Xalqımızın azadlıq və
müstəqillik əzmini sındıra bilmədilər
Tarixin qan yaddaşı
Sovet imperiyası 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının azadlıq və müstəqillik arzulu insanlarının üzərinə ağır silahlı texnika yeritdi. Təpədən dırnağadək silahlanmış sovet qoşunları qarşısına əliyalın çıxmış gənc oğlan və qızları, qoca və uşaqları, səsə-küyə eyvana çıxan dinc sakinləri bir anın içində qanına qəltan etdi. Bu zorakılıq Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda inadkar dəyanətini, azadlıq mübarizəsini sındırmaq məqsədi daşıyan mənfur planın bir hissəsi idi. Lakin tarix bir daha sübut etdi ki, bu cür düşünənlər səhv etmişlər. 20 Yanvar hadisələri Azərbaycan xalqının əsrlər boyu imperiya müstəmləkəçiliyinə qarşı apardığı azadlıq və müstəqillik istəyinin davamı idi.
Çar Rusiyası yıxılıb yerinə Leninin qurduğu bolşevik hakimiyyəti gələndə xalqın vətən təəssübü çəkən övladları yeni quruluşun düşmənləri adıyla həbsxanalara salındı, millətin soyqrımına rəvac verildi, Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldı, bir sözlə, ölkəmiz XI Qızıl ordu tərəfindən işğal edildi. Bundan da ürəyi soyumayan sovet imperiyası 1920-ci ildən 1937-1938-ci illərə kimi milli ruhlu insanları, ziyalıları, yazıçı və şairləri, bəy, mülkədar və qolçomaqları, digər peşə və sənət sahiblərini, ayıq-sayıq adamları, el-oba ağsaqqallarını repressiyaya məruz qoydu, bəzən zindanlarda, bəzən də yerindəcə ictimaiyyət qarşısında güllələtdirdi, minlərlə günahsız insanı uzaq Sibirin, Qazaxıstanın və Rusiyanın gedər-gəlməz ucqar ərazilərinə sürgünə göndərdi... İşğal, zorakılıq və nahaq qanlar üzərində qurulan sovet imperiyası ötən əsrin sonlarında, 1990-cı ildə süquta uğrayanda Azərbaycan xalqı yaranmış əlverişli şəraitdən istifadə edərək müstəmləkəçilik buxovundan xilas olmaq, öz azadlığı və dövlət müstəqilliyi uğrunda mübarizəyə başladı.
1988-ci ildə xüsusi hazırlıqla törədilən və əvvəlcədən hazırlanmış Sumqayıt hadisələri ilə daha da gərginləşən siyasi vəziyyət Azərbaycan xalqının azadlıq, müstəqillik, suverenlik ideyalarını boğmağa hesablanmışdı. Dağlıq Qarabağ iddialarının dalğasında törədilmiş bu hadisələr millətimizə qarşı aparılan məkrli ideoloji təxribat idi. Şər və böhtan kampaniyasından əl çəkməyən erməni şovinistləri Azərbaycan xalqına qarşı bəşəri cinayətlər törədirdilər.
