Arzularına çatmayan şəhid
Salyanın, habelə qonşu rayonların əksər sakinləri sadə insanlardan tutmuş, vəzifəli, nüfuzlu adamları dişlərinin müalicəsi ilə əlaqədar Sahib həkimin yanına gələrdilər. O, bacarıqlı həkim, səmimi insan olmaqla yanaşı, həm də yaxşı təşkilatçı idi. Məhz bu xüsusiyyətlərinə görə də rayon stomatoloji poliklinikasının baş həkimi vəzifəsinə irəli çəkilmişdi. O zamankı çətinliklərə baxmayaraq, poliklinikanın əvvəl yerləşdiyi binanı imkanlı insanların köməyi ilə təmir etdirmiş, sonra isə yeni bina tikilməsinə nail olmuşdu.
Bütün bunlar ona rayon əhalisi arasında böyük hörmət qazandırmışdı. Bacarıqlı diş həkiminə sovetlər birliyi zamanında müxtəlif təşkilatlar tərəfindən xarici ölkələrin birində gənc mütəxəssis kimi işləmək təklifi də olmuşdu. Çox götür-qoy etdikdən sonra baş həkim olduğu poliklinikada gərgin əməyi ilə yaratdığı iş şəraitini, el-obasına, soydaşlarına xidmət etmək istəyini nəzərə alıb həmin təklifdən imtina etmişdi. O zaman əmisinin xarakterindəki bu xüsusiyyətlər yeniyetmə Elçinin diqqətindən yayınmırdı. Onun da ürəyində gələcəkdə həkim olmaq, xalqa, Vətənə xidmət etmək arzuları var idi. Buna görə də dərslərinə münasibəti daha da ciddiləşdirdi. Hər gün məktəbdən gələr, azacıq istirahət etdikdən sonra kitabları qarşısına tökərdi. Bütün fənləri lazımınca öyrənməkdən ötrü özü üçün gün rejimi cədvəli də tərtib etmişdi. Kimya, biologiya, fizika, Azərbaycan dili dərslərinin sadədən tutmuş mürəkkəbə qədər hər bir sirrinə, məsələsinə mükəmməl yiyələnməyə səy göstərirdi. Vaxt tapanda məhəllə yoldaşları ilə futbol da oynayardı. Yeniyetmə oğlanın həyatında baş verənlər valideynlərini, müəllimlərini sevindirirdi. Bir gün atası Hacı Beydulla dərslərini hazırlayan Elçinin otağına gəlir, başına sığal çəkib ondan - gələcəkdə hansı sənətin sahibi olmaq istəyirsən, - deyə soruşur. 9-cu sinif şagirdi olan Elçin gələcəkdə əmisi Sahib kimi diş həkimi sənətinə yiyələnmək arzusunu bildirir. Atası gülümsünərək əyilib oğlunun üzündən öpür və qardaşı ilə görüşlərin birində Elçinin də onun kimi diş həkimi olmaq arzusunu söyləyir. Sahib həkim bu xəbərdən məmnun olur, nəsildə peşəsinin davamçısı yetişəcəyindən sevinir.
Günlər, aylar, illər bir-birini əvəz edir. Elçin orta təhsilini
başa vurub elə həmin il, yəni
1986-cı ilin yayında sənədlərini N.Nərimanov
adına Tibb İnstitutunun Stomatologiya fakültəsinə
verir. İmtahanlardan müvəffəq qiymətlər
alaraq tələbə adını qazanır. Tələbə biletini, qiymət
kitabçasını əlinə alanda sevinci yerə-göyə
sığmır. Hər iki sənəddə bu sözlər
yazılmışdı: “İmanov Elçin Beydulla oğlu.
N.Nərimanov adına Azərbaycan Tibb
İnstitutu Stomatologiya fakültəsi. Birinci
kurs, 445-ci qrup”.
O
vaxtkı qayda-qanuna görə ali məktəblərdən
də hərbi xidmətə çağırırdılar. Odur ki Elçin birinci kursu başa vurduqdan sonra hərbi
xidmətə gedir. Deyirlər, yaxın,
bir-birini çox istəyən adamların taleyində
oxşarlıq olur. İş elə gətirir
ki, o, əvvəlcə Rusiyanın Volqaqrad vilayətində,
sonra isə bir vaxtlar əmisi S.İmanovun Almaniyada əsgəri
xidmətdə olduğu hərbi hissədə öz xidməti
borcunu yerinə yetirir. Əsgərlik illərində
də Elçin arzularından bir an olsun belə ayrı
düşmür. Məktublarının
birində kitablarının bağlama ilə göndərilməsini
xahiş edir. Əsgərlik həyatı
onu təhsildən müəyyən vaxt geri atsa da, xeyri də
dəyir.
