Qafqaz qartalı
Böyük sərkərdəmizi belə
adlandırırdılar
“Tarix tarixdir və 1941-1945-ci illər müharibəsi Azərbaycan xalqının tarixində də çox
görkəmli yer tutur, xalqımızın tarixinin parlaq səhifələrindəndir. Tarixdən heç bir şeyi
silmək olmaz, onun hər bir mərhələsi xalqın salnaməsi, həyat yoludur”.
Heydər ƏLİYEV
Böyük Vətən müharibəsində tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının da müstəsna rolu olmuşdur. Həm arxa, həm də ön cəbhədə Azərbaycan xalqı böyük fədakarlıq, rəşadət və şücaət nümunələri göstərmişdir. Böyük Vətən müharibəsinin əfsanəvi qəhrəmanlarından biri də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Əhəd oğlu Aslanovdur. Ulu öndər Həzi Aslanovu Böyük Vətən müharibəsində mərdliklə döyüşən, şücaət göstərən Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisi hesab edər və həmişə xatirəsini əziz tutardı. Hər il respublikamızda 9 may Qələbə günü tədbirlərinə məhz ölkə rəhbərinin Həzi Aslanovun məzar-kompleksi önünə əklil qoyması ilə başlardı. Bu gün də möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu ənənəni davam etdirir.
Atalarımızın, babalarımızın, əcdadlarımızın qəhrəmanlıq nümunələri hər zaman Azərbaycanımızı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnəkdir.
Həzi Aslanov 105 il bundan əvvəl, 1910-cu il yanvar ayının 22-də Lənkəran şəhərində anadan olmuş və gənc yaşlarından o vaxtkı komsomol göndərişi ilə Bakıya gələrək Zaqafqaziya Hərbi Hazırlıq Məktəbində təhsil almışdır. Xarkov, Kiyev hərbi dairələrində xidmət etdiyi ilk illər gənc zabit Həzi Aslanov döyüş və siyasi hazırlığı ilə hamını heyran qoymuş, nümunə göstərmişdir. O vaxtlar “Qafqaz qartalı Həzi Aslanovdan nümunə götürün” sözləri komandirlərin dilindən düşməzdi.
1939-cu ildə Mannerheym xəttinin yarılması zamanı göstərdiyi qəhrəmanlığın əks-sədası doğma Azərbaycana da çatmışdı. Müharibənin ilk günlərindən bombardman edilən Ternopol, Lvov, Jitomir şəhərlərində ilk olaraq hücuma məruz qalan, lakin sarsılmayan, düşmənə sarsıdıcı zərbələr vuran da Həzi Aslanovun yenilməz döyüşçüləri olmuşlar. Moskva uğrunda gedən ölüm-dirim vuruşunda cəsur həmyerlimizin misilsiz qəhrəmanlıq nümunəsi, Mojaysk istiqamətində mühasirəyə düşən nişançı bölməsini kəskin əks-hücumla vəziyyətdən qurtarması, yüzlərlə faşisti, eləcə də Reyxin dəmir xaçı ilə təltif olunmuş alman zabitini şəxsən məhv etməsi xəbəri ölkəyə yayılmış və Həzi Aslanov ilk “Qırmızı Ulduz” ordeni ilə təltif olunmuşdur.
1942-ci ilin yazında igid həmyerlimiz Cənub-Qərb cəbhəsində idi. Moskva, Xarkov ətrafında tarixi və həlledici döyüşlərin sınağından çıxmış tank briqadası komandirinin müavini Həzi Aslanov yaxşı bilirdi ki, arxada Qafqaz dağları və doğma Azərbaycandır. Düşmənlər böyük bir dövlətin arteriya damarı olan Bakını da ələ keçirmək istəyirlər. O vaxt artıq yüzlərlə tankı, topu, müxtəlif iriçaplı silahları, atıcı diviziyaları Qafqazda cəmləşdirən alman faşistləri Kerçi ələ keçirmişdilər. Məhz həmin ağır günlərdə Aslanovçular düşmən üzərinə şığıyaraq onları geri oturtdular. Faşistlər döyüş meydanında 40-dan çox yandırılmış tank qoyaraq geri çəkildilər.
