Prezident İlham
Əliyev Almaniya-Azərbaycan Forumunun
üzvləri və Bundestaqın
deputatları ilə görüşüb
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də
Berlində Almaniya-Azərbaycan Forumunun üzvləri, Almaniya
Bundestaqının Xristian Demokratlar və Xristian Sosialistlər,
Sosial Demokratlar və Yaşıllar partiyalarından olan
deputatları, Bundestaqda fəaliyyət göstərən komitələrin
rəhbərləri və üzvləri ilə
görüşüb.
Səfər
çərçivəsində Prezident İlham Əliyevin
Almaniya-Azərbaycan Forumunun üzvləri ilə
görüşünün önəmi qeyd edildi. Azərbaycan
ilə Almaniya arasında siyasi, iqtisadi, mədəniyyət,
elm və digər sahələrdə əməkdaşlığın
hazırkı vəziyyəti və perspektivləri ilə
bağlı səmərəli fikir mübadiləsinin
aparılması baxımından bu görüşün əhəmiyyəti
vurğulandı. Ölkələrimiz arasında uğurlu əməkdaşlığın
həyata keçirildiyi, parlamentlərarası əlaqələrin
bu prosesə mühüm töhfə verdiyi bildirildi.
Söhbət
zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi barədə ətraflı fikir mübadiləsi
aparıldı.
Prezident
İlham Əliyev münaqişənin həlli ilə
bağlı Azərbaycanın mövqeyi barədə
görüş iştirakçılarına ətraflı məlumat
verdi. Dövlətimizin başçısı münaqişənin
beynəlxalq hüququn norma və prinsipləri əsasında,
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həllinin vacibliyini vurğuladı.
Görüşdə Azərbaycan ilə Almaniya arasında energetika sahəsində əməkdaşlıq, iqtisadi əlaqələr, informasiya texnologiyaları, tibb sahəsində əməkdaşlıq, yeni alman şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakı da müzakirə olundu. Bundan əlavə, ölkələrimizin parlamentlərarası əlaqələri, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa Şurası və Avropa İttifaqında əməkdaşlıq, “Şərq tərəfdaşlığı” Proqramında iştirakla bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Bu əlaqələrdə Azərbaycana münasibətin ədalətli olmasının zəruriliyi vurğulandı.
AzərTAc
Azərbaycan.-2015.- 22 yanvar.- S.1.