Azərbaycan aliminin “Seçilmiş əsərlər”i
İranda nəşr olunub
Xalqları bir-birinə tanıdan, sevdirən onun düşüncə adamları,
görkəmli nümayəndələri,
elm və sənət
xadimləri olub. Hətta olur
ki, bir müəllifin
timsalında bir millət və dövlət tanınıb,
sevilib. Bu missiyanı özünün
ömür kredosuna çevirənlərin yaratdıqları
bəzən bir xalqa məxsus olmaqdan daha çox
bəşəriyyətin sərvətinə
çevrilir.
Bu yöndə hər hansı bir iş görənlər əslində, çox xeyirxah bir əmələ
xidmət etmiş olurlar. Onlar ənənələrə sadiq qalaraq, tarixi bağlılığı,
yaxınlığı, dostluq
və qardaşlıq
əlaqələrini bir
qədər də isidir, daha da
qırılmaz edirlər.
Bu mənada filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü,
əməkdar elm xadimi,
Azərbaycanda Atatürk
Mərkəzinin rəhbəri,
Milli Məclisin Mədəniyyət komissiyasının
sədri Nizami Cəfərovun gördüyü
işlər təqdirəlayiqdir.
Ədəbiyyatşünaslığımızın patriarxlarından olan görkəmli söz sərrafı Nizami Cəfərovun uzun illərin zəhməti bahasına araya-ərsəyə gələn, dilimiz, ədəbiyyatımız, tariximiz, mədəniyyətimiz, taleyimizlə bağlı çox ciddi problemlərə vətəndaş ehtirası, alim cəsarəti ilə toxunduğu beşcildlik “Seçilmiş əsərlər”i Tehranda ərəb əlifbası ilə Azərbaycan dilində çap olunub. Bu kitabların nəşrini Azərbaycanla İran arasındakı tarixi dostluq əlaqələrinin inkişafı və son illər ölkə başçıları səviyyəsində daha da möhkəmləndirilməsi baxımından təqdirəlayiq hadisə kimi də qiymətləndirmək olar. Vaxtilə Bakıda “Elm” nəşriyyatında çapdan çıxmış bu kitabları yaşadığı ölkədə Azərbaycan dilinə, ədəbiyyatına, azərbaycanşünaslığa böyük marağı nəzərə alan, Tehranda çap olunan “Xudafərin” jurnalının baş redaktoru Hüseyn Şərqi adlı soydaşımız nəşr etdirib. İki dost və qardaş xalqın bir-birini daha yaxından tanımasına xidmət edən bu kitablar çap olunaraq “Xudafərin” jurnalının abunəçilərinə və İrandakı universitetlərə, həmçinin digər ali təhsil müəssisələrinə göndərilib. Yeddi il bundan əvvəl başlanan bu proses bu günlərdə başa çatıb. Belə ki, ötən müddət ərzində alimin kitabları ardıcıllıqla Tehranda nəşr olunub. Sonuncu, beşinci cildi isə bu günlərdə, ərəb əlifbası ilə Azərbaycan dilində işıq üzü görüb.
“Seçilmiş əsərlər”in birinci cildi Azərbaycan dili, qrammatikası, onun tarixi, çağdaş durumu, dilimizin xüsusiyyətləri məsələlərini əhatə edir.
İkinci cilddə müəllif ədəbiyyatımızın tarixi, inkişafı, ədəbi proseslə bağlı məqamlara toxunub. Burada ilk öncə Azərbaycan ədəbiyyatının mənşəyi məsələsi aydınlaşdırır. Bu kitabda görkəmli söz ustalarımız haqqında oçerklər, eləcə də ədəbiyyatımızın aktual məsələləri yer alıb.
Üçüncü cild türkologiya məsələlərinə həsr olunub. Yəni, qədim türk eposundan, şeirindən, nəsrindən başlamış, müasir türk ədəbiyyatına kimi çox geniş məsələləri əhatə edir. Müəllif göstərir ki, türkologiyanın tarixi e.ə. I minilliyin ortalarından başlayır.
Dördüncü cild azərbaycanşünaslıq məsələlərini əhatə edir. Burada Azərbaycan xalqının tarixi, azərbaycançılıq ideologiyası, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizi dünya siyasi müstəvisinə çıxarmaq istiqamətində gördüyü tarixi işlər, Azərbaycanda ictimai-siyasi həyat və digər bu kimi məsələləri əhatə edir.
Beşinci cilddə müxtəlif məsələlərə həsr olunmuş elmi-publisistik yazılar yer alıb. Burada da azərbaycanşünalıq məsələsi ana xətti təşkil edir.
Bütövlükdə, görkəmli alimin istedadının, elmi yaradıcılığının uğuru hesab olunan bu 5 cildlik iki ölkə arasında mövcud olan mədəni əlaqələrin daha da möhkəmlənməsinə, inkişafına, eləcə də İranda Azərbaycanın daha yaxından tanınmasına öz töhfəsini verəcək. İnanırıq ki, bu çoxcildlik yaxın gələcəkdə digər dillərə də tərcümə olunaraq Azərbaycan dili, ədəbiyyatı, tarixi haqqında dünya xalqlarında daha dolğun məlumat formalaşdıracaqdır.
AzərTAc
Azərbaycan.-2015.- 24 yanvar.- S.7.