Naxçıvan şəhəri “Muxtariyyət
ili”ndə daha da
abadlaşıb
Ötən 2014-cü il Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili” elan olunmuşdu. Artıq tarixə qovuşan ötən ilə boylananda muxtariyyətin 90 illik yubileyi ərəfəsində muxtar respublikanın bütün rayonları, kənd və qəsəbələri dinamik inkişaf nəticəsində gözəlləşmiş, abadlaşmış, insanların rifah halı yaxşılaşmış, sosial qayğılarının aradan qaldırılmasına diqqət artırılmışdır.
Bu dövrdə muxtar respublikanın ən böyük şəhəri, mərkəzi olan Naxçıvan şəhəri daha da gözəlləşərək, küçələrinin təmizliyi, yaşıllığı, səliqəliyi ilə göz oxşayır. Tikinti obyektləri, istifadəyə verilmiş yeni binalar, həmçinin şəhərin ayrı-ayrı küçələrində aparılan abadlıq işləri heç də quru statistika deyil, real inkişafın nəticəsi olduğunu göstərirdi.
Bu ilin əvvəllərində şəhərdə 4 mərtəbədən ibarət olan 242 yerlik uşaq bağçası, yenə dördmərtəbəli Gənclər Mərkəzi, Hərbi Prokurorluğun inzibati binası, Daxili Qoşunların Naxçıvan alayında zabit-gizir ailələri üçün xidməti yaşayış binası tikilərək istifadəyə verilmiş, “Naxçıvanqala Tarix-Memarlıq Muzey” Kompleksində qala divarlarının rekonstruksiyası başa çatdırılmışdır.
Xatirə Muzeyinin, Heydər Əliyev prospektində yeni yaşayış binasının, İncəsənət məktəbinin, eləcə də Atabəylər məhəlləsində avtomobil dayanacağı və yeni hamam kompleksinin tikintiləri davam etdirilir.
Dayanacağın zirzəmi hissəsi 304 avtomobil üçün nəzərdə tutulub. İkinci mərtəbədə avtomobillərin saxlanması və satışı həyata keçiriləcək. Həmin mərtəbədə ehtiyat hissələrin satışını həyata keçirən 51 mağaza da fəaliyyət göstərəcəkdir. Müasir standartlara cavab verəcək avtomobil dayanacağında mətbəx, yeməkxana, həmçinin elektrik, çilingər və yuyucu sexləri də təşkil olunacaq. İnşa olunan hamamın quruluşunda Şərq hamamına məxsus çalarlar öz əksini tapsa da, Qərb memarlıq elementlərindən də istifadə olunur. Üç böyük günbəzli hamam binası 3 dairəvi hissədən ibarət olacaq.
Abadlıq və təmir-tikinti idarəsi şəhərin Nizami, Məmməd Araz, Abbas Zamanov, Məmmədcəfər Cəfərov, Topçubaşov, Əziz Əliyev, Pişəvəri, Cəlil Məmmədquluzadə, İslam Səfərli küçələrində, həmçinin 11, 32, 35, 52-ci, eyni zamanda Əcəmi, Babək və Azərbaycan məhəllələrində, Əcəmi seyrəngahında, Heydər Əliyev Uşaq-gənclər istirahət parkında, Naxçıvan dövlət və özəl universitetlərinin və Heydər Əliyev məktəbinin ətrafında, Kukla Teatrında, Bayraq meydanında abadlıq işləri həyata keçirmişdir.
Bütün bu görülən işlərin mərkəzində muxtar respublikada dövlət tərəfindən qarşıya məqsəd kimi qoyulan vətəndaşların iş şəraitini yüksək səviyyədə təmin etmək, əhalinin rifahını yüksəltməyə, abad, rahat və yaraşıqlı binalarda yaşayışına şərait yaratmaq, uşaqların, gənclərin, yaşlıların səmərəli istirahətini təşkil etmək dayanır.
Elxan MƏMMƏDOV,
Azərbaycan.-2015.-23 yanvar.-S.7.