20 Yanvar hadisələrinin
ilk şəhidləri: Elvin
və Malik qardaşları
Elvin və Malik qardaşlarının adına ilk dəfə 10 yaşım olanda rast gəlmişdim. 1990-cı ilin yay tətili idi. Şərur rayonunun Çomaxtur kəndində nənəmgili, dayılarımı, xalalarımı görməyə getmişdik. Qonşuluqda yaşayan, həm də qohum olan Musa babanın oğlu Əliyar dayının ekiz oğlan övladları da nənəmgildə idilər. Yenicə iməkləməyə başlayan bu balacaların birinin adı Elvin, digərinin isə Malik idi. Çox sonralar biləcəkdim ki, 1990-cı ilin qanlı yanvar hadisələrindən bir gün öncə, yanvarın 19-da səhər saatlarında mənfur qonşularımız olan ermənilər tərəfindən atılan və Sədərək kəndinə düşən top mərmisi həyətdə oynayan 6 yaşlı Elvinin və 4 yaşlı Malikin qönçə ömürlərinə son qoyacaq və onlar Azərbaycanın ilk şəhidləri olacaqlar.
1990-cı ilin yanvar hadisələri ilə bağlı yazı hazırlayacaqdım. Bu dəfə bir ailənin timsalında həmin hadisələrin ağrı-acısını qələmə almağı nəzərdə tutmuşdum.
Rayon icra hakimiyyətində bu istəyimi deyəndən sonra Heydərabad qəsəbəsindən birbaşa Sədərək kəndinə yollandıq. Müharibə günlərinin acı mənzərəsini özündə əks etdirən Sədərək şərab zavodunun bir addımlığında olan Nəsirovların evinin önündə maşından düşəndə sözə necə başlayacağımı bilmirdim. Axı, iki körpə övladını itirən bir ailəni o günlərə qaytaracaq, qaysaq tutmuş yaralarını yenidən qoparacaqdım...
Mənimlə birlikdə gələn rayon icra hakimiyyətinin işçisi Samil Kazımov və “Oğuz yurdu” qəzetinin redaktoru, gənc şair Sərxan Yaqubla açıq mavi rəngli darvazadan həyətə keçəndə bizi şəhid qardaşların atası Hacı Tofiq kişi qarşılayır. Hal-əhval tutub, qəzetdən gəldiyimi, yazı hazırlamaq istədiyimi bildirəndə içəri dəvət etdi.
Evin yuxarı başında divardan asılmış qara çərçivədə böyüdülmüş şəkildən boylanan balaca şəhidlərin baxışlarıyla göz-gözə gəlirəm. Bir müddət susuram. Sükutu Tofiq dayı pozur:
- Oğul, çəkinmə, biz artıq bu taleylə barışmışıq və jurnalistlərin də ağrılı suallarına alışmışıq.
- Siz danışın - astaca dillənirəm,- siz danışın, o hadisələri, həmin günləri. Mənim soruşmaq istədiklərimin hamısı yadımdan çıxıb, nə soruşacağımı bilmirəm.
