Azərbaycan Prezidenti İlham Əliyevin və
Almaniyanın Kansleri Angela Merkelin görüşü
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin Almaniyaya
işgüzar səfəri
Yanvarın
21-də Berlində Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Almaniya Federativ Respublikasının
Kansleri Angela Merkelin görüşü olub.
Almaniya
Federativ Respublikasının Kansleri Angela Merkel bu səfəri
ikitərəfli münasibətlərin perspektivlərinin
müzakirəsi üçün önəmli səfər
kimi dəyərləndirdi. Almaniyanın Azərbaycan ilə əməkdaşlığın
genişləndirilməsində maraqlı olduğunu deyən
xanım Kansler ölkəmizin Avropanın enerji təminatının
şaxələndirilməsində, TAP, TANAP kimi nəhəng
enerji layihələrinin həyata keçirilməsində, eləcə
də “Şərq tərəfdaşlığı”
Proqramında mühüm rol oynadığını bildirdi.
Angela Merkel Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində,
ölkəmizdə infrastruktur layihələrinin icrasında
Almaniyanın yeni şirkətlərinin iştirak etməkdə
maraqlı olduqlarını diqqətə çatdırdı.
İkitərəfli
münasibətlərimizin uğurla inkişaf etdiyini deyən
Prezident İlham Əliyev bu səfərin əlaqələrimizin
gələcək inkişafı ilə bağlı fikir
mübadiləsi aparmaq üçün yaxşı imkan
yaratdığını bildirdi. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunan
dövlətimizin başçısı Ermənistanın Azərbaycana
qarşı davam edən təcavüzü, rəsmi
Yerevanın qeyri-konstruktiv mövqeyi, danışıqların
hazırkı prosesi barədə ətraflı məlumat
verdi.
Prezident
İlham Əliyev xeyli sayda alman şirkətinin Azərbaycan
iqtisadiyyatının şaxələndirilməsində fəal
iştirakını məmnunluqla qeyd etdi, əməkdaşlığın
daha da genişləndirilməsi üçün yaxşı
potensialın olduğunu bildirdi. Dövlətimizin
başçısı Azərbaycan-Avropa İttifaqı əlaqələrinə
toxunaraq bu münasibətlərin uğurla inkişaf etdiyini
bildirdi.
Görüşdə
regional, beynəlxalq və qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2015.- 22 yanvar.- S.2.