Dağların ağsaqqal oğlu

 

Bu yolu ilk dəfə dağlara bahar gələndə getmişdim. Bağlar çiçək açmışdı, yamaclar yaşıl xalını xatırladırdı. Quzeylərin qarı ərimişdi, dərələrdən sular şırıltı ilə axırdı. Çoban tütəyinin səsi, torağayların nəğməsi ürəyə rahatlıq gətirirdi. “Dağlar qapısı”nı keçib at belində yuxarı qalxdıqca mavi Xəzər, saçlı Savalan, zümrüd meşələr, qədim insan məskəni Büzeyir mağarası görünürdü.

Lerikin Pirasora kəndinə bu dəfə asfalt yolla maşında qalxırdıq. Xəyal bizi o illərə aparırdı. 150 yaşlı Mahmud Eyvazovla, onun tay-tuşları Dənzi əmi, usta Rəşid, Babaş kişi, bağban Alişan dayı ilə görüşlərimiz yada düşdü. Bir əsrin dizini qatlamış bu kişilər xeyirxah əməlləri ilə ad qoyub getdilər.

Dənzi kişiylə yaxından tanış idik. Cavanlığında elat həyatı keçirmişdi. Qışı aranda qarşılayırdı, yayı Zuvandın yaylaqlarında. Elat qızı ilə də evlənmişdi. 7 oğul, 2 qız atası idi. Böyük övladları Arzuyla Sarxan ata yolunu seçmişdilər. Sonra qardaşları Meyxos, Alxas və Səmid də onlara qoşuldular, qoyun-quzu bəslədilər.

Çoban Sarxanın şöhrəti el-obaya yayılmışdı. İki dəfə Lenin ordeni ilə təltif olunmuş, fəxri ada layiq görülmüşdü. Şəninə mahnı qoşulmuş, haqqında qısametrajlı film çəkilmişdi.

Ailənin üçüncü övladı Meyxos Hüseynov əmək fəaliyyətinə kənddəki yeddiillik məktəbi bitirəndən sonra başlamışdı. Fermada gücü çatan işdən yapışmışdı. 3 ildən sonra briqadir seçildi. Bu vəzifədə uzun illər çalışdı. Təhsil almağı da unutmadı. Şuşa Kənd Təsərrüfatı Texnikumunu qiyabi bitirdi, zootexnik ixtisasına yiyələndi.

1968-ci ilin söhbətidir. Kolxozlarda hesabat-seçkilər ərəfəsində raykomun birinci katibi Pirasoraya gəlmişdi. Kəndin ağsaqqalları ilə söhbət etdi. Komsomolkolxozunda işlərin gedişi ilə tanışlığı ürəkaçan olmadı. Qoyunçuluğu çıxmaqla, qalan sahələrdə heç bir dönüş yox idi, məhsuldarlıq aşağıydı. Kəndin ağsaqqallarından biri camaatı düşündürən vacib məsələdən danışdı:

- Neçə illərdir kolxoza rayondan göndərilən adamlar rəhbərlik edirlər. Onlar təsərrüfatla, buranın camaatı ilə əməlli-başlı tanış olmamış səlahiyyətləri başa çatır. Bizə kənddən sədr seçmək məsləhətdir. Torpağa, adamlara bələd olanla işləmək asandır.

Ağsaqqalın haqlı iradı katibi düşündürməyə bilməzdi. Növbəti seçkidə pirasoralılar ferma briqadiri Meyxos Hüseynovu təsərrüfata rəhbər seçdilər. Onda illər ağır keçirdi. Ərzaq qıtlığı var idi. Sədr təsərrüfatın yararlı torpaqlarında taxıl əkdirdi. Ancaq bu da 3 kəndin əhalisinin çörəyə ehtiyacını ödəyə bilməzdi. Neftçala rayonunda adlı-sanlı təsərrüfatçı Nuruş Əliyevlə görüşdü, əkin üçün torpaq istədi. Sözü yerə düşmədi. Pirasoranın qışlaqdakı fermasının yaxınlığında əkin yeri aldı, səpin keçirdi və beləcə, yayda kolxozçuların taxıla ehtiyacı təmin olundu.

Pirasorada qədimdən kartof əkilib, meyvə yetişdirilib. Amma su qıtlığı bu sahələrin inkişafına əngəl törədirdi. Hacı Meyxos vəziyyətdən çıxış yolu axtardı. Respublika MeliorasiyaSu Təsərrüfatı Nazirliyindən mütəxəssislər dəvət olundu. Yüz tonlarla su tutan anbar tikilib istifadəyə verildi. Payızda və qışda anbara yığılan su ilə həyətlərdəki bağlar, kartof və tərəvəz sahələri suvarıldı. Yayı istiquraq keçən ötən il pirasoralılar bol məhsul yığdılar, qonşu kəndlərə də əkin üçün toxum verdilər.