Bu zaman digər otaqdan Elvin və Malikin anası Səfiyyə xala qucağındakı nəvəsiylə birlikdə aynəbəndə daxil olur və salamlaşıb yanımızda əyləşir. Bu dəfə qəhər bizi boğur. Tofiq dayı sözə başlayır:
- Sovet imperiyasının azərbaycanlılara qarşı bu vəhşi planı çoxdan hazırlanmışdı. 1990-cı il yanvar ayının 15-də min nəfərə yaxın erməni silahlı dəstələri Şərur rayonunun Kərki kəndinə hücum etdilər. Evlər, həyətlər yandırıldı, əhali yurdlarından çıxarıldı. O zaman Kərkidə sadəcə könüllülər, rayon polis şöbəsinin bir neçə əməkdaşı və bir də 6 rus əsgəri qalmışdı. 3 gündən sonra isə könüllülər və polis əməkdaşları da rus hərbçiləri tərəfindən kəndi tərk etdilər. Səbəb də bu idi ki, sizin təhlükəsizliyinizə zəmanət verə bilmərik. Beləcə, Kərki sovet ordusunun köməyi ilə işğala məruz qaldı. Kərki hadisələrində, çox şükür ki, insan tələfatı olmadı. Amma Naxçıvanın hər tərəfindən könüllü dəstələr Sədərəyə axışıb gəlmişdilər. Bilirdik ki, ermənilər Sədərəyə də hücum edəcəklər. Ona görə növbə ilə postlara çıxır, ov tüfəngləri ilə keşik çəkirdik. Kərki ermənilərin əlinə keçəndən bir gün sonra, yanvarın 19-da səhər saat 8-dən başlayaraq düşmənlər toplardan, pulemyotlardan, avtomatlardan Sədərəyi aramsız atəşə tutmağa başladılar. Artıq kənddən qocaları, uşaqları, qadınları Dəhnə deyilən əraziyə kimi çıxarmağa çalışırdıq.
Mən həmin vaxt ön xəttə idim. Saat 10 olardı, hava çiskin idi. Göz-gözü görmürdü. Birdən çəni
yarıb gələn iki qaraltı bizə tərəf yaxınlaşdı. Bunlar
bir gün əvvəldən bir az irəlidəki
postda dayanan Sədərəyə köməyə
gəlmiş tələbə
gənclər idi. Onlar təşviş içində
səngərlərinin atəşə
tutulduğunu, bir nəfərin şəhid
olduğunu dedilər.
Onları sakitləşdirməyə çalışırdıq, halbuki
həmin günlərdə
hamımızın ürək-dirəyə
ehtiyacı var idi. Hava çiskin olduğundan
və Sədərəyin
hər qarışını
əlimin içi kimi tanıdığımdan
meyiti gətirmək üçün yoldaşlarımdan
ayrıldım və onlara məni qorumalarını tapşırdım.
Həmin
uşaqlardan biri ilə atəş səslərinə baxmayaraq
ön xətdə Koroğlu bulağının
yanındakı Qaraburuna
doğru sürünməyə
başladıq. Meyitin yanına
çatanda həmin gəncə meyiti çiynimə qaldırmasını
tapşırdım. Və beləliklə,
çiskin çəkilənə
yaxın meyiti oradan çıxardıq.
Sonralar bildim ki, bu, Naxçıvan
şəhərində adına küçə
verilən, büstü
ucaldılan İdris Məmmədov imiş.
Çən çəkildiyi üçün
bizi görən düşmən atəş
açmağa başladı. Atəş gücləndiyindən
kənddən gələn
“Kamaz” markalı maşın kuzovunu qaldıraraq arxaya doğru gəlib bizi qorumağa başlamışdı. Çiynimdə
qanın istiliyini hiss edirdim. Kənddən gələn onlarla adam mənə
çox qəribə
baxırdılar. Bu baxışlardan bir şey anlamırdım.
Bu zaman qohumlarımdan
biri qoluma girdi: - Gedək evə, çox həyəcanlanmısan, üst-başını
dəyiş, özünə
gəl - dedi. Maşına
oturub evə gəldik. Evdə heç kim
yox idi. Qonşular ailəmin digər kənddəki qohumlarımgilə
getdiyini desələr
də, həyətdəki
qan izlərindən içimə ağırlıq
çökdü. Halımın
pisləşdiyini görənlərdən
biri səhər 8 radələrində həyətə
top mərmisi düşdüyünü,
uşaqların yaralandığını
və xəstəxanaya
aparıldığını dedilər. Dünya başıma fırlandı.
Bundan sonra Tofiq dayının danışdıqları mənə
qorxulu bir filmin dəhşətli anları kimi gəldi. O danışır, mən
və otaqdakı digər şəxslər
bir-birimizdən gözlərimizi
gizlətməyə çalışırdıq.
...Bilgisayarın arxasında oturub qeydlərimi gözdən keçirirəm.
