Prezident İlham
Əliyev Qətərin Azərbaycanda yeni
təyin
olunmuş səfirinin
etimadnaməsini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də
Qətər Dövlətinin ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidənin
etimadnaməsini qəbul edib.
Səfir
fəxri qarovul dəstəsinin qarşısından
keçdi.
Səyyar
bin Əbdürrəhman Cəsim əl-Muavidə etimadnaməsini
Prezident İlham Əliyevə təqdim etdi.
Sonra
Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət
etdi.
Diplomat
Qətər Dövlətinin Əmiri Əlahəzrət
şeyx Təmim bin Həməd Al Taninin salamlarını
dövlətimizin başçısına
çatdırdı. Azərbaycanda diplomatik fəaliyyətə
başlamasından qürur hissi keçirdiyini deyən səfir
ölkələrimiz arasında ikitərəfli əlaqələrin
daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini
vurğuladı.
Dövlətimizin
başçısı Azərbaycan ilə Qətər
arasında ikitərəfli əlaqələrin daha da
genişləndirilməsinin önəmini qeyd etdi. Qətər
Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim
bin Həməd Al Tani ilə ötənilki
görüşünü və ikitərəfli əməkdaşlıq
məsələlərinə dair aparılan səmərəli
müzakirələri məmnunluqla xatırlayan Prezident
İlham Əliyev münasibətlərimizin möhkəmləndirilməsində
yüksək səviyyəli görüşlərin əhəmiyyətini
vurğuladı. Ölkələrimiz arasında siyasi əlaqələrin
yüksək səviyyədə olduğunu deyən dövlətimizin
başçısı əməkdaşlığımızın
iqtisadi, turizm, birgə investisiya qoyuluşu və digər sahələrdə
genişləndirilməsi üçün də yaxşı
imkanların mövcudluğunu bildirdi.
Prezident
İlham Əliyev Əlahəzrət şeyx Təmim bin Həməd
Al Taninin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Qətər Dövlətinin
başçısına çatdırmağı xahiş
etdi.
Azərbaycan.-2015.- 25 yanvar.- S.1.