Təcili yardıma da aman verilmirdi

 

Tarixin qan yaddaşı:20 yanvar faciəsindən 25 il keçir

 

25 illik gənclik ömrünə bənzəyir Azadlığımız, Müstəqilliyimiz və İstiqlaliyyətimiz! Bu müqəddəs amallar uğrunda aparılan mübarizədə düşmən, imperiya cəlladları o dəhşətli günlərdə yaralılarımıza da qənim kəsildi, onlara yardım göstərməyə can atanlarımıza da. Həmin günlərin şahidlərinin sırası seyrəlsə də, unudulmayan, müstəqillik tariximizə yazılan hələ çox deyəcəklərimiz var.

O gecə dinc əhalinin üstünə ağır hərbi texnika yeridiləndə hər an həyatları təhlükə altında olan, əsasən də Bakıdakı təcili tibbi yardım stansiyalarında səfərbərliyə alınan, həkim, tibb bacıları və texniki işçilərdən ibarət yaradılan briqadalar hazır vəziyyətdə idi. Həmsöhbətim - Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov da məhz fikirlərini o gecənin yaratdığı vahiməyə, qanlı-qadalı günlərdə qarşılaşdıqları amansızlıqlara yönəltməyə çalışdı: “Çox haqlı deyirlər ki, 20 Yanvara gedən yol 1988-ci ildən başlamışdı. Hələ 1988-ci ilin fevral ayında Sumqayıtda baş verən hadisələr - təxribatlar, terror hərəkətləri heç də təsadüfi deyildi. Bu barədə 25 ildən də artıqdır ki, danışılır, dünyaya bəyan edilir. Həmin hadisələr biz nəslin gözləri qarşısında baş verib və canlı şahidlərik. Bəli, həmin iğtişaşlar olan günlərdə bizim təcili yardım həkimləri öz müqəddəs peşə andlarına sadiq qalaraq yaralanmış insanların köməyinə yetməyə çalışırdılar. Neçələri göstərilən təcili tibbi yardımlar hesabına amansız və vaxtsız qanlı ölümün pəncəsindən xilas edildi. Bu hadisələr keçmiş sovet hakimiyyəti illərində baş verirdi. Hamı çaş-baş qalmışdı. Baxışlardan sanki oxunurdu ki, nədən bu iğtişaşlar törədilir, güc strukturları, hakimiyyət və hüquq-mühafizə orqanları niyə seyrçi mövqeyindədirlər?!”

“Azadlıq” meydanının təlatümə gəldiyi günlər gözlərimiz önündədir”, - deyə o gecənin vahimələrini qan yaddaşına yazan, əməkdar həkim Mürsəl Həmidov ötənləri xatırlayır: “Dəniz kimi dalğalanan meydan təlatüm içərisində olanda haqsızlığa göz yuman, erməni vandallarının müdafiəçisi və havadarına, onların çirkin niyyətlərinin reallaşmasına şərait yaradan mərkəzi hakimiyyət orqanları Bakıdan göndərilən müraciətləri qulaqardına vururdular. Çünki xalqımızın haqlı etirazlarında təbii ki, milli azadlıq ideyalarının cücərtiləri və işartıları özünü göstərirdi. Ona görə də Moskva hələ ki, susurdu...

 

25 il öncəki Bakı...

1990-cı il yanvar ayının əvvəlindən Bakı şəhərinin üstünü sanki qara bulud almışdı. Şəhərdə hərbçilər həmişəkindən daha çox, həm də vahiməli görünürdülər. Hələ elə bir ciddi hadisə baş verməsə də, sanki zəlzələdən öncəki kimi, ölümcül əhval-ruhiyyə hökm sürürdü. Həkim o günləri belə xatırlayır: “Bakı şəhərinin indiki Yasamal (o zaman Oktyabr) rayonunda fəaliyyət göstərən Köməkçi Təcili Tibbi Yardım Stansiyasının baş həkimi idim. Yanvar ayında məzuniyyətə buraxılsam da, işlə əlaqədar hər gün stansiyaya gedib-gəlirdim. Həmin şənbə günü nazirlikdən bildirdilər ki, Dağlıq Qarabağa həkim briqadaları göndərilir. Qarabağa getməyə hazır olduğumu söylədim. Gündüz saat 3 radələrində bizi Səhiyyə Nazirliyinə dəvət etdilər. O zaman səhiyyə naziri Rəhim Hüseynov idi. O, Qarabağa könüllü və tapşırıq əsasında gedəcək həkimlərlə görüşüb tövsiyələrini verdi. Onu da bildirdilər ki, Dağlıq Qarabağa ancaq hava yolu açıqdır, yəni, helikopterlərlə uçuş mümkündür... Başçılıq etdiyim həkim briqadası bölgüdə Xocalının Meşəli kəndinə verildi...”

