O gün tarix qanla yazılsa da, qürur doğurdu
Şəhidlər
xiyabanını ziyarət edənlər arasında xaricdən
gələn qonaqlar da
var idi
O zil qaranlıq, zülmət, dəhşətli və vəhşətli Qanlı şənbə gecəsindən çıxmağıyla xalqımızı ağ günlərinə - istiqlaliyyətinə və müstəqilliyinə yenidən qovuşdurdu Bakı! Sinəsi Azadlıq uğrunda qanlı savaş meydanına çevrildi. Amma Azadlıq meydanı Vətənini sevənlərə darlıq etdi. Açdı sinəsini vətənsevərlərin üzünə, millətləri Odlar diyarında bir ocaq başına yığdı, bağrına basdı Bakı! O gün qanla yazıldı, canla qazanıldı Azadlıq!
Xalqımız 20 Yanvar tarixli sabahını 1990-cı ildə hüznlü, bir az da üzgün açırdı. Bu gün, 25 illik bir zaman məsafəsindən sonra isə bir məğrurluq, qalibiyyət və qürur duyulurdu simalardan. Bu tarixin şərəfliliyi zaman keçdikcə özünü göstərir. 20 Yanvar günü hamı gedəcəyi ünvanı bilir - Şəhidlər xiyabanı! Burada hər qara daşdan bir işıq boylanır elə bil, amma ziyarətçilərin yol yoldaşı yenə də qan rəngli qərənfillərdir - şəhid məzarları üstünə xalı kimi sərilən Abşeron gülləri...
25 il öncəki kimi, Bakıda sanki “qışın oğlan çağı” deyildi. Doğrudur, bahar təravəti də duyulmurdu, amma qarlı-şaxtalı, küləkli, duman-çiskinli də deyildi, ziyarətçilərin əhval-ruhiyyəsi ilə eyni idi. Bakının havası - mülayim, sakit... Gün axşama dönəndə isə bu müqəddəs məkan daha kövrək, kədərli, hüznlü, üşəntili göründü. Çünki hələ 20 Yanvardan başlayan yolun Qarabağ ağrılı qanlı-savaşlı sonuncu aşırımında şəhid olan müqəddəslərimizin ruhlarını sevindirə bilməmişik - torpaqlarımız işğaldan azad olunmayıb. Amma nə qədər qanlı-qadalı, dərdli-kədərli, matəmli və hüznlü olsa da, 20 Yanvar tarixini xalqımız şərəf və ləyaqətin ucalığı, milli istiqlalımız uğrunda müqəddəs savaş kimi yaşayır. Bu isə milli haqqımızdır!
Şəhidlər xiyabanına aparan yol izdihama darlıq edirdi. İnsan axınının ardı-arası kəsilmək bilmirdi. Yenə də qucağı körpəli gəlin, ağbirçək şəhid anası, torpaq və yurd itgili atalar, oğullar, nənələr və nəvələr müqəddəs ziyarətgaha aparan yolun yolçularıdırlar. Aralarında əcnəbilər də az deyil. Onlar ancaq respublikamızda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri deyi, həm də ölkəmizin füsunkar təbiətinin vurğunu olan turistlər, dini, dili, məsləki bir olan türkdilli xalqların təmsilçiləridirlər. O qanlı şənbə gecəsində yaralansalar da, salamat çıxıb, Qarabağda və ətraf ərazilərimizi erməni silahlılarından müdafiə edənlər də az deyildi bu sıralarda. Onlardan biri də iki tələbə oğlu (Emin və Elçin) ilə ziyarətə gedən Müzəffər Əliyev idi. O günlərdə gördüklərini
B.Sərdarov adına Bakı Maşınqayırma Zavodunun 3 nömrəli sexinin rəisi Müzəffər Əliyev dilə belə gətirdi: “Yanvar ayının 13-dən 19-na kimi Rəsulzadə qəsəbəsindən Binəqədiyə gedən yoldakı körpünün altında zavodun işçiləri ilə oturmuşduq. Növbə ilə evə - ailəyə baş çəkirdik. 19 yanvar axşamı evə getmək mənim növbəmə düşmüşdü. Getdim evə. Gecə o qanlı hadisələr baş verən kimi Bakı-Şamaxı magistralında, Güzdək qəsəbəsinə dönən yoldakı körpünün yanında da bizim zavodun işçilərinin atəşə tutulduğunu eşidib ora getdik. Yaralıları Müşfiqabad qəsəbəsinə apardıq. Ayın 21-də saat 3-4 olardı, Birinci mikrorayonda (“Şamaxinka” deyilən ərazidə) qabağımızı kəsdilər. Böyük bacım Əntiqəgil 6-cı mikrorayonda yaşayırdılar, onlara getmək istəyirdim. Qaranlıq düşənə kimi bizi buraxmadılar. Yanvarın 22-si günü tezdən Azadlıq meydanına getdim. Şəhidlərimizi dağüstü parkda dəfn olunmaq üçün oradan yola salırdılar. Biz də Əflatun Kazımovun cənazəsini Şəhidlər xiyabanına apardıq. Qayıdanda 1-ci mikrorayonda hərbçilərin dayanacaqdakıları gulləbaran etdiklərini gördük. Yaxınlıqdakı onaltımərtəbəli yaşayış binasının arxasına keçdik. Yolda iki-üç nəfər yaralı var idi. Təcili yardım maşını onlara yaxınlaşmaq istəyəndə avtomatdan güllə yağmağa başladı. Öyrəndik ki, maşındakı yaralını da vurub öldürüblər.