Stalinqrad uğrunda döyüşlər isə İkinci Dünya müharibəsi salnaməsinə qızıl hərflərlə yazıldı. Şəhərdən 40-50 km cənubda yerləşən iki gölün arasından cəbhə xətti keçirdi. Döyüş hazırlığı yüksək olan və taktiki cəhətdən çox əlverişli mövqedə dayanan düşmən artilleriya batareyaları, minaatan atəş nöqtələri qurmuş, keçidləri başdan-başa minalamışdı.
General Volskinin mexanikləşdirilmiş birləşməsinə daxil olan tank alayının qarşısında düşmənin göllərarası dairədəki müdafiə xəttini yarmaq və cənub-qərbə gedən bütün səhra yollarının açarı olan təpələri tutmaq vəzifəsi qoyulmuşdu.
Stalinqrad qapılarındakı tank və mexanikləşdirilmiş qoşunların aparacaqları əməliyyatda məqsəd almanların müdafiə xəttini yarmaq, hərəkət sahəsinə mümkün qədər tez çıxmaq və düşmənin atıcı hissələri gələnə qədər onun başlıca qruplaşma ətrafındakı mühasirə həlqəsini daha möhkəm birləşdirmək idi.
Noyabrın 19-da düşmən üzərinə hücum başlandı. Qəflətən cinahlardan endirilən zərbələr düşməni çaş-baş salmışdı. Dərin bataqlıqlardan, minalanmış sahələrdən keçərək Həzi Aslanovun tankçıları sürətli sıçrayışla Plodoritoye kəndini tutdu və vuruşa-vuruşa bir gecədə 40 km irəliləyərək noyabrın 21-də Tanquta- Abqanerovo stansiyası ətrafında Stalinqrad-Saltse dəmir yolunu kəsməklə faşistlərin Stalinqrad qruplaşmasını onların əsas ana xəttindən ayırdı.
Birinci döyüşə atılan, bütün hissələri ardınca aparan, 42 atəş xəttini susduran da xalqımızın igid oğlu Həzi Aslanov və onun qəhrəman tankçıları idi. İlk günlərdə onlar 3500-ə qədər faşist əsgər və zabitini əsir götürmüş, çoxlu hərbi qənimət, yüzlərlə minik və yük avtomobili, düşmənlərin talan etdikləri ərzaqla dolu vaqonları ələ keçirmişdilər.
1942-ci il noyabrın 23-də Stalinqradın şimal-qərbinə hücum edən general Rodinq və Butkovun qoşunları Həzi Aslanovun hərbi hissəsi ilə birləşir. Bu, Stalinqrad və Cənub-Qərb cəbhələri qoşunlarının tarixi görüşü idi. Qəhrəman həmyerlimizin “Cinahlardan zərbə”sindən sonra Stalinqrad qapısında qələbələr qazanıldı.
“Pravda” qəzetinin 27 dekabr 1942-ci il tarixli nömrəsində “Cinahlardan zərbə” adlı məqalədə Həzi Aslanov yazırdı: “Düşmənlə üz-üzə gəlmək, ona mərkəzdən hücum etmək nə qədər cazibədar olsa da, mən həmişə cinahdan zərbə vurmağı üstün tuturam. Düşmənin cinahlarından zəif cəhətləri axtarıb tapmaq və həmlə etmək asan iş deyildir. Bu iş hər bir komandirdən gərgin əmək, axtarış, qətiyyət və bacarıq tələb edir”.
Qələbə uğrunda dönməz iradə, yüksək peşəkarlıq, parlaq istedad, ani manevr etmək qabiliyyəti məhz Həzi Aslanovun əsl sərkərdəlik bacarığından irəli gəlirdi.
Bir ay müddətində Aslanovçular Stalinqrad uğrunda döyüşlərdə düşmənin 42 tankını, 9 minaatan batareyasını, 14 tankvuran və 12 səhra topunu, 42 atəş nöqtəsini, müxtəlif yüklə dolu 50 avtomobilini, 2 minə yaxın əsgər və zabitini məhv etmişdi. Bundan başqa, xeyli əsir götürülmüş, 125 yük və 12 minik avtomobili, 30 motosiklet, yüklə dolu 80 araba, ərzaq və döyüş sursatı ilə dolu olan iki anbar ələ keçirilmişdi.
