Xarici siyasət strategiyası dövlətin
beynəlxalq
aləmdə nüfuzunu möhkəmlədir
Yola saldıgımız 2014-cü il beynəlxalq münasibətlərin, ayrı-ayrı dövlətlər arasında ikitərəfli və çoxtərəfli əlaqələrin gərginləşməsi, Ukrayna böhranı ucbatından Qərb-Şərq qarşıdurmasının qızışması, dünyanın bir sıra regionlarında zorakılığın artması ilə yadda qaldı. NATO ilə Rusiya arasında geosiyasi mübarizənin kəskinləşməsi bəşəriyyəti “soyuq müharibə” təhlükəsi ilə yenidən üz-üzə qoydu. Onilliklərdir sabitliyin, əmin-amanlığın uzaq düşdüyü, “ərəb baharı” adlı qan gölündə çapalayan Yaxın Şərq başqa bir fəlakətlə - İŞİD terroru ilə qarşı-qarşıya gəldi. Dünya iqtisadiyyatında tənəzzülün davam etdiyi bir şəraitdə neftin qiymətinin sürətlə aşağı düşməsi dünya iqtisadiyyatında yeni-yeni problemlərə yol açdı: karbohidrogen ixracatçıları itirməyə, idxalatçıları isə qazanmağa başladılar.
Beynəlxalq münasibətlər sistemində yaranmış belə bir mürəkkəb şəraitdə Azərbaycan dövləti müəyyən etdiyi xarici siyasət xəttinin prioritet istiqamətlərinə sadiq qalaraq milli maraqların diktə etdiyi prinsipləri rəhbər tutur. Hər şeydən əvvəl belə bir məqam ön plana çəkilir ki, Azərbaycan heç vaxt dünyanın aparıcı güc mərkəzləri arasında alovlanan geosiyasi mübarizə meydanlarından birinə çevrilməyəcək. 2014-cü il bu baxımdan səciyyəvi idi. Azərbaycan diplomatiyası il ərzində dövlətin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın sıxlaşdırılması, ayrı-ayrı ölkələrlə qarşılıqlı faydalı əlaqələrin dərinləşdirilməsi naminə geniş fəaliyyət göstərmiş, həmçinin regional və beynəlxalq əhəmiyyətli problemlərin müzakirəsində və həllində yaxından iştirak etmişdir. Bütün bu məsələlərə yanaşmada milli maraqlar önə çəkilmiş, dövlətin təhlükəsizliyi ilə əlaqəli məqamlar diqqət mərkəzində saxlanmışdır.
Ötən il Azərbaycan diplomatiyası dünyanın ayrı-ayrı ölkələri ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, dövlətimizin beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atmış, yeni tərəfdaşların qazanılması naminə məqsədyönlü iş aparmışdır. Bu baxımdan Prezident İlham Əliyevin xarici səfərləri, dünya liderləri ilə keçirdiyi çoxsaylı görüşlər və danışıqlar, eləcə də xarici ölkələrin dövlət və hökumət başçılarının ölkəmizə səfərləri diqqəti cəlb edir. Bu təmaslar zamanı ikitərəfli əlaqələrin geniş spektri müzakirə edilmiş, yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan yeni tərəfdaşlar qazanmış, regional və beynəlxalq müstəvidə nüfuzunu möhkəmlətmək imkanı əldə etmişdir. Dövlət başçısının apardığı danışıqlarda Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün ağır nəticələri daim diqqətə çatdırılmış, münaqişənin beynəlxalq hüquq normaları əsasında tənzimlənməsinin vacibliyi vurğulanmışdır.
