etdirirdi. Xəstəlikdən
tam sağalmamış, bədxahlarının min cür fitnələri
ilə üz-üzə gəlməli olan, mətbuatda
haqqında davamlı böhtanlar yazılan ulu öndər də
onda xalqımız kimi tam müdafiəsiz idi.
Heydər Əliyev onun Azərbaycanın daimi nümayəndəliyindəki
çıxışına Kremlin mümkün cavab
reaksiyalarını da zəngin təcrübəsi
işığında təhlil etməmiş deyildi. Bu reaksiya həm
onun özü, həm də doğmaları üçün
kifayət qədər ciddi nəticələrə gətirə
bilərdi.
Amma Heydər Əliyev o çətin sınaq anında
susmaq, xalqın qarşısına çıxmamaq
üçün özünə ixtiyar vermirdi. Çünki
həmin gün dünyada yaşayan bütün azərbaycanlılar,
qəlbi Azərbaycanla döyünən bütün
soydaşlarımız məhz Heydər Əliyevin
sözünü gözləyirdilər. Növbəti
addımlarını onun qərarları əsasında müəyyənləşdirməyə
çalışırdılar.
Ümummilli liderin 20 Yanvar faciəsi ilə bağlı
keçirdiyi mətbuat konfransı bizim sonralar daha geniş
miqyas alacaq informasiya savaşındakı ilk mühüm qələbəmiz
idi.
Heydər
Əliyevin dünyanın telekameralar vasitəsilə Ona zillənmiş
baxışları qarşısında 20 Yanvar faktına kəskin
siyasi qiymət verməsi, günahkarları öz adları ilə
çağırması Azərbaycan xalqına qarşı bu
hərbi təcavüz və cinayət aktının ört-basdır
cəhdlərini, onun məzmunu ilə manipulyasiya meyillərini
alt-üst etdi.
...Və
bu cəsarət nümayişi XX əsr tarixinin SSRİ
adlı kədərli hekayəsinin bitməsinə daha bir vəsilə
oldu.
* * *
20 Yanvar
faciəsindən 25 il ötdü...
Bu 25 ildə biz şəhidlərimizi ancaq kədərlə
anmışıq, onların itkisindən göynəyən
ruhumuzu matəm musiqisinin hüznlü ahəngi ilə
ovutmağa çalışmışıq.
Son illər ayrı-ayrı yazarlarımızın qələmlərində
bu mövzuda aparılan müzakirələrə indi mən də
qoşuluram.
Gəlin bu günün itkiləri ilə birgə, Vətənə
qazandırdığı möhtəşəm tarixə də
bir nəzər salaq.
Mərhum
şairimiz Bəxtiyar Vahabzadənin 20 Yanvar faciəsinin
hüznlü günlərində təsəlli kimi dillərdə
dolaşan şeirindən bir bəndi təkrar-təkrar
xatırlayaq:
Zalım
öyünməsin zülmləriylə,
Millət-millət
olar xeyir-şəriylə,
Torpağın köksünə cəsədləriylə,
Azadlıq toxumu əkdi şəhidlər.
20 Yanvar şəhidlərinin o gecə öz cəsədləri ilə torpağın köksündə əkdikləri azadlıq toxumunun bu 25 ildə yetirdiyi ən lətif meyvə müstəqil Azərbaycan dövlətidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan dövlətimizin misilsiz nailiyyətləridir.
Ona görə də daha kədərlənməyək...
20 Yanvar haqqın nahaqqa, məzlumun zalıma, adilliyin ədalətsizliyə qalib gəldiyi gündür.
20 Yanvar bizim millət olduğumuz, dövlət olduğumuz gündür...
Bu günü daha kədər günü kimi yox, qürur günü kimi yaşamağa çalışaq.
Bu günü övladlarımıza da belə tanıdaq.
Hər ilin 20 Yanvar günü azərbaycanlı olmağımızla daha çox qürur duyaq və qəddimizi dik tutaq.
Qoy başımız şəhidlərimizin müqəddəs ruhlarına bir az da yaxın olsun...
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı
Azərbaycan.-2015.- 20 yanvar.- S.3.