Qanla yazılmış tarix bədii sənət əsərlərində
20 Yanvar hadisələri zaman keçdikcə yaddaşlarda daha dərin izlər salır. Günahsız insanların o müdhiş şənbə gecəsində qanlarına qəltan edilməsinə fərman verənlər nifrətlə xatırlanır, imperiyanın diz çökməsi uğrunda əzmlə mübarizə aparan azadlıq aşiqləri, ölümün gözünə dik baxaraq şərəflə şəhidlik zirvəsinə yüksələnlər ehtiramla, məhəbbətlə anılır. Çünki onlar daşlaşmış ömür sahiblərinə çevriliblər.
Tarixi hadisələr xalqın yaddaşına o zaman yazılır ki, sənət əsərlərinin də mövzusuna çevrilə bilsin. Bütün dövrlərdə istər münaqişələri, istər müharibələri, istərsə də digər fəlakətləri xalq necə yaşayıbsa, onun yaradıcı övladları həmin hadisələri bədii ifadə vasitələri ilə yaddaşlara yazıblar.
1990-cı il 20 Yanvar tarixi yaddaşlara məhz qanla yazıldı. Təbii ki, imperiya caynaqlarından qurtarmaq o qədər də asan deyildi. Odur ki, 20 Yanvar xalqımızın yaşadığı müsibətlər və faciələr silsiləsindən olsa da, qürur və iftixar mənbəyi, milli oyanış, birlik, əsl həmrəylik günüdür!
Ulu öndər Heydər Əliyev 1995-ci il yanvar ayının 18-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilən “Qanlı Yanvar” rəssamlıq sərgisindəki çıxışı zamanı demişdir: “20 Yanvar hadisələrini bir faciə kimi təsvir etmək azdır. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir. Ona görə də qəhrəman Azərbaycan balalarının tankın altına düşüb əzilməsi faktını göstərməklə kifayətlənməyib, onların qəhrəmanlığını, cəsurluğunu, ölümün gözünə dik baxaraq təcavüzkarın qarşısına çıxmalarını da təsvir etmək lazımdır. Bəlkə də bu, daha çox lazımdır. Təəssüf ki, buradakı əsərlərin arasında mən belələrini görmədim. Ola bilər, bu ondan irəli gəlir ki, biz yanvar hadisələri baş verəndən indiyədək bununla əlaqədar ancaq ağlayırıq. Şübhəsiz ki, kədərimiz, qəm-qüssəmiz böyükdür. Ancaq kədərlənməklə yanaşı, xalqımız göstərdi ki, Azərbaycanın qəhrəman oğulları o böyüklükdə Sovet İttifaqının ordusu qarşısında dayanmağa qadirdirlər”.
20 Yanvardan ötən 25 illik zaman məsafəsindən baxanda o günlərin müdhişliyi, vahiməliyi ilə yanaşı, qəlbləri riqqətə gətirən, gəncliyin yenilməzliyinin, xalqımızın azadlıq səsinin heç bir imperiya cəlladları tərəfindən batırıla bilmədiyini görürük. Təbii ki, hər bir xalq öz azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə meydanlarında mətinlik dərsi keçir.
Qanları ilə torpağa “Azadlıq” yazan şəhidlərimiz imperiyanın vandalizm, işğalçı, terrorçu, bir sözlə, antiinsani, antihumanist siyasəti qarşısına əliyalın çıxmaqla xalqımızın mübarizliyini və əzmkarlığını təsdiqlədilər. Şəhidlər xiyabanının hər vaxt ziyarət yerinə çevrilməsi də məhz buradan irəli gəlir.
Şənbə gecəsinin səssiz fəryadları bədii sənət əsərlərində də öz əksini tapdı. Sözün ifadə edə bilmədiyini rəssamların fırçaları cızdı, Habil Əliyevin kamanı, Kamil Cəlilovun qaboyu şəhidlərimizə matəm və hüzn dolu “layla çaldı”. Bu fəryada o gecə şəhidlərimizin anası obrazına çevrilən xalq yazıçısı Əzizə Cəfərzadənin dilindən qopan ağı-bayatılar, göylərə sovrulmuş ağ saçları qoşuldu...: “Sən məni dəryaz kimi biç, nə qədər bacarırsan biç, amma mənim şəhidlərimin qanı torpağa toxum kimi düşüb. Hər yerdən boy verib cücərəcək:
Arazam, keç üstümdən,
Keç, karvan, keç üstümdən.
