Dünya İqtisadi
Forumu çərçivəsində “Transformasiyada regionlar:
Avrasiya” mövzusunda sessiya keçirilib
Prezident İlham Əliyev
sessiyada iştirak edib
Azərbaycan Prezidenti İlham
Əliyev İsveçrəyə
işgüzar səfəri
Xüsusi
müxbirimiz xəbər
verir ki, yanvarın 22-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində
keçirilən “Regionların
transformasiyası: Avrasiya”
mövzusunda sessiyada iştirak edib.
Sessiyanın aparıcısı iştirakçıları
təqdim etdikdən sonra mövzu ilə bağlı sözü Azərbaycan Prezidenti İlham Əliyevə verdi.
Dövlətimizin başçısı ölkəmizin
1991-ci ildən bəri
keçdiyi inkişaf
yolunu ətraflı xarakterizə etdi. Bildirdi ki,
ilk növbədə, siyasi
transformasiyanı uğurla
həyata keçirən
ölkəmiz müstəqillik
dövründə açıq
qapı siyasəti yürüdüb və planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına müvəffəqiyyətlə keçib. Ölkə iqtisadiyyatının şaxələndirilməsi hazırda
da uğurla davam etdirilir. Artıq Azərbaycan iqtisadiyyatında
qeyri-neft sektorunun xüsusi çəkisi neft sektorunu üstələyir.
Prezident İlham Əliyev Azərbaycanın mötəbər
beynəlxalq maliyyə
qurumları, o cümlədən
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə də səmərəli əməkdaşlıq etdiyini
və çoxlu sayda infrastruktur layihələrini həyata
keçirdiyini bildirdi. Prezident qeyd
etdi ki, artıq Azərbaycan özü donor ölkəyə
çevrilib və xeyli xarici ölkədə
bir sıra layihələri maliyyələşdirir.
Azərbaycanın enerji
təhlükəsizliyini təmin
etdiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin hasil etdiyi təbii
qazı hazırda reallaşdırılan “Cənub”
qaz dəhlizi vasitəsilə Avropaya nəql edəcəyini dedi.
Dövlətimizin başçısı Azərbaycanın
zamanın çağırışlarına,
o cümlədən terrorizmə
qarşı da fəal mübarizə apardığını qeyd
etdi. Prezident İlham Əliyev
bildirdi ki, ölkəmizin həyata keçirdiyi enerji layihələri regional əməkdaşlıqla
yanaşı, beynəlxalq
əməkdaşlığa da geniş imkanlar
açır və bütün tərəfdaşların
həmin layihələrdən
bəhrələnmələrinə hərtərəfli imkanlar
yaradır. Dövlətimizin
başçısı neftin
qiymətinin aşağı
düşməsi ilə
əlaqədar Azərbaycanda
xərclərə nəzarətin
gücləndirilməsi, israfçılığa
yol verilməsi hallarının qarşısının
alınması və digər vacib tədbirlər görüldüyünü
dedi.
Sonra dövlətimizin
başçısı sualları
cavablandırdı.
Geosiyasi
vəziyyətlə bağlı
sualın cavabında Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz artıq 20 ildən çoxdur Ermənistanın
işğalçılıq siyasətindən əziyyət
çəkir və ötən müddətdə
aparılan sülh danışıqları heç
bir nəticə verməyib. Dövlətimizin başçısı xüsusi vurğuladı ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi, eləcə
də keçmiş
SSRİ məkanındakı bütün münaqişələr
eyni yanaşma yolu ilə həll
olunmalıdır. Belə münaqişələrin
həll olunmaması yeni münaqişələrə
də yol açır. Prezident
İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
beynəlxalq hüquq normaları çərçivəsində
həllini tapmasa, bunun digər ölkələrə də
öz mənfi təsirini göstərəcəyini
dedi. Dövlətimizin başçısı qeyd etdi ki,
beynəlxalq hüquq normaları BMT-nin Nizamnaməsində, ATƏT və
digər beynəlxalq təşkilatların sənədlərində
konkret şəkildə
əksini tapıb.
Yalnız beynəlxalq hüquq
normalarına əməl
edildikdə ikili standartların və belə problemlərin regionda artmasının qarşısı alınar.
Sessiyada səslənən digər məsələlərlə bağlı Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda iqtisadiyyatın davamlı və dayanıqlı inkişafı diqqət mərkəzindədir. Ölkəmiz “qara qızıl”ı insan kapitalına çevirmək istiqamətində ardıcıl addımlar atır. Respublikamızda təhsilin inkişafına mühüm əhəmiyyət verilir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin əsaslı şəkildə inkişafı üçün müvafiq işlər həyata keçirilir və artıq ölkəmiz iki peykini orbitə çıxarıb.
Dövlətimizin başçısı qeyd etdi ki, ölkəmizdə siyasi islahatlar da uğurla reallaşdırılır, insanların daha yaxşı yaşayışı üçün ardıcıl işlər görülür. Ölkəmizin infrastrukturun təkmilləşdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirdiyini və Avropa ilə Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun bunun bariz nümunəsi olduğunu vurğuladı.
Sessiyada Avropa Komissiyasının sabiq sədri Joze Manuel Barrozu və digər çıxış edənlər də Azərbaycanın müstəqillik dövründə uğurlu inkişaf yolu keçdiyini, ölkəmizin qazandığı nailiyyətlərin nümunə xarakteri daşıdığını bildirdilər.
Sessiyada geosiyasi vəziyyət, iqtisadiyyatın şaxələndirilməsi məsələləri, neftin qiymətinin aşağı düşməsi ilə bağlı dünya iqtisadiyyatı və bir sıra ölkələrin iqtisadiyyatının perspektivləri və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2015.- 23 yanvar.- S.2.