Soyun qəm libasını, qərənfil!

 

Sevənlərin sevgi nişanəsi , toy-düyünün yaraşığı, gənclərin bəylik kostyumunun döş cibində - urəyinin başında gəzdirdiyi qərənfil , sənə bu yas paltarını kim geyindirdi?!. Deyəsən 20 Yanvar sənin də faciəni yazdı... o gündən ki murazı gözündə qalan cavanlarımızın, körpələrimizin, ahıllarımızın amansız imperiyanın tırtıllı tanklarının altında əzildiklərinin şahidi oldun, axan qanların sənin rənginə oxşarlığını gördün, o gündən də qəm libasını geydin. Qəbiristanlıqları, Şəhidlər xiyabanını özünə məskən seçdin. 25 ildir şəhidlərimizlə bir uyuyursan, onlara səhər-axşam ağı deyirsən. Bir tərəfdən özünonlarla bərabər ucalırsan, muqəddəsləşirsən. Yaxşı bilirsən ki, ürəyi azadlıq təşnəsi olan xalqımız arzusuna çatmaq üçün 1990-cı ilin 20 yanvarını yaşamalı idi. Onu da yaxşı bilirsən ki, Azərbaycan xalqı çökməkdə olan imperiyanın zərbələrinə, zülmünə sinə gərərək mübarizəsinin davamı üçün özünə yeni vasitələr tapacaqdı...

Gözün aydın, qərənfil! O qanlar havayı axmadı, bu gün o qanların bahasına müstəqil dövlətik. Artıq formalaşmış ordumuz var. O ordu ki, tökülən qanların, işğalda inləyən Qarabağımızın qisasını almaq gücündədir. Soyun qəm libasını, qərənfil, tezliklə yenə sevənlərin sevgi dilinə cevriləcəksən. Ən əsası isə qələbə günündə Azərbaycan əsgərinin başından yaz yağmuru kimi töküləcəksən...

 

Zəkurə QULİYEVA,

Azərbaycan.-2015.- 22 yanvar.-  S.6.