Azərbaycan demoqrafik böhrandan uzaqdır
Yaxud demoqrafiya hər
bir ölkənin sosial-iqtisadi həyatının
güzgüsüdür
İndi bir sıra ölkələr
həm də demoqrafik böhran yaşayırlar. Bu o deməkdir
ki, həmin ölkələrdə əhali
təbii yolla azalır, yəni, doğumun səviyyəsi aşağı düşür,
ölənlərin sayı
artır. Nəticədə dünyadan köçənlərin
sayı anadan olanların sayını üstələyir.
Elə ölkələr
də var ki, orada əhali
miqrasiya nəticəsində
azalır. Yəni, həmin ölkədən
xeyli insan daimi yaşamaq üçün köçüb
digər yerlərə
gedir. Bir sıra ölkələrdə
bu mənfi halın hər ikisi müşahidə olunur ki, bu
da əsl demoqrafik böhran yaradır. Demoqrafik böhran isə
ən ağır böhranlardan biri sayılır.
Azərbaycanda bu problemlərin heç biri yaşanmır. Maliyyə böhranlarından olduğu kimi, biz demoqrafik böhranlardan da uzağıq.
Əslində, demoqrafiya hər bir ölkənin sosial-iqtisadi həyatının
güzgüsüdür. O ölkədə
doğumun səviyyəsi
yüksək olur ki, orada dünyaya
gələn uşağı
böyütməyə, “ayaq
üstə qaldırmağa”
imkan və şərait var, başqa sözlə, ailəyə qayğı var, ailələr öz xoşbəxtliyinə
və gələcəklərinə
inanırlar.
Hazırda Azərbaycanda cavan ailələrin əksəriyyətində
ən azı iki uşağın böyüməsi deyilənləri
təsdiqləyir. Statistik rəqəmlər real vəziyyətin daha fərəhli olduğundan
xəbər verir.
Belə ki, indi ölkəmizdə dünyaya körpə gətirmək yaşında
olan qadınların hərəsinə orta hesabla 2,2 uşaq
düşür. Bu, o deməkdir
ki, üç və daha çox
uşağı olan ailələr də az deyil.
Statistik terminlə ifadə edəndə buna “əhalinin təkrar istehsalı təmin olunur” deyirlər.
Son illərdə olduğu
kimi, ölkədə
doğumun səviyyəsi
yenə də yüksəkdir. Dövlət Statistika Komitəsinin məlumatına görə,
2014-cü il dekabr ayının 1-i vəziyyətinə
(11 ayda) Azərbaycanda
əhalinin sayı 106,1 min nəfər, yaxud 1,1 faiz artıb. Yanvar-noyabr ayları ərzində 156,2 min körpə dünyaya gəlib. Əhalinin hər 1000 nəfəri hesabı ilə doğulanların sayı
18 olub.
Həmin
dövrdə ölkədə
50,9 min ölüm halı qeydə alınıb. Beləliklə, Azərbaycanda doğulanların
sayı dünyasını
dəyişənlərin sayını
üç dəfədən
çox üstələyir.
Bu cür təbii
artım böyük xoşbəxtlikdir ki, o da hər xalqa
qismət olmur.
Ölkəmizdə əhali həm də buraya daimi yaşamağa gələnlərin hesabına
artır. Belə ki, yanvar-noyabr aylarında Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin
müvafiq qurumları
1534 nəfər Azərbaycana
daimi yaşamağa gələn və 742 nəfər biryolluq digər ölkələrə
köçüb gedən
qeydə alıblar. Deməli, immiqrantların sayı emiqrantların sayından
2 dəfə çoxdur.
Bunun da səbəbi təbii ki, ölkəmizin sosial-iqtisadi
yüksəlişi, iri
şəhərlərlə yanaşı, bütün
bölgələrin tarazlı
şəkildə inkişafıdır.
Lakin demoqrafik
vəziyyət, o cümlədən
miqrasiyanın mənzərəsi
heç də hər ölkədə belə sevindirici deyil. Məsələn, mənfur qonşumuz
olan respublikadan digər ölkələrə
kütləvi köç
gündən-günə geniş
vüsət alır.
İşsizlik, yoxsulluq, biznes
imkanlarının olmaması,
korrupsiya, diktatura erməniləri baş götürüb digər
ölkələrə getməyə
və geriyə dönməməyə vadar
edir. Rəsmi statistikaya görə
təkcə keçən
ilin doqquz ayında Ermənistan əhalisi 80 min nəfər
azalıb.