Bərkə-boşa düşür, ağı qaradan,
yaxşını yamandan ayırd etmək vərdişlərinə
yiyələnir. Başqa millətdən olan əsgər
yoldaşlarının yanında öz valideynlərinin,
doğulub boya-başa çatdığı Vətənin -
Azərbaycanın adını ucaltmağa
çalışır. Buna görə dəfələrlə
komandanlığın təşəkkürnaməsini
alır.
İki il ötüb keçdi. Elçin
əsgərlik borcunu şərəf və ləyaqətlə
yerinə yetirib Vətənə qayıtdı. Yenidən qayğılı tələbəlik illəri
başladı. Elçin və o vaxtkı
Xalq Təsərrüfatı İnstitutunda oxuyan qardaşı
Fuad keçmiş Papanin küçəsində olurdular.
Ataları Hacı Beydulla kişi ailələrinin
maddi imkanını nəzərə alıb onlar
üçün ucuz qiymətə birotaqlı həyət evi
kirayə etmişdi. Özü də ayda bir-iki
dəfə Bakıya gəlib oğlanlarının dərdini-sərini
öyrənər, dərsləri ilə maraqlanar, rayondan gətirdiyi
ərzağı verib geri qayıdardı. Lakin
tələbəliyin ən şirin anlarını özündə
yaşadan yataqxana həyatı onları maqnit kimi həmişə
çəkirdi. Odur ki, vaxt tapan kimi
Elçin tələbə yataqxanasına, qrup
yoldaşlarının yanına gedir, birlikdə seminar və
imtahanlara hazırlaşar, maraqlı diskusiyalar aparardılar.
Çox vaxt qardaşı Fuad da ona qoşulardı.
Bu o vaxtlar idi ki, Bakı qaynar qazanı
xatırladırdı. Torpaqlarımızın
ermənilər tərəfindən işğal edilməsi,
respublikaya rəhbərlik edənlərin Moskva
qarşısında acizlik göstərmələri, heç
bir təsirli tədbir həyata keçirə bilməmələri,
yalnız öz vəzifə kürsülərini qorumaq cəhdləri
xalqı, sözün əsl mənasında, hövsələdən
çıxarmışdı. Xalq öz
sözünü demək üçün Azadlıq
meydanına toplaşır, vəziyyətdən
çıxış yolu tapmaqdan ötrü mitinqlər
keçirirdi. Həmin hadisələr
vaxtı mitinq iştirakçılarının demək olar
ki, çox hissəsini tələbələr təşkil
edirdi. Gənclər bütün ölkələrdə
tarixin dönüş nöqtələrində aparıcı
qüvvə olublar. O zaman Bakıda da belə idi. Əksər
ali məktəblərin tələbələri
kimi indiki Tibb Universitetində təhsil alanlar da ictimai-siyasi hərəkatda
fəal iştirak edirdilər.
Şəhid Elçin İmanovun qardaşı Fuad
İmanov deyir ki, qış sessiyası idi. Elçin
yanvarın 19-da növbəti imtahandan “əla” qiymət
almışdı. Kefi yaxşı idi.
Lakin baş verən hadisələr,
bütün tələbələr kimi, onu da narahat edirdi.
Söz-söhbət gəzirdi ki, rus
qoşunları şəhərə girəcək. Ehtimallar düz çıxdı. Axşamüstü tələbə gənclər
televizorun qarşısında oturub hadisələrin
gedişini izləyirdilər. Birdən-birə
televizor söndü. Elçin
qardaşı Fuadla həmin gecə də tələbə
dostları arasında idi. Yataqxananın həyətində
isə bir neçə avtobus dayanmışdı. Deməli, tələbələrin yalın əllə
rus imperiyasının zirehli tanklarının, toplu-tüfəngli
qoşununun qarşısına çıxarılması
üçün müəyyən hazırlıq işləri
görülmüşdü. Həyətə
düşən tələbələrə avtobuslara oturmaq
komandası verildi. Keçmiş
Çapayevlə L.Şmidt küçələrinin kəsişməsində
avtobuslardan düşən tələbələr silahlı
ordu tərəfindən atəşə tutuldular. Gecənin bağrını dəlib keçən
güllələrdən biri də Elçin İmanova tuş
gəldi. Qardaşı Fuad, tələbə dostları
Səlim, Cavid, Əlipaşa onu təcili yardım
maşını ilə 4 saylı xəstəxanaya
çatdırsalar da, həkimlər gənci xilas edə bilmədilər.
Elçin 20 Yanvar gecəsi saat 12 radələrində
aldığı güllə yarasından keçindi. Qardaşı, tələbə dostları gecə
vaxtı çətinliklə də olsa, onu Salyana gətirdilər.