Azərbaycanın bütün rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri keçirildi. Bakıdakı matəm mərasimində bir milyondan çox insan iştirak edirdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi”.
Gürcüstan Respublikasının Bolnisi rayonunun Bəytəkər kəndindən olan Qüdrət Kazımova 20 Yanvar faciəsinin törədilməsində əli olanları lənətlədi: “20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı iflic vəziyyətinə və informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuş, Az.TV-nin enerji bloku silahlı hərbçilər tərəfindən vəhşicəsinə partladılmış, qəzetlərin çapına senzura - qadağa qoyulmuşdu. Xalq Bakıda o gecə törədilən ağır və dəhşətli faciədən xəbərsiz idi. Heç bir günahı olmayan dinc əhali öldürüldü, yaralandı, qanunsuz həbs olundu. Amma xalqımız o gecədən qürurla çıxdı: qəddini əymədi, müstəqillik və azadlıq yolunda ölümün şərəfini yaşadı və yaşatdı. Bu, müqəddəs borc idi, verdik”.
Yanvarın 20-də yaralıları daşıyarkən şəhid olmuş Qədir Axundovun oğlu ilə nəvəsi də ziyarətçilərin arasındaydı. Babasının adını daşıyan balaca Qədir Axundov ziyarətə aparan yolda atasını sorğu-suala tutmaqdan yorulmurdu:
- Ata, niyə babamı öldürüblər?! Bəs deyirlər ki, şəhidlər ölmürlər?! Onda məktəbli uşaqlara da güllə atıblar, hə? İlqarla Larisanı deyirəm ey, günahları nə idi?!
Atası isə bu balacanın suallarına cavab verməyə tələsmirdi. Söylədikləri xalqımızın bildiyi və şahidi olduqları idi. Yalnız bunları söyləməklə kifayətləndi həmsöhbətimiz: “Biz qardaş-bacılar da, digər şəhid balaları kimi, xiyabanda böyüdük, atamın “gözü qarşısında”, ailə həyatı quranda da xeyir-dua almaq üçün hüzuruna gəlmişik. Nəvələrini gətiririk ki, görüb tanısınlar, onunla qürur duysunlar. Amma şəhidlərimizin qisasını almamışıq, atalar da deyib ki, qisas qiyamətə qalmaz, gərək biz də qisasımızı qiyamətə qoymayaq”.
Xırdalan şəhər sakini Könül Məmmədova fikirlərinə o gecənin qatili kimi yaddaşına yazdığı SSRİ-nin sonuncu prezidenti M.Qorbaçovun ünvanına lənətlərlə başladı: “Bakıda qanlı qırğınlar törədilməsinə imza atan, əli günahsız Azərbaycan vətəndaşlarının qanına batan Mixail Qorbaçov “Nobel” sülh mükafatı aldı! Bu azmış kimi, törətdiyi cinayət əməlinə dünyada hüquqi don da geyindirdi. Güya Azərbaycanda yaranmaqda olan islam fundamentalizminin qarşısını alırmış. Azərbaycan dünyanın hər yerində tolerantlıq nümunəsi kimi göstərilir. O anlamadı ki, bu ölkədə islam təhlükəsi yaranmışdırsa, bəs niyə ölənlərin arasında rus, yəhudi, tatar, ukraynalı və ləzgilər də var”?