Onlar nazirlikdən təxminən saat 5 radələrində çıxırlar. Mürsəl həkim birbaşa “Salyanski kazarma” adı ilə məşhur olan (Hərbi Təlim-Tədris Mərkəzi) hərbi şəhərciyin yaxınlığında yerləşən iş yerinə qayıdır. O, iş yerində də hamının gərginlik və təlaş içərisində olduğunu görür. Çünki “Salyanski kazarma”da xüsusi təyinatlılar yerləşdirilmişdi. Müəyyən komanda gözləyirdilər ki, şəhərə çıxsınlar. Bunun qarşısını almaq üçün şəhərciyin giriş və çıxış yollarında maneələr qurulmuşdu. Maneələr isə yandırılmış tonqallardan ibarət idi.

Həkimin dediklərindən: “Məlumatlar var idi ki, komanda veriləndəburadakı hərbi kontingent və ağır texnika şəhərə çıxacaq. N.Nərimanov prospektində (indiki H.Cavid prospekti) “Xəzər” kino-teatrının qarşısında hərbi şəhərciyin bir çıxışı var idi. Orada “barrikada” qurmuş xeyli insanın, xüsusən də gənclərin və yeniyetmələrin toplaşdığını gördüm. Həkimlərimiz də artıq hazır vəziyyətdəydilər. Ara-sıra gələnlər olur və bizdən yardım istəyirdilər.

 

Gözlənilən “tufan”da

Bakıya müxtəlif istiqamətlərdən hücum gözlənilirdi: “Qurd qapısı”ndan, indiki “20 Yanvar” dairəsindən (Şamaxı yolu), Bayıl, Mərdəkan şosesi tərəfdən və Binəqədi səmtindən.

Şəhərdəki ümumi ab-havadan da duyulurdu ki, nəsə olacaq. Ona görə də bizdə olan tibbi ləvazimatlardan istəyənlərə verirdik. Hətta, tabeçiliyində olduğumuz baş idarədən göstəriş almadan belə bu işə artıq başlamışdıq.

Axşam saat 8-ə qalmış xəbər gəldi ki, Az.TV-nin binasında yanğın baş verib, briqada ilə təcili ora getməliyik. Biz yanğınsöndürən maşınlarla eyni vaxtda həyətə girdik. Orada gözə az adam dəyirdi, sanki hamı işdən çıxıb getmiş, həyət-baca boşalmışdı. Doğrudur, yanğın, alov yox idi, amma partlayış nəticəsində yaxınlıqdakı binaların da pəncərələrinin şüşələri sınıb tökülmüşdü. Enerji bloku deyilən texniki binada partlayış elə güclü olmuşdu ki, transformatorları əritmişdi. Diktorun, rejissorun otağı darmadağın idi.

Həyətdə hərbçilər də gözə dəymirdi. Bu zaman bir nəfərin video-kamera ilə çəkiliş apardığının şahidi olduq. Bu, sən demə, sonralar Azərbaycanın Milli Qəhrəmanı kimi tanıyacağımız jurnalist Çingiz Mustafayev imiş.

Uzun bir dalanla xeyli getdik. Birinci mərtəbəyə çathaçatda qarşımızı kəsdilər. Televiziyanın işçisi bildirdi ki, bir neçə dəqiqə bundan əvvəl bizi iş otaqlarından çıxarıb binanın birinci mərtəbəsinə yığdılar və dedilər ki, təhlükə gözlənilir, sizə zərər dəyə bilər, yığışın aşağıkı mərtəbəyə. Onun deməsinə görə, təxminən 5-10 dəqiqədən sonra partlayış baş vermişdi.

Bizi oradan uzaqlaşdırmaq istəyirdilər. Kimsə dedi ki, burada elə operatorlar var, onlar heç cür pultu tərk edə bilməzlər. Onlar ya öldürülüblər, ya da girov götürülüblər. Bir azdan məlum oldu ki, həmin iki nəfəri hərbçilər özləri otaqdan uzaqlaşdırıblar. Enerji blokunu partlatdıqdan sonra həmin operatorları buraxmışdılar.

Həyətdə ilk olaraq tanıdıqlarımın arasında Bəxtiyar Vahabzadəni gördüm. Orada yaralılar olmadığından biz geri, iş yerimizə qayıtdıq...”