Bu dərdi mən əkmişəm,
Dəryaz al, biç üstümdən”.
Həmin o müdhiş gecə xalqımızın poeziya dilli Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Mədinə Gülgün, Məmməd Aslan, Cabir Novruz, Tofiq Mütəllibov, Şahmar Əkbərzadə, Nüsrət Kəsəmənli, Fikrət Qoca və digər vətənpərvər söz və qələm adamlarının misralarından boy verdi, boylandı, dağı-daşı yandırdı...
Şəhidlər xiyabanını al-qırmızıya bürüyən qərənfillər Məmməd Aslanın qələmində ağladı. Qərənfil yağışlı, matəm baxışlı misralar anaların ağısına qarışdı:
Bu günahsız qanlara,
Bu didilmiş canlara,
Bu cansız cavanlara,
Ağla, qərənfil, ağla.
Bəxtiyar Vahabzadənin özü
meydanda, düşmənə
nifrət nidalı misraları xiyabanda fəryad qoparırdı:
Şəhidlərin hamısı bənzəyir bir-birinə,
Bir bax qəbirlərinə!
Hamısı qıpqırmızı qərənfilə bələnmiş,
Hamısı bir biçimdə,
bir boyda
cərgələnmiş,
Səbəb birdir, əməl
bir, hədəf birdir,
hədə bir!
Məhz bundan sonra bədii
əsərlərdə şəhidlərin
ölməzliyini və
müqəddəsliyini təsdiq
edən obrazlar yaradıldı. Təkcə poeziyada, nəsr
və ya səhnə əsərlərində
deyil, incəsənətin
ayrı-ayrı növlərində
20 Yanvar aparıcı
mövzuya çevrildi.
Rəssamlıq sahəsində bu
şərəfli tariximiz
bəlkə də daha canlı, qanlı və obrazlı təsvir edildi.
Təsviri incəsənətin görkəmli
nümayəndəsi, Dövlət
mükafatları laureatı,
“İstiqlal” ordenli xalq rəssamı Mikayıl Abdullayev 1992-ci ildə yaratdığı
“Nakamların dəfni”
əsəri ilə bir daha 20 Yanvar
faciəsinin zaman-zaman
unudulmayacağını göstərdi. Hər il bir qayda olaraq, istər
beynəlxalq səviyyədə,
istərsə də respublika miqyasında bu mövzuya həsr edilmiş əsərlərin sərgiləri
keçirildi. Həmin
sərgilərin birində
Rəssamlar İttifaqının
sədri, xalq rəssamı Fərhad Xəlilov dedi: “Xalq yaxşı günləri yaşadıqca
faciələrinin də
unudulmaması naminə
onları gələcək
nəsillərə çatdırmalıdır.
Tarixin belə qanlı səhifələrinin yaddan
çıxmaması üçün
ən yaxşı vasitələrdən biri də bu əsərlərdir.
Belə əsərlər nə qədər çox olarsa, həmin tarixi dünya xalqlarının diqqətinə
çatdırmaq bir o
qədər mümkünləşər
və asanlaşar”.
Yalnız bir sərgidə 20-yə yaxın müəllifin 28
qrafika və boyakarlıq, 3 heykəltəraşlıq
əsərləri nümayiş
etdirilirdi. Onların da hər biri vətənə, xalqa, onun tarixinə
və faciələrinə
həsr olunduqları üçün uşaq və gənclərə vətənpərvərlik hissi
aşılayırdı.
Görkəmli fırça ustası
Rasim Babayevin “Təcavüz”, rəngkar Hacırza Fərzəliyevin
“Ağlı-qaralı dünya”,
Fikrət İbrahimovun
“Gələcək naminə”,
Həmzə Abdullayevin
“Çərxi-fələk”, İsmayıl İsmayılovun
“Haqq tərəzisi”, Qafar Seyfullayevin “Öncə Vətəndir...”,
Asim Səmədovun “Ruhlar” və s. tablolarda qanlı şənbə gecəsinin
ağrı-acılı yaşantıları
yaddaqalan bədii ifadəsini tapıb.
Qrafika ustası Arif Hüseynovun “Qara tağlı natürmort”, Fəxrəddin Əliyevin
“Qara Yanvar” və Arif Ələsgərovun
“20 Yanvar”, həmçinin
Koreyada keçirilən,
68 ölkədən 587 rəssamın
qatıldığı 1760-dan artıq əsərin nümayiş etdirildiyi XIX
Beynəlxalq Karikatura Sərgisinin mükafatçısı
(birinci yerin qalibi), “Kirpi” satirik jurnalının rəssamı Hafiz Nəsiroğlunun
əsərləri də
xalqımızın imperiya
təcavüzünə məruz
qaldığı gecəyə
həsr olunmuş bədii sənət nümunələri olmaqla
yanaşı, daim ayıq-sayıq olmağa səsləyir.