Qanlı 20 Yanvar hadisəsi sovet imperiyasının millətimizə qarşı törətdiyi tarixi faciədir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan xalqının mübarizə əzmini qırmaq, onun bütövlüyünü və suverenlik istəyini sarsıtmaq mümkün olmadı. Həmin gün küçələrə, meydanlara çıxıb azadlıq və müstəqillik uğrunda haqq səsini ucaldan silahsız insanlar ölümündən belə qorxmadılar. Elə ona görədir ki, 25 il bundan əvvəl baş vermiş 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik tarixinə şərəfli gün, qəhrəmanlıq simvolu kimi həkk olunub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının xüsusi hazırlıqlı ordusu tərəfindən planlı şəkildə Azərbaycan xalqına qarşı törədilən faciə xalqın yaddaşında silinməz iz qoydu. Həmin gecə xalqda bir təlatüm, coşqunluq, həyəcan var idi. İnsanların qəlbində güclü hissiyyat, mübarizəyə çağırış baş qaldırmışdı. Onlar silahsız olmalarına baxmayaraq, düşmən tanklarının, zirehli texnikaların qarşısında öz iradələrinə hakim durdular. Həmin müdhiş gecədə ölümün üzünə açıq baxan silahsız kütlə sarsılmazlığını, qəhrəmanlığını bir daha sübut etdi. Xüsusi hazırlıqlı rus və erməni əsgərləri tərəfindən törədilən qanlı gecədə 131-dən çox insan amansızlıqla qətlə yetirilmiş, 800-ə yaxın vətəndaşımız ağır yaralanmışdı. Həlak olanlar arasında qadınlar, qocalar, uşaqlar da var idi. Eyni zamanda, 200 ev və mənzil talan edilərək yandırılmış, 80 avtomaşın, həmçinin təcili yardım maşınları, külli miqdarda şəxsi və dövlət əmlakı məhv edilmişdir. Amansızlıqla həyata keçirilən bu qanlı hadisələrin əsas məqsədi Azərbaycan xalqının inam və iradəsini qırmaq, ərazi bütövlüyünü sarsıtmaq və sovet hərbi rejimini, taktikasını və imperiya qüdrətini təsdiq etdirmək idi. O gecə faciə törədən imperiya əsgərləri sırasında ermənilərin olduğu və xüsusi fəallıq göstərmələri onların maraqlarına hesablanmışdı. Ermənistan isə böyük bir oyunda alət olduğunu dərk etsə də, “fürsəti” əldən vermək istəmir və ərazi iddiası ilə çıxış edirdi.
Tarixin müxtəlif sınaqlarından çıxmış, həmişə mübarizliyi ilə seçilən və yaddaşlarda qalan Azərbaycan xalqı ağır itkilər versə də, qürurunu, vətənə bağlılığını bu dəfə də sübut etdi. Bu təcavüz Azərbaycan xalqına qarşı edilmişdi, həlak olanlar Azərbaycanın milli azadlığı uğrunda qurban getmişdilər. Xalqımızın başına gətirilmiş müsibətin əsl səbəbkarı olan Mixail Qorbaçov ali səlahiyyət imkanlarından istifadə edərək Azərbaycanın yeni rəhbərlərinə 20 Yanvar faciəsini tez bir zamanda unutdurmağa çalışsa da, bu, mümkün olmadı.
Ölkədə xaos, özbaşınalıq, şəxsi maraqlara hesablanmış siyasi çəkişmələr böyük vüsət almışdı. Xarici müdaxilələr və daxili çəkişmələr ölkəni parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Bu zaman xalqın etibarlı, vətəninə, xalqına sadiq bir liderə böyük ehtiyac yaranmışdı. 20 Yanvar faciəsinə ilk olaraq etirazını bildirən və bunu bütün dünyaya çatdıran zəngin dövlətçilik təcrübəsinə malik Heydər Əliyev xalqın haqq səsinə səs verərək hadisədən bir gün sonra Moskvada yerləşən Azərbaycan nümayəndəliyində mətbuat konfransı keçirdi. Baş verənlərlə bağlı açıqlamalarında xalqımıza qarşı törədilən cinayəti ifşa etdi və milləti ilə daim həmrəy olduğunu bildirdi.
Azərbaycanın müstəqillik tarixində misilsiz əhəmiyyət kəsb edən 20 Yanvar hadisəsi həm də öz qəhrəmanları ilə tarixə qovuşdu. Canlarını fəda edən Azərbaycan övladları həmin gün şəhidlik zirvəsinə yüksəldilər. Onların ruhu həmişə yad edilir və əziz tutulur. O gecədə, o günlərdə sovet ordusu əsgərlərinin gülləsinə tuş gələn şəhidlərimizin ruhu qarşısında baş əyirik. Xatirəsi və müqəddəs əməlləri ürəklərdə əbədiyyətə çevrilən vətən övladlarının əziz xatirəsini ehtiramla yad etmək üçün bu günlər onların dəfn olunduğu Şəhidlər xiyabanına gələnlərin ardı-arası kəsilmir.
Rəhman SALMANLI,
Azərbaycan.-2015.-23 yanvar.-S.8.