O gecə daha çox təlatüm içərisində olan Yasamal rayonu idi. Çünki hərbi şəhərcik burada yerləşirdi. Bundan başqa Bakının inzibati idarəetmə, hüquq-mühafizə orqanları da bu rayonda yerləşirdi. Ona görə də hələ qanlı qırğınlar baş verməmişdən tonqalların ətrafındakı insanlar yaxınlıqdakı təcili yardıma, gümanları gələn ünvana müraciət edirdilər.

Həkim deyir ki, o zaman Bakı şəhərində cəmi 15 təcili yardım stansiyası fəaliyyət göstərirdi. Bu gün isə paytaxt sakinlərinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 22 köməkçi, 18 filialı bu vacib xidmətlə məşğuldur.

Xatırlamalar: “Bakının Qala kəndi yaxınlığında, Zabratdakı hərbi aeroporta yaxın ərazidə, Qaradağ rayonunda, Biləcəri qəsəbəsində və s. yerlərdə təcili yardım stansiyalarımız var idi. Bu stansiyalarla o zaman əlaqə ancaq “ratsiya” vasitəsi ilə saxlanırdı. Təxminən gecə saat 12-nin yarısı olardı. Məlumat daxil oldu ki, Bakı-Mərdəkan yolunda bir təcili yardım maşınımız atəşə tutulub. 10-cu (Mərdəkandakı) yarımstansiyamızın əməkdaşı, həkim Aleksandr Marxevka çağırışa gedən zaman vurulmuşdu. Türkan-Mərdəkan yolunun kəsişməsində güllədən yaralanmış bir nəfərə yardım göstərməyə gedirmiş. Çağırış yerinə çatarkən təcili yardım maşınını gülləboran ediblər. Dəhşətlisi o idi ki, həkim maşında yaralıya “sistem” köçürən zamanı vurulmuşdu. “Sistem” şüşəsi əlində qalmışdı...

Artıq həmin saatdan məlum olmuşdu ki, ordu şəhərə girib. Gecə saat 12-də “Salyanski kazarma”dan havaya işıqsaçan güllələr atıldı. Bir-iki dəqiqə keçməmiş mərkəzdən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından məlumatlar verildi ki, atırlar, çoxlu yaralılar var.

 

“Hər cür çağırışlara hazır olmalı!”

Yaralılara özümüzü çatdırıb, onları yaxınlıqdakı xəstəxanalara yerləşdirməliydik. Amma necə? Yol var idimi? Hər tərəf blokadaya alınmışdı. Məlumat verdilər ki, “Xəzər” kino-teatrının yaxınlığında da yaralılar var. 13 həkim briqadamız var idi. Biz də həkim və təcili yardım avtomobillərini bu briqadalarda qruplaşdırmışdıq. “Xəzər” kino-teatrının yaxınlığına getdik. N.Nərimanov prospektindən Ə.Haqverdiyev küçəsinə təxminən 50 metr qalmış aşağı düşdük. İrəli getmək mümkün deyildi, yol bağlanmışdı. Ora çatanda gördük ki, insanlar ağlaya-ağlaya, Yasamal istiqamətinə, 5 N-li çörək zavodunun qarşısından üzüyuxarı gedirlər. Zülmət gecədə güllələrin haradan atıldığı bilinmirdi, parlayan qığılcımları görmək mümkün idi. Kazarmanın yaxınlığındakı yaşayış binasının 3-cü və 4-cü mərtəbəsini də güllə yağışına tutmuşdular. Bu zaman gördük ki, “Olimp” mağazası tərəfdən rəngli “QAZ-24”markalı bir “Volqa” üzüyuxarı qalxdı. Maşının sürücüsünə işarə etdik ki, gəlməsin. Sürücü qaranlıq olduğundan, qarşıdakı tankı və hərbçiləri görmürdü. Maşın bir az irəlilədikdən sonra dayandı. Təkərlərini partlatdıqdan sonra avtomatla deşik-deşik etdilər. Elgün Hacıyev soyadlı həkimimiz (hazırda 4 saylı köməkçi yarımstansiyada çalışır) binanın küncü ilə sürünərək maşındakı yaralılara yaxınlaşıb onları çıxarmağa kömək etdi. Biz o vaxta kimi inanmazdıq ki, yaralı üstünə gedən həkimə də güllə atarlar. Bundan sonra həmin əraziyə daha bir maşın - “jiquli” gəldi və “QAZ-24” kimi, onu da güllə-borana tutdular. Güllə yağış kimi yağırdı. Həmin dəqiqələrdə çağırışların sayı artmağa başladı. Bizim xidmətimiz üçün isə şərait yox idi. Şəhərin mərkəzi, əsas hərəkətli küçələri bağlandığından, yaralıları təcili olaraq xəstəxanalara çatdırmaq çox çətin idi. Yollar qorxulu olmaqla yanaşı, həm də hərbçilər tərəfindən bağlanmışdı...”