Rəsmi Bakının yürütdüyü xarici siyasət xəttinin prioritet istiqamətlərindən biri qonşu ölkələrlə müxtəlif sahələrdə əlaqələrin intensivləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndiriməsidir. Azərbaycan diplomatiyası keçən il də bu istiqamətdə fəal olmuşdur. Türkiyə, Gürcüstan, İran və Rusiya ilə dövlət və hökumət başçıları səviyyəsində qarşılıqlı səfərləri, eləcə də digər rəsmi şəxslərin təmasları müntəzəm xarakter almışdır. Prezident İlham Əliyevin İran və Rusiyaya, Türkiyə və Gürcüstan prezidentlərinin və baş nazirlərinin Azərbaycana səfərləri ikitərəfli əlaqələrin inkişafına önəmli töhfə vermişdir. Ötən ilin mayında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin Tbilisidə keçirilmiş növbəti sammiti bu baxımdan əlamətdar olmuşdur. Sammitdə indiyədək reallaşdırılmış regional və beynəlxalq əhəmiyyətli inkişaf layihələri bir daha təhlil edildi, üçtərəfli əməkdaşlığın perspektivləri müzakirə mövzusu oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “zirvə görüşünün əsas nəticəsi ondan ibarətdir ki, bu gün Gürcüstan, Türkiyə və Azərbaycan üçtərəfli formatı və bizim dostluq, tərəfdaşlıq münasibətlərimizi bir daha təsdiqlədilər. Bu, çox önəmlidir. Çünki bizi birləşdirən layihələr həm ölkələrimiz, xalqlarımız, qonşularımız və həm də qitə üçün əhəmiyyətlidir... Hazırda bu üçtərəfli format nəinki regionda, hətta dünya miqyasında böyük maraq doğurur. Bu, əslində nadir bir formatdır. Çünki burada üç müstəqil dövlət artıq bərabərhüquqlu münasibətlər - qarşılıqlı maraq və bir-birinə hörmət əsasında müasir, mədəni, xalqlarımızın maraqlarına cavab verən münasibətlər qurmuşdur. Hesab edirəm ki, bu təcrübə başqa ölkələr üçün də cəlbedici ola bilər”.
Qeyd etmək lazımdır ki, Azərbaycan rəhbərliyi regional inkişafın sürətlənməsi naminə qonşu ölkələrlə ikitərəfli əlaqələrin genişləndirilməsi ilə bərabər, çoxtərəfli formatlara da üstünlük verir. Rəsmi Bakının təşəbbüsü ilə irəli sürülmüş üçtərəfli formatlar artıq işə düşmüşdür. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran üçtərəfli formatları ilə yanaşı, son vaxtlar Azərbaycan-Türkiyə-Türkmənistan formatı da formalaşmışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “belə görüşlərin keçirilməsi özlüyündə çox müsbət əlamətdir. Çünki burada regional əməkdaşlıq daha da möhkəmlənir. Biz isə həmişə çalışmışıq ki, regional əməkdaşlıq güclənsin. Hər bir ölkə, o cümlədən Azərbaycan regional əməkdaşlıq hesabına öz maraqlarını daha dolğun şəkildə təmin edə bilər... Bizim xarici siyasətimiz yerində durmur. Biz daim axtarışda olmalıyıq, daim yeni əməkdaşlıq formaları haqqında fikirləşməliyik, təşəbbüs göstərməliyik ki, Azərbaycanın xarici siyasəti daha da uğurlu olsun”.
Eyni zamanda, Azərbaycan dünyanın müxtəlif ölkələri ilə siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə qarşılıqlı əlaqələri inkişaf etdirmək naminə səylərini intensivləşdirmişdir. Dövlət başçısının Avropa və Asiya ölkələrinə səfərləri, öz növbəsində bir sıra xarici dövlətlərin rəhbərlərinin Bakıya səfərləri bu istiqamətdə atılmış növbəti addımlar kimi diqqəti cəlb edir.
Bütün bunlarla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli, nəticə etibarilə erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, dövlətimizin ərazi bütövlüyünün bərpası, məcburi köçkün həmvətənlərimizin yurd-yuvalarına qayıdışının təmin edilməsi xarici siyasətimizin qarşısında duran əsas vəzifəsi olaraq qalır. Ötən il diplomatiyamız bu yöndə fəaliyyətini davam etdirmişdir. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar indiyədək konkret nəticəyə gətirib çıxarmasa da, beynəlxalq ictimaiyyətdə artıq belə bir yekdil fikir formalaşmışdır ki, münaqişənin tənzimlənməsi prosesi Ermənistan ekspedisiya korpusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılmasından başlamalıdır. Yalnız bundan sonra münaqişə tərəfləri arasında əməkdaşlıq və etimad mühiti formalaşdırmaqla qarşıdurmaya birdəfəlik son qoyub hərtərəfli və daimi sülhü bərqərar etmək mümkündür.
