Prezident İlham Əliyevin hökumətin iclasında

 səsləndirdiyi fikirlər milli maraqlara söykənən qətiyyətli mövqe idi

 

Dövlət başçısı bir daha zamanın əsas çağırışlarının istiqamətini göstərdi

 

Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı Prezident İlham Əliyev ötən ilin uğurlu göstəriciləri ilə yanaşı, 2015-ci ildə ölkə qarşısında qoyulan əsas vəzifələri də qeyd etdi.

Dövlət başçısı Ermənistan-Azərbaycan, Daglıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar və bu prosesdə ölkəmizə qarşı həyata keçirilən ikili standartlar prinsipinin hələ də davam etməsinə ciddi etirazını bildirərək Azərbaycanın tutduğu yoldan dönməyəcəyini bir daha bəyan etdi: “Nə üçün başqa yerlərdə qəbul edilmiş qətnamələr dərhal icra edilir, bizə gəldikdə icra edilmir?! Bu, ədalətsizlikdir, bu, ikili standartlardır... Görünür, elə qüvvələr var ki, maraqlıdır bu münaqişə dondurulmuş, yarıdondurulmuş vəziyyətdə qalsın və bundan Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə etsinlər... Ona görə buna da aydınlıq gətirilməlidir ki, bizvaxta qədər bu ikili standartlarla üzləşəcəyik?!”

Prezident ölkəmizdə hansısa yollarla qarışıqlıq salıb və sonra boş-boş bəyanatlar yayan bəzi dövlət və beynəlxalq təşkilatlara da mesaj yolladı: “Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir və bütün ölkələr ancaq ikitərəfli formatda bərabərhüquqlu münasibətlər qurmalıdırlar. Bu, beynəlxalq davranışın qaydalarıdır”.

Dövlət başçısının söylədiyi fikirlər bir neçə gündür ölkədə müzakirə mövzusuna çevrilib. Siyasətçilər, deputatlar hesab edirlər ki, bu gün dünyada, xüsusilə də müsəlman ölkələri arasında ciddi nifaq toxumu səpən, toqquşmalar, xaos yaradan bəzi Qərb dairələri müstəqil, balanslı siyasət yürüdən Azərbaycanın da sosial-iqtisadi inkişafını həzm edə bilmədikləri üçün müxtəlif təzyiq metodlarından istifadə etməyə çalışırlar. Ancaq bütün hallarda istəklərinə nail olmadan geri çəkilmək məcburiyyətində qalırlar.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyir ki, bu gün Azərbaycan yeni çağırışlar və vəzifələr qarşısındadır. Düşmənimiz bəllidir və bu düşmənin hədəfinin istiqamətini bilsək də, ölkəmiz üzərinə başqa-başqa istiqamətlərdən də hücumlar edilir: “Biz isə müstəqilliyimizi, siyasi maraqlarımızı, iqtisadi mənafelərimizi qorumaq üçün fəal döyüş mövqeyindəyik. Bu da başadüşüləndir. Çünki hazırkı geopolitik savaş daha da dərinləşir və belə olan şəraitdə bəzi ölkələrdən olan təsirlər Azərbaycan dövlətinin üzərində də hiss olunmaqdadır. Ona görə də cənab Prezident buna öz kəskin mövqeyini ortaya qoydu”.

Deputatın sözlərinə görə, müşavirə zamanı dövlət başçısı bugünkü beynəlxalq münasibətlər sisteminin dəqiq açıqlamasını verdi. Beynəlxalq məclislərdə, bağlı qapılar arxasında, real siyasətin formalaşmasında iştirak edən bir liderin dilindən söylənilənlər bizim üçün daha böyük siyasi dərslərdir. Azərbaycana bu gün müxtəlif ölkələrdən təzyiqlərin olduğunu deyən deputat hesab edir ki, dünyada demokratiyaya dəstək verdiklərini bəyan edən strukturlar Azərbaycana bu istiqamətdə kömək etməkdənsə, əks maraqlara xidmət edən addımlar atırlar:Bu gün hamı bilməlidir ki, demokratiya ixracı adı altında ölkələrin öz maraqları üstün tutulur. Onlar üçün ən doğru seçim həmin dövlətin mənafeyi üçün çıxış etməkdir. Ya bununla razılaşmalısan, ya da cənab Prezidentin dediyi kimi, qarayaxma kampaniyası işə düşəcək. Bugünün hərbi texnikası isə bəzi televiziya kanallarıdır. Onlar bu ölkələr əleyhinə kampaniyalara başlayıb dövlətin imicini ictimai rəylə zədələməyə çalışırlar. Bundan sonra həmin dövlətlərin üzərinə getmək asanlaşır”. Zahid Oruc deyir ki, Azərbaycan dövlət olaraq hər hansı dairələrlə münasibətlərini kəsmək niyyətində deyilbütün beynəlxalq təşkilatlarla əmakdaşlıqda maraqlıdır. Ancaq Qərb dövlətlərinin cəmləşdiyi qurumların qəbul etdiyi qərarlar və ATƏT-in Helsinki Yekun Aktı lazımsız bir kağızdırsa, onda bu ölkələri öz ixtiyarlarına buraxsalar, daha yaxşı olar.