Kirman Abdinin
20 Yanvarla bağlı
çəkdiyi plakatlar
da diqqətçəkəndir. Tariximizin qan
yaddaşını plakatlarda
əks etdirən rəssamın bədii təxəyyülü ilə
sənətkarlığı üst-üstə düşərək
o gecənin dəhşətlərinin
səbəbkarını, cəllad
və qatillərini nifrətlə xatırladır.
Azərbaycan Rəssamlar İttifaqının
katibi, xalq rəssamı Ağəli
İbrahim deyir ki, 20 Yanvar faciəsi
təsviri sənətin
əbədi mövzularından
biridir: “Bu tarix yaddaşlardan silinməyəcək
və indiyədək
olduğu kimi, bundan sonra da
20 Yanvar Azərbaycan rəssamlarının vətəndaşlıq
mövqeyindən daim müraciət etdiyi mövzu olaraq qalacaq. Xalq rəssamları Kamil
Nəcəfzadə, Xanlar
Əhmədov və başqaları da bu mövzuda yaddaqalan sənət əsərləri yaradıblar.
Düşünürəm ki, nəinki
rəssamlarımız, heykəltəraşlarımız
və incəsənətin
digər növləri
ilə məşğul
olan bütün yaradıcı insanlar hər zaman bu mövzuya müraciət edəcəklər”.
İncəsənət gimnaziyasının müəllimi, rəssam İlqar Əkbərov bu mövzuya həsr etdiyi əsərini hadisələrin qaynar vaxtı - 1990-cı ildə yaradıb. “Şəhidlər” adlanan əsər R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində nümayiş etdirilir. Onun fikrincə, rəssamlıqla məşğul olan yeniyetmələrə bu mövzunun mahiyyəti izah edilməlidir ki, sonralar onların düşüncələri və təxəyyülləri əsərə çevriləndə obrazlar dolğun yaradılsın. Bu təbliğin nəticəsidir ki, rəssamlığa həvəsi olan uşaqlar da adı çəkilən mövzuya çox maraq göstərirlər.
Tarixi yaşadan incəsənət əsərlərində 20 Yanvar öz təcəssümünü tapıb. Respublikanın müxtəlif bölgələrində 20 Yanvar faciəsinin qurbanlarına həsr olunmuş sənət əsərləri, o cümlədən heykəltəraşlıq nümunələri olan xatirə kompleksləri ucaldılıb. Bakı şəhərinin Yasamal rayonu ərazisindəki metronun “20 Yanvar” stansiyası yaxınlığında Qara Yanvar şəhidlərinin xatirəsinə ucaldılan memorial abidə kompleksləri və s. buna parlaq misal ola bilər. Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı şəhid olmuş 147 nəfərin adı və soyadı, habelə ümummilli lider Heydər Əliyevin Qanlı Yanvarla bağlı söylədiyi “1990-cı il yanvarın 20-si Azərbaycan tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur” fikri qızılı hərflərlə həkk edilib.
20 Yanvar faciəsi, təbii ki, yalnız tanınmış xalq sənətkarlarının əsərlərində deyil, onların yetirmələrinin yaradıcılıq nümunələrində də öz əksini tapır. Bakı şəhəri 2 saylı uşaq incəsənət məktəbinin şagirdlərindən Lalə Babayevanın “20 Yanvar”, Fatimə Əbilovanın “Dünya göz yumur”, Sevinc Məmmədovanın “Ana fəryadı”, Elvin Şahməmmədovun “Sovet ordusunun Bakıya basqını”, Ülkər Əmirovanın “Erməni qəddarlığı”, Ülkər Əliyevanın “Erməni vəhşiliyi”... adı ilə təqdim olunan rəsm əsərləri onların vətənpərvər hisslərlə yaşadıqlarını və bu mövzunun müqəddəs olduğunu təsdiqləyir.
Tarix bütün hadisələri özündə yaşadır. Bu mövzuya həsr olunmuş təsviri sənət əsərlərində, heykəltəraşlıq və memarlıq nümunələrində isə həm tarix yaşadılır, həm də xalqımızın qəhrəmanlığı təbliğ olunur.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2015.-23 yanvar.-S.10.