Dövlət başçısı istər xarici ölkələrin rəhbərləri ilə danışıqlarda, beynəlxalq təşkilatların iclaslarında və beynəlxalq forumlarda, istərsə də dünyanın aparıcı kütləvi informasiya vasitələri ilə müsahibələrində daim Ermənistanın təcavüzkar siyasətinin regional əməkdaşlığa və beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaratdığını nəzərə çarpdırır, erməni ekspansionizminin Cənubi Qafqazda sabitliyə və inkişafa başlıca maneə olduğunu vurğulayır. Azərbaycan diplomatiyasının uğurlu fəaliyyətinin nəticəsidir ki, son dövrlərdə hətta coğrafi baxımdan uzaq olduğumuz Latın Amerikasının bir sıra ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın tutduğu haqlı mövqeyə dəstək vermişdir. Ötən il bir sıra beynəlxalq və regional təşkilatlar yenidən münaqişənin tənzimlənməsi məsələsinə toxunaraq problemin beynəlxalq hüquq normaları - dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə çağırmışdır. İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının sessiyasında “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardımın göstərilməsi” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında islam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” adlı qətnamələr qəbul edilmişdir. Yekun Ciddə Bəyannaməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyinə münasibətdə həmrəylik ifadə olunmuşdur. Qoşulmama Hərəkatının Əlcəzairdə keçirilmiş xarici işlər nazirləri səviyyəsində iclasının yekun sənədində münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri daxilində danışıqlar yolu ilə həlli dəstəklənmişdir. NATO-nun Uelsdə keçirilmiş zirvə toplantısının yekun bəyanatında Şimali Atlantika alyansının üzvü olan dövlətlər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmiş, Cənubi Qafqazdakı münaqişələrin məhz bu prinsiplər əsasında həllinə tərəfdar çıxmışdır. Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun yekun bəyannaməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi bir daha vurğulanmışdır.
Bununla yanaşı, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində diplomatik fəaliyyət diqqət mərkəzində olmuşdur. Göstərilən səylər nəticəsində artıq dünyanın 10-dan çox ölkəsi erməni silahlı birləşmələrinin Xocalıda törətdiyi qırğını soyqırımı aktı kimi tanımış, həmin dövlətlərin parlamentləri müvafiq qərarlar qəbul etmişdir. Diplomatiyamız erməni təcavüzkarlarının Xocalıda həyata keçirdiyi vəhşilikləri dünya miqyasında tanıtmaq, bütövlükdə Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq, erməni uydurmalarını ifşa etmək və ölkəmizin əleyhinə antitəbliğat əməllərinin qarşısını almaq üçün səylərini davam etdirir.
Ötən il həm də Azərbaycanın beynəlxalq təşkilatlarda fəallığı ilə diqqəti cəlb etmişdir. BMT Baş Məclisinin 68-ci və 69-cu sessiyalarında Azərbaycan diplomatiyası gündəliyə çıxarılmış məsələlərin müzakirəsi və qətnamə layihələrinin qəbulu prosesində yaxından iştirak etmişdir. BMT Baş Məclisinin 69-cu sessiyasında Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə yekdilliklə qəbul olunmuşdur.
Məlum olduğu kimi, Azərbaycan 2001-ci ildə Avropa Şurasının (AŞ) üzvü olduqdan sonra ilk dəfə olaraq keçən il mayın 14-dən etibarən altı aylıq dövr üçün AŞ Nazirlər Komitəsində sədrlik etmişdir. Sədrlik dövründə Azərbaycan Respublikası AŞ-nin fəaliyyətinin priorititetlərini təşkil edən insan hüquqları, qanunun aliliyi və demokratiyanın inkişafı istiqamətində mühüm səylər göstərmiş, AŞ-yə üzv ölkələri və qurumun müxtəlif təsisatları ilə qarşılıqlı anlaşma şəraitində çalışmışdır. Sözügedən prioritetlərin dəstəklənməsi məqsədilə Azərbaycanda 18 beynəlxalq tədbir keçirilmişdir.
