Əbədilik qazandı

 

20 Yanvar xalqımızın müstəqillik tarixinə qanla yazıldı. Həmin gün sovet tankları minlərlə oğula, qıza atəş açsa da, onları məhv edə bilmədi. O gecədən sağ çıxanlar Qarabağa, torpaqlarımızın müdafiəsinə yollandılar. Onlardan biri də Nəsimi Əliyev idi. O Nəsimi ki, Bakıda doğulub, erkən yaşlarından onun müdafiəsinə qalxdı. Bakıda 20 Yanvarda yaralansa da, şəhidlik zirvəsinə Qarabağda yüksəldi.

Paytaxtın Birinci mikrorayonda , Tbilisi prospektində doqquzmərtəbəli binanın fasadında şəkli olan şəhidin doğulduğu ünvana baş çəkdik... Atası Rza kişi oğlunun tale yolundan söz açdı. Dedi ki, şəhidlik yolu 20 Yanvardan Qarabağa qədər uzanan Nəsimi 1973-cü il sentyabrın 11-də Bakıda anadan olmuşdu: “Həmin gün Azərbaycanın böyük oğlu, görkəmli söz ustadı İmadəddin Nəsiminin 600 illik yubileyi qeyd edilirdi”.

Uzun müddət Azərbaycan Dövlət Televiziyasının texniki heyətində çalışan Rza Əliyev o gecə qürur hissi ilə xoş xəbərin sevincini yaşadı: İmadəddin Nəsiminin 600 illik yubiley günündə dünyaya sonbeşik oğlu gəlmişdi. O, elə bu şərəfə görə də övladının adını Nəsimi qoymuşdu.

Sonbeşiyinin yeniyetməlik dövründə dəfələrlə üzləşdiyi qeyri-adiliklər onu narahat edirdi. İlk möcüzə belə olmuşdu: körpə Nəsimini peyvənd olunmaq üçün həkimə aparıb evə qayıdanda Tbilisi prospektində sürətlə keçən maşın onları vurub kənara tullasa da, hər ikisi yüngülcə yaralanmışdı.

...Nəsimi orta məktəbin səkkizinci sinfini bitirəndə peşəyə olan marağını nəzərə alıb atası onun Bakı Rabitə Texnikumuna qəbul olunmasına razılıq vermişdi. Telestudiyaya da onu bağlayan məhz operatorluq peşəsi idi. Texnikumda oxuduğu illərin çox hissəsini burada, təcrübə-sınaq meydanında keçirmişdi. Texniki avadanlıqlarla “dil tapandasanki qanad açıb uçmaq istəyirdi. Fikri var idi ki, texnikumu bitirdikdən sonra Texniki Universitetdə təhsil alsın və alitəhsilli mühəndis-texnik olsun.

...Tələbəlik illərinin şirinliyini dadanda Bakıda sovet tanklarının vəhşi hayqırtısı qopdu. 20 Yanvar hadisələrinin ağrısını o da yaşadı. Telestudiyada dəmirdəbilqəlilərin vəhşi hərəkətlərini görüb əsəbiləşərək, babasının divardan asılmış şəklinin qənşərində dayanaraq, dodaqaltı “eh, ay zavallı babalar, gör bir kimi kimdən qorumusunuz?! Nə biləydiniz ki, öyündüyünüz, sıralarında fəxrlə xidmət etdiyiniz sovet ordusunun qırmızı güllələri sizin oğul-uşağınızı, nəvə-nəticələrinizi bir gecənin içərisində qanına qəltan edəcək” deyirdi.

...O gecə atasının da başına az müsibət gəlməmişdi. Eyvanları Tbilisi prospektinə baxdığından, Biləcəri istiqamətindən şəhərə daxil olan qoşunun güllə yağışı altında qalmışdı. Atası vəziyyətin ağır olduğunu hiss etmişdi. Ona görə də fotoaparatını hazırlayıb bir neçə kadr çəkmək qərarına gəlmişdi.

...Yanvarın 19-dan 20-nə keçən gecə, axşamdan hamı kimi, ona da anası tapşırmışdı ki: “A bala, silahınız-filanınız yoxdur. Siz tankın qabağına əliyalın çıxıb nə edəcəksiniz, gəlin evdə oturun”.

O, anasına söz vermişdi: “Qorxmayın, lap elə bu yaxınlıqda, işıqforun yanında tonqal qalayıb otururuq. Bir azdan qayıdacağam”.

Gecənin bir aləmi dünya od tutub yananda vəhşi hayqırtı ilə şəhərə girən tanklardan açılan atəş onların balkonundakı əşyaları çilik-çilik edib, hələ ağlının zorla kəsdiyi vaxtlarda divara yazdığı “Nəsimi” sözünün tən ortasından dəyəndə evdə nə Rza kişi var idi, nə də Nəsimi. Atası fotoaparatı götürüb işıqforun yanındakı borunun arxasında özünə yer edib, dinc əhaliyə tuşlanmış avtomatlardan atılan işıqsaçan güllələri lentə köçürürdü. Amma onun da vəziyyəti yaxşı deyildi: fotoaparatın işığı çıxan kimi avtomatın bir daraq patronu həmin istiqamətə boşalırdı.