Sürətli sosial-iqtisadi inkişaf isə istənilən ölkədə həmişə əhalinin artımına səbəb olur. Lakin əhalinin artması, eyni zamanda, qarşıya bir çox həlli vacib məsələlər qoyur. Məsələn, əhali artdıqca yeni iş yerlərinin yaradılmasını, ərzaq, mənzil məsələlərinin uğurlu həllini və s. tələb edir. Azərbaycan dövləti bu məsələləri həmişə diqqət mərkəzində saxlayır və həmin istiqamətdə öz məqsədyönlü tədbirlərini davam etdirir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələlərə də toxunmuşdur: “Keçən il Azərbaycanda “Sənaye ili” elan edilmişdir və 230-dan çox sənaye müəssisəsi yaradılmışdır. 123 min yeni iş yeri açılmışdır ki, onlardan təxminən 100 mini daimi iş yeridir. Bu proses də sürətlə getməlidir. Çünki Azərbaycanda yeni iş yerlərinin yaradılmasına hələ də ehtiyac var. İşsizlik hələ var, eyni zamanda, sürətli iqtisadi inkişaf demoqrafik vəziyyətə müsbət təsir etmişdir. Keçən il Azərbaycanda əhalinin sayı 116 min nəfər artmışdır. Odur ki, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. Bu, belədir və bu il də bu istiqamətdə əlavə tədbirlər görüləcəkdir”.
Azərbaycanda əhali getdikcə çoxalır və dünyaya gələn hər körpə hamımızın sevincidir. Oğul-uşaq böyütmək, isti ev-ocaq qurmaq, mehriban ailə sahibi olmaq həmişə ən ümdə arzumuz olub. Bəzən toylarımızın geniş miqyasda keçirilməsini, çox dəbdəbəli olmasını tənqid edirik. Bəlkə bunun bir səbəbi də elə yeni ailənin yaranmasına görə keçirdiyimiz sevinc hissindən, ailəyə verdiyimiz önəmdən, talelərini birləşdirən gənclərə elliklə xeyir-dua vermək arzusundan irəli gəlir. Belə olduğu halda, son vaxtlarda ölkədə nikahların sayının azalması faktı bizi təbii ki, düşündürməyə bilməz.
Dövlət Statistika Komitəsi bildirir ki, keçən ilin 11 ayında ölkədə 78,5 min nikah bağlanıb. Ondan əvvəlki ilin eyni vaxtında isə bu rəqəm 81,2 min təşkil edirdi. Deməli, 2014-cü ilin 11 ayında nikahların sayı 2013-cü ilin həmin vaxtına nisbətən 2,7 min az olub. Əhalinin hər 1000 nəfərinə hesabı ilə götürdükdə nikahların səviyyəsi də aşağı düşüb. Bu göstəricini əks etdirən əmsal 2013-cü ilin yanvar-noyabr aylarında hər 1000 nəfərə hesabı ilə 9,5 olduğu halda, keçən ilin müvafiq dövründə 9,1 olub.
Əlbəttə, söhbət rəsmi nikahlardan gedir. Müşahidələr göstərir ki, son vaxtlar nikahlarını qeyd etdirmədən ailə quran vətəndaşlar da az deyil. Niyə? Axı, Azərbaycanda ailələr həmişə sevgi ilə yanaşı, həm də qarşılıqlı inam və hörmət əsasında qurulub. Yoxsa bütün dünyada vüsət alaraq çoxalan “vətəndaş nikah”ı Azərbaycanda da dəbə düşməkdədir?! Bu sualı birbaşa cavablandırmaqdan yan keçərək yalnız bir neçə rəqəmi diqqətə çatdırmaq istəyirik: 2013-cü ildə ölkəmizdə 172,7 min körpə dünyaya gəlmişdi. Bu uşaqlardan 25,1 mini nikahdan kənar doğulub. Bu, həmin il ərzində anadan olan körpələrin nə az-nə çox - 14,5 faizini təşkil edir. Fikrimizcə, bu fakt yuxarıdakı suala dolayısı ilə olsa da, aydın cavab verir.
Hazırda Azərbaycanda ilk nikaha daxil olanların orta yaşı kişilər arasında 27,7, qadınlar arasında 23,7-dir. Lakin vaxtında seçim etməyə tələsməyən, yaxud ətrafdakı cavanlardan heç birini bəyənməyib “ağ atlı” oğlan gözləyən qızlar da var ki, müəyyən yaşa çatandan sonra onları tənhalıq vahiməsi bürüyür. Həmin qızların az bir qismi qocalıqda tək qalmağın qarşısını bu gün tənha ana olmaqla almaq istəyirlər. Əlbəttə, bir sıra digər xalqlarda adi qarşılanan bu hal bizdə həmişə qətiyyətlə pislənib və indi də arzuedilməz olaraq qalır.
