Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Kansleri

 Angela Merkelin mətbuat konfransı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri

 

Prezident İlham Əliyevin bəyanatı

 

 

- Çox sağ olun xanım Kansler. İlk növbədə məni Almaniyaya səfərə dəvət etdiyiniz üçün Sizə minnətdaram. Yenidən ölkənizdə olmağımdan çox məmnunam.

Siz qeyd etdiyiniz kimi, ikitərəfli əlaqələrimizin gündəliyi çox genişdir, müxtəlif sahələri əhatə edirbu gün biz bu məsələləri çox açıq, səmimi şəkildə müzakirə etdik.

Siyasi əlaqələrimiz uğurla inkişaf edir. Əminəm ki, mənim səfərim siyasi əlaqələrimizin inkişafına yeni təkan verəcək. Siyasi əlaqələr bütün başqa sahələrə də müsbət təsir göstərir və əlbəttə, iqtisadi əməkdaşlıq da bu gün gündəlikdədir. Azərbaycanda çoxsaylı alman şirkətləri fəaliyyət göstərir. Biz onların fəaliyyətini dəstəkləyirik. Hesab edirəm ki, Almaniya şirkətləri gələcəkdə həm podratçı kontraktor, həm investor kimi Azərbaycanda daha da böyük işlər görə bilərlər. Nəzərə alsaq ki, Azərbaycan iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, çoxsaylı infrastruktur layihələri icra olunur, əlbəttə ki, alman şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti davam etdiriləcəkdir.

Xanım Kansler qeyd etdiyi kimi, bu gün biz, eyni zamanda, regional təhlükəsizlik məsələlərinə də toxunduq. İlk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir. Bu münaqişə həm Azərbaycan, həm də region üçün böyük təhlükə mənbəyidir. Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri uzun illər ərzində Ermənistan ordusu tərəfindən işğal edilibdir. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bir milyon azərbaycanlı bu işğaldan əziyyət çəkir, qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar, ilk növbədə, BMT Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı qətnamələr qəbul etmişdir. BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur və sadəcə olaraq, status-kvonu olduğu kimi saxlamaq istəyir. Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır, bütün başqa münaqişələr kimi vahid bir yanaşma olmalıdır.

Enerji təhlükəsizliyi, əlbəttə ki, bu gün Avropa ilə Azərbaycan arasında gedən danışıqların demək olar, əsas mövzusudur. Azərbaycan öz rolunu oynayır. Azərbaycan tərəfindən irəli sürülmüş layihələr Avropanın enerji xəritəsini dəyişdirir. Avropanın enerji təhlükəsizliyi gələcəkdə, həmçinin Azərbaycanın hesabına təmin ediləcəkdir. 2012-ci ildə TANAP layihəsinə start verildi, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi seçildi. Keçən ilin sonunda “Cənub” qaz dəhlizinin təməl daşı qoyuldu. Bütün bu layihələrin təşəbbüskarı Azərbaycandır. Eyni zamanda, Azərbaycan bu layihələrin icrası üçün böyük maliyyə yükünü öz üzərinə götürür və əminəm ki, bütün işlər vaxtında icra ediləcək. TANAP layihəsi 2018-ci ildə, TAP layihəsi isə ondan bir il sonra işə düşəcəkdir. Buna nail olmaq üçün, əlbəttə ki, Avropa İttifaqı ilə Azərbaycan arasında bu sahədə daha da sıx əməkdaşlıq aparılmalıdır. Onu da bildirməliyəm ki, bizim təşəbbüsümüzlə gələn ay Bakıda “Cənub” qaz dəhlizinin birinci Məşvərət Şurası keçiriləcəkdir və əminəm ki, bütün məsələlər orada müzakirə ediləcək.

Bir daha demək istəyirəm ki, mən bugünkü səfərimi çox yüksək qiymətləndirirəm. Almaniya-Azərbaycan əlaqələri böyük potensiala malikdir. Bu gün qəbul edilmiş qərarlar, aparılan diskussiya bu əlaqələrin inkişafına böyük töhfə verəcəkdir. Sağ olun.

 

Azərbaycan.-2015.- 22 yanvar.-  S.2.