Nəsimi gecə səhərə kimi qayıtmamışdı. Evdəkilərin əlləri qoynunda qalanda Rza kişi üzə salmasa da, vəziyyəti gözləri ilə gördüyündən çox qorxmuşdu. Oğlundan bir soraq almaq üçün arxa yollarla şəhərə çıxanda bu vaxt Nəsimi, sən demə, küçələrdə qalmış yaralıları xəstəxanaya çatdıranlardan, qan verənlərdən biri idi.

...O gecədən yaralı çıxıb, yaralılara qan verən Nəsimi həqiqi hərbi xidmət yaşına çatmışdı. Rayon hərbi komissarlığından gəlmiş çağırış vərəqəsi ilə komissiyaya getməli olduğunu anasına bildirəndə artıq o, Biləcəridə idi. Deyəsən, elə o günürayona getməli idilər. Oğluna həkim komissiyasından sonra evə qayıtmağı tapşırmışdı. Rza kişini tək görəndə ana çaş-baş qaldı. Ata isə oğlunun hələ də evə qayıtmamasından narahat olub yenidən Biləcəriyə dönmüşdü. Qapıdan çıxanda telefon zəngindən bilmişdilər ki, Nəsimi ön cəbhəyə, Ağdamın Quzanlı kəndinə yola düşüb.

Nəsimi Vətən torpaqlarını yağılardan, erməni quldur dəstələrindən müdafiə edən əsgər yoldaşları ilə ön cəbhədə çiyin-çiyinə döyüşürdü. Bir neçə vaxtdan sonra cəbhəyə gedəndə oğlundan nigaran qalmamağı söyləyən komandir və əsgər dostları Rza kişini arxayın etmiş və üstəlik, “kaş, gələn cavanların hamısı onun kimi döyüşçü olsun” demişdilər.

Həyat yoldaşı ilə birlikdə, digər əsgər valideynləri kimi, onlar da Ağdama, Ətyeməzliyə, Kəngərliyə getməli oldular. Birtəhər Şellinin qənşərinə kimi gəlib çıxdılar. Ora çatanda marıqda yatan quldurlar onları gülləyə tutdular. Yaxşı ki, Qızbəs ananı aşağıda - qayalıqda qoymuşdular. Yarım saatdan sonra Nəsiminin al-qanın içində sürünə-sürünə gəldiyini görən ata əvvəlcə qorxmuş, elə bilmişdi ki, o, yaralıdır. Yaralı əsgər yoldaşını atəş altından çıxaranda qəlpələr onu da “sınağa çəkmişdi”.

...1992-ci il dekabrın 31-də səhər tezdən yaşadığı binanın həyətinə düşəndə Rza kişi UAZ markalı maşının yanında dayanmış oğlanların çiyinlərində tabut görəndə dizləri qırıldı. Maşınla ön cəbhədən gətirilən şəhid Nəsiminin cənazəsi idi.

Nəsiminin şəhid olmasından hələ qırx gün keçməmişdi. Hər yan yaslı-yaralı idi. Ev başdan-başa qaraya bürünmüşdü. Əslində evdəkilərin xəyalları qaralmış, arzuları su üzünə həsrət qalan güllər kimi saralmışdı. Mətbəxdən eyvana çıxanda Qızbəs ana gözlərinə inanmamışdı. Xəyalında oğlu ilə danışırdı. Daş-divar sanki onun üstünə yeriyirdi. Birdən qabaq-qənşər dayanıb ona baxan Nəsimini gördü. Yaralanmışdı. Ananı dəhşət bürümüş, qulağına səs gəlmişdi:

- Ana, qorxma, mənəm. Yaram qanayır...

Qızbəs ana var səsi ilə qışqırmışdı. Hamı bir-birinə dəymişdi. Nəsiminin bacısı Sevda mətbəxə keçmiş, eyvana açılan qapının yan divarında güllədən hələ deşik qalanNəsimisözünü görmüşdü.

Nəsimi”yə 1990-cı ilin 20 Yanvarında iki-üç güllə dəymişdi.

Rza kişi onda başa düşmüşdü ki, Qızbəsi Sevdanı təəccübləndirən, dəhşətə gətirən divarda yazılmış ada dəyən güllə yerləridir. Nəsimi öz adını hələ uşaq ikən ora yazmışdı. 1990-cı ilin

20 Yanvar gecəsində Nəsimiyə onun ailəsinə atılan güllə divara yazılmış sözə dəyərək onu parçalayıb keçmişdi. Nəsimi isə o gecə şəhid olmamışdır.

Vətən üçün doğulan milyonlardan biri idi Nəsimi! O, 20 Yanvardan Qarabağa gedən yola düşüb, sinəsini sipər etmək üçün doğulmuşdu! Bu isə ölümsüzlük, əbədilik, şəhidlik zirvəsinə aparan yol idi...

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2015.- 24 yanvar.-  S.7.