Qulaqlarımda bu adamın səsi əks-səda verir:
- Həyətdən birbaşa
Sədərək xəstəxanasına,
oradan da Şərur rayon xəstəxanasına
aparıblar övladlarımı,
6 yaşlı Elvin yoldaca
keçinib, Malik isə Şərur xəstəxanasında palataya
daxil olanda sözalmış gözləriylə
məni axtarırdı.
Onun son nəfəsini gördüm,
mənə baxdı və gözlərini yumdu. Sanki məni
gözləyirmiş.
Sədərəkdə atışma davam etdiyindən kənddən
aralıdakı Dəhnə
deyilən yerdə şlaqbaum qoyublarmış
və könüllü
döyüşçülərdən başqa heç kimi buraxmırmışlar. Tofiq dayıya
övladlarını Şərur
rayonundakı qəbiristanlıqda
torpağa tapşırılması
deyilsə də, o buna razı olmur və Sədərək
kəndindəki qəbiristanlıqda
basdırmaq istəyir.
Şlaqbaumdan içəri buraxılmasa
da, gecə qaranlıq düşəndə
maşının işıqları
söndürülür və
bir neçə adamın köməyi ilə qardaşlar torpağa tapşırılır.
Tofiq dayının dediklərindən:
- Camaat elə bilirdi ki, artıq
Sədərəyi itirəcəyik.
Ona görə də övladlarımı Şərur
qəbiristanlığında torpağa tapşırmaq istəyirdilər, amma mən bilirdim ki, biz silahsız olsaq da, qeyrətimizlə,
inancımızla Sədərəyin
bir qarışını
da ermənilərə
verməyəcəyik. Elə dəfn bitəndən sonra üzümü oradakılara
tutub dedim ki, artıq gedək, yas sərhəddəki postlarda
davam edəcək. 10 gün sonra
ailəmin Şərur
rayonunun Çomaxtur kəndindəki qohumumuz Hüseyn kişinin evində olduğunu öyrəndim. Və onları
gətirməyə getdim.
Onu da qeyd edim ki,
1990-cı ilin 19 yanvarında
Sədərəyin müdafiəsi
zamanı 8 naxçıvanlı
şəhid oldu. Elvin və
Malik Nəsirzadələr,
Milli Qəhrəman Məhərrəm Seyidov, İdris Məmmədov, Mirhəşim Seyidov, Etibar Əhmədov, Məmməd Məmmədov
və Abbasəli Nəzərəliyev.
Ümumiyyətlə isə məlum hadisələr zamanı erməni daşnakları Sədərəyə 14 dəfə
genişmiqyaslı hücumlar
ediblər. Kənd camaatı bir
neçə dəfə
Dəhnəyə kimi
çıxarılsa da,
yenə öz evlərinə dönüblər.
Sədərək döyüşləri zamanı 100-dən artıq
naxçıvanlı şəhid
olmuş, 500-ə yaxın
adam isə
yaralanmışdır. Əgər 1990-cı ilin iyununda ulu
öndər Heydər
Əliyev Naxçıvana
gəlməsəydi, Sədərək
də işğal oluna bilərdi. Ümummilli liderin özünün dəfələrlə
Sədərəyə gəldiyini,
səngərdəki əsgərlərlə,
kənd camaatı ilə görüşdüyünü,
söhbətlər apardığını
deyən Tofiq dayı sözünə belə davam etdi:
-1992-ci ilin 20 yanvarı
idi. Qaranlıq düşmüşdü.
Qapıda bir maşın dayandı və ulu öndər
Heydər Əliyev, xalq şairi Xəlil Rza, o vaxt ümummilli liderin köməkçisi
işləyən, Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin Sədri
Vasif Talıbov və sürücü bizə gəldilər. Ailəmizə başsağlığı verən ulu öndər xalqın firavan sabahına inandığını, Azərbaycanı
daha işıqlı bir gələcək gözlədiyini bildirdi.