Hacı Meyxos Hüseynov 45 ildir təsərrüfatın başçısı, el ağsaqqalıdır. Kolxozsovxozlar ləğv ediləndə də bu təsərrüfat damazlıq müəssisəsi kimi saxlanılıb. Yeni binalar tikilib, avadanlıqlar alınıb, yaylaq və qışlaq otlaqları ayrılıb. Təsərrüfatda “Pirasoraqoyun cinsi yetişdirilir. Bu cinsdən qoyunlar çəkisinə və yun verməsinə görə Qarabağ qoyunlarını üstələyib.

Müəssisənin gəliri artdıqca burada çalışanların güzəranı da yaxşılaşır. Yeni evlər tikilir, xidmət obyektləri açılır. Kənddə maşınsız ailə tək-tək tapılar. Hər gün Bakıya avtobus yola düşür, sərnişinləri mənzil başına rahat çatdırır. Evlərə telefon çəkilib. Mədəniyyət evi, kitabxana, həkim məntəqəsi, poçt şöbəsi, ərzaq və sənaye malları sakinlərə xidmət göstərir. 180 şagird yeri olan məktəbin tikintisində son tamamlama işləri görülür.

Hacı Meyxos Hüseynovun uzun illər səmərəli fəaliyyəti dövlət tərəfindən qiymətləndirilib, ordenmedallarla təltif olunub. Prezident İlham Əliyevin 2004-cü il 31 oktyabr tarixli sərəncamı ilə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adına layiq görülüb. O, bu günictimai fəaliyyətini davam etdirir. Rayon Ağsaqqallar Şurasının üzvüdür, gənclərin məsləhətçisi və yolgöstərənidir.

80 yaşlı ağsaqqalın tay-tuşlarını, kəndin hörmətli adamlarını da dinlədik. Söhbətə ferma briqadiri Əliqulu Əyyubov qoşuldu:

- 40 ildən çoxdur Hacı Meyxosla çiyin-çiyinə çalışıram. Az adam tapılar ki, bizim direktor kimi təmkinli, tədbirli olsun. Bu keyfiyyətlər təsərrüfatçı üçün vacibdir. Sürüyə bir dəfə baxmaqla işimizə qiymət verir. Yaxşı işçiyə heç nəyi əsirgəmir.

Müəssisənin sürücüsü Şirməmməd Bağırov dedi ki, Hacı dostluqda sədaqətlidir. Qapısı da, süfrəsi də dostlarının, tanışlarının üzünə həmişə açıqdır.

Pirasorada çoxuşaqlı ailələrdən söhbət düşəndə Hacı Meyxosun ailəsi də yada düşür. Mərhum Minayə bacı ilə 7 oğul, 4 qız böyüdüblər. Oğlanları ev-eşik sahibidir. Hüseynbaba iqtisadçıdır. Müəssisənin idarə edilməsində atasına köməyi dəyir. Xanbala həkimdir, tibb elmləri üzrə fəlsəfə doktorudur. Babəklə Nazim gənc iqtisadçılardır, dövlət qulluğundadırlar. Namiq müəllim, Əlinağı isə adamıdır. Hacının qızları gəlin köçüblər.

Bu günlər Hüseynovlar ailəsi Hacı Meyxosun 80 illik yubileyinə toplaşmışdı. Ad gününə dostları, tanışları da dəvət almışdı. Kənd Təsərrüfatı Nazirliyinin təbriki oxundu, Azərbaycan Ağsaqqallar Şurasının fəxri fərmanı təqdim olundu. Uzaqdan-yaxından gələnlər Meyxos Hüseynovun əlini sıxıb, uzun ömür dilədilər.

Ölkənin tanınmış sənət adamları ilə Pirasorada qonaq olub Hacı Meyxosun, kənd icra nümayəndəsi Rəis Bağırovun süfrəsində duz-çörək kəsmişik. Məşhur fırça ustası Nadir Əbdürrəhmanovun bu diyaravaxt gəldiyi yadımızda qalmayıb. Xatırladığımız burada çəkdiyi “Dağ adamları” və “Talış qızı” əsərləri, bir də kənddən aşağı enəndə dediyi bu sözlərdir: “Qardaş, buralarda ancaq qartallar qanad çala bilər”. Biz isə cavabımızda hörmətli rəssamın fikrinə şərik çıxıb “Babalarımız yurd seçəndə bu diyarı bəyəniblər, qartaltək ucalıqda məskən salıblar” demişdik. Belə insanların sələflərindən biri də haqqında söhbət açdığımız Hacı Meyxosdur. Ömrü uzun olsun!

 

Həmzə VƏLİMƏMMƏDOV,

Lerik Rayon Ağsaqqallar Şurasının sədri,

əməkdar journalist

Azərbaycan.-2015.-23 yanvar.-S.7.