Stalinqrad uğrunda gedən döyüşlərdə xüsusi xidmətlərinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1942-ci il 22 dekabr tarixli fərmanı ilə Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilir.
Artıq bütün cəbhə qəzetləri ondan yazır, igid döyüşçünün hərbçilik məharətindən bəhs edirdi. “Düşməni əzməyi qəhrəman Aslanovdan öyrənin!” sözləri bütün qəzetlərin manşetinə çıxarılmışdı. “Pravda”, “Krasnaya zvezda” qəzetlərinin baş məqalələri Həzi Aslanova həsr olunmuş və qəhrəman həmyerlimizin komandirlik istedadından söhbət açılır və bütün komandirləri ondan öyrənməyə çağırırdılar.
Sonrakı döyüşlər zamanı Həzi Aslanov və onun igid tankçıları Miyus cəbhəsinin yarılmasında, Matfeyev-Kurqanın alınmasında, Belqorod, Sumı, Axtırka, Poltava, Lebedino, Qadyaq, Mirqorod, Romadan, Zolotonoş və başqa şəhərlərin azad edilməsində şücaət göstərmiş, düşmənin arxasına keçib onlara sarsıdıcı zərbələr vurmuşlar. Kiyevin cənubunda Dnepr çayını müvəffəqiyyətlə keçən tankçılarımız Stalinqrad Cəbhəsindən Dnepr sahillərinə qədər olan yürüşdə düşmənin 73 tankını, müxtəlif kalibrli 124 topunu, 65 minaatan batareyasını, 320 avtomobilini məhv etmiş, 48 atəş nöqtəsini dağıtmış, 6250 əsgər və zabitini məhv etmiş, əsir almışlar.
Bütün bu müvəffəqiyyətli zəfər yürüşlərinə görə bir sıra mükafatlara layiq görülən Həzi Aslanov qvardiya tank briqadası komandiri təyin edilir və 1944-cü ilin may ayında ona “Tank qoşunları general-mayoru” ali hərbi rütbəsi verilir.
1944-cü ilin iyun ayının axırlarında Birinci Pribaltika və Üçüncü Belarusiya cəbhələrinin qoşunları hücuma keçərək Vitebsk və Orşa rayonlarında faşistlərin müdafiə xəttini yarıb irəliyə doğru hərəkət edirdi. Həmin şəhərlər arasındakı rayonda düşmənin müdafiə xətti yarıldıqdan sonra general Həzi Aslanov qvardiya tank briqadası ilə dərhal xəttin yarıldığı yerə hücuma keçir. Faşistlər xeyli texnika və canlı qüvvə sarıdan itki verir. Aslanovçular Berezino çayı sahilində yerləşən Borisov şəhərini azad edir və çayı keçərək qərbə doğru geri çəkilən faşistlərə sarsıdıcı zərbə vururlar. Tezliklə Belarusiyanın bir çox mühüm əhəmiyyətli məntəqələri düşmənlərdən azad edilir. Vileykanın alınmasında fərqləndiyinə görə Həzi Aslanov Ali Baş Komandanın təşəkkürünə layiq görülür. Belarusiyanın paytaxtı Minsk şəhərinin azad olunmasında bu yürüşün müstəsna rolu olur.
Litvanın paytaxtı Vilnüsdə düşmənlər güclü müdafiə xətti qurmuş, atəş nöqtələri minalanmış sahələrlə şəhəri alınmaz qalaya çevirmişdilər. Vilnüsdən keçən Viliya çayının qolları üstündə olan Smorqon şəhəri son iri dayaq nöqtəsi idi. Tankçıların hərəkətini burada saxlamaq üçün faşistlər şəhərin ətrafında saysız-hesabsız artilleriya qüvvələri cəmləşdirmişdilər.
İyunun 6-da Viliya çayını keçən Aslanovun qvardiyaçıları əsl cəsarət göstərərək gizli yollarla Smorqon şəhərinə doğru irəlilədilər. Güclü fəhm, manevretmə qabiliyyəti ilə bu hücumda da Həzi Aslanov fərqləndi. Tankçıları uğurla şəhərin arxasına keçərək döyüşün müvəffəqiyyətlə başa çatmasına kömək etdilər.
