Qəlblərdə yaşayan insan

 

 

İnsan ömrü sonu görünməyən ümman kimidir. Bu günü bəlli, sabahı isə müəmmalı... Bunun fəlsəfəsinə vardıqda isə oxunmamış kitaba bənzədilən insan ilk yaradılışından sirli bir aləm olub. Bu mübhəmlik insanların xarakterlərindən tutmuş onların seçim imkanlarına, bacarıqlarına, zahiri görünüşlərinə kimi hər şeydə açıq-aydın ifadə olunur.

O, qarlı-şaxtalı bir qış günündə, Böyük çillənin Kiçik çillə ilə təhvil-təsliminə az qalmış bir zaman kəsiyində - 1940-cı il yanvar ayının 26-da dünyaya göz açmışdı. Özü də ruzigarın qarı adam boyuondan da yüksəyə sovurduğu küləklər şəhəri Bakıda, fəhlə ailəsində... Məncə, təfərrüatlara varmağa lüzum yoxdur. Necə deyərlər, görünən dağa nə bələdçi...

Söhbət Vaqif Abas oğlu Heydərovdan gedir. O şəxsdən ki, adı hələ çox-çox uzun illər Azərbaycanın elektrotexnika sənayesi tarixində ehtiramla anılacaq, ixtiraları iqtisadiyyatımızın inkişafında əhəmiyyətli yerini tutacaq. Bəli, hələ sağ ikən ürəklərdə öz heykəlini ucaldanlardandı Vaqif müəllim.

O, hələ uşaq yaşlarından bir sıra məziyyətləri, xarakterindəki qəribəlikləri ilə diqqəti cəlb edir, ətrafdakılarda özünə qarşı maraq oyadırdı. Orta məktəbdə oxuduğu dövrlərdə isə digər fənlərlə yanaşı, dəqiq elmlərə daha çox diqqət yetirir, əmək təlimi dərslərində texniki vasitələrə fərqli yanaşması ilə seçilirdi. “Niyyətin hara, mənzilin oradeyib atalarımız.

Vaqif 1957-ci ildə orta təhsilini başa vurduqdan sonra, elə həmin il Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitet) daxil olur. 1962-ci ildə mühəndis-mexanik ixtisası üzrə institutu fərqlənmə diplomu ilə bitirir və Azərbaycan Elektrotexnika Elmi-Tədqiqat İnstitutuna təyinat alır. 1962-1967-ci illərdə Azərbaycan Respublikası Yerli Sənaye Nazirliyində şöbə müdiri, 1971-1974-cü illərdə SSRİ Elektrotexnika Nazirliyinin Ümumittifaq Elektrotexnika Elmi-Tədqiqat İnstitutunun Bakı bölməsində böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışır.

Maraq dairəsi, işləmək coşqusu böyük olan Vaqif Heydərov bu müddətdə “Bakılı” press xətti üçün ştamplarqurğular işləyərək onların “BEMZ” və “Bakelektroştamp” zavodlarında tətbiqini həyata keçirir. 1973-cü ildə tikilməkdə olan Bakı Məişət Kondisionerləri Zavoduna dəvət olunur. Sahə Azərbaycan iqtisadiyyatı üçün yeni olduğundan yüksək ixtisaslı mütəxəssislər tələb olunurdu. Yaponiya şirkəti “Toşiba” ilə bağlanmış kontrakt əsasında o dövrdə Yaponiyanın müxtəlif şəhərlərində yerləşən şirkətlərindən texnoloji avadanlıqların, tərtibatların, müxtəlif ştamp və qəliblərin texniki nəzarətinin yerində təşkil edilməsi üçün gənc Vaqif mühəndis-inspektor kimi ora göndərilir.

Vaqif Heydərovun əmək fəaliyyətinin çiçəkləndiyi dövr məhz ümummilli liderin Azərbaycanın inkişafı naminə misli görünməmiş layihələri həyata keçirməsi ilə bir vaxta düşmüşdü. Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi olduğu dövrdə təşkilatçılıq bacarığı sayəsində 1969-1982-ci illərdə Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən mühüm məsələlər müvəffəqiyyətlə həyata keçirilirdi. Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan keçmiş SSRİ-də inkişaf etmiş respublikalardan birinə çevrildi. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda və digər şəhər və rayonlarda yeni sənaye müəssisələri, ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açıldı. Qısa müddətdə mövcud neft maşınqayırması və neft emalı, həmçinin kimya müəssisələrinin yenidən qurulması prosesi başladı. 70-ci illərdə tamamilə müasirləşmiş və yenidən qurulmuş müəssisələr fəaliyyətə başladı. Bunlara misal kimi Bakı elektrik maşınqayırma, şampan şərabları zavodları, Bakı Məişət Soyuducuları Zavodu, Elektron-Hesablayıcı Maşınlar Zavodu, Sumqayıt Kompressor Zavodu, Gəncə “Büllurzavodu, Vaqif müəllimin uzun illər çalışdığı Bakı Məişət Kondisionerləri Zavodu və digərlərini sadalamaq olar.

Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və tapşırığı əsasında Yaponiyaya ezam olunmuş bir qrup mütəxəssis yüksək səviyyəli beynəlxalq standartlara cavab verə bilən mühəndislərdən ibarət idi. 1974-1975-ci illərdə SSRİ Xarici İşlər Nazirliyi tərəfindən Yaponiyaya ezam olunan V.Heydərov mühəndis-inspektor vəzifəsində çalışıb. Gündoğar ölkəyə ezamiyyətdən qayıtdıqdan sonra Bakı Məişət Kondisionerləri Zavodunun istismara verilməsində böyük fəaliyyəti olub. Beləliklə də 1976-cı ildən etibarən zavodda müxtəlif rəhbər vəzifələrdə işləyib. Təxminən 18 il “Bakı kondisioneriElm İstehsalat Birliyinin baş mühəndisi vəzifəsini icra edib. 2000-ci ildən Birliyin baş direktoru, 2001-ci ildən ömrünün sonunadək isə “Bakı KondisioneriASC-nin idarə heyətinin sədri olub.

Sağlığında ulu öndər Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində Azərbaycanda çoxlu sayda zavodlar, fabriklər, istehsalat sahələri yaradıldığını deyən Vaqif müəllim Azərbaycanın bir sıra istehsal sahələrinə görə Sovet İttifaqında aparıcı yer tutmasını da minnətdarlıq hissi ilə xatırlayırdı. 1975-ci ildə Bakı Məişət Kondisionerləri Zavodunun işə düşməsinin də məhz dahi öndərin böyük vətənpərvərliklə həyata keçirdiyi əzmkar fəaliyyətin məntiqi nəticəsi olmasını vurğulayırdı.

Qeyd edək ki, “Bakı Kondisioneri” ASC Bakı Məişət Kondisionerləri Zavodunun əsasında 2001-ci ildə təsis edilib. Bu zavod 1970-ci illərdə ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və uzaqgörən iqtisadi siyasəti nəticəsində inşa edilərək istismara verilib. Bununla Azərbaycan elektrotexnika sənayesinin bir qolu olan kondisioner sənayesinin əsası qoyulub.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən respublika rəhbərliyinə gəldikdən sonra dəfələrlə bu müəssisədə olmuşorada çıxışlarının birində demişdir: “Bu zavod çox gözəl müəssisədir. O mənim doğma övladımdır. Çünki onu mən yaratmışam”. Müdrik rəhbərin kəlamları dillər əzbəri olub əməkçilərin devizinə çevrilmişdi.

Ömrü boyu inkişaf və tərəqqi naminə çalışan, dövlətin, xalqın, rəhbərlik etdiyi kollektivin dərin hörmətini qazanmış bu şəxs qabiliyyətinə, nüfuzuna, bacarığına, biliyinə, təşkilatçılığına, təşəbbüskarlığına və insani keyfiyyətlərinə görə daim seçilib. Çalışdığı bütün kollektivlərdə adı hörmətlə, izzətlə çəkilib. Sözün həqiqi mənasında Bakıda uzun illər elektrotexnika sənayesində çalışıb formalaşmış ziyalı, mühəndis, intellekt sahibi, alim Vaqif Heydərov şəxsiyyət səviyyəsinə yüksəlmiş bir insan olub.

İnkişaf etmiş bir çox ölkələrdə - Avstraliya, İtaliya, Almaniya, Türkiyə, İran, Suriya və Avropanın digər ölkələrində Bakı Məişət Kondisionerləri Zavodunun məhsullarının ixracının təşkili, adları çəkilən ölkələrdə müəssisənin bilavasitə nümayəndəliklərinin yaradılması, ixrac ediləcək kondisionerlərin xidmət-servis məsələlərinin həll edilməsi, müəssisənin gələcək inkişafı ilə əlaqədar texnoloji proseslər və müasir avadanlıqlarla təmin edilməsi üçün danışıqlar apararaq öz zəngin təcrübəsindən istifadə edib.