“Azərbaycan xalqı öz qəhrəmanlarını heç zaman unutmayacaq. Şəhidlər bizim qəhrəmanlarımızdırlar, çünki milli azadlıq uğrunda apardığımız mübarizənin qurbanlarıdırlar. Azərbaycan gəncliyi də bu tarixin şərəfli olduğunu unutmur. Məhz bunun göstəricisidir ki, onlar öz borclarını yerinə yetirmək üçün şəhidlərimizin müqəddəs məzarlarını ehtiramla yad edirlər”.
Bu fikirlər “2015 PAY“ ictimai-siyasi klubunun sədri Umuxanım Hüseynzadənindir. Həmkarları ilə Şəhidlər xiyabanını ziyarət edən QHT rəhbərinin fikirlərinə Məhəmməd Həsən Əli, Vüqar Mövlamverdiyev, “Xoca”, “Qanlı yanvar” və Türkiyədə çəkilmiş “Çanaqqala” filmlərindən yaddaqalan müğənni Minaxanım Hüseynzadə, Nigar Qazızadə və digərləri də şərik olduqlarını bir cümlə ilə belə ifadə etdilər: “20 Yanvar milli qürur və iftixar günümüzdür”!
İnsan axını arasında paytaxtda fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatlarının kollektivləri az deyildi. Onlardan biri də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Geodeziya şöbəsinin kollektivi idi. Kollektivin üzvlərindən mühəndis Rübabə Muradova, özünü 20 Yanvarla həmyaşıd sayan 25 yaşlı Nərmin Rəcəbova, Validə İsrafilova və digərləri şəhidlərimizin müqəddəs ruhlarını ziyarət etməyi xalqımızın borcu olduğunu bildirdilər.
Dövlət İdarəçilik Akademiyasının tələbəsi Həbib Misirovun dediklərindən: “20 Yanvar şəhidlərinin uyuduğu xiyaban uşaqdan-böyüyə hər birimiz üçün müqəddəs məkandır. Ona görə də illər keçdikcə bu ünvan nəsillərin ziyarətgahına çevriləcək. O qanlı və dəhşətli gecədən 25 il keçdikdən sonra xalqımızın Şəhidlər xiyabanını mütəşəkkil qaydada ziyarət etməsi də bunu təsdiqləyir. 20 Yanvar miqyasına görə ağrılı-acılı faciədirsə, mahiyyəti mübarizlikdir və tariximizin şanlı səhifəsidir. O dəhşətli gün bir daha təsdiqlədi ki, xalqımızın milli azadlıq duyğularını, qətiyyətini hər hansı imperiyanın nə tankı, topu, nə də digər ağır hərbi texnikası ilə sındırmaq mümkün deyil”!
İngilis dili müəllimi Lalə Əliyeva isə Şəhidlər xiyabanını yalnız ildə bir dəfə deyil, müxtəlif mərasimlərdə də ziyarət edir: “Akademik Milli Dram Teatrında faciəyə həsr olunmuş bir tamaşaya baxdım, sanki hər şey yenidən canlandı gözlərim önündə. İlyas Əfəndiyevin “Qarabağnamə” əsəri idi. Xalqımızın qan yaddaşına yazılan belə faciələri az olmayıb. Onu da deyim ki, xiyabana yalnız ildə bir dəfə - 20 Yanvar günü gəlmirəm. Şəhidlərimizi hər zaman ziyarət etmək borcumuzdur. Onlar bugünkü firavan, müstəqil, azad Azərbaycan üçün canlarından keçiblər”.
Bu da 25 il öncə o qanlı şənbə gecəsindən çıxaraq müstəqil Azərbaycanın inkişaf göstəricisi kimi tanınan, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilən, beynəlxalq tədbirlərə ev sahibliyi ilə qürur duyan, ilk dəfə olaraq bu il Avropa Oyunlarına meydan verəcək qədim Bakının taleyinə yazılan qürur və iftixar tarixinə qısa baxış.
Məhəmməd
NƏRİMANOĞLU,
Fərman BAĞIROV,
Azərbaycan.-2015.- 22 yanvar.- S.4.