Prezident İlham Əliyev Avropa Şurası
Parlament Assambleyasının (AŞ PA) iyun sessiyasında
çıxış etmişdir. Dövlət
başçısının AŞ PA qarşısında
nitqi mahiyyət etibarilə Azərbaycanın təşkilata
üzv olduqdan bəri keçən 13 il ərzində əldə
etdiyi nailiyyətlərin növbəti təqdimatı idi.
Prezident deyirdi: “Avropa Şurasına qoşulmaq
bizim düşünülmüş seçimimiz oldu.
Çünki biz islahatların genişləndirilməsi
üçün bu təsisatın üzvü olmaq istəyirdik.
Əlbəttə, bilirdik ki, Avropa Şurasına
qoşulmağımız həmçinin öhdəlikləri
nəzərdə tutacaqdır. Biz isə bunlara hazır
idik. Bu günə qədər biz öhdəlikləri yerinə
yetiririk. 60-a yaxın konvensiyaya qoşulmuşuq.
Qanunvericiliyimizi təkmilləşdirmişik. Bu gün həyata
keçirdiyimiz islahatlar cəmiyyətimizdə çox
müsbət mühit yaradır. Fundamental azadlıqlara gəldikdə,
Azərbaycanda bütün azadlıqlar təmin edilir. Siyasi fəaliyyət
azadlığı vardır. Yüzlərlə siyasi təşkilat,
partiya mövcuddur. İfadə azadlığı, mətbuat
azadlığı vardır. Qırxdan artıq gündəlik
və təxminən iki yüz həftəlik və aylıq qəzet
çıxır. Respublika səviyyəsində doqquz
televiziya kanalı vardır. On dörd bölgə və on
dörd kabel televiziya kanalı fəaliyyət göstərir. Bizdə azad
internet vardır. Azərbaycanda internet istifadəçilərinin
sayı 70 faizdən artıqdır. Hazırda hökumətimiz
böyük sərmayələri tələb edən layihəni
həyata keçirməkdədir: genişzolaqlı internet hər
bir şəhər və kənd üçün təmin
edilməlidir. Başqa sözlə, azad internetin
mövcudluğu, senzuranın olmaması şəraitində
biz mətbuat azadlığını məhdudlaşdıra
bilmərik. Əksinə, biz mətbuat
azadlığının tərəfdarıyıq,
çünki media azadlığı demokratiya deməkdir.
O, hökumətə çatışmazlıqlara diqqət
yönəltməyə yardım edir. O, hökumət ilə
cəmiyyət arasında zəruri əlaqələrin
qurulmasına zəmin yaradır. Bu, Azərbaycanın,
müasir Azərbaycanın ən böyük zənginliklərindən
biridir. Biz bundan qürur hissi duyuruq”.
Bununla yanaşı, dövlət başçısı
vurğulayırdı ki, Azərbaycan cəmiyyətinin
müxtəlif sahələrində reallaşdırılan
islahatları bilavasitə AŞ qarşısında
götürülmüş öhdəliklər şərtləndirmir:
“İslahatların həyata keçirilməsi bizim
üçün onunla bağlı deyil ki, biz öhdəliklərimizi
icra edək və ya beynəlxalq təsisatlardan müəyyən
müsbət qiymətlər alaq. Bu onunla
bağlıdır ki, biz ölkəmizi müasirləşdiririk.
On il öncə qeyd etdiyim kimi,
güclü demokratik təsisatlar olmadan iqtisadi uğurumuz
davamlı ola bilməz. Bu səbəbdən
iqtisadi və siyasi islahatlar paralel şəkildə
aparılmalıdır. Cəmiyyətin
demokratikləşdirilməsi cəmiyyətimizdə müsbət
əhval-ruhiyyə yaradır”.
Onu da qeyd etmək lazımdır ki, AŞ-də Azərbaycana
münasibət heç də həmişə hamar
olmamışdır. Bu təşkilatda ölkəmizə
qarşı ayrı-seçkilik, ikili standartlar zaman-zaman
özünü göstərir. Antiazərbaycan
mövqeyi tutmuş deputat qruplaşması fürsət
düşən kimi qarayaxma, təzyiq kampaniyasına
başlayır. Lakin bu kampaniya heç vaxt
məqsədinə çata bilmir. Azərbaycan
tərəfinin tutarlı arqumentlərı, ortaya qoyduğu həqiqətlər
antiazərbaycan qruplaşmasının ölkəmizin
nüfuzuna xələl gətirmək üçün
göstərdiyi cəhdləri puça çıxarır.
