İyirmi beş il əvvəl başlanan müstəqillik yolu

 

Vətən uğrunda şəhid olmuş hər bir soydaşımız Azərbaycan xalqının övladı və qürurudur.

Heydər ƏLİYEV

 

Zaman-zaman Azərbaycanın başına gətirilən ağlasığmaz bəlalardan, bənzəri olmayan faciələrdən, soyqırımılardan danışarkən ulu öndər Heydər Əliyev böyük ürək ağrısı və vətəndaş yanğısı ilə deyirdi:Bu hadisələri, onların dərslərini unutmağa bizim haqqımız yoxdur. Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”.

Təsadüfi deyildir ki, ulu öndər 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya edilməsi haqqında” və 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” fərmanlar imzalamışdır. Ermənilərin Azərbaycan xalqının başına gətirdikləri bəlaların, törədilmiş vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasında məhz həmin fərmanlar əhəmiyyətli rol oynamış, dövlət səviyyəsində sistemli tədbirlər hazırlanıb həyata keçirilmişdir.

Elə 25 il əvvəl baş vermiş 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında, sonralar faciəyə hüquqi-siyasi qiymət verilməsində də ulu öndər Heydər Əliyevin bənzərsiz fədakarlığı olmuşdur. Bu gün milli mənafe, milli qürur və təəssübkeşlik naminə fəaliyyətin zirvəsinin şəksiz Heydər Əliyevə məxsus olduğunu desək, yanılmarıq. Ümummilli liderin qəlbi vaxtından, zamanından, harada yaşamağından və işləməyindən asılı olmayaraq həmişə Azərbaycanla döyünüb.

Ötən əsrin 80-ci illərinin sonunda ölkədə baş qaldırmış separatçı meyillərin qarşısını almaq əvəzinə, daha da qızışdırmağı, münaqişə ocaqlarını daha da alovlandırmağı özünə yeni üslubu seçən SSRİ rəhbərliyi Sovetlər Birliyinin artıq laxlamaqda olan ideoloji dayaqlarının çökməməsi naminə məqbul və qeyri-məqbul nə varsa, hər şeyə əl atmaq iddiasını gizlətmirdi. Ölkədəki ictimai-siyasi gərginlik, insanların daxili dünyasını təlatümə gətirən müstəqillik arzularının gerçəyə çevrilmək reallığı SSRİ-nin siyasi səmasındakı qara buludları daha da sıxlaşdırırdı.

Azərbaycan xalqının bədxahı Mixail Qorbaçovun iqtisadiyyat üzrə müşaviri, akademik Aqanbekyan mövcud vəziyyətdən girəvə kimi istifadə edərək 1987-ci ilin payızında Parisdə “Hümanite” qəzetinə müsahibəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsinin həlli istiqamətlərindən söz açmışdı. SSRİ rəhbərinin erməni müşavirinin həmin müsahibəsi Azərbaycana yönəlmiş bir çox faciə və bəlaların başlanğıcı üçün işarə kimi də qəbul edilə bilərdi.

1922-ci ildən SSRİ-nin tərkibində -”vahid qardaşlıq ailəsində” yaşayan müttəfiq respublikaya qarşı görünməmiş cinayət hərəkətləri törətmiş Kommunist Partiyası rəhbərliyinin məramı bəlli idi: Sovet İttifaqının artıq dağılmaqda olduğunu qəbul etmir, Azərbaycanın müstəqilliyini ağlına belə gətirmək istəmir, hər vəchlə xalqın azadlıq arzularını “erməni dəyənəyi”nin işə salınması ilə boğmaq istəyirdi. Dağlıq Qarabağda Xüsusi İdarə Komitəsinin, Azərbaycanın sərhəd bölgələrində, Bakıda və digər böyük şəhərlərdə fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanları bu məqsəddən irəli gəlirdi. Bundan sonra imperiya daha iyrənc planını həyata keçirdiqan tökməkdən belə çəkinmədi. Azərbaycan xalqına, silahsız, əliyalın, dinc, sülhpərvər insanlara qarşı yanvarın 19-dan 20-nə keçən gecə misli görünməmiş faciə törətdi.

20 Yanvar faciəsindən sonra hadisələr inkişaf etdikcə, böhran dərinləşdikcə imperiyanın başabəla ideoloqları çıxış yolu kimi yeni ittifaq müqaviləsinin bağlanması zəruriliyini ortaya atanda ulu öndər Heydər Əliyev bu planın da faydasızlığını, vaxt udmaq cəhdindən başqa bir şey olmadığını hamıdan tez duydu. Məhz bu zamandan başlayaraq uzun illər Kommunist Partiyasının üzvü olmuş Heydər Əliyev 20 Yanvar faciəsindən sonra onda yaranmış fikri qətiləşdirdi. SSRİ-nin siyasi müqəddəratı barədə ümumxalq səsverməsində Naxçıvan Muxtar Respublikası iştirak etmədi. Naxçıvan sakinləri Heydər Əliyevin bu prinsipial məsələ ilə əlaqədar mövqeyini tam dəstəklədilər. Bu, dəyişən dünyanın, Azərbaycan xalqının azadlıq istəyinin tələbi idi.

Ulu öndərin dəmir məntiqi belə idi: SSRİ tarixində yeganə haldır ki, bir müttəfiq respublika digərinin torpaqlarını zəbt edibİttifaq bu zaman təcavüzkarı dəstəkləyib. SSRİ tarixində yeganə faktdır ki, imperiyanın qoşunları dinc, əliyalın əhalini kütləvi şəkildə qətlə yetirmişdir: “Odur ki, biz sovet, sosialist məzmunundan imtina edib, 1918-ci ildəki Xalq Cümhuriyyətimizin rəmzlərini bərpa etmişiksə, onun ərazisini, ideologiyasını da bərpa etməliyik”.

1991-ci il martın 7-də Ali Sovetin sessiyasındakı çıxışında ulu öndər belə bəyan etdi: “Sov. İKP-nın bir hissəsi olan Azərbaycan KP MK-nın platforması artıq xalqı birləşdirə bilmir. O, xalq arasında nüfuzdan düşüb. Bütün xalqın iradəsini təmsil etmir. Ona görə Kommunist Partiyası hakimiyyətindən tamamilə imtina edilməlidir.

Azərbaycan xalqının birliyi yeni, heç kəsdən asılı olmayan dövlət qurulması ilə təmin edilə bilər. Azərbaycan Respublikası iqtisadisiyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır”.

Belə də oldu! Ulu öndər Heydər Əliyev Azərbaycanı xilas etdi, dönməz müstəqillik və bənzərsiz inkişaf yoluna çıxardı. Ötən illər ərzində dövlətçiliyimizə təhdidlər də az olmadı. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişlərinə cəhdlərin qarşısı məhz ulu öndərin müdrikliyi, qətiyyəti sayəsində alındı. Artıq o illər arxada qalıb. Ölkəmiz Heydər Əliyev siyasi kursu ilə Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu sabahlarına doğru inamla irəliləyir. Bu gün Azərbaycan bir dövlət kimi dünya birliyi sıralarında öz möhtəşəm yerini daha da möhkəmləndirməkdə, beynəlxalq nüfuzunu və qüdrətini daha da artırmaqdadır. Bu, ulu öndərin də, vətən torpaqlarının azadlığı uğrunda həlak olan övladların da, 20 Yanvar şəhidlərinin də arzusu idi. Bu gün Azərbaycan onların ruhları qarşısında bir daha ehtiramla baş əyir.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2015.- 22 yanvar.-  S.6.