Deputat bildirdi ki, Prezident İlham Əliyev 2015-ci ildə keçirdiyi ilk müşavirədə yenə də zamanın əsas çağırışlarının istiqamətini göstərdi. Belə aydın oldu ki, antiazərbaycançı şəbəkələrin təzyiqlərinə qarşı dirəniş göstərməli, adekvat cavab verməliyik: “Mən Prezident İlham Əliyevin açıqlamalarını milli maraqlara söykənən bir iradə hesab edirəm, müstəqillik mövqeyimizin güclənməsi kimi dəyərləndirirəm və zənn edirəm ki, bundan sonra olan təsirlərə də Azərbaycan öz mənafeyi çərçivəsində cavab verəcək”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə isə deyir ki, sözügedən müşavirədə səslənən fikirlər, statistik məlumatlar qlobal böhranın davam etdiyi dünyada Azərbaycanın inkişaf tempini bir daha sübut etdi. Prezident İlham Əliyev 2014-cü ildə əldə edilmiş uğurlar, aparılan islahatlar və gələcək planlar barədə ciddi tapşırıqlarını verdi.

Deputatın sözlərinə görə, dövlət başçısı ölkədə aparılan islahatlara ciddi önəm verildiyini xüsusi vurğuladı: “Prezident qeyd etdi ki, siyasi islahatlar modeli üzrə Azərbaycan nümunə ola bilər. Çünki hökumət iqtisadi islahatları aparmaqla, eyni zamanda siyasi islahatlara da böyük önəm verir. Hüquq müdafiəçisi kimi deyə bilərəm ki, bu gün Azərbaycanda bütün demokratik təsisatlar yaradılıb. Söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan, mətbuat, internetdin azadlığı təmin edilib. Dövlət başçısının dediyi kimi, bu azadlıqlar nəinki təmin edilib, eyni zamanda bu, bizim həyat tərzimizdir, bu, dövlət siyasətidir. 2014-cü ildə Prezident 3 əfv sərəncamı imzalamaqla 300-dən çox məhkuma azadlıq bəxş etdi”.

Deputat onu da bildirdi ki, müşavirədə ölkə Prezidenti həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafını gözü götürməyən, ölkəmizə qarşı qarayaxma kampaniyası aparanlara da xəbərdarlıq etmiş oldu. “Ölkəmizə qarşı ikili standartlar prinsipinin bu gündavam etməsinin səbəbi hər kəsə bəllidir. Ötən il AŞ PA-nın iclasında çıxış edən Prezident İlham Əliyev həmin qurumlara, dövlətlərə səslənərək çirkin niyyətlərinin baş tutmayacağını bir daha xatırlatdı. Həmin iclasda dövlət başçısına təxribat xarakterli suallar verilsə də, cənab İlham Əliyevin tutarlı və ciddi arqumentlərə əsaslanmış cavabları Azərbaycanı istəyən dövlətlərin nümayəndələri tərəfindən alqışla qarşılandı. Həmin iclasda antiazərbaycançı şəbəkəyə bir daha aydın oldu ki, Azərbaycana təzyiq etməyin, təhdid dili ilə danışmağın heç bir təsiri olmayacaq. Dövlət başçısı Nazirlər Kabinetinin iclasında bəyan etdi ki, 2014-cü ilin yekunları və 2015-ci il bir daha bizim gücümüzü göstərəcək. Nə neftin qiymətinin düşməsi, nə böhranlar, nə də ki yaxınlıqda baş verən qanlı toqquşmalar bizim sürətli inkişafımıza təsir edə bilər”.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2015.- 23 yanvar.-  S.5.