Səhəri gün bütün Salyan camaatı
yığışaraq şəhid Elçin İmanovu son mənzilə
yola saldı. Şəhid adı,
ömrün şəhidlik zirvəsi ifadəsi o gündən
leksikonumuzda ən müqəddəs sözə çevrildi.
Ailə üzvlərinin, rayon rəhbərliyinin
yaxından iştirakı ilə hüzn mərasimi yüksək
səviyyədə keçirildi. Qəbirüstü
abidəsinin tikintisini isə öz layihəsi əsasında əmisi,
adlı-sanlı stomatoloq həkim S.İmanov həyata
keçirdi. Lakin bir müddətdən sonra bir nəslin
iki oğlunun yeni tale paralelliyi bir də baş verdi.
Sahib həkim Gəncədən gələrkən
avtomobil qəzasına uğrayaraq həlak oldu. O, özü də
az müddət əvvəl şəhid
qardaşı oğlu Elçin üçün inşa
etdirdiyi tağlı günbəz altında dəfn edildi.
Ulu Tanrı tərəfindən hər kəsə bir
ömür payı verilir. Kiminə az, kiminə
isə çox. Sonda isə bir gün gələnlər
bir gün də tərk edir bu dünyanı. Fərq ondadır ki, verilən ömür
payını necə yaşamısan, özündən sonra
hansı izi qoyub getmisən. Şəhidlərimizin
çoxu gənc yaşlarında həyatdan köç ediblər.
Onların ürəklərində bəslədikləri
neçə-neçə şirin arzuları sona çatmayıb,
yarı yolda qalıb. Əksər hissəsi
heç ailə həyatı da qurmayıblar. Elçin İmanov üçün də el adəti
ilə elçi gediləcək, qırmızı
xonçalar bəzənəcək, toy olacaqdı. Bütün gənclər kimi, onun da
gözaltısı, seçib sevdiyi qız vardı. 20
gün əvvəl, Yeni il münasibəti
ilə onun təbrik edib bir dəstə gül də
bağışlamışdı. Sevinc, xoşbəxtlik,
vüsal rəmzi olan həmin güllər respublikamızda
görüşə, təbrikə aparılan, bəlkə də
sonuncu qərənfillər idi. Qanlı
Yanvar faciəsindən sonra onların da ünvanı dəyişdi.
Ali təhsilini başa vurduqdan sonra ailə həyatı
qurmaq, ev-eşik sahibi olmaq, ata-ana borcunu qaytarmaq, işləyib
həkim kimi cəmiyyətə xeyir vermək Elçinin ən
ülvi və pak arzusu idi. Ürəyində bəslədiyi
şirin duyğular namərd gülləsinə tuş gəldi,
arzuları yarı yolda qaldı. Ömrünün
24-cü qışında şəhidlik zirvəsinə
ucaldı, əbədiyyətə qovuşdu.
Lakin illər, qərinələr, əsrlər keçəcək,
adları Azərbaycanın müstəqillik tarixi salnaməsinə
qızıl hərflərlə yazılan şəhidlərin
xatirəsi gələcək nəsillər tərəfindən
həmişə böyük minnətdarlıq hissi ilə yad
ediləcək. Çünki onlar ölümləri ilə
ölməzlik qazananlardandır. Bu yazını sona yetirərkən
şəhidlərimizə həsr etdiyim bir şeirim yadıma
düşdü:
Siz ey Vətən
yolunda şirin canından keçib,
İgidliyi,
mərdliyi özünə amal secib,
Ömrün
bahar çağında həyatdan erkən köçüb,
Ölümüylə
bu yurdu, torpağı yaşadanlar,
Yaşayan hər ömürdə qanınız, canınız var!
Səs
verdiniz Vətənin harayına, səsinə,
Yüksəldiniz müqəddəs şəhidlik zirvəsinə.
Məzarınız dönübdür ziyarət türbəsinə.
İnanın,
and içirik, qanınız alınacaq,
Xatirəniz,
ruhunuz həmişə anılacaq!
Bir ata
övladından el oğluna döndünüz,
Kim deyir
ki, öldünüz, kim deyir ki,
söndünüz?!
Gələcək nəsillərə yetəcəkdir
ününüz.
Siz bu
gün də, sabah da, əsrlərlə
sağsınız!
Bu yurdun
sinəsində vüqarsınız, dağsınız!
Siz
yazdınız millətin tarixini qan ilə,
Sinənizdə yurd saldı yurda atılan güllə.
Məzarınız tutulub min çələngə, min
gülə.
Tərsiniz
çiçək kimi, həmişə baharsınız!
Azərbaycan köksündə əbədi yaşarsınız!
Seyran CAVADOV,
Azərbaycan.-2015. - 20 yanvar.- S. 11 .