AŞ PA-nın elə həmin sessiyasında da
Prezident İlham Əliyev Azərbaycanı bir nömrəli hədəf
seçmiş bədxahların növbəti həmləsini
alt-üst etdi.
Əlbəttə, bu və ya digər qruplaşmanın
bəd niyyətləri Azərbaycanla Avropa arasında möhkəm
və sağlam ikitərəfli əlaqələrə xələl
gətirə bilməz. Prezident İlham Əliyevin Avropa ölkələrinə
çoxsaylı səfərləri, Avropa dövlət və
hökumət başçılarının Azərbaycana səfərləri
buna dəlalət edir. Avropa ölkələri
ilə qarşılıqlı faydalı əməkdaşlığın
möhkəmləndirilməsi diplomatiyamızın prioritetlərindən
biri olaraq qalacaq. Çünki söhbət,
sözün həqiqi mənasında, strateji tərəfdaşlıqdan,
Azərbaycanda həyata keçirilən və Avropa
üçün müstəsna əhəmiyyət kəsb edən
inkişaf layihələrindən gedir.
Şübhəsiz,
ötən il baş vermiş ən əlamətdar
hadisə Azərbaycanın enerji diplomatiyasının yeni
uğuru - “Cənub” qaz dəhlizinin təməlinin
qoyulması idi. Məlum olduğu kimi, hələ
1996-cı ildə aparıcı xarici şirkətlərlə
“Şahdəniz” qaz-kondensat yatağının istismarı
haqqında saziş imzalanmışdır. Ehtiyatı 1 trilyon kubmetrdən çox olan bu yataq gələcəkdə
“Cənub” qaz dəhlizinin resurs mənbəyi olacaqdır.
2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin
inşası ilə dəhlizin birinci hissəsi istifadəyə
verildi. Bununla Azərbaycan dünya
bazarında qaz ixracatçısı kimi tanınmağa
başladı.
Qarşıda duran əsas vəzifə isə “Cənub”
qaz dəhlizinin genişləndirilməsi, “Şahdəniz”
yatağının ikinci mərhələsinin istismarı və
nəticə etibarilə Azərbaycan qazının Avropa bazarına
çıxarılması idi. 2012-ci ildə Azərbaycan
və Türkiyə hökumətləri arasında
Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) sisteminə dair
saziş imzalandı. TANAP-ın davamı
olaraq təbii qazı Avropaya çatdıracaq kəmər -
Trans-Adriatik boru kəməri (TAP) əsas ixrac marşrutu kimi
seçildi. Beləcə, “Cənub” qaz dəhlizi
formalaşması üçün müqavilə bazası
yarandı.
Ötən
il sentyabrın 20-də isə daha bir tarixi
hadisə baş verdi: tammiqyaslı “Cənub” qaz dəhlizinin təməli
qoyuldu. Bu, milli iqtisadiyyatın inkişafı və
şaxələndirilməsi naminə indiyədək
görülmüş işlərin yekunu, Azərbaycanın
yeni neft strategiyasının təntənəsi idi.
“Cənub” qaz dəhlizi adi layihə deyil. 1994-cü ildə
xarici şirkətlərlə imzalanmış ilk neft
müqaviləsi - “Əsrin müqaviləsi” XX əsrin layihəsi
olduğu kimi, “Cənub” qaz dəhlizi də XXI yüzilliyin
layihəsidir. Yeni layihəyə 45 milyard
dollar investisiya qoyulacaq. Boru kəməri
sistemi 3600 kilometrlik məsafə qət edərək Xəzər
dənizini Avropanın mərkəzi ilə birləşdirəcək.
İndiyədək Azərbaycanın neft-qaz
layihələrində cəmi üç ölkə - Azərbaycan,
Gürcüstan və Türkiyə iştirak edirdi.