Nikahların qeydə alınmamasının bir səbəbi də qızların erkən yaşında ərə verilməsidir. Bu halda gəlinin yaşının nikah yaşına çatmaması səbəbindən izdivacı rəsmiləşdirmək mümkün olmur. Burada məsuliyyət yeniyetmə qızları ərə verən ata-anaların üzərinə düşür. Azyaşlı qızların “götürüb qaçırılması” (“qoşulub qaçması”) halları da mövcuddur. Danılmaz faktdır ki, 2013-cü ildə 2900 körpə məhz 15-17 yaşlı analar (onlara ana deməyə də adamın heç dili gəlmir. Məktəbyaşlı qızın analıq duyğularını yaşamasına və analıq məsuliyyətini başa düşməsinə inanmaq çətindir) tərəfindən dünyaya gətirilib.
Sözügedən məsələlərin yoluna qoyulmasında ailə ilə, məktəblə yanaşı kütləvi informasiya vasitələrinin də üzərinə məsul vəzifə düşür. O cümlədən, yaxşı nümunəni daha əyani göstərmək imkanına malik televiziyalar gənclərdə möhkəm, sağlam ailə təsəvvürü formalaşdırmalı, onları məhz bu cür ailə qurmağa hazırlamalıdır. Qurulmuş ailələrin isə möhkəmlənməsi üçün təbliğatını, köməyini əsirgəməməlidir.
Gender siyasəti düzgün şərh olunmalıdır. “Ailə söz-söhbətsiz olmaz” deyiblər. Azərbaycan ailəsində bu “söz-söhbət”i insanlar özləri, uzaq başı öz yaxınlarının, ağsaqqallarının köməyi ilə yoluna qoyurlar.
Boşanma hər zaman arzuedilməz hal sayılıb. Bəzi KİV-lər sözü bir-biri ilə düz gəlməyən ər-arvadı hamıya tanıtmaqla, onları daha da qızışdırmaqla, əslində, boşananların sayının artmasına xidmət edirlər. Kənardan “yol göstərmə” bir çox hallarda o qədər də yaxşı nəticə vermir. Buna görə hər bir məsləhət son dərəcə düşünülmüş olmalıdır. Çünki hər bir situasiya özünə fərdi yanaşma tələb edir.
Bəzən də hər müəllif, yaxud hər ekspert özünün yaratdığı ailə etalonunu hamıya şamil etmək istəyir. Əgər “hər ailə bir dövlətdir” deyiriksə, deməli, hər birinin də öz qanunları var. Atalar çox yerində deyib: “Ocaq necə yanırsa yansın, təki tüstüsü düz çıxsın”.
Belə olsa, boşanmaların artmasına aid rəqəmlər də bizi məyus etməz: 2014-cü ilin 11 ayında 11 min nikah pozulub ki, bu da 2013-cü ilin eyni dövründə olduğundan 200 çoxdur.
Azərbaycan ailələri həmişə bütöv və möhkəm olub. Bu ənənə indi də yaşayır. Onu zəiflədə biləcək hər təzahürə “yox” demək, ortaya çıxan problemləri vaxtında aradan qaldırmaq üçün hamı səy göstərməlidir.
Bu gün Azərbaycan ailəsi dünyanın ən yaxşı ailə modellərindən biri sayılır. Xalqımızın milli-mənəvi dəyərləri həmişə üstün tutması, onları əziz bir əmanət kimi qoruyub saxlaması və dövlətimizin ailəyə qayğısı, onun möhkəmlənməsinə önəm verməsi Azərbaycan ailəsinin bundan sonra da xoşbəxt və hamıya nümunə olmasına xidmət edir. Ailə nə qədər xoşbəxt olarsa, orada böyüyən uşaqlar da bir o qədər xoşbəxt və sayca çox olarlar. Ölkəmizdə əhalinin təbii yolla artmasını müsbət hallardan biri kimi dəyərləndirən Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan əhalisi artır. Bu, böyük üstünlüyümüzdür. Azərbaycan əhalisi nə qədər artsa, biz o qədər də güclənəcəyik”.
Flora SADIQLI,
Azərbaycan.-2015.- 24 yanvar.- S.6.