Mədəniyyət və turizm
naziri Şabran
şəhərində
vətəndaşların müraciətlərini dinləyib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrinə əsasən,
mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə vətəndaşların qəbulunu
keçirir, onların müxtəlif məsələlərlə
bağlı müraciətlərinin, ərizə və
şikayətlərinin müsbət həll olunması
üçün müxtəlif tədbirlər görürlər.
AzərTAc
xəbər verir ki, yanvarın 22-də mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Şabran şəhərindəki
Heydər Əliyev Mərkəzində Quba, Qusar, Şabran,
Xaçmaz və Siyəzən rayonlarından olan vətəndaşları
qəbul edib.
Mədəniyyət
və Turizm Nazirliyinin elektron poçt ünvanı
(mct@mct.gov.az), elektron xidmətlər saytı (e-services.
mct.gov.az), telefon məlumat sistemi (“Qaynar xətt”: 147) və
müvafiq rayon mədəniyyət və turizm şöbələrinə
müraciət etməklə qəbula yazılan 30-dan çox
vətəndaş nazirlə görüşdə müxtəlif
məsələlərlə bağlı təklif, xahiş və
şikayətlərini bildirib.
Nazirliyin
məsul işçilərinin də iştirak etdikləri qəbulda
vətəndaşların müraciətləri əsasən
şimal bölgəsində milli oyunların təbliği,
çövkən yarışlarının keçirilməsi,
fəaliyyətdə olan teatrların müxtəlif
avadanlıq və kostyumlarla təminatı, yerlərdə
musiqi və incəsənət məktəblərinin fəaliyyətinin
genişləndirilməsi ilə bağlı olub.
Bununla
yanaşı, kitabxana şəbəkəsinin təkmilləşdirilməsi,
mədəniyyət müəssisələrinin maddi-texniki
bazasının yaxşılaşdırılması, tarix-mədəniyyət
abidələrinin bərpa və təmiri, yaradıcı
insanların fəxri adlarla təltif edilməsi və digər
məsələlər də müraciətlər arasında
yer alıb.
Həmçinin
işlə təminat, mədəniyyət ocaqlarında ixtisar
olunmuş ştatların bərpası və digər sosial məsələlərlə
bağlı müraciətlər də səsləndirilib.
Görüşdə
hər bir vətəndaşın müraciəti diqqətlə
dinlənilib, onların problemlərinin həlli ilə
bağlı müvafiq tədbirlərin görülməsi
üçün tapşırıqlar verilib.
Vətəndaşların
mədəniyyət və turizm sahəsində mövcud
problemlərə, aktual məsələlərə diqqət
yetirməsini təqdir edən nazir Əbülfəs Qarayev
bütün məsələlərin nəzərdən
keçiriləcəyini, onların həlli üçün
müvafiq tədbirlərin görüləcəyini bildirib.
Azərbaycan.-2015.- 23 yanvar.- S.4.