Həm də sədərəklilərin, naxçıvanlıların
qəhrəmanlığından söz açan Heydər Əliyev bu gün hər
bir birimizin qürurla ifadə etdiyi “Sədərək Naxçıvanın qeyrət
qalasıdır” sözlərini
də məhz bu aynabəddə, o yuxarı başda əyləşib ailəmizlə
söhbətində demişdi.
Mən döyüşçü olmuşam,
əynimdən əsgər
geyimimi atəşkəs
bağlanandan sonra çıxarmışam.
O gündən etibarən daim dövlətin diqqət və qayğısıyla əhatə
olunduqlarını söyləyən
Tofiq dayı bir məqamı da xüsusi vurğuladı:
-1998-ci ildə Məkkəyə
ilk həcc ziyarəti
təşkil olunanda
Ali Məclisin Sədri
Vasif Talıbov məni də ziyarətə göndərdi. Dövlətin şəhid ailələrinə
göstərdiyi hər
cür qayğıyla
əhatə olunmuşuq.
Düzdü, mənim dövlətdən
hansısa tələbim
yoxdur, müharibənin
öz qanunları var və övladlarım
şəhid olub.
Fəxr edirəm ki, cənnətlik iki övladın atasıyam.
Söhbətin bu yerində handan-hana özümə gəlib Tofiq dayının ailəsi, uşaqları, nəvələriylə
bağlı danışırıq. Deyir ki,
Elvin və Malikin böyük qardaşları
Hüseyn də həmin gün onlarla birlikdə həyətdə oynayırmış.
Mərminin qəlpələri onun da çiynini
yaralayıb. 10 yaşlı Hüseyn həmin vaxt güclü stress keçirib.
Hamının başı məlum
hadisələrə qarışıq
olduğu üçün
Hüseyn yalnız 10 gündən sonra sıyrılmış çiynini
nənəsinə göstərib.
İndi Tofiq dayının Hüseyn adlı bir oğlu, Zəhra, Ülkər, Ülviyyə, Yeganə və Fidan adlı 5 qızı, həmçinin 10 nəvəsi var. Hüseynin balaca oğluna da Elvin adını qoyublar. Ümumiyyətlə, qardaşların adını Naxçıvanın bir çox kəndlərində dünyaya gələn körpələrə qoyurlar. Bu gün Sədərək rayonunda bir küçəyə, Şərur rayonunda uşaq bağçasına Elvin-Malik adı verilib.
Söhbətimiz zamanı gah mənə, gah babasına, gah da nənəsinin üzünə diqqətlə baxan balaca Elvin bütün bunlardan xəbərsiz olsa da, bir gün öz əmisinin adını daşıdığından qürur duyacaq.
Çətin də olsa, Tofiq dayıya, Səfiyyə anaya, Hüseynə və bacılara bir daha təsəlli verib həmin evdən ayrılırıq. Qapıdan çıxanda gözlərim önündə həyətdə oynayan qardaşların şən və qayğısız baxışları canlanır....
Mənimlə gələnlərdən məzarlarını ziyarət etmək istədiyimi bildirirəm və qəbiristanlığa yollanırıq. İndi Elvin və Malik qardaşları Sədərək qəbiristanlığındakı məzarlarında yan-yana uyuyurlar. Bu günahsız körpələrin ruhuna dualar edib Sədərək döyüşlərinin canlı şahidi, şair Vaqif Məmmədovun şeirinin bir neçə bəndini pıçıldayıram öz-özümə:
Budaqda cüt nar kimiydi,
Təzə yağan qar kimiydi.
Puçurlanan bar kimiydi,
Açılmamış soldu onlar.
Baxt gülmədi üzlərinə,
Doymadılar sözlərinə,
Bir ananın gözlərinə,
Göz yaşı
tək doldu onlar.
Yasəməndir saçaqlayan,
Çox sirləri açıqlayan.
Bu torpağı qucaqlayan,
Bir cüt körpə oldu onlar.
Elxan MƏMMƏDOV,
Azərbaycan.-2015.- 23 yanvar.- S.9.