Elm-istehsalat birliyinin müəssisələrində texnoloji proseslər çoxşaxəli olduğundan topladığı zəngin elmiistehsalat təcrübəsini əsirgəmədən tətbiq edərək yüksək peşəkarlıqla qarşıya çıxan sualların vaxtında həllinə nail olmuşdu. 1986-cı ildə Rusiyanın Novoçerkassk Politexnik İnstitutunda dissertasiya müdafiə edərək texniki elmlər namizədi elmi dərəcəsini almışdı. Apardığı geniş elmi işlərə və istehsalat təcrübəsinə, habelə elmi əsərlərinin diapazonuna uyğun olaraq Azərbaycan Milli Yaradıcılıq Akademiyası tərəfindən ona texnika üzrə doktorluq diplomu təqdim edilmişdi.

1986-cı ildə məişət kondisionerləri mühərriklərinin diyircək yastıqlarının sürüşmə yastıqları ilə əvəz olunmasında itkisiz ovuntu metallurgiyası texnologiyasının tətbiqi müəssisəyə milyon manatlarla gəlir gətirdi. Müvafiq texnoloji prosesin tətbiqinə nail olduğu üçün o, Azərbaycan Respublikasının ElmTexnika üzrə Dövlət mükafatı laureatı adına layiq görülmüşdü.

Vaqif Heydərov Azərbaycan Politexnik İnstitutunun Daxili yanmasoyuducular kafedrasında baş müəllim və dosent vəzifələrində də çalışıb. 20 ildən artıq pedaqoji staja malik olan V.Heydərov tətbiq edilmiş 20-dən çox elmi ixtiranın, 50-dən çox elmi məqalə və monoqrafiyanın, istehsalatda həyata keçirilmiş səmərələşdirici təkliflərin müəllifidir. Onun xeyli sayda səmərəli təklifləri məişət kondisionerləri zavodunda istehsalın texnoloji proseslərinə tətbiq olunub. 1976-78-ci illərdə o, kondisioner zavodunda keyfiyyətin kompleks idarəetmə sisteminin hazırlanması və tətbiqinə bilavasitə rəhbərlik edib. BirliyinBakmil” Birgə Müəssisəsinin, “Məişət maşınları” zavodunun inşasında və fəaliyyətində, “Bakelektroştampzavodunun yenidən qurulmasında əmək və təcrübəsini sərf edib.

V.Heydərov nəinki rəhbərlik etdiyi kollektivin, hətta şəhər və rayonun ictimai-siyasi həyatında fəal iştirak edərək Bakı Şəhər Xalq Deputatları Sovetinin və Nərimanov XDS-nin deputatı seçilib. Nərimanov rayonunun ictimai-siyasi həyatında 40 ildən artıq yaxından iştirak edib. Keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl və gümüş medallarına layiq görülüb.

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan V.Heydərov Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən şuranın üzvü idi. Beləliklə, həyatın çətinliklərindən çıxaraq öz zəhməti, əzab-əziyyəti, biliyi, dözümü, dəyanəti ilə pillə-pillə ucalmışdı.

Qədirbilən xalqımız bu dəyərli övladının vətən üçün, xalq üçün göstərdiyi xidmətləri qarşılıqsız qoymayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 yanvar 2010-cu il tarixli sərəncamına əsasən Azərbaycan iqtisadiyyatının inkişafındakı səmərəli fəaliyyətinə görə Vaqif Abas oğlu Heydərov “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

75 yaşının tamam olmasına 3 ay qalmış, 2014-cü ildə oktyabr ayının 7-də amansız ölüm onu ömrünün ən mənalı, enerjili illərini həsr etdiyi istehsalat kollektivindən, əlaqəli fəaliyyətdə olduğu elm ocaqlarından, bir sözlə, sevdiklərindən ayırdı.

Müqəddəs dinimizin əsl fəzilət sahiblərindən olan İmam Əlinin (ə.) bir hədisində deyildiyi kimi: “Mal-dövlət yığanlar diri ikən ölüdürlər. Alimlər isə dünya durduqca diridirlər (və bəşəriyyət onların elmi əsərlərindən istifadə edir), cəsədləri torpaqlara qarışır, özlər isə qəlblərdə yaşayır”.

 

Bəxtiyar ƏZİZLİ,

Azərbaycan.-2015.-23 yanvar.-S.11.