Kənd təsərrüfatı naziri Göyçay şəhərində vətəndaşları qəbul edib

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

AzərTAc xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 23-də kənd təsərrüfatı naziri Heydər Əsədov Göyçayda vətəndaşları qəbul edib.

Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Ucar, Zərdab, Göyçay, Ağdaş və Kürdəmir rayonlarının sakinləri iştirak ediblər.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 40 nəfərin müraciətinə baxılıb.

Müraciətlər əsasən fermerlərə güzəştli kreditlərin və subsidiyaların verilməsi, texnika çatışmazlığı, kənd təsərrüfatı torpaqlarının sənədləşdirilməsi, bağlara səpilən dərmanların keyfiyyəti, suvarma sistemindəki vəziyyət, subsidiyaların miqdarı, kənd təsərrüfatı texnikasının güzəştli kreditlər hesabına alınması, toxumçuluğun inkişaf etdirilməsi, heyvanlar arasında yaranan xəstəliklərin müalicəsi və işlə təmin edilmə ilə bağlı olub.

Qəbul zamanı Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Vətəndaşları narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə operativ şəkildə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Azərbaycan.-2015.- 24 yanvar.-  S.5.