O gecə eşidilənlərdən: “...balkonda vurublar, blokda yaralanan var”

“O zaman Bakı Şəhər Təcili Yardım Stansiyasının baş həkimi Sabir Adnayev idi” - deyə Mürsəl həkim sözünə davam edir: “Onun həyəcanlı səsi bizi hərbi rejimə və qayda-qanuna kökləmişdi. Ratsiyadan hər dəfə eşidirdim: “...təcili filan yerə briqada göndər, balkonda vurublar, blokda yaralanan var, çalışın ki, həkimlərimizi də qoruyun”. Bizim həkimin birini artıq vurmuşdular. Belə təlatümlü ərazilərdən biri də Əzizbəyovun heykəli olan bağın iki addımlığında yerləşən hərbi idman oyunları meydançasının yaxınlığındaydı. Orada da yaralılar var idi. Bir həkimlə həmin yerə yollandıq. Sürücü maşının üstünün sayrışan işıqlarını yandırmışdı. Yenə də inanmazdıq ki, bu təcili yardım işarəsini verən maşına da güllə atılsın. Xəzər Hövzə Xəstəxanasının yanından keçəndə bir də onu gördüm ki, maşının qapısından qığılcımlar tökülür. Maşın öz-özünə siqnal verməyə başladı. Elə bildim ki, təcili yardım olduğuna görə sürücü bilərəkdən yol istəyir. Sürücüyə əsəbləşəndə, and içdi ki, siqnal vermirəm, öz-özünə çalır. Sən demə, güllə maşının mühərrik hissəsinə dəymiş və orada elektrik də siqnalizasiya sistemində qısaqapanma yaradıbmış. Səhər işıqlaşanda baxdıq ki, maşında 18 güllə yeri var. Sürücü isə sol əlindən və qulağının birindən güllə yarası almışdı”.

O gecə təcili yardım maşınlarından biri (67N-li) indiki Gömrük Komitəsi binasının arxasındakı yaşayış binalarından birinə çağırışa gedəndə güllə yağışına tutulubmuş. Həkim yaralıya tibbi yardım göstərmək üçün binaya daxil olanda sürücü maşında oturubmuş. Hərbçilər ona yaxınlaşıb buranı tərk etmək əmrini verəndə sürücü həkim və xəstə gözlədiyini bildirir. Hərbçilər maşını atəşə tutanda sürücü binanın dalanına girib yuxarı mərtəbələrə qaçmaqla canını qurtarmışdı.

 

Alı Mustafayev də təcili yardımdan kömək ummuşdu

... Yanvarın 20-si idi. Səhər saat 7-8 radələri olardı. Bir “Volqa” Yasamal rayonundakı təcili yardım stansiyasının qarşısında dayandı. Maşından düşəni o dəqiqə tanıdılar: Alı Mustafayev idi. Çox yorğun görünürdü. Bütün gecəni yatmamışdı. Bakının dar küçələrində belə daldalanan insanların hədəfə alınmasını lentə köçürmək, yaddaş salnaməsi yaratmaq üçün ölümün düz üstünə gedirdi. Sən demə, 20 Yanvardan başlayan yolun o başında Qarabağ və qanlı 20 noyabr hadisəsi var imiş. Qara yanvardan salamat çıxan Alı Mustafayev də Qarabağın Qarakəndi üzərində vurulan vertolyotda həlak oldu. Amma düşmən onun Vətən üçün döyünən qəlbini susdursa da, Alının yazdıqları və çəkdikləri dil açıb danışdı. Alı Musatafayev bizim maşınlarla hadisə yerlərinə getmək və çəkilişlər aparmaq istəyini bildirdi. O, bizim maşınla bütün hadisə yerlərini operatorla videolentə aldı. Bu da bizim xidmətlərimizin başqa bir forması kimi tarixə yazıldı və Alı müəllim bunu verilişlərində həmişə xatırladırdı”.

 

Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərova da o gecədən tanındı

“Bakı qan çanağını xatırladanda sıravilərdən alimlərimizə kimi, hamı ayaq üstə idi. O gecə professor (sonralar uzun müddət Milli Məclisin sədri) Murtuz Ələsgərov da bizimlə birlikdə sabahı dirigözlü açmışdı, Yasamaldakı təcili yardım stansiyası onun yaşadığı binanın birinci mərtəbəsində yerləşirdi. O, sanki həmin gecə qərar tuta bilmir, yaralılara öz köməyini göstərmək istəyirdi...

Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərova da təcili yardım stansiyasında bizimlə birgə çalışırdı. Onun yaralılara necə kömək göstərdiyinin şahidi olduq. Bu qız təcili yardımda hamı ilə ünsiyyət qurmuşdu. Çox vətənpərvər idi... Sonra Qarabağda, cəbhədə yaralılara yardım göstərərkən düşmən gülləsinə tuş gəldi.

Çətin günlərimiz o qanlı Qara Yanvar gecəsindəki xidmətlə bitmədi. Yanvarın 26-dək biz müxtəlif istiqamətlərdən yaralıları xəstəxanalara çatdırırdıq. Söhbət təkcə Yasamal rayonundakı təcili yardım stansiyasının 20 Yanvar hadisələrindəki xidmətindən getmir. Həmin günlər Bakıda 164 təcili yardım briqadası çalışırdı. Həmin yaralılara ilk tibbi yardım göstərilməsi, onların xəstəxanalara çatdırılması və şəhidlərin dəfninə qədər hazırlıq prosesindəki xidmət işlərinə yalnız 100 briqada ayrılmışdı.

Qanlı şənbə gecəsi və ondan sonrakı günlərdə bəlkə də daha çox şəhid verə bilərdi Bakı. O günlər fədakarlıq göstərən həkimlərimizin, tibb işçilərinin, eləcə də əhalinin yaralılarımıza göstərdiyi doğma münasibət itkiləri minimuma endirdi. Onlar heç nədən çəkinmədən güllə yağışının altında ilk təcili tibbi yardımlarını göstərdilər, yaralıları təhlükəli ərazilərdən uzaqlaşdırmağa müvəffəq oldular. Həkimlərimizin də bir çoxu sarsıntılardan müxtəlif xəstəliklərə tutuldular və bundan sonra qəfil ölənlər də oldu. Məgər bunlar da şəhidlik deyilmi?!”

Vətənimizin azadlığı və istiqlaliyyəti uğrunda aparılan mübarizədə təcili yardımda fəaliyyət göstərən fədakarlarımız Qarabağda da ölümün gözünə dik baxaraq, düşmən gülləsindən yara alan vətən oğullarının harayına özlərini az yetirmədilər.

 

Təcili yardımlar ön cəbhədə...

Hələ 1989-1990-cı illərdə Qarabağda separatizm baş qaldıranda, azərbaycanlılar güllə-borana tutulanda Səhiyyə Nazirliyinin xətti ilə cəbhə bölgəsinə səfərbərlik elan edildi. Bu zaman Mürsəl Həmidov da könüllü olaraq həkim briqadaları ilə birlikdə 1989-cu ilin yanvar ayında Tərtər bölgəsinə getdi. Hərbçilərin yataqxanasında gecələyən tibb işçilərimiz Tərtərin hansı təhlükə qarşısında olduğunu gözləri ilə gördülər.

...1994-cü il yanvar ayının 8-də səhiyyə naziri aldığı xüsusi əmrlə təcili yardım stansiyasının kollektivini tanış edir: 10 həkim briqadası Beyləqana, Daşburun stansiyasına getməlidir. Briqadaları Mürsəl həkim aparır. Onları hərbi qərargahın rəisi polkovnik Fətullah Hüseynov qarşılayır. 30 həkim və 10 təcili yardım maşınından ibarət briqadalar hərbçilərin sərəncamına verilir. Onlar cəbhənin iki addımlığında olduqlarının fərqinə varmırlar. Düşmən tərəfdən atılan mərmilər yaxınlıqda yeri-göyü lərzəyə gətirəndə başa düşürlər ki, əməliyyat keçirilir və Füzuli rayonunun Şükürbəyli kəndi düşmən əsarətindən azad edilir. Əməliyyat uğurla başa çatsa da, yaralılar da olur və onların təcili olaraq mərkəzə və yaxınlıqdakı hərbi hospitala yola salınması döyüş bölgəsinə ezam edilən təcili yardım briqadalarının üzərinə düşür.

... 20 Yanvar faciəsindən bizi 25 illik bir zaman ayırır. Biz bu qanlı və şanlı savaşlardan üzüağ çıxdıq. Sözümüzü dedik, mübarizliyimizi, qətiyyətimizi, dönməzliyimizi göstərdik. Məhz həmin gün hamımız azad və müstəqil yaşamağa qadir olduğumuzu sübut etdik. Bu gün xalqımız igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır və onları ehtiramla yad edir.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2015.- 20 yanvar.-  S.7.