Hitler “Necə olursa-olsun Vilnüsü əldə saxlamalı” əmrini versə də, Həzi Aslanovun tankçılarının qabağında qoşunları tab gətirmədi. Aslanovçular birinci olaraq Vilnüs şəhərinin şərq ucqarlarına daxil olurlar. Gün ərzində hitlerçilərin 19 əks həmləsi dəf edilir, 11 motorlu top, 15 minaatan, 1 tank, 600-dən çox əsgər və zabit məhv edilir. İyulun 13-də mərkəzi radio vasitəsilə Levitan Ali Baş Komandanın əmrini və təşəkkürünü Həzi Aslanovun tankçılarına çatdırır. Həzi Aslanov ikinci dərəcəli Suvorov ordeninə, başçılıq etdiyi briqada isə “Qırmızı Bayraq ordeni”nə layiq görülür.
Vilnüsü azad etdikdən sonra Həzi Aslanovun qvardiya tank briqadası Birinci Pribaltika Cəbhəsinin qoşunları tərkibinə daxil edildi. Riqa körfəzi sahillərinə olan yürüş Həzi Aslanovun döyüş yoluna qızıl hərflərlə yazılır. Şərqi Prussiyanı Pribaltika ilə birləşdirən ən əhəmiyyətli dəmir yolayrıcı Şaulyay faşistlərdən tamamilə azad edilir və 1944-cü il iyulun 27-də Moskvada bu şəhərin də azad edilməsi şərəfinə toplardan 5 dəfə yaylım atəşi açılır.
Həzi Aslanovun Şaulyay şəhəri uğrunda apardığı döyüşlər İkinci Dünya müharibəsi tarixində ən parlaq səhifələrdən biri idi. Cəsur sərkərdəmiz bu şəhəri azad etdikdən sonra Yelqava (Mitava) üzərinə hücuma keçir. Yeddi gün, yeddi gecə Dvina çayı sahilində döyüşlər gedir. Bu döyüşlər də Aslanovçuların qələbəsi ilə başa çatır.
Ali Baş Komandan 19 sentyabr 1944-cü il tarixli əmri ilə 8-ci dəfə general Həzi Aslanova təşəkkür edir, qvardiya briqadası isə İkinci dərəcəli “Suvorov ordeni” ilə təltif olunur.
Riqa qapılarında tarixi qələbələr qazandıqdan sonra Həzi Aslanovun briqadasına da Qərbə doğru hərəkət etmək əmri verilir. Aslanovçular dəniz sahili ilə uzanan dəmir yoluna doğru hücuma keçərək Baltik dənizi sahillərinə yaxınlaşır və faşistləri kömək aldıqları limandan məhrum edirlər. Bu ağır döyüş igid həmyerlimiz üçün sonuncu olur.
1945-ci il yanvarın 24-də, müharibənin başa çatmasına 3 ay qalmış Azərbaycan xalqının yetirdiyi böyük sərkərdə həlak olur. Hərb tarixinin qüdrətli sərkərdələrindən biri olan Həzi Aslanov ömrünün 35-ci ilində əbədiyyətə qovuşur.
Nə qədər ki, Azərbaycan xalqı var, nə qədər ki, Azərbaycan var Həzi Aslanov daim xatirələrdə yaşayacaq, müasir müstəqil Azərbaycanımızın Silahlı Qüvvələrinin şəxsi heyəti iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovu hörmət və ehtiramla yad edəcəkdir.
Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Həzi Aslanov öz qəhrəmanlıq, cəsurluq, igidlik nümunələri ilə Azərbaycan xalqını dünyada tanıtmış bir şəxsiyyətdir. Həm döyüşçü, həm sərkərdə, general, həm də vətənpərvər bir insan kimi vətəninə sədaqətlə son nəfəsinə qədər döyüşmüş və həlak olmuş həmvətənlimiz Həzi Aslanov bizim üçün daim əziz olub və gələcək nəsillər üçün də əziz olacaq.
Abdulla QURBANİ,
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və
İctimaiyyətlə Əlaqə İdarəsi rəisinin müavini, polkovnik, əməkdar
incəsənət xadimi
Azərbaycan.-2015.- 24 yanvar.- S.7.