Bundan sonra isə iştirakçı ölkələr
çox olacaq, cənub-şərqi Avropanın bir çox
ölkələri - Yunanıstan, Bolqarıstan, Albaniya,
İtaliya, perspektivdə isə Monteneqro, Bosniya, Xorvatiya və
başqaları Xəzərdə başlamış əməkdaşlıq
prosesinə qoşulacaq. Yeni qaz kəmərinin
inşası Xəzər, Qara dəniz və Aralıq dənizi
hövzələrinin ölkələri üçün yeni
imkanlar yaradacaq, geniş bir coğrafiyada regional iqtisadi
inkişafa böyük töhfə verəcək.
Əlavə iş yerləri açılacaq, nəticə
etibarilə yoxsulluğun səviyyəsi azalmış olacaq.
Eyni zamanda “Cənub” qaz dəhlizi xalqların bir-birinə yaxınlaşması, qarşılıqlı anlaşmanın dərinləşməsi üçün vasitə olacaq. Söhbət təkcə qaz kəmərlərinin, yaxud dəmir yolu xətlərinin inşasından deyil, həm də çoxtərəfli əməkdaşlıqdan, milli iqtisadiyyatların birləşməsindən, bütövlükdə regional inteqrasiyadan gedir. Qarşılıqlı faydalı əməkdaşlıq isə dostluq şəraitini möhkəmlədən mühüm amillərdəndir.
Başqa sözlə, XXI əsrin layihəsindən hamı faydalanacaq. İlk növbədə, Azərbaycan karbohidrogen potensialını reallışdırmaq üçün yeni imkanlar əldə edir. İndiyədək həyata keçirilmiş neft-qaz layihələri milli iqtisadiyyatın möhkəmlənməsi və onun şaxələndirilməsinə gətirib çıxarmış, formalaşmış maliyyə ehtiyatları yeni layihələrin icrasına şərait yaratmışdır. Vaxtilə Azərbaycan bu və ya digər layihəni reallaşdırmaq üçün xaricdən kredit alırdısa, indi heç bir borca ehtiyac yoxdur. Hazırda Azərbaycan “Şahdəniz”, TANAP, TAP və digər layihələrdə öz payını özü maliyyələşdirir. Azərbaycan həm də kredit verən ölkədir. Məsələn, region üçün mühüm inkişaf layihəsində - Bakı-Tbilisi-Qars dəmir yolunun inşasında Gürcüstan tərəfi payını maliyyələşdirmək üçün Azərbaycandan kredit almışdır. “Cənub” qaz dəhlizi ölkəmizin maliyyə imkanlarını daha da artıracaq, onun dünya iqtisadiyyatına inteqrasıyasına güclü təkan verəcək.
Öz növbəsində Avropanın Azərbaycanla energetika sahəsində əməkdaşlığı qitə ölkələri üçün böyük əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, Köhnə dünya enerji tələbatını ödəmək üçün xarici mənbələrə möhtacdır. Avropa İttifaqı (Aİ) enerji təhlükəsizliyini təmin etmək üçün yollar axtarır. İlk növbədə təbii qaz təchizatı xüsusi əhəmiyyət kəsb edir. Doğrudur, Avropa ölkələri müxtəlif mənbələrdən qaz idxal edir. Amma enerjidən asılılıq qitənin ən zəif, həssas tərəfi olaraq qalır. Avropanın, demək olar ki, bütün ölkələri, Rusiya qazından asılıdır. Avropalı siyasətçılərin fikrincə, “Cənub” qaz dəhlizi qitəni asılılıqdan azad edəcək. Başqa sözlə, bu, sözün əsl mənasında, geostrateji layihə olacaq, çünki söhbət qitənin gələcək taleyindən - enerji təhlükəsizliyindən gedir.
Digər tərəfdən, “Cənub” qaz dəhlizi Azərbaycanın ixracat potensialını artıracaq, Avropaya uzunmüddətli çıxışını təmin edəcək, nəticə etibarilə ölkəmizin beynəlxalq aləmdə nüfuzunu möhkəmlədəcək. Öz növbəsində Avropa enerji təhlükəsizliyini təmin etmək üçün etibarlı alternativ mənbə əldə edir. Bununla bərabər, “Cənub” qaz dəhlizi gələcəkdə Yaxın Şərqin təbii qaz hasil edən ölkələrinin Avropa bazarına çıxmasına şərait yaradacaq.
Allahverdi MEHDİYEV,
Azərbaycan.-2015.